Azərbaycanın
müstəqilliyini əbədiləşdirən
qayıdış
1993-cü ilin 15 iyunu Azərbaycanın tarixinə
əbədi həkk olunub. Ulu öndərin ikinci dəfə
siyasi hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyini
möhkəmləndirən və əbədiləşdirən
qayıdış oldu.
SSRİ-nin
süqutundan sonra müstəqillik qazanan Azərbaycan o vaxt
sanki dəryada üzən kapitansız gəmiyə bənzəyirdi.
Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi,
idarəetmədəki naşılığı Azərbaycanı
kiçik xanlıqlara parçalamaq zərurəti ilə
qarşılaşdırmışdı. Özbaşınalıq,
xaos, anarxiya baş alıb gedirdi. Ayrı-ayrı şəxslərə
məxsus qeyri-qanuni silahlı birləşmələr sərhədlərimizi
qorumaq əvəzinə, soyğunçuluq,
talançılıqla məşğul olurdu. Bir-birini əvəz
edən hakimiyyət rəhbərlərinin cəsarətsizliyi
yenicə qazanılmış müstəqilliyi uçuruma
daha da yaxınlaşdırırdı. Ayaz Mütəllibovdan
sonra hakimiyyəti ələ keçirən AXC-Müsavat
cütlüyünün səriştəsizliyi ölkədə
gərginliyi daha da artırdı. Vəziyyət getdikcə
ağırlaşırdı. AXC-Müsavat hakimiyyətinin
nümayəndələri arasında yaranmış fikir
ayrılığı, prezidentlik iddiası ölkəni vətəndaş
müharibəsi həddinə çatdırmışdı. Belə
bir məqamda xalqı arxasınca aparmağa qadir olan,
camaatın inandığı uzaqgörən, dövlət
idarəçiliyində təcrübəsi olan bir liderə
böyük ehtiyac yaranmışdı. Xalq bu lider qismində
Heydər Əliyevdən başqa kimsəni
görmürdü. Həmin vaxt ulu öndər
Naxçıvanda idi, muxtar respublikanın Ali Məclisinin sədri
işləyirdi. O vaxt Naxçıvan blokada şəraitində
idi. Bir tərəfdən ermənilər, o biri tərəfdən
isə Azərbaycana rəhbərlik edənlər ulu öndəri
çətin vəziyyətə salmaq, sındırmaq
üçün Naxçıvanla Bakının əlaqələrini
tam kəsmişdilər. Lakin Heydər Əliyevin
müdrikliyi, idarəetmə bacarığı bədxahların
xəbis niyyətlərini ürəyində qoydu. Bir tərəfdən
İran, digər tərəfdən Türkiyə
Naxçıvana təmənnasız yardım göstərdilər.
Yaxşı
yadımdadır, 1992-ci ilin qışında
Naxçıvanda vəziyyət çox ağır idi. Həm
enerji, həm də ərzaq qıtlığı insanları
çox narahat edirdi. O zaman yerli sakinlərə ağacları
kəsib evləri qızdırmağa icazə verdilər. Ulu
öndər dedi ki, düzdür, ağacları kəsmək
mənim üçün çox ağırdır. Ağacların
yerinə yenilərini əkib onları əvvəlki vəziyyətinə
çatdırmaq olar. Ancaq insanları geri qaytarmaq
mümkün deyil. O, özü isə kerosindən istifadə
edərək otağı qızdırır,
yarımqaranlıq otaqda yeni yaradacağı partiya
üçün proqram və nizamnamə
hazırlayırdı. Xalqın çoxsaylı müraciətlərindən
sonra ulu öndər yeni partiya yaratmağa və bu partiyaya rəhbərlik
etməyə razılıq vermişdi. Ulu öndər bu barədə
ona müraciət edən ziyalılara göndərdiyi 24
oktyabr 1992-ci il tarixli cavab məktubunda yazırdı:
"...Güman edirəm ki, müstəqil Azərbaycan
dövlətinin gələcək həyatının və fəaliyyətinin
əsasını təşkil edən demokratiya və siyasi
plüralizm şəraitində sizin müraciətinizdə
göstərilən Yeni Azərbaycan siyasi partiyasının
yaradılması obyektiv zəruriyyətdən doğur. Belə
partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və inkişafında
tarixi rol oynaya bilər.
Əgər
belə bir partiya yaradılarsa, onun fəaliyyətində fəal
iştirak etməyə hazıram".
1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən çox nümayəndəsi iştirak etdi. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul etdi. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Təsis konfransında Yeni Azərbaycan Partiyası bəyanat qəbul etdi. Ölkənin gələcək inkişaf yollarını özündə ehtiva edən proqram xarakterli bəyanatda Azərbaycandakı hazırkı vəziyyət barədə məlumat verilirdi. Qeyd edilirdi ki, respublikada vəziyyət olduqca ağırdır. Azərbaycan ağır siyasi, iqtisadi, sosial və mədəni böhran keçirir. Lakin bu böhran nə qədər dərin olsa da, başlıca şərt respublikanın bütün həyat sahələrində sabitlik yaratmaq və bu vəziyyətdən çıxmaq üçün təsirli tədbirlər görməkdən ibarətdir.
