Heydər Əliyev zəkası parçalanmaq ərəfəsində olan Azərbaycanı müstəqil və qüdrətli dövlətə çevirdi

 

O dövlət başçıları, o sərkərdələr tarixdə əbədiləşir, adları, əməlləri, tarixi xidmətləri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçir ki, onlar həyatları boyu xalqa arxalanır, Vətənə xidmət edir, bütün zəka və qüvvələrini xalq, Vətən yolunda sərf edirlər.

Dünyada adlarını əbədi olaraq öz xalqının, Vətəninin tarixinə qızıl hərflərlə yazmış dövlət başçılarından söz düşəndə ilk sıralarda görkəmli dövlət xadimi, böyük azərbaycanlı Heydər Əliyevin də adı çəkilir, zaman keçdikcə, Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü bizə daha aydın görünür.

Heydər Əliyev 35 il Azərbaycan dövlətinin sükanı arxasında dayanaraq, Azərbaycan dövlətini, respublikasını bir çox təlatümlərdən, şahə qalxan dalğalardan məharətlə keçirmiş və uğurla gələcəyə apara bilmişdir.

Heydər Əliyev harada işləməsindən asılı olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsil azərbaycanlı kimi göstərmişdir. Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə o, respublikanı yerdən göylərə qaldırdı. Az bir müddət ərzində onun səyi, bacarığı, fenomen işgüzarlığı nəticəsində Azərbaycan inkişaf etmiş kənd təsərrüfatı və sənaye respublikasına çevrildi. Belə nəhəng işləri görmək üçün ən əvvəl Sovetlər birliyində yaranmış "Qafqaz obrazı" zəncirini, tilsimini qırmaq lazım idi. Bunu yalnız Heydər Əliyev kimi bir şəxsiyyət edə bilərdi. Məhz onun səyi nəticəsində yalnız SSRİ-də deyil, bütün dünyada Azərbaycan deyilən bir məmləkət və bu məmləkətdə yaşayan Azərbaycan xalqı tanındı və sevildi.

...Heydər Əliyevin nadir vətənpərvər, xalqsevər olduğu ötən əsrin 90-cı illərində özünü daha bariz şəkildə göstərdi. Məkirli, naqis ermənilərin vətənimizə təcavüzünə və M.Qorbaçov başda olmaqla Moskvanın dəstəyinə ilk etiraz səsini də Heydər Əliyev ucaltdı. Azərbaycan öz müstəqilliyini elan etdi.

Gənc Azərbaycan Respublikası olduqca mürəkkəb bir şəraitdə fəaliyyət göstərməli oldu. Hakimiyyət uğrunda mübarizə ölkəni çox ağır vəziyyətə düçar etdi. Xocalı faciəsi respublikada siyasi gərginliyi daha da artırdı. 1992-ci il martın 6-da A.Mütəllibov istefa verməyə məcbur oldu. Doğrudur, mayın 14-də öz tərəfdarlarının köməyi ilə hakimiyyəti yenidən ələ almaq istəyən A.Mütəllibovun cəhdi baş tutmadı. Hakimiyyətə AXC-Müsavat bloku gəldi. Belə ki, 1992-ci il iyunun 7-də Azərbaycan Respublikası prezidentliyinə seçkilər keçirildi. AXC-nin sədri Əbülfəz Elçibəy (Əliyev) saxta yolla keçirilmiş seçkilərdə qalib gəldi. Hakimiyyətə təcrübəsi olmayan iddialı adamların gəlməsi, əslində böyük məğlubiyyətin və iflasın başlanğıcı idi.

İnqilablar dahilər tərəfindən irəli sürülür, fanatiklər tərəfindən həyata keçirilir, hakimiyyətə isə çox vaxt küçədən tör-töküntülər gəlir...

AXC-nin bir illik hakimiyyəti buna ən gözəl nümunə idi. O dövrü yaşayanlar yaxşı xatırlayırlar ki, birillik AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan möhkəmlənmək əvəzinə, daha da zəiflədi, icraedici strukturlar dağıdıldı, yeniləri isə yaradılmadı. Nəzarətin olmaması və qanunların saya salınmaması nəticəsində ölkəni özbaşınalıq, xaos bürüdü.

