Azərbaycanda turizmin inkişafı: dünən, bu gün və sabah

 

Artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Məlumdur ki, insanların fiziki və mənəvi qüvvələrinin reabilitasiyası, istirahət və turizm insan inkişafı üçün vacib amillərdən biridir. Eyni zamanda, turizm ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Dünya təsərrüfatının ən gəlirli və səmərəli sahələrindən olan turizm iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Məsələn, hazırda dünyada ümumi milli məhsulun 10 faizə qədəri turizmin payına düşür, dünya ixracatının 8 faizi və ticarət xidmətinin 30-35 faizi beynəlxalq turizm hesabına əldə edilir.

 

Turizmin inkişafı sosial problemlərin həllində də mühüm rol oynayır. Belə ki, turizm ölkələr arasında sülhün möhkəmlənməsi, ayrı-ayrı xalqların bir-birinə yaxınlaşması, qloballaşma, incəsənət və mədəniyyətin təbliği, millətlərin mənəvi inkişafı, fiziki sağlamlığı və istirahəti üçün əsas vasitədir. Turizmin genişləndirilməsi yeni iş yerlərinin açılması, ölkənin ödəniş balansının yaxşılaşdırılması, insan inkişafının fiziki və mənəvi tərəflərinin təmin olunması deməkdir.

Qloballaşma prosesində ayrı-ayrı ölkələrin dünya iqtisadi inteqrasiyasına qoşulması, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi nəticəsində işgüzar turizmin də əhəmiyyəti getdikcə artır. Turizmin bu növünün artım sürəti hər il dünya üzrə 8 faiz təşkil edir və istirahət turizmindən iki dəfə artıq gəlir verir. Mütəxəssislərin fikrincə, turizmin aktiv forması istirahətin passiv formalarını getdikcə sıxışdırmaqdadır. Bundan başqa, turizmin ən perspektivli növlərindən olan və insanın təbiətə yaxınlaşmasında mühüm rol oynayan ekoturizm də getdikcə genişlənməkdədir. Hazırda inkişaf etmiş ölkələrdə ixtisaslaşdırılmış idman və mədəni tədbirlər üzrə turizm də inkişaf etməkdədir.

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk işgüzar səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin, Plutarxın, Heradotun, Ptolomey və Strabonun adlarını çəkmək olar.

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə BİY-nin ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məhşurdur. Belə ki, dahi filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir.

Hələ qədim zamanlardan bu marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, BİY ilə gətirilən antik mallar əsas anbar məntəqələrindən olan Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Bərdə şəhərlərində aparılan çoxillik iri miqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan- Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ - Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı - Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi. İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.

Müasir dövrdə isə bütün dünyada milli iqtisadiyyatın kompleks inkişafı, istehsal və xidmət sahələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə modern infrastruktur sistemlərinin yaradılması prosesi daha çox nəzərə çarpmaqdadır. Ümumiyyətlə, milli iqtisadiyyat və onun sahələrınin dinamikliyinin getdikcə infrastruktur sistemindən asılı olması əsasən iqtisadi inkişafın labüd nəticəsi kimi qəbul olunur. Məhz bu baxımdan, XX əsrin axırlarından başlayaraq bazar iqtisadiyyatına keçən postsovet dövlətlərinin əksəriyyətində, o cümlədən Azərbaycan Respublikasında müxtəlif tip bazarların yaranmasına imkan verən dünya xidmətləri bazarının yeni infrastrukturlarının formalaşdırılması istiqamətində islahatlara başlanılmışdır.

