Yardımlı: tərəqqinin üfüqləri genişlənir

 

Ucqar Yardımlı hər tərəfdən dağlarla əhatə olunduğu üçün burada düzxətli təbii-coğrafi üfüq görmək mümkün deyil. Dərin dərələr, başı qarlı zirvələr, gədiklər, olsa-olsa, kardioqram şəkilli bir üfüq yarada bilər. Amma, obrazlı düşüncəyə görə, Yardımlı üfüqsüz də deyil. Son illərdə dağlar diyarının davamlı abadlaşdırılması, quruculuq işlərinin miqyas artımı tərəqqi üfüqlərinin görünməsinə, hətta getdikcə genişlənməsinə vasitə olmaqdadır.

...Vaxt vardı ki, Yardımlıda rus dili müəllimləri tapılmırdı. İndi isə xarici dil müəllimləri yetərincədir. Bu yaxınlarda onların peşəkar seminarı da keçirilib. Bu müəllimlər uşaqların hələlik şirin Yardımlı ləhcəsi ilə də olsa, məsələn, ingilis dilində danışmasına və yazıb-oxumasına çalışır, bu sahədə müəyyən uğur da qazana bilirlər. Yeri gəlmişkən, onu da xatırladım ki, 24 dil bilməsi ilə dünyada yüz adamdan, MDB məkanında beş adamdan biri sayılan, Qafqazda isə tək olan poliqlot Yaqub Abbasov Yardımlı rayonunun Eçara kəndindəndir. ...Vaxt vardı ki, Yardımlıda futbol oynamağa düz yer tapılmırdı. İndi isə buradakı "Sahil" stadionunda rəsmi futbol yarışları keçirilir. Yardımlılar fəxr edirlər ki, cari mövsümdə Azərbaycan Premyer liqasının çempionu olmuş "Neftçi" komandasının baş məşqçisi Arif Əsədov da, hətta zamanında tanınmış futbolçu olmuş, sonradan bir müddət milli yığma komandamıza rəhbərlik etmiş Şahin Diniyev də Yardımlıdandır. Mən hələ bu rayonun taekvondo və karate ustalarının ölkə çempionatlarında, beynəlxalq turnirlərdə medallar qazanmasını demirəm. ...Bir vaxtlar Yardımlıda teatra "şəbih çıxartmaq" deyərdilər. Bu kimi nəsnələri ucqar bölgənin camaatı yalnız Məhərrəm ayının aşura günlərində, bir də Novruz bayramı şənliklərində görərdi. İndi isə Yardımlının hələlik öz teatrı olmasa da, Lənkəran, İrəvan, Sumqayıt teatrlarının yaradıcı heyətləri peşəkar tamaşaları ilə tez-tez bu dağlara qonaq gəlirlər. Elə ötən ay N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Üzeyir Hacıbəylinin əsərləri əsasında səhnələşdirilmiş "Olanlardan, keçənlərdən" adlı ikihissəli komediyanı Yardımlıda anşlaqla oynayıb. Bugünkü Yardımlı zəngin muzeyləri, gözəl abidələri, uzun-uzun asfalt yolları, turist bazaları, market və restoranları, çoxsaylı bankomatları olan yığcam bir şəhərdir. Burada müasir infrastruktur formalaşır. Ötən səfərimdə şəhərin "Qala" giriş hissəsində maraqlı memarlıq üslubunda böyük alaqapının, buradan Heydər Əliyev parkı istiqamətində yaraşıqlı istinad divarlarının inşa olunduğunu gördüm. Sağ tərəfdə uca bir dağın döşünə vurulmuş iri plakatda ulu öndər Heydər Əliyevlə onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyevin işıqlı təsvirləri diqqəti cəlb edir, dağı daha da əzəmətli göstərirdi. Elə Yardımlının bugünkü növrağı, büsatı dövlətimizin rayona göstərdiyi diqqətin, qayğının fərəhli nəticəsi deyilmi?!

İcra hakimiyyətinin başçısı Xəzər Aslanov bölgəyə dövlət qayğısından, burada aparılan işlərdən, həyata keçirilən tədbirlərdən hər zaman həvəslə danışır. Dağlıq ərazilərdə tikinti-quruculuq işlərinin hansı çətinliklər bahasına başa gəldiyi məlumdur. Buna görə də rayon rəhbərliyi bütün işlərin yüksək keyfiyyətlə görülməsini nəzarətdə saxlayır ki, nəticə səviyyəli olsun, sonradan cari təmirlərə bir o qədər də ehtiyac qalmasın. "Başdansovdu iş olsa, çox keçmədən əziyyətini özümüz çəkməli olacağıq", - deyə Xəzər müəllim bildirir. Tez-tez baş çəkdiyi obyektlərdə, səyyar qəbullar keçirdiyi kəndlərdə əhali ilə görüşlərində də icra başçısı bunu daim vurğulayır.

