Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının artması ölkəmizin ixrac imkanlarını genişləndirir

 

Ölkəmizin neft strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması neft və qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda neftin hasilatı, demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. 2011-ci ilin beş ayı ərzində ölkəmizdə 20 milyon ton neft hasil edilmişdir ki, onun da böyük hissəsi ixrac olunmuşdur. Bundan əlavə, hesabat dövrü ərzində Azərbaycanda çıxarılan 10,7 milyard kubmetr qazın da xeyli hissəsi ixraca yönəldilmişdir. Göründüyü kimi, Azərbaycanın neft-qaz sənayesi hazırda sürətli inkişaf dövrünü yaşayır.

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi - "Əsrin müqaviləsi" çərçivəsində də mühüm nailiyyətlər əldə edilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2011-ci ilin ilk rübünün nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-mart ayları ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 140,6 milyon dollar, əsaslı məsrəflərinə isə 419 milyon dollar xərclənmişdir.

Bu ilin ilk üç ayında müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 9,6 milyon ton və ya 70,74 milyon barrel neft hasil olunmuşdur. Xatırladaq ki, həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı 785,500 barrel təşkil etmişdir. Bunun da 81,800 barreli "Çıraq", 216 min barreli "Mərkəzi Azəri", 248,200 barreli "Qərbi Azəri", 140,700 barreli "Şərqi Azəri" və 130,700 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. İlin əvvəlindən müqavilə sahəsində 58 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 27 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.

"Azəri", "Çıraq" və "Günəşli" (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır: "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2011-ci ilin birinci rübündə "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, "Çıraq" patformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. İlin üç ayı ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 10,6 milyon kubmetr olmaqla 1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Bütövlükdə isə il ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində Azərbaycanın qazpaylama sisteminə 2,3 milyard kubmetr qaz təhvil verilməsi nəzərdə tutulur. "Azəri" yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.

"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neft hasilatı ilə yanaşı, qazma işləri də uğurla davam etdirilir. Konsorsium iştirakçıları ilin əvvəlindən bu sahədə bir sıra uğurlara imza atmışlar. Belə ki, ötən ilin mart ayında "Çıraq" platformasından qazılan yeni hasilat quyusunda işlər başa çatdırıldıqdan sonra daha bir hasilat quyusu 16 düyməlik qoruyucu boruyadək qazılaraq işlər müvəqqəti olaraq dayandılımışdır. Əvəzində isə, ondan əvvəl qazılmış maili hasilat quyusunda qazma işləri yenidən davam etdirilmiş və həmin quyu oktyabr ayında istismara verilmişdir. Noyabr ayında "Çıraq" platformasındakı qazma quyusunda başlanılmış profilaktik işlər hazırda uğurla davam etdirilir və bu tədbirlərin cari ilin dördüncü rübündə tamamlanması planlaşdırılır. Ötən il "Azəri" yatağında da qazma işləri xeyli intensivləşmişdir. Belə ki, aprel ayında "Mərkəzi Azəri" platformasında qazma işlərinə başlanması burada daha iki quyunun istismara verilməsinə imkan yaratmışdır. Sonra isə platformadakı qazma qurğusunda profilaktik tədbirlərə başlanılmış və həmin işlər bu ilin yanvar ayında tamamlanmışdır. Xatırladaq ki, cari ildə "Mərkəzi Azəri" platformasında yeni iki hasilat və bir qaz injektor quyusunun qazılması nəzərdə tutulmuşdur. Həmin quyuların isə cari ilin sonuncu rübündə və gələn ilin ilk rübündə təhvil verilməsi planlaşdırılır.

Qazma işləri "Azəri" yatağının qərb və şərq hissələrində də uğurla davam etdirilir. Ötən il "Qərbi Azəri" platformasından iki hasilat və bir suvurma quyusu qazılaraq istismara verilmişdir. Bundan əlavə, qazıntısına ötən il başlanılmış yeni hasilat quyusu cari ilin ilk rübündə istismara daxil edilmişdir. 2011-ci ilin üçüncü rübündə isə burada daha bir hasilat quyusu qazılacaq. "Şərqi Azəri" platformasında ötən ilin əvvəlində suvurma quyusunda qazma və tamamlama əməliyyatları uğurla başa çatdırıldıqdan sonra işlər bir qədər də intensivləşmişdir. Belə ki, sentyabr ayında yeni hasilat quyusunun qazıntısı tamamlanmış və burada daha bir neft quyusunda qazma işlərinə başlanılmışdır. Həmin quyu isə bu ilin yanvar ayında təhvil verilmişdir. 2011-ci ilin sonunadək "Şərqi Azəri" platformasında əlavə bir hasilat quyusunun da qazıntısı planlaşdırılmışdır.

