"Nə qədər
ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda
əbədi olacağam"
"İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib"- demişdir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
18 il əvvəl - 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi ilə ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, o dövrdəki çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun - əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, cahanşümul əməlləri ilə Azərbaycan xalqının qəlbində özünə möhtəşəm abidə ucaldan, daim xalqına arxalanan və xalqa xidmət edən Heydər Əliyevdir. Bu tarixin yaranması isə heç də asan olmamış, Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir. Bu nadir tarixi simanın Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda əldə edilmiş böyük nailiyyətlər gələcək müstəqilliyimiz üçün möhkəm iqtisadi, mənəvi və siyasi zəmin yaratmışdır.1991-1993-cü illərdə ölkəmizin düşdüyü anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız qətiyyətli, iradəli siyasi lider başımızın üstünü almış bütün təhlükələri aradan qaldıra, hələ kövrək olan dövlət müstəqilliyimizi yaşada bilər. 1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı bu lider Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
Ölkəyə rəhbərlik edənlər də, müxalifətdə olan qüvvələr də xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan iqtidar da vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Halbuki, buna qədər AXC-Müsavat cütlüyü özünə əsas təhlükə, ən qorxulu rəqib kimi xalqın içərisində böyük hörməti və nüfuzu olan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdü. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ilin oktyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş etməyə, onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən devirməyə cəhd etmişdilər. Buna baxmayaraq, Heydər Əliyev cəbhəçilərin ən çətin məqamlarında onlara kömək əlini uzatmış, Gəncədə başlayan və sürətlə dərinləşən hakimiyyət böhranı zamanı başını itirmiş iqtidarın xahişlərini nəzərə alıb yalnız dahilərə məxsus ürək genişliyi ilə hamını dövlət başçısı ətrafında birləşməyə çağırmışdı.
Heydər Əliyev, həqiqətən, böyük şəxsiyyət idi. Onun böyüklüyü həm də onda idi ki, o vaxtkı hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyevin xilas edəcəyinə hamı qəlbən inanırdı. İnsanlar "Heydər baba, xalqı bu bəladan qurtar!" kimi şüarlarla ulu öndəri qarşılamaq üçün hava limanına toplaşmışdılar. Ən əsası, ulu öndərin gəlişi ilə daxili və xarici düşmənlərin bütün planlarının iflası başlandı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün birbaşa ora yola düşdü. Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal sözünü dedi. Ulu öndər həyatını təhlükəyə atsa da, missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, təhlükəli səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbətinin qarşısında cinayətkarlar aciz idilər. Tarix göstərdi ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı.
Heydər Əliyevin Bakıya gəlişi, o cümlədən Gəncəyə səfər etməsi ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələrin planları alt-üst olmağa başladı. Ona görə məhz həmin vaxtlarda birdən-birə respublikamız həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Azərbaycanı istəməyən dairələr yeni planlarını işə salmışdılar. Ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Ölkədə vəziyyət həddindən artıq gərgin idi. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "respublika" yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Ölkədə siyasi hakimiyyətin fəaliyyəti tamamilə iflic olduğu belə bir vəziyyətdə xalqın yeganə ümidi yalnız Heydər Əliyevə idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Ulu öndərin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla isə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.
Heydər Əliyev iyunun 24-dən Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Avqust ayında isə xalq referendum yolu ilə Əbülfəz Elçibəyə etimadsızlıq göstərdi. Bundan sonra Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı aradan qaldırıldı.
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanı özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək.
Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Fəaliyəti ilə xalqin dərin sevgisini qazanan Prezident İlham Əliyevə səkkiz il əvvəl bəslənən ümidlər, xalqın gözləntiləri özünü tamamilə doğrultmuşdur. Xalq bilirdi ki, dünya şöhrətli siyasətçinin,fenomen şəxsiyyətin, yüksək idarəçilik qabiliyyətinə malik rəhbərin, Vətənini, xalqını sevən müdrik bir insanın siyasi varisi öz adına layiq olacaqdır.
Əbülfət
QOCAYEV,
iş adamı
Xalq qəzeti.- 2011.- 18 iyun.- S. 5.