AXC ilə Müsavat üzvləri arasında münasibətlər 1992-ci ilin payızından soyumağa başladı. Ə.Elçibəyin "qətiyyətsizliyindən və acizliyindən" narazılıq artırdı. Ölkədə, necə deyərlər, hər yerindən qalxan bir partiya yaradırdı. 1993-cü ilin ortalarında Azərbaycanda 30-a qədər siyasi partiya, qurum və hərəkat fəaliyyət göstərirdi. Bu partiyalar arasında birlik və konstruktiv münasibət yox idi.

O vaxt Heydər Əliyev Naxçıvanda idi. Naxçıvan MR öz statusunu hər cür təzyiq və təhdidlərə baxmayaraq, Heydər Əliyevin rəhbərliyi altında qoruyub saxladı. Blokada şəraitində yaşayan Naxçıvan məhz onun sayəsində aclıqdan, soyuqdan, elektrik enerjisi və qaz verilməməsi üzündən düçar olduğu məhrumiyyətlərdən çıxa bildi. Bu işdə ona İran və Türkiyə dövləti təmənnasız kömək etdilər. Bütün bunlar əlbəttə ki, Heydər Əliyev şəxsiyyətinə bəslənilən hörmətin sayəsində idi. Heydər Əliyevin gərgin əməyi, diplomatik fəaliyyəti sayəsində Naxçıvan MR-in nəqliyyat, enerji blokadası yarıldı, əhali sözün həqiqi mənasında kütləvi aclıqdan xilas oldu.

Heydər Əliyevin cəsarətli, müdrik siyasəti Naxçıvanı Azərbaycanın bütün rayonlarında diqqət mərkəzinə çəkmişdi. Xalqın ona olan inamı və ümidi getdikcə möhkəmlənirdi.

Əhali Heydər Əliyevin respublikada yenidən hakimiyyətə qayıtması tələbi ilə izdihamlı mitinqlər keçirirdi. Bakıda, Naxçıvanda, Şəkidə, Füzulidə, Masallıda və digər yerlərdə keçirilən mitinqlərdə Konstitusiyanın 121-ci maddəsinin prezident seçilmək üçün yaş senzi müəyyənləşdirən bəndini ləğv etmək tələb olunurdu.

Xalqın bu tələbi AXC-Müsavat iqtidarını təşvişə salırdı. Onlar Heydər Əliyevi separatçılıqda günahlandırır, Naxçıvan xalq cəbhəsi dəstələrinə göstəriş verirdilər ki, muxtar respublikada hakimiyyəti ələ alsınlar. Lakin xalq onları müdafiə etmədi, 50 mindən artıq adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxartdı.

Hakimiyyət davası AXC-ni daxildən parçalayırdı. "Vəzifəyə gələnlər" və "kənarda qalanlar" arasında dərin didişmə başlandı. Ə.Elçibəy özü etiraf edirdi ki, "Xalq cəbhəsində bəzən bir-birimizə qarşı elə diş-dişə, dırnaq-dırnağa dururuq ki, nəinki ətrafdakı rəqiblər, hətta, ermənilər də yaddan çıxırlar". Azərbaycanın nüfuzlu ziyalıları hakimiyyətə buraxılmırdılar. Çox vaxt onlar təhqir hədəfinə çevrilirdilər.

1993-cü il mayın 25-də keçirilən müşavirədə Prezident Elçibəy bildirdi ki, "Ölkəni korrupsiya bürüyüb. Respublikada rüşvət baş alıb gedir... Bundan bezmiş insanlar kommunistlərə rəhmət oxuyur. Azərbaycan benzini Ermənistana satılır. Xalq bir gün məmurlardan qisas alacaq". Bu, dövlət başçısının açıq və acınacaqlı etirafı idi.