"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində istismar olunan "Dərinsulu Günəşli" platformasında ötən il iki hasilat quyusunda qazma işləri tamamlanmış, bir quyu kollektora qədər qazılaraq müvəqqəti olaraq bağlanmışdır. Hazırda qazıntısı davam etdirilən daha bir hasilat quyusunun isə cari ilin ikinci rübündə istismara verilməsi nəzərdə tutulmuşdur. Həmçinin ilin sonunadək burada növbəti bir quyu da qazılacaq. Yeri gəlmişkən, "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində Xəzər dənizində ilk dəfə olaraq sualtı suvurma əməliyyatlarının həyata keçirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Ötən il "Dədə Qorqud" və "İstiqlal" qurğuları vasitəsilə "Dərinsulu Günəşli" sualtı suvurma qazması proqramı çərçivəsində bir sıra qazma və tamamlama əməliyyatları aparılmışdır. Belə ki, ilin ilk yarısı ərzində "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində iki suvurma quyusunun qazıntısı başa çatdırılmışdır. Bununla da, sualtı suvurma qazması proqramı üzrə işlərə yekun vurularaq oktyabr ayından etibarən hasilat quyularına suvurma əməliyyatlarına start verilmişdir. Xatırladaq ki, "Dərinsulu Günəşli" platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.

2010-cu ilin mart ayında tikinti-quraşdırma işlərinə başlanılmasına dair müqavilə imzalanmış "Çıraq" neft layihəsi çərçivəsində də aprel ayından etibarən öncə qazma işləri sürətlə davam etdirilmişdir. Əvvəlcə "İstiqlal" yarımdalma qurğusu vasitəsilə ilk quyunun qazıntısına başlanılmışdır. Gələcəkdə quraşdırılması nəzərdə tutulan platformanın dayaq tavası dənizin dibinə bərkidildikdən sonra isə öncə qazma əməliyyatları "Dədə Qorqud" qurğusu vasitəsilə davam etdirilmişdir. Ötən müddətdə "Çıraq" neft layihəsi çərçivəsində dörd quyuda qazma işləri həyata keçirilmiş və həmin quyular qoruyucu boruyadək qazılaraq gələcək hasilat üçün müvəqqəti olaraq bağlanmışdır. 2011-ci il ərzində isə "Çıraq" yatağında öncə qazma proqramı çərçivəsində daha dörd quyuda qazma əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Çıraq" neft layihəsi çərçivəsində tikinti-quraşdırma işləri də qrafikə uyğun davam etdirilmişdir.

"Əsrin müqaviləsi" çərçivəsində ixrac əməliyyatları da uğurla həyata keçirilir. Belə ki, ilin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin sualtı nəql sistemi vasitəsilə Səngəçal sahil terminalına daşınması davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, hazırda terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. Cari ilin ilk üç ayı ərzində Səngəçal terminalından 78 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 68,7 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 7,5 milyon barreli Bakı-Supsa kəmərləri, 1,8 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.

Yeri gəlmişkən, Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. 2011-ci ilin ilk rübündə Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 7,3 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Yanvar-mart ayları ərzində kəmərlə 9,2 milyon ton xam neft nəql olunmuşdur. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından 2011-ci il may ayının 15-dək kəmər vasitəsilə nəql edilmiş 159 milyon ton xam neft 1525 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, ötən il iyulun 21-də Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1 milyon 57 min barrel neft nəql olunmuşdur ki, bu da indiyədək ən yüksək gündəlik ötürmə gücü deməkdir.

Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə xam neftin və "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən Türkmənistan nefti də daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın "Tengiz" yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır.

Göründüyü kimi, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının getdikcə artması ölkəmizin ixrac imkanlarının genişlənməsinə səbəb olur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 18 iyun.- S. 1.