Nəzərə alsaq ki, turizm xidmətləri bazarı ümumi xidmətlər bazarının mühüm tərkib hissəsidir, onda bu islahatların turizmə müsbət təsiri şübhəsizdir. Təcrübədən aydın olur ki, beynəlxalq xidmətlər bazarı, özündə ölkələrarası xidmət mübadilə sahələrini əhatə etməklə dünya əmtəə, kapital və iş qüvvəsi bazarlarına adekvat olaraq beynəlxalq iqtisadi əlaqələrin ayrılmaz hissəsi kimi fəaliyyət göstərməkdədir. Təbii ki, bazarlarda xidmətlərin həyata keçirilməsi formaları kifayət qədər müxtəlifdir və nəqliyyat daşınmaları üzrə razılaşmalardan, yeni texnologiya əsasında istehsal edilmiş maşın və avadanlıqların satışından tutmuş, kompensasiya sazişlərinə və s. bütün prosesləri əhatə edir. Eyni zamanda, müşahidələr göstərir ki, hələ keçən əsrin 90-cı illərindən başlayaraq inkişaf etmiş ölkələrin ÜDM-ində bütün növ xidmətlərin ümumilikdə payı təqribən 70 faizə çatmışdır. Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən dünyada yalnız 1994-cü ildə həyata keçirilmiş ümumi xidmətlərin dəyəri 1100 milyard ABŞ dollarından artıq təşkil etmişdir ki, bu da ümumi ixracın 25 faizinə bərabərdir. 2010-cu il üçün isə bu göstərici 30 faiz artaraq, təxminən 2500 milyard dollara çatmışdır. Ümumiyyətlə, xidmətlər bazarının yaranması və təkamülü mərhələli şəkildə dünya əmtəə bazarlarının inkişafından əvvəl formalaşmışdır. Ölkələrarası xarici ticarət dövriyyəsinin həcminin genişlənməsi, əmtəə istehsalçıları arasında ciddi rəqabətin artması ilə müşahidə olunmaqla yanaşı, qeyri-qiymət rəqabətinin yaranmasına da gətirib çıxarmışdır. Bu da özlüyündə satılan əmtəələrin əlaqəli xidmətlərlə təmin olunması zərurəti ilə bağlı olmuşdur. Belə xidmətlər ilk növbədə daşınma, sığorta, bank və maliyyə xidmətlərinə aid edilmişdir. Nəticədə bu bazarlar tədricən bir-birindən ayrılmış, sonralar isə müstəqil sahəvi xidmətlər bazarı kimi formalaşmışdır ki, o da öz növbəsində turizm, təhsil və s. kimi sahələrin hesabına genişlənmişdir. Müasir şəraitdə ETT-nin nailiyyətləri şəraitində nəqliyyat, konsaltinq, mühəndis-tikinti və s. kımi xidmət sahələri daha çox genişlənməyə başlamışdır.

Son illər ETT-nin inkişafı ilə bağlı yeni ticarət xidmətlərinin təşkili sahəsində nəzərə çarpacaq mühüm dəyişikliklər baş verməkdədir. Elm tutumlu sahələrin çoxalması əmtəələrin qiymətlərinin, eləcə də xidmətlərin dəyərinin artmasına, ticarətin ümumi həcmində xidmətlərin payının genişlənməsinə səbəb olumuşdur. Eyni zamanda, təklif olunan xidmətlərin strukturu da dəyişilmişdir. Məhz bu səbəbdən istehsal sferasında xidmətlərin payının artma tempi daha çox müşahidə olunmaqdadır. Ümumilikdə isə bütün dünya ölkələrində beynəlxalq xidmətlərin əsas artım stimulu aşağıdakılar hesab olunur:

- elmi-texniki tərəqqinin sürətlənməsi və yeni texnologiyaların tətbiqi nəticəsində iqtisadiyyatda dərin ixtisaslaşmaya meyl və xidmətlər sektorunun daha çox sosial sferanın güclənməsinə lazımi şərait yaratması;

- gəlirlərin artmasına səbəb olan uzunmüddətli iqtisadi artımın uyğun olaraq nəqliyyat turizm və s. kimi bir sıra xidmətlərə əlavə tələbatın formalaşdırması;

- inkişaf etmiş və etməkdə olan ölkələrin sənayesizləşdirmə siyasətinə "diqqəti" artırması və onların öz milli təsərrüfatlarının tədricən "xidmətlər iqtisadiyyatına" keçirməsi və eyni zamanda, istehsal xidmətlərinə olan tələbatın artması nəticəsində əmtəələrin xidmətlərlə birgə satışına imkan yaranması və s.