İqtidar güc orqanlarına nəzarəti, demək olar ki, tam itirmişdi. Hakimiyyətdə yüksək mövqe tutmuş Rəhim Qazıyev, Surət Hüseynov, İskəndər Həmidov və başqaları Prezident Ə.Elçibəyi saya salmırdılar. Böyük dövlətlərə qulbeçəlik edənlər haqqında Elçibəy sonralar etiraf edirdi ki, "Rəhim Qazıyev, Surət Hüseynov və Əlikram Hümbətovun xarici dövlətlərə işlədiyini bilirdik, sadəcə olaraq, onlarla bacarmırdıq".

İqtidarın səbatsız siyasəti nəticəsində erməni daşnakları Azərbaycanın təkcə Qarabağını yox, ətraf rayonları da işğal edir, minlərlə azərbaycanlı öldürülür, əsir götürülürdü. Hərbi hissələr bir mərkəzdən idarə olunmadığından başıpozuq hərəkət edir, vuruşmaq əvəzinə geri çəkilirdilər.

O vaxt Azərbaycanın başının üstünü daha böyük fəlakət almışdı. Azərbaycana gələn müxtəlif missioner nümayəndələri ölkədə separatçılıq meyllərini yaymağa başladılar.Hətta mətbuatda Azərbaycanı xanlıqlar kimi görmək istəyənlər də tapıldı.

1990-1993-cü illər xalqın yaxşı yadındadır. Müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara buludlar almışdı. Fərasətsiz rəhbərlər sayəsində Azərbaycan parçalanmaq həddinə çatmışdı. Yaxşı ki, o vaxt Heydər Əliyev Azərbaycanda idi. Yaxşı ki, xalqın güman yeri olan Heydər Əliyev var idi.

Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə Qurtuluş hərəkatı başlandı. Ölkənin hər yerində insanlar Heydər Əliyevin hakimiyyətə qayıtmasını səbirsizliklə gözləyirdi. "Heydər-Xalq, Xalq-Heydər" şüarı əhalinin bütün yığıncaqlarında, toplantılarda qaldırılırdı. Orduda da bu şüar günün şüarı idi, tankların üstünə də asılırdı bu şüarlar...

Belə şəraitdə iqtidar ölkədə təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Şəxsən Prezident Elçibəy dəfələrlə Heydər Əliyevə təkidlə dəvətlər etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Naxçıvandan Bakıya gəldi.

İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyası Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Bu gün Azərbaycan tarixinə "Qurtuluş Günü" kimi daxil oldu. Sonralar - 1997-ci ilin iyununda Milli Məclis bu günü "Milli Qurtuluş Günü" kimi bayram elan etdi.

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Prezident Ə.Elçibəy heç kimə xəbərdarlıq etmədən, gizlicə Bakını tərk edib, doğulduğu Kələki kəndinə getdi. O, ölkəni oradan idarə edəcəyini bəyan etdi. Milli Məclis dönə-dönə Prezidentin geri dönməsini tələb etsə də o, bundan imtina etdi.

Ölkəni başsız qoymaq olmazdı. Bunu nəzərə alaraq iyunun 24-də Milli Məclis respublika prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. O dövrü yaşayanlar yaxşı bilirlər ki, Heydər Əliyev çox çətin və ağır bir şəraitdə hakimiyyətə qayıtmışdı. Ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Üstəlik, böyük dövlətlərin və hətta ermənilərin təbliğatına uyan bəzi separatçı qüvvələr baş qaldırdılar. Azərbaycanı müstəqil, suveren görmək istəməyənlər ölkədə ara qarışdırmaq üçün geniş və hərtərəfli fəaliyyət planları cızırdılar.

Cənubda baş verən separatçılıq süni surətdə yaradılmışdı. Əlikram Hümbətov maraqlı dövlətlərin, əlində oyuncağa çevrilmiş bir adam idi.

Adi bir avtomobil mühəndisi olan Ə.Hümbətov o vaxtkı iqtidarın və Surət Hüseynovun köməkliyi ilə az bir vaxtda polkovnik rütbəsinə çatmışdı.

