Yevlax: inkişafın miqyası və sürəti artmaqdadır

 

İqtisadçılar və statistiklər yaxşı bilirlər: müəyyən bir sahədə və bölgədə uzun müddət yüksəlişi təmin etmək o qədər də asan olmur. Zaman keçdikcə imkan və ehtiyatlar azalır, sürət aşağı düşür. Yevlaxın son 8 ildəki yüksəlişi isə davamlıdır, miqyaslıdır. Elə sahələr var ki, rəqəmlər 2004-cü illə müqayisədə on dəfələrlə artıb və bu gün də irəliləyiş davam edir. Doğrudan da, Yevlax bu gün Şirvanın, Qarabağın və Gəncəbasarın arasında yüksəlişin, yeniləşmənin önündə gedir, bütün bölgədə tərəqqi mərkəzi kimi tanınır.

 

Sürətli, məqsədyönlü quruculuq, abadlıq işləri, yeni tipli müəssisələr və müasir sosial obyektlər, bir-birinini tamamlayan layihələr Yevlax şəhərinin görkəminə son dərəcə gözəl, layiqli bir libas biçmişdir. Bütün bunlara yüksək qiymət verən Prezident İlham Əliyev son dəfə burada olarkən Yevlaxın Avropanın ən gözəl şəhərlərindən geri qalmadığını vurğulamışdır. Bu dəyər şəhərin qurucularının həvəs və qüvvələrini birə-iki artırmış, yeni bir mərhələyə qədəm qoymağa çağırış kimi səslənmişdir. Bu gün Yevlaxda gözə dəyən zahiri yeniliklər inkişafın məram və mahiyyətindən doğur. Parlaq görüntülər yeni məna-məzmun dolğunluğuna qapı açır. Yaradılmış abadlıq, rahatlıq Kürqırağı şəhərdə, sanki iqlimi də dəyişdirmiş, Yevlax kurort şəhərlərinə məxsus yaşıllığa, sərinliyə, asudəliyə bürünmüşdür.

Duyub-düşündüklərimizi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla bölüşərkən o, bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin ölkəmizdə yüksəliş üçün yaratdığı möhkəm təməldən qaynaqlandığını və Prezident İlham Əliyevin regionların inkişafına verdiyi önəm üzərində bərqərar olduğunu vurğuladı. Başçı şəhərin əvvəlki rəhbəri Elmar Vəliyevin dövründə formalaşmış "yüksəliş konveyeri"nin artan sürətlə işlədiyini fakt və rəqəmlərlə açıqladı:

- 2011-ci ilin ötən 5 ayı sosial-iqtisadi inkişaf baxımından şəhərimiz üçün uğurlu olmuşdur. Prezident İlham Əliyevin diqqət və qayğısını yaxından hiss edən yevlaxlılar şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Geniş quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilir.

Əlimizdə olan statistika bu miqyası və dinamizmi dəqiq ifadə edir. İlin I rübündə ümumi daxili məhsulun həcmi 118,4 milyon manatı olmuşdur. Bu 2010-cu ilin birinci rübünə nisbətən 15,9 milyon manat və yaxud 15,5 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən sənaye müəssisələrinin yaradılması nəticəsində məhsul istehsalının və xidmətlərin artması hesabına olmuşdur.

Ümumdaxili məhsulun 3,1 milyon manatını sənaye, 10,5 milyon manatını kənd təsərrüfatı, 47,6 milyon manatını tikinti, 45,9 milyon manatını ticarət, 1,1 milyon manatını nəqliyyat, 0,2 milyon manatını rabitə, 10 milyon manatını digər xidmətlər təşkil etmişdir. 814,1 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Hər nəfərə 984,4 manat ümumdaxili məhsul istehsal olunmuşdur. Bu da 2010-cu ilin birinci rübünə nisbətən 120,2 manat və yaxud 13,9 faiz çoxdur.

Rayon üzrə orta aylıq əmək haqqı 178,6 manat olmuşdur. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 manat çoxdur. Əhalinin pul gəliri 65,1 miylon manat, ötən ilin I rübündə olduğundan 7 milyon manat və yaxud 12,1 faiz çoxdur. Adambaşına pul gəlirləri 541,4 manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi isə 45,9 milyon manat olmuşdur. Bu, keçən ilin I rübü ilə müqayisədə 21,1 faiz və yaxud 8 milyon manat artıqdır. 37 ticarət obyekti tikilmişdir. 519 hüquqi, 3577 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.