Bütün dünyada əsas sənaye ölkələrinin bu sahədə aparıcı mövqelərinin və rəqabət üstünlüklərinin itirilməsi iqtisadi artım və rifah səviyyəsi göstəricilərinə birbaşa mənfi təsir göstərə bilir. Məhz buna görə, xidmətlər sferası getdikcə genişlənir və ÜDM-in həcmində geniş paya malik ola bilir. Buna, ilk növbədə əsas səbəb əmtəə istehsalı ilə bağlı sığorta, maliyyə, nəqliyyat və s. müxtəlif xidmətlərin onun tərkibinə daxil edilməsidir. Məsələn, sənayedə və digər sahələrdə insanların iş yerlərin, ixtisaslarını dəyişdirməsi xidmət sahələrində məşğul olanların miqdarını artırmaq imkanlarına malikdirlər. Məsələn, araşdırmalar göstərir ki, 2010-cu ilə kimi olan son 10 ildə inkişaf etmiş ölkələrdə xidmət sferalarında məşğulluğun orta artım tempi 5,7 faiz təşkil etmişdir ki, bu da bir daha beynəlxalq xidmətlər bazarının əmtəə bazarına nisbətən daha sürətli artım tempinə malik olduğunu sübut edir. Belə ki, dünya üzrə həyata keçirilmiş ümumi xidmətlərin həcminin 1980-1995-ci illərdə 2 dəfə artması üçün 7-8 il lazım gəlmişdirsə, müfaviq əmtəə bazarının inkişafı üçün 15 il vaxt tələb olunmuşdur.

Maraqlıdır ki, kiçik və orta firmalar tərəfindən təklif edilən xidmətlərin payı daha sürətlə artır. Qeyd edilən müddət ərzində onların payı 2,5 dəfə artmışdır. Bütün dünyada ixrac xidmətlərinin həcmi beynəlxalq ticarət çərçivəsində 1975-ci ildə mövcud 155 milyard dollardan, 1992-ci ilə kimi artaraq 10 trilyon dollara çatmışdır. Eyni zamanda, tarixi faktlar göstərir ki, İkinci Dünya müharibəsindən sonra keçən ilk 10 il ərzində əmtəə və xidmətlərlə dünya ticarətinin dövriyyə həcmi 30 dəfə artmışdır. Hal-hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu göstərici 80 faiz təşkil edir. Yeni sənaye ölkələrində xidmət üzrə ticarətin həcmi ümumi strukturda 85 faiz paya malikdir. Xidmətlər sektoru əmtəələrlə xarici ticarətə, xüsusilə, elm tutumlu sahələrə daha effektiv təsir göstərir. Artıq əmtəələrin satış bazarlarına daxil olmasını və satılmış əmtəələrə texniki xidmət göstərilməsini təmin edən xidmətlər sferası daha sürətlə genişlənir. Bunun nəticəsidir ki, dünyada təqribən ümumi xidmətlərin dörddə üçü elmi texniki və istehsal təcrübəsi ilə (nou-hau, injinirinq, konsaltinq və s. sahələr ilə) bağlıdır.

Onu da qeyd edək ki, əgər beynəlxalq xidmətlər bazarında əvvəllər ən çox kiçik və orta firmalar təmsil olunurdusa, son illər nəhəng xidmət istehçıları və istehsalçıları kimi transmilli korporasiyaların fəaliyyəti daha çox nəzərə çarpır. Məhz bunun nəticəsi kimi xidmətlər sahəsinə hər il dünya üzrə yönəldilən bütün investisiya qoyuluşlarının 40 faizi birbaşa xarici investisiyaların hesabına həyata keçirilir. Məsələn, bir faktı da göstərmək olar ki, yalnız Amerikanın transmilli korporasiyalarının xarici ölkələrdə yaratdığı xidmətlərin dəyəri ABŞ-ın ümumi xidmətlər ixracından 2 dəfə artıqdır. Onun da yarısı yenə də transmilli korporasiyalarının payına düşür. Ümumiyyətlə, dünya xidmətlər bazarında ilk növbədə inkişaf etmiş ölkələr daha üstün mövqeyə malikdir. Onların payına dünya ixracının 2/3-si, idxalın isə 50 faizi düşür. Sahəvi, müsbət tendensiyaların qeydə alınmasına baxmayaraq kompleks xidmətlərin təklif səviyyəsi bu ölkələrdə qeyri-bərabərdir. Belə ki, bəzi ölkələrin xidmətlər ixracında payı 50 faizdən artıqdır. Məsələn, yalnız son dövrlər ilk 4 ölkəyə - ABŞ, Böyük Britaniya, AFR, Fransaya dünya xidmətlər ixracının təqribən 44 faizi düşür. İnkişaf etməkdə olan ölkələrdə xarici xidmətlər ticarətində bir qayda olaraq ixtisaslaşma da yarana bilir. Məsələn, artıq dünyada Koreya nəqliyyat, injinirinq, məsləhət və inşaat xidmətləri göstərən ölkə kimi, Meksika, turizm və Sinqapur maliyyə xidmətləri göstərən ölkələr kimi tanınırlar.