1993-cü ilin yayında xeyli silahlı qüvvəni Lənkəran ərazisində yerləşdirən Ə.Hümbətov ona qarşı çıxanları amansızlıqla cəzalandırırdı. Əlində olan döyüş maşınlarını kəndlərə sürdürürdü ki, əhalidə bir xof yaransın. Bölgədə özünü hakimi-mütləq sayırdı. Nə qədər prokuror, milis rəisi, idarə müdirlərini həbs etdirmişdi. İmkanlı adamlardan zorla pul və qiymətli metal əşyaları yığılırdı. Çiynində də həmişə avtomat gəzdirirdi. Dünənki adi mühəndis ətrafına topladığı quldur dəstəsi ilə bölgədə tufan qoparırdı.

Mən özüm əslən cənub bölgəsindən olduğumdan oralarda baş verənlərdən xəbərdar idim. Əhali çaşbaş qalmışdı. Kiçik bir ərazidə respublika yaratmaq, doğrusu çox gülməliydi...

Məni tanıyanlar xatırlayırlar ki, o vaxt mən bir ziyalı kimi bu hadisəyə öz münasibətimi bildirmişəm. O bölgədən olan bir çox ziyalı kimi həmin günlər Heydər Əliyev siyasətini müdafiə edərək, vətənin parçalanmasına qarşı bütün varlığımla mübarizə aparırdım. Mənim 1993-cü ilin yayında Lənkəranda Ə.Hümbətovun at oynatdığı bir dövrdə respublika qəzetlərində "Biz daha sıx birləşmiəliyik", "Vətən bölünməzdir", "İndi hansı tərəfə əyilməliyik" başlıqlı məqalələrim, televiziya çıxışlarım geniş əks-səda doğurmuşdu. Camaata ziyalı sözü o vaxt çox lazım idi...

Əslən Yardımlıdan olan mərhum dilçi alim Kamil Əliyev, Masallı torpağının yetirməsi olan ədəbiyyatşünas alim, yazıçı, tərcüməçi Zeydulla Ağayev və digər ziyalılar birlikdə idik.

Yadımdadır, televiziyadakı çıxışımızdan sonra Masallıya getmişdim. Heç tanımadığım insanlar mənə yaxınlaşır, təşəkkür edir, bəzən isə məni qucaqlayırdılar. Hamı da eyni fikri deyirdi: "Bizə belə söhbətlər lazımdır. Ziyalıların fikri bizə lazımdır..."

Mən yazılarımda və televiziya çıxışımda qeyd edirdim ki, Lənkəranda, Masallıda, Biləsuvarda yollarda saxlanılan döyüş maşınları, avtomat və texnikalar burda dayanmamalıdır. Onlar Qarabağ cəbhələrinə göndərilməlidir...

Ə.Hümbətov kimilər bölgədə etnik qarşıdurma yaratmağa çalışırdılar. Yaxşı ki, o vaxt ziyalılar buna yol vermədilər. Bu işdə möhtərəm şeyximiz Allahşükür Paşazadənin müsbət fəaliyyəti də razılıqla qeyd olunmalıdır...

Hər bir dövlətdə milli məsələyə həmişə həssaslıqla yanaşılmalıdır. Bu çox böyük məsələdir. Dövlət başçısı bu həqiqəti heç vaxt unutmamalıdır. Rəhbərin ağzından çıxan yersiz bir söz, bir ifadə ölkə üçün fəlakət ola bilər...

Hadisələrin qızğın çağında mən çox çətinliklə Masallıya getdim. Köhnə dostum, yaxşı ziyalı olan Novruz müəllimi axtardım. O vaxt Novruz Novruzov Masallı rayon sovetinin sədri idi. Ə.Hümbətov ona ultimatumlar göndərirdi ki, rayon deputatlarını yığ və Azərbaycandan ayrılmaq barədə qərar çıxardın. Novruz müəllim cəsarətlə bildirmişdi ki, mən o qərara qol çəkə bilmərəm. Mənim bir Vətənim var, o da Azərbaycandır...