Aqrar sahədə də uğurlarımız artmaqdadır. Ötən dövrdə 10,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Keçən illə müqayisədə iri malın sayı 129 baş, qoyun və keçilərin sayı isə 824 baş artmışdır. I rübdə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 224,8 ton ət, 1343,4 ton süd, 28,8 min ədəd yumurta çox istehsal edilmişdir. 2315 hektarda təzə yonca, 586 hektarda kartof, 580 hektarda tərəvəz əkilmişdir. 14700 hektar köhnə yonca sahələrinə qulluq işləri aparılır. 3481 hektarda yazlıq bitkilər səpilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 370 ton gübrə 50 faiz güzəştli qiymətə satılmışdır.

Rayonda mövcud hidrotexniki qurğular meliorasiya və irriqasiya şəbəkəsi keçən əsrin 60-cı illərində tikilmişdir və istismar müddətini keçmişdir. Əsaslı təmir işləri aparılmadığından onlar yararsız vəziyyətə düşmüşdür. Qrunt sularının üzdə olduğu və şorlaşmaya meyilli torpaqlarımızda sahələrin məhsuldarlığı aşağıdır və qoyulmuş vəsait öz bəhrəsini vermir. Ona görə də rayonda bütün meliorasiya və irriqasiya şəbəkəsi, hidrotexniki qurğular yenidən qurulmalıdır. Regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramında bu işlərin görülməsi nəzərdə tutulmuşdur.

Birinci rübdə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 54 milyon manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 10,9 milyon manat və yaxud 25,3 faiz çoxdur. Bunun 34,8 milyon manatı əsas kapitala yönəldilmişdir. 2010-ci ilin müvafiq dövrünə nisbətən əsas kapitala 4,2 milyon manat və yaxud 12,2 faiz çox investisiya qoyulmuşdur.

Başçı daha sonra bildirdi ki, Uşaq-Gənclər İdman Məktəbinin, üzgüçülük hovuzunun, Qarabağ əlilləri, şəhid, ailələri üçün 36 mənzilli, qəzalı binlarda yaşayanlar üçün 20 mənzilli yaşayış binalarının, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və Ehtiyyatların İdarəetmə Mərkəzinin tikintisi sürətlə aparılır. Beynəlxalq Bankın Yevlax filialının, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin, Maliyyə İdarəsinin, Avtovağzal kompleksinin binalarının tikintisi və Dəmiryol vağzalının yenidən qurulması işləri də davam etdirilir. Kür çayı sahilində 5 ulduzlu otel tikilir. 2 kilometr uzunluğunda bulvar kompleksi yaradılır, ərazidə geniş abadlıq işləri görülür.

Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Xaldan-Yuxarı Qarxun - İpək yolu və İpək yolunun Yevlax rayonunun Səmədabad kəndi - Aran qəsəbəsi hissəsinin bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Yevlax şəhərinin Heydər Əliyev prospektinin İpək yolu ilə kəsişməsinin Bakı və Gəncə istiqamətlərində abalıq işləri aparılır. İstinad divarları, qala bürcləri gülbağ piltələri ilə üzlənilir, ababdlıq işləri görülür. Bakı yolundan C.Mustafayev küçəsi istiqamətində də istinad divarı aqlay plitə ilə üzlənilir, metal məhəccərlər qurulur.

Şəhərin şərq hisəsisndəki yaşayış massivində, S.Vurğun küçəsində əhalinin istirahəti üçün park salınır. Əvvələr bataqlıq olmuş əraziyə 95 min kubmetrdən çox torpaq daşınmış və bataqlıq qurudulmuşdur. Ümumi sahəsi 2 hektar olan ərazidə bütün infrastrukturu ilə parkın tikintisi davam etdirilir. Parkda böyük şairimz S. Vurğunun heykəli qoyulur. Nizami prospektində Qala komleksinin və açıq havada muzeyin tikintisi başa çatımş və əhalinin istifadəsinə verilmişdir. Yevlax şəhərində və yol kənarlarında 248 min təkgöz, 5800 şam, 3560 çinar olmaqla 37860 ağac əkilmişdir.

Öyrəndik ki, ilin əvvəlindən əhalinin ekoloji cəhətdən içməli su il təmin olunması və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri həyata keçirilir. Yağış, sel və çirkab sularını şəhərdən kənarlaşdırmaq üçün şəhərin A.Məməmdov, F.Əmirov, Q.B.Zakir, F.İsayev, M.Sübhi küçələrində kanalizasiya xətləri çəkilmişdir.