Məlumdur ki, postsovet məkanının bir çox ölkələri nəqliyyat, turizm, inşaat, bank və digər müasir xidmətlərin həyata keçirilməsi üzrə mühüm ehtiyatlara malikdir. Lakin buna baxmayaraq bu ehtiyatlardan istifadəyə ən çox mane olan amillər göstərilən xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin aşağı olması ilə bağlıdır. Buna görə bir sıra postsovet ölkələrində, o cümlədən Azərbaycan Respublikasında xidmət sahələrinin mövcud vəziyyəti potensial ehtiyatlara uyğun deyildir. Belə ki, turizm sektorunun inkişafı üçün Azərbaycanda geniş çeşidli və zəngin potensial imkanları olsa da, bu sahədən əldə edilən gəlirlər çox aşağıdır. Ona görə də istər yerli ehtiyatlardan səmərəli istifadə, istərsə də dünya xidmətlər bazarının inkişaf tempi ilə ayaqlaşmaq zərurəti bu istiqamətdə ardıcıl addımlar atılmasını tələb edir. Bu həm də ondan irəli gəlir ki, qloballaşma proseslərinin sürətlənməsi ilə xarakterizə olunan XXI əsr, həm də inteqrativ əlaqələrin inkişafı baxımından dünyada əhali hərəkətliliyinin artımını tələb edir. Belə bir şəraitdə isə, təbii ki, xidmət sahələrinin inkişaf tempi istehsal sferasını üstələyir. Başqa sözlə desək, insanların bir ölkədən digər ölkəyə tez-tez və daha çox sayda səfərlər etməsi müvafiq xidmətlərin də hərəkət marşrutuna uyğun inkişafını təmin edir.

Təcrübə göstərir ki, əhali hərəkətliliyindən asılı olaraq inkişaf edən xidmət sahələrindən biri də ümumdünya təsərrüfat fəaliyyətinin əsas istiqamətlərindən olan turizmdir. Beynəlxalq aləmdə turizm, həm də ölkələr arasında iqtisadi əməkdaşlığı formalaşdıran bir sahə kimi çıxış edir. Eyni zamanda, turistlərə xidmətlə bağlı bütün istiqamətləri özündə əks etdirən turizm sənayesi, mühüm iqtisadi amil kimi dünyada sürətlə inkişaf edən xidmət sahələrindən biridir. Təbii ki, bütün bunlar Azərbaycan hökuməti tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlərin nəticəsidir. Aydındır ki, turizmin inkişafı bir çox amillərdən asılıdır və buraya həm daxili, həm də beynəlxalq amillər aiddir. Xüsusilə, müasir qloballaşan dünyada beynəlxalq əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilməsi bir sıra xidmət sahələrinin, o cümlədən turizm sektorunun inkişafında əhəmiyyətli rola malikdir.

Məlum olduğu kimi, 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreyada keçirilən toplantıda Azərbaycan Respublikası Ümumdünya Turizm Təşkilatına (ÜTT) üzv qəbul olunmuş və bununla da ölkəmiz beynəlxalq turizm hərakatına rəsmən qoşulmuşdur. Elə 2001-ci ildə də Azərbaycanı təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlanmış və ÜTT-nin Baş Assambleyasına təqdim olunmuşdur. Bununla yanaşı, diskin "Tourism in Azerbaijan" adlı veb səhifəsi yaradılmışdır. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Bununla da Azərbaycan adlı ölkə dünyanın turizm ictimaiyyəti tərəfindən qəbul olunmağa və tanınmağa başlandı.

Eyni zamanda, paralel olaraq ölkədə turizmin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirildi ki, bu da əldə edilmiş inkişaf tempini daha da sürətləndirdi. Belə ki, ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" qəbul edilmiş və müvəffəqiyyətlə icra olunmuşdur. 2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar olub. Hazırda Azərbaycanda turizm yüksələn xətt üzrə inkişaf etməkdədir. 2010-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 9-cu dəfə Beynəlxalq Turizm Sərgisi keçirilmişdir.