Bəyanatda bildirilirdi ki, müstəqil Azərbaycanın gələcəyi qanunun, humanizmin və praqmatizmin təntənəsindən asılıdır. Əsl demokratik islahatlar dövlət hakimiyyətinin üç güclü müstəqil bölgüsünə əsaslanmalıdır. Svilizasiyalı dövlətin həyat fəaliyyətinin bu əsas prinsipi tətbiq edilmədən peşəkarlığın üstünlüyünə, klanlığın, qrupbazlığın, korrupsiyanın ləğvinə ümid bəsləmək olmaz. Yaxşı hökumət o deyil ki, insanları xoşbəxt etmək istəyir, yaxşı o hökumətdir ki, buna hansı yollarlasa nail olmağı bacarır.
Buna qədər isə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın üçrəngli milli bayrağı ilk dəfə 1991-ci il noyabrın 17-də Naxçıvanda Ali Məclisin sessiyasında qaldırılmış və Azərbaycan rəhbərliyinə də tövsiyə edilmişdi ki, müstəqil Azərbaycanın bayrağı dövlət bayrağı kimi qəbul edilsin.
Artıq Azərbaycanın bütün regionlarından müdrik şəxsiyyət Heydər Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyənlərin ardı-arası kəsilmirdi. Azərbaycana rəhbərlik edən AXC-Müsavat cütlüyü rəhbərlərinin bir-birinə qarşı çıxmaları vəziyyəti daha da ağırlaşdırırdı. 1993-cü ilin iyun ayında Gəncədə baş vermiq silahlı toqquşma vətəndaş müharibəsinin yetişməsindən xəbər verirdi. AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə qaldırdığı Surət Hüseynov tabeliyində olan - o həm də korpus komandiri idi - silahlı birləşmələri ermənilərə qarşı yox, öz cəbhədaşlarına, həmfikirlərinə tərəf yönəltmişdi. Gəncəyə gedən iqtidar nümayəndələri, vəzifəli şəxslər bir-birinin ardınca Surət Hüseynovun silahlı dəstələri tərəfindən əsir götürülürdü. Hətta özbaşınalıq, qanunsuzluq o səviyyəyə çatmışdı ki, surətçilər tərəfindən Gəncədə "əsir götürülmüş" baş prokuror İxtiyar Şirinov ölkə Prezidenti Əbülfəz Əliyevin həbs olunması üçün sanksiya da vermişdi. Artıq Surət Hüseynovun silahlı birləşmələri Bakıya hücuma keçmişdilər. Rayonları bir-birinin ardınca "işğal" edən Surət Hüseynovun silahlı dəstəsinin yaxınlaşdığını görən iqtidar nümayəndələri öz canlarını qurtarmaq üçün əl-ayağa düşdülər. Onlar yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevə müraciətdə gördülər. Buna qədər isə ümummilli liderə ardı-arası kəsilməyən müraciətlər olunur, Azərbaycanı parçalanmaqdan, xalqı isə düçar olduğu ağır bəladan qurtarmaq üçün ölkəyə rəhbərliyə dəvət edirdilər. Ölkədə yaranmış hakimiyyətsizlikdən, anarxiyadan, özbaşınalıqdan istifadə edən düşmənlərimiz isə torpaqlarımızı asanlıqla işğal edir, dinc əhalini əsir götürürdülər. Vəziyyətin son dərəcə ağır olduğunu, müstəqilliyimizin məhvə lap yaxınlaşdığını, əhalinin qorxu və təlaş içərisində yaşadığını görən ulu öndər xilaskar kimi Bakıya yollandı. Təbii ki, belə vəziyyətlərdə ümummilli lider heç vaxt öz xalqını darda qoymazdı. İlk növbədə, Vətəninə, millətinə, xalqına olan sonsuz məhəbbəti buna yol verməzdi.
...1993-cü ilin 15 iyunu hər bir azərbaycanlının yaddaşına əbədi həkk olub. Həmin gün ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi rəsmən təsdiqləndi. Bununla da Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Həmin gündən başlayaraq Azərbaycan tədricən demokratik inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə əlaqələrini genişləndirdi. Bu gün Azərbaycanın adının dünyanın inkişaf etmiş dövlətlərinin adları ilə bir cərgədə çəkilməsinə və xalqımızın firavan yaşamasına görə yalnız ümummilli lider Heydər Əliyevə borcluyuq. Ulu öndərin xalqımız qarşısında xidmətlərini sadalamaqla qurtaran deyil. Bunlardan biri də, deyərdim ki, ən önəmlisi özündən sonra ləyaqətli varis yetirməsidir. Fəxr edirik ki, ulu öndərin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin siyasi xəttini özünəməxsus müdrikliklə davam etdirir. Ulu öndərin 2003-cü il oktyabrın 2-də xalqa müraciətində səsləndirdiyi fikirlər bu gün hər birimizin xatirindədir. O demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Əli ƏLİYEV,
Nizami Rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin
direktoru, YAP Yasamal rayon
təşkilatı idarə heyətinin
üzvü
Xalq qəzeti.- 2011.-19 iyun.- S. 4.