Əhalinin qaz təminatının yaxşılaşdırlması istiqamətində işlər davam etdirilir. Varvara, Cırdaxan kəndləri təbii qaz ilə təchiz olunmuş və 410 ailəyə qaz verilmişdir. Şəhərdə və rayonun kəndlərində 15227 abonent təbii qaz ilə təmin olunmuşdur. Balçılı, Ağqıraq, Salahlı, Bünyadabad, İsmayılabad, Yuxarı Qarxun kəndlərinin təbii qaz təchizatı üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Əvvəlki illərə nisbətən əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin də səviyyəsi artmışdır.

Təhsilin səviyyəsinin yüksəldilməsi, IX, XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlanması, onların bilik səviyyəsinin artırılması istiqamətində təhsil şöbəsi bir sıra tədbirlər həyata keçirmişdir. Şagirdlərin hərbi vətənpəvərlik tərbiyəsi işinin yaxşılaşdırılması, onların hərbi məktəblərə marağının artırılması və hazırlanması məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. "Şahin", "Cəsurlar" hərbi idman oyunun məktəbdaxili birinciliklərinin keçirilməsinə diqqət artırılmışdır. C.Naxçıvanski adına hərbi liseydə oxumaq üçün 211 nəfər, ali hərbi məktəblərdə oxumaq üçün 61 nəfər müraciət etmişlər. Onlar yerli həkim komissiyasından keçmiş, C.Naxçıvanski adına hərbi liseyə 123 nəfər, ali hərbi məktəblərə 42 nəfər yararlı hesab edilmişlər.

Rayonun Meyvəli kənd kitabxanası və klubu əsaslı təmir edilmiş, yeni avadanlıqlarla, latın qrafikası ilə çap olunmuş ədəbiyyatla təchiz edilərək istifadəyə verilmişdir. Əlamətdar və tarixi günlərlə, bayramlarla əlaqədar Heydər Əliyev adına meydanda, Heydər Əliyev adına sarayda və Heydər Əliyev adına xiyabanda keçirilən bayram şənliklərində minlərlə yevlaxlı iştirak etmişdir.

Son günlər havaların istiləşməsi, yay fəslinin başlanması yevlaxlıların qayğılarını artırsa da, heç bir sahədə əli işdən soyutmamışdır. Tikinti meydançalarında fasiləsiz iş gedir. İlin birinci yarısında istifadəyə verilməli olan obyektlərdə son tamamlama işləri gedir. İnşaatçı və quraşdırıcılar ötən illərdə əldə olunmuş yüksək sürəti bir az da artırmağa nail olmuşlar. Mərkəzi küçələrdə yaradılmış müasir dizayn, gözəllik və rahatlıq şəhərin arxa məhəllələrinə doğru irəliləyir.

Zəmilərdə yetişdirilmiş bol taxılı vaxtında, itkisiz toplamaq üçün ciddi hazırlıq aparılmışdır. Mal-qaranın artan sayına uyğun yem tədarük olunur. Tarlalarda pambığa lazımi qulluq göstərilir. Kənddə məhsul istehsalını artırmağın ağırlığını melioratorlar fermerlərlə bərabər bölüşürlər. Yevlax Suvarma Sistemləri İdarəsinin kollektivi kanallara və hidrotexniki qurğulara lazımi xidmət göstərərək, şəbəkəni saz vəziyyətə gətirmişdir. İlin əvvəlindən 11730 hektar taxıl zəmisinə, 200 hektar bostan-dirriyə bir neçə dəfə su verilmişdir. Mənbələrdən 66353 min kubmetr su götürülərək41368 hektar sahə suvarılmışdır. Əkinləri yayın istisindən çıxarmaq, məhsul bolluğuna kömək göstərmək üçün idarənin hər cür imkanı və hazırlığı var. Rayondakı digər 2 meliorasiya qurumu da öhdələrinə düşən işin öhdəsindən bacarıqla gəlir.

Biz bu yazıda yevlaxlıların ilin əvvəlindən qazandığı uğurlardan əsasən, birinci rübün statistik göstəricilərindən istifadə etməklə söz açdıq. Proqnozlar, ilkin hesablamalar göstərir ki, qeyd olunan fakt və rəqəmlər II rübün sonuna 2 dəfədən də artıq yüksələcək. Rayonda işlərin düzgün təşkili, hər sahədə yüksək inkişaf üçün yaradılmış şərait bu qənaəti bir daha təsdiqləyir.

 

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 18 iyun.- S. 6.