Həmçinin "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı"nın qəbul edilməsi ölkədə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə hüquqi zəmin yaratmışdır. Artıq XXI əsrin başlanğıcında ölkənin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərməkdədir, eləcə də ölkənin bütün regionlarını əhatə edən geniş turizm xidmətləri sistemi sürətlə formalaşmaqdadır. 2008-ci ildə Azərbaycana turist axını 2007-ci illə müqayisədə 39,4 faiz artaraq 1,4 milyon nəfər təşkil edib. Ölkədə 230 turizm şirkəti, 370 otel fəaliyyət göstərir ki, bu da 2007-ci illə müqayisədə 16,9 faiz çoxdur. 2009-cu ilin birinci yarısında respublikada 35 yeni mehmanxananın inşası davam edib. Yaxın 10 ildə ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması planlaşdırılır. Amma onu da qeyd etmək lazımdır ki, 2002-ci ildə ölkədə cəmi 94 mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərirdisə ,ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 374-ə çatmışdır və həmçinin yerləşdirmə yerlərinin sayı 3,8 dəfə artmışdır. Hazırda respublikada 120-dən çox turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir ki, bu da 2000-ci ilə nisbətdə 4 dəfə çoxdur.

Bütün bunlarla yanaşı, müasir dövrdə turizmin inkişafı mövcud potensialı tam əks etdirmir. Təbii ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, indiki şəraitdə Azərbaycanda turizmin real vəziyyətini təhlil etsək, onun kəmiyyət və keyfiyyətcə ziddiyyətli xarakter daşıdığını görərik. Çünki, keçid dövründə cəmiyyətin sosial həyatının başqa sahələrində olduğu kimi istirahət və turizm sahəsində də tənəzzül və geriləmə baş vermişdir. Müstəqillikdən əvvəlki dövrdə respublikamız Sovet İttifaqından olan bütün turistlər üçün məşhur istirahət və turizm guşəsi idi. Lakin indiki dövrdə Azərbaycanın istirahət və turizm infrastrukturu iqtisadi çətinliklərdən və Qarabağ münaqişəsinin təsirindən ziyan çəkir. Qeyd edək ki, Qarabağ münaqişəsi əhalinin istirahət mərkəzlərinə və bütövlükdə turizm şəbəkəsinə daha çox ziyan vurmuşdur. Birincisi, sanatoriya və pansionatların xeyli hissəsi işğal zonasında qalmış və müharibə nəticəsində ermənilər tərəfindən dağıdılmışdır. Müqayisə üçün qeyd edək ki, 1989-cu ildə respublikada 106 sanatoriya və istirahət guşələri olduğu halda, 1999-cu ildə bu rəqəm 88-ə enmişdir. Digər tərəfdən, Bakı, Sumqayıt, Naftalan və s. şəhərlərdə olan sanatoriya və pansionatlarda qaçqın və məcburi köçkünlər məskunlaşdırıldığına görə, həmin istirahət obyektləri öz fəaliyyətlərini demək olar ki, dayandırmışlar. Məsələn, 1995-ci il məlumatına görə təkcə Bakı və Sumqayıt şəhərlərində yerləşən pansionatlarda 15.278 nəfər (3033 ailə), sanatoriyalarda 17195 nəfər (4163 ailə), məktəbli gənclərin istirahət düşərgələrində isə 17335 nəfər (4001 ailə) məskunlaşdırılmışdır.

Respublikamızın Kəlbəcər (İstisu), Şuşa, Ağdam, Qubadlı, Laçın və s. rayonlarında yerləşən ən gözəl istirahət guşələrinin hazırda işğal altında olması da Azərbaycanda turizmin inkişafına çox böyük ziyan vurmaqdadır.

Məlumdur ki, qoruq və yasaqlıqlar ekoturizmin inkişafında mühüm yer tutur. Təəssüf ki, 2 dövlət qoruğu (Bəsitçay və Qaragöl qoruqları), 4 yasaqlıq (Arazboyu, Daşaltı, Laçın, Qubadlı yasaqlıqları) hazırda işğal altında qalaraq ermənilər tərəfindən məhv edilmək dərəcəsindədir. Zəngilan ərazisində yerləşən Bəsitçay qoruğu 1974-cü ildə yaradılmışdır. 107 hektar sahəni əhatə edən bu qoruqda qiymətli ağaclar - Qafqaz vələsi, Gürcüstan palıdı, ardıc, iydə və qədim tarixə malik müxtəlif çinarlar vardır. Bəsitçay qoruğunda diametri 4 metr, hündürlüyü 50 metr, qiymətli və nadir çinar ağaclarına təsadüf edilir. Mütəxəssislərin fikrincə, bu çinarların bəzilərinin yaşı hətta 1200-1500 ildir.