Yardımlıda əhalinin həyat səviyyəsi yüksələn xətlə gedir. Bu, özünü fərdi yaşayış evlərinin çoxsaylı tikintisində də göstərir. Təkcə bu ilin əvvəlindən rayonda ümumi sahəsi 3 minədək, yaşayış sahəsi isə 2 min kvadratmetrdən artıq olan 22-25 fərdi ev tikilib.

Rayonun müasir üslubda inşa edilmiş, hər cür şəraitə malik olan yeni musiqi məktəbində işlər artıq tamamlanıb. Məktəb sentyabrda istifadəyə veriləcək. Pəncərələrindən tar, kaman səslərinin ətrafa yayılaraq ovqat təzələyəcəyi günə az qalır.

Aqrar rayon olan Yardımlıda çeşidli kənd təsərrüfatı məhsullarının əkini ilbəil artır. Camaatın mal-qarası çoxalır. Məsələn, ötənilkinə nisbətən bu il 500 başadək qaramal və bir o qədər də davar artımı qeydə alınıb. Ət, süd, yağ, yumurta istehsalı ehtiyacı tam təmin eləyir.

Dağ adamları zəhmətkeş olur, bekar qalmağı sevmirlər. İndi Yardımlıda dövlət başçısının üzümçülüyü inkişaf etdirmək barədə tapşırığına əsasən ilkin mərhələdə 100 hektar sahədə üzüm əkilməsinə hazırlıq gedir. Uğurlu olsun, üzümçülük gəlirli sahədir. Digər əkin növlərinə gəlincə isə, strukturda dənli və dənli-paxlalı bitkilər, kartof-soğan, tərəvəz daha çoxdur. Əksəriyyəti də dəmyə şəraitində becərilib yetişdirilir. Əgər suvarma sistemləri olsa, yetərincə üzvi və mineral gübrələrdən istifadə edilsə, aqrar sahənin inkişafı daha da sürətlənər.

Rayon üzrə orta aylıq əməkhaqqı 211 manatdır. Bu, bəzi qonşu rayonlardakından yüksək rəqəmdir. Bütün pensiya və müavinətlərin vaxtında və tam ödənilməsi razılıq yaradır. Rayonda məşğul əhalinin sayı 37 min nəfərdir - ümumi əlalinin 65 faizi qədər! Yaxşı göstəricidir.

Bir neçə il öncə Prezident İlham Əliyevin tapşırığı ilə Masallı-Yardımlı magistral yolu başdan-başa yenidən qurularaq istifadəyə verilib. Hazırda Cəlilabad rayonundan Yardımlının kəndlərinə doğru yeni yol çəkilir. Yardımlıda isə dövlət başçısının tapşırığı əsasında 23 kəndin istifadə etdiyi Yardımlı-Arvana yolunun əsaslı tikintisi ilə əlaqədar Nazirlər Kabinetinin qarşısında məsələ qaldırılıb. Bu yolun tikintisi rayonun yuxarı dağlıq ərazisində yerləşən kəndlərin əhalisinə böyük hədiyyə olacaq. Eyni zamanda, digər kənd yollarının da təmiri və tikintisi nəzərdə tutulub. Yollar düzəlsə, turizm də sürətlə inkişaf edər...

Mən bu qeydlərimi necə tamamlamaq barədə düşünərkən yadıma icra hakimiyyətinin başçısı Xəzər Aslanovun rüblük hesabat məruzəsindən seçib-ayırdığım və dəftərçəmə yazdığım bir abzas düşdü. Yazı üçün münasib və yaxşı sonluq kimi onu oxucuların da diqqətinə çatdırıram: "Son illər rayonda gedən iqtisadi yüksəliş, o cümlədən yeni iş yerlərinin açılması, infrastrukturda müsbət dəyişikliklər, rayon mərkəzinin və yaxın kəndlərin mavi yanacaqla təmin edilməsi, elektrik enerjisi verilişində irəliləyiş vaxtilə rayondan köçüb getmiş əhalinin geri qayıtmasında mühüm amil kimi böyük rol oynamaqdadır".

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 19 iyun.- S. 6.