Yüksək
döyüş hazırlığı ordumuzun əsas
prioritetidir
1990-cı
illərin əvvəllərində xalqın tələbi ilə
yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dövlət siyasətinin
ana xəttini ölkənin milli maraqlarından doğan strateji
əhəmiyyətli məsələlərin həlli təşkil
edirdi.
Bu sırada əsas yeri işğalçı Ermənistan ordusunun silahlı təcavüzünə məruz qalmış bir respublikanın düşməndən müdafiə strategiyasının və ordu quruculuğu işinin elmi-praktiki əsaslar üzərində planlaşdırılaraq həyata keçirilməsi tuturdu. Ulu öndərimizin fəaliyyətə başladığı elə ilk dövrdən xalqa müraciət etməsi, hamını Müdafiə Nazirliyində birləşməyə çağırması, ayrı-ayrı hərbi hissələrə tez-tez baş çəkməsi bütövlükdə ölkə ictimaiyyətinin mənəvi-psixoloji əhval-ruhiyyəsində, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində önəmli rol oynadı. Orduda vahid komandanlıq prinsipi bərpa olundu. Müdafiə və təhlükəsizlik məsələlərinin daim ön planda saxlanılması, ordu quruculuğunun qanunvericilik bazasının formalaşdırılması və kadr probleminin operativ həlli ölkədə hökm sürən xaos və anarxiyaya birdəfəlik son qoydu. Bütün bunların təbii nəticəsi kimi Silahlı Qüvvələrimizin davamlı müqavimətinə rast gələn düşmən 1993-cü il 10 dekabr tarixdə qoşunlarımızın əks hücumu nəticəsində bütün cəbhə boyu xeyli itki verərək geri oturduldu.
Ulu öndərimizin Silahlı Qüvvələr quruculuğu ilə bağlı həyata keçirdiyi davamlı strategiyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ordumuzun yüksələn xətlə inkişafını təmin etmiş, xüsusilə, döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinin əldə olunması ilə nəticələnmişdir. Bu işdə ordu quruculuğu işinin dövlət rəhbəri tərəfindən prioritet elan olunması, müdafiə xərclərinin ilbəil artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi sahəsində günün tələblərinə cavab verən davamlı tədbirlərlərin həyata keçirilməsi əhəmiyyətli rol oynamışdır. Bu gün ordumuzun 43 hərbi şəhərciyində aparılan və başa çatdırılan tikinti və yenidənqurma işləri Silahlı Qüvvələrimizin hazırkı durumunu səciyyələndirən əsas amillərdəndir. Şəxsi heyətin istifadəsinə verilən onlarla əsgər kazarma və yataqxanası, yeməkxana, yaşayış və qərargah binaları, o cümlədən tibb müəssisələri müasir Avropa standartlarına cavab verən avadanlıqlarla təmin olunmuşdur.
Silahlı Qüvvələrimizin əsas inkişaf prioritetini müəyyənləşdirən ən ümdə cəhət döyüş hazırlığıdır. 2010-cu il aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu mühüm və vacib məsələyə toxunaraq demişdir: "Sirr deyil ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilərik". Həmin müşavirədə ordunun hazırkı durumu ilə bağlı Ali Baş Komandana məlumat verən müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanın müasir ordusunun, vahid komandanlığa tabe olan Silahlı Qüvvələrinin yaradılması və inkişaf etdirilməsinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayaraq bildirmişdir ki, Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəricilərinə nail olmuş, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiə təmin olunmuş, müdafiə sistemi təkmilləşdirilmiş, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmışdır. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində də hərbi qulluqçularımız qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirmişlər. Dörd min nəfərdən çox şəxsi heyətin, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 30-dan çox təyyarə və vertolyotun cəlb olunduğu bu təlimi izləyən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi peşəkarlıqdan və əldə etdiyi yüksək nəticələrdən məmnun qaldığını bildirmişdir.
Yeri gəlmişkən, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən bugünlərdə Beyləqan-Füzuli istiqamətində keçirilən genişmiqyaslı komanda-qərargah təlimləri də ordumuzun yüksək döyüş hazırlığına yiyələnməsindən xəbər verir. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən, müxtəlif qoşun növlərinin cəlb olunduğu bu təlimə müasir standartlara cavab verən və yüksək döyüş qabiliyyətinə malik hərbi texnikanın, modern radiolokasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb edilməsi qarşıya qoyulan tapşırıqların tam yerinə yetirilməsində əhəmiyyətli rol oynamışdır. Təlimin bütün mərhələlərində hərbi qulluqçularımız idarə etdikləri texnikaların manevr və atəş imkanlarından məharətlə istifadə etmiş, döyüş təyyarə və vertolyotları yüksək pilotaj sərgiləmiş, hədəflərə dəqiq aviasiya zərbələri endirmişlər. Döyüş zamanı həlledici əhəmiyyət daşıyan artilleriya bölmələrimiz də təlim sahəsindəki hədəfləri sərrast atəşlə sıradan çıxarmışlar. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev təlimə yekun vurarkən, hərbçilərimizin hazırlığından razı qalmış, fərqlənən hərbi qulluqçuları mükafatlandırmışdır.
İyun ayının 3-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Müdafiə Nazirliyinin dəstəyi ilə Milli Məclis üzvlərinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, hüquq müdafiəçilərinin və media nümayəndələrinin iştirakı ilə Beyləqan-Füzuli istiqamətində hərbçilərimizlə görüşlər zamanı düşmənlə bilavasitə təmas xəttində ordu mənsublarının döyüş texnikası ilə keçirdiyi təlimlər, nümayiş etdirdikləri silahlardan açdıqları praktiki atəşlər ictimaiyyət nümayəndələrində ordumuzun döyüş hazırlığı ilə bağlı kifayət qədər dolğun və məzmunlu rəy formalaşdırmışdır. Təsadüfi deyil ki, tədbir iştirakçıları öz təəssüratlarını media nümayəndələri ilə bölüşərkən bölmələrimizin döyüş hazırlığını yüksək qiymətləndirmiş, ordumuzla fəxr etdiklərini dilə gətirmişlər.
Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına yiyələnməsində rol oynayan əsas amillərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Son illər müvafiq sahədə də ciddi irəliləyişlər əldə olunmuşdur. Hərbi qulluqçularımızın döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri fərdi qəhrəmanlıq nümunələri dediklərimizə əyani sübutdur. Ölkə ictimaiyyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin simasında bir daha bunun şahidi oldu. Bu gün ordumuzun sıralarında Mübariz İbrahimov kimi yüksək döyüş hazırlığına yiyələnmiş, Vətəninə və xalqına bağlı minlərlə hərbi qulluqçu xidmət edir.
İbrahim
RÜSTƏMOV,
əməkdar
jurnalist
Xalq qəzeti.- 2011.- 18 iyun.- S. 5