İşğal ərazisində qalan ikinci dövlət qoruğu Qaragöl qoruğudur. 1987-ci ildə yaradılmış bu qoruq dəniz səviyyəsindən 2568 metr yüksəklikdə yerləşən və 300 hektar sahəni əhatə edən Qaragöl ekoloji sistemindən ibarətdir. Qaragöl qoruğunun faunası - 68 cins və 27 növdən, florası - 102 bitki növündən ibarətdir. Göldə 1967-ci ildən Qırmızı kitaba düşmüş Göycə alabalığı vardır. Qaragöl gölünün kənarında nadir və tükənməkdə olan bitki növlərindən "ezepçuk", al-qırmızı dərman bitkisi - "qaytarma" bitir.

İşğal altında qalan Laçın yasaqlığı 1961-ci ildə təşkil olunmuş və 20 min hektar ərazini əhatə edir. Qubadlı yasaqlığı isə 1969-cu ildə yaradılmışdır. Hər iki yasaqlıq Qafqaz qonur ayısı, cüyür, qaban, bezuar keçisi, dovşan və s. heyvanların mühafizəsi məqsədi ilə yaradılmışdır. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilmiş Daşaltı yasaqlığı 450 hektar ərazini əhatə edir. Nadir tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1993-cü ildə yaradılmış Arazboyu yasaqlığı 2200 hektar ərazini tutur. Çox hissəsi işğal altında olduğuna görə Arazboyu yasaqlığı da hazırda məhv olmaq dərəcəsindədir.

Qoruq və yasaqlıqlardan başqa işğal altında qalan dünya əhəmiyyətli mədəni - tarixi abidələrimizdən Azıx və Tağlar mağarası, tunc dövrünə aid olan Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələrimiz də erməni vandalizmi nəticəsində yararsız hala salınmışdır. Qeyd edək ki, YUNESKO-nun siyahısına düşmüş Azıx və Tağlar abidələri 1981-ci il dekabrın 8-də Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilmişdir. Etnoqrafik turizm baxımından bu tarixi abidələr mühüm əhəmiyyət kəsb edir.

Lakin heç bir insani və hüquqi normalara məhəl qoymayan erməni qəsbkarları işğal olunmuş ərazilərdə qoruq və yasaqlıqları, təbii-tarixi abidələrimizi məhv edirlər. Bu səbəbdən indiki şəraitdə xaricdən ölkəmizə gələnlərin sayı gələ bilənlərin sayından qat-qat azdır və gəlmə turizm bazarının 0,007 faizini təşkil edir.

Amma ölkə başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında da qeyd etdiyi kimi, qarşıdakı illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində daha ciddi addımlar atılması nəzərdə tutulur ki, bu da Azərbaycanı dünyaya turizm ölkəsi kimi tanıtmağa imkan verəcəkdir. Son illərdə respublikamızda, xüsusilə Bakıda dünya standartlarına cavab verən mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi, xaricdən ölkəmizə gələnlərin və xarici səfərlərə gedənlərin sayının artması, yeni neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar Azərbaycana xarici şirkətlərin marağının artması,ölkəmizdə iqtisadi stabilliyin yaranması nəticəsində əhalinin öz istirahətinə və müalicəsinə daha çox diqqət yetirməsi istirahət və turizm obyektlərinin fəaliyyətinin gücləndirilməsini zəruri etmişdir. Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin ekoloji vəziyyəti və abadlığı əvvəlki illərə nisbətən yaxşılaşmış, yeni tikintilərin sayı çoxalmış, ictimai iaşə müəssisələrinin kəmiyyət və keyfiyyəti artmışdır.

 

 

(ardı var)

 

Aqil ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

"Xidmət sahələrinin inkişaf problemləri"

şöbəsinin müdiri, iqtisad elmləri üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 18 iyun.- S. 4.