Mənə dedilər ki, Novruz müəllim xəstəxanadadır. Mən Borudigaha gəlib xəstəxanada Novruz müəllimi tapdım. Ona ürək-dirək verdim, darıxma, dedim, tezliklə hər şey yoluna qoyulacaq. Heydər Əliyev xalqı, vətəni qoruyacaq. Cavabında Novruz müəllim məni arxayın edərək, bildirdi ki, tikə-tikə doğrasalar da Ə.Hümbətovun tələbini yerinə yetirməyəcəyəm.

Həmin günün səhəri Masallının mərkəzində çox izdihamlı mitinq təşkil etdik. Yerli camaatı Heydər Əliyev ətrafında birləşməyə çağırdıq. Çoxminli mitinq iştirakçılarının hamısı bir nəfər kimi "Heydər Əliyev harda, masallılar da orda olacaqdır"- dedilər...

Bizim o vaxtkı fəaliyyətimizi prezidentin milli məsələlər üzrə müşaviri, hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan, tanınmış ziyalı, ictimai-siyasi xadim Hidayət Orucov da yaxşı xatırlayır.

1993-cü il avqustun 7-də Azərbaycanın cənub bölgəsində oyuncaq "Talış-Muğan Respublikası" (TMR) elan olundu. Bir qrup adamın elan etdiyi "dövlətin" ömrü cəmi 16 gün oldu. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, bu hadisələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı olduğunu ifşa etdi. Avqustun 23-də separatçılar xalqın və dövlətin gücü ilə məğlub edildi. Ə.Hümbətov qaçdı. "TMR" ləğv olundu.

Böyük siyasət dahisi olan Heydər Əliyevin fenomen fəaliyyəti sayəsində S.Hüseynov və onun əlaltıları zərərsizləşdirildi. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimadla bağlı referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.

Beləliklə, Azərbaycanın müstəqilliyinin memarı, beşiyi başında duran Böyük Heydər Əliyev oldu. Azərbaycanı böyük bəladan, dəhşətli fəlakətlərdən Heydər Əliyev fenomeni qoruyub saxladı. Böyük həqiqətdir ki, əgər Heydər Əliyev olmasaydı, Azərbaycanı heç bir qüvvə parçalanmaqdan qurtara bilməzdi. Heydər Əliyevin qətiyyəti, iradəsi və xalqa arxalanması, xalqın öz müdrik liderinə güvənməsi, geniş xalq məhəbbəti bir vəhdət təşkil etdiyindən Azərbaycan öz bütövlüyünü qoruyub saxlaya bildi.

Ulu öndər 1993-cü ildən başlayaraq ömrünün son anına kimi xalqımız, vətənimiz üçün çox işlər gördü. Ölkədə sabitlik yarandı. Respublikamız demokratiya yolu ilə, hüquqi dövlət quruculuğu kursu ilə irəlilədi, xalq birliyi yarandı. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırdı. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin ən böyük əsəridir.

1993-cü ildən başlayaraq böyük dövlət xadimi ümummilli lider Heydər Əliyev Azərbaycanın daxili və xarici siyasət konsepsiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında ARDNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və Yaponiyanın iri neft şirkətləri arasında 30 illik saziş imzalandı. Bu sənəd dünyada "Əsrin müqaviləsi" adı ilə məşhurlaşdı.

Heydər Əliyevin mətin iradəsi, dönməz səyi nəticəsində 1994-cü ilin oktyabırnda və 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı.

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyanın banisi də məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Onun gördüyü işlərdən, tarixdə qalacaq əməllərindən günlərlə danışmaq olar. Heydər Əliyevin bir insan ömründə gördüklərini qeyrisi heç on insan ömründə də görə bilməzdi. Bu gün Azərbaycan Respublikası dünyanın ən sivil dövlətləri sırasında irəliləyirsə, bu da Böyük Heydər Əliyevin iqtisadi və siyasi kursunun inamla həyata keçirilməsinin məntiqi yekunudur.

 

 

Musa QULUZADƏ,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

şöbə müdiri, tarix elmləri doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Xalq qəzeti.- 2011.- 19 iyun.- S. 3.