Ölkədə turizmin inkişafına diqqət daha da artırılmalıdır

 

2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması bu sahədə əsaslı tədbirlərin reallaşacağını zəruri şərt kimi qarşıya qoyur.

İndi dünyanın bir çox ölkəsi turizmdən əhəmiyyətli gəlir götürə bilir. Elə qonşu Türkiyənin təcrübəsi bunu bir daha təsdiq edir. Son illər Azərbaycanda da bu istiqamətdə mühüm layihələr reallaşdırılır. Turizmin inkişafı ilə bağlı respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq olunmuş dövlət proqramları bu sektorun inkişafında əhəmiyyətli rol oynayıb. Xüsusilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu sahənin gələcək tərəqqisinə geniş imkanlar açır.

Bu gün Azərbaycanda yeni hotellər inşa edilir, Qış Turizm Kompleksi, istirahət guşələri tikilir, yollar çəkilir, Azərbaycanın turizm imkanları xarici ölkələrdə təbliğ olunur, kadr hazırlığına diqqət artırılır və s. Amma hələ ölkədə turizm sahəsinin inkişafına kifayət qədər nail ola bilməmişik. Görüləsi işlər çoxdur, problemlər hələ də yetərincə həll edilməmişdir.

Doğrudur, Azərbaycanda yaradılan turizm obyektləri kifayət qədər turistin qəbul edilməsi üçün öz xidmətlərini təklif edirlər. Ancaq həmin obyektlərə turist axını kifayət qədər deyil. Onlardan biri də "Atlant" ailəvi istirahət və əyləncə mərkəzidir ki, bu mərkəz sutkada 800 nəfər turisti qəbul etmək imkanına malikdir. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən bu istirahət mərkəzi müasir tələblərə cavab verən, yüksək səviyyəli turizm obyektidir.

Artıq yay turizm mövsümü başlanmışdır. İnsanların əksəriyyəti ilin yorğunluğundan azad olub dincəlmək, xoş, əyləncəli anlar yaşamaq üçün bu mərkəzə üz tutur.

Mərkəzin rəhbəri Tahir Ərzimanoğlu ilə söhbətimiz də bu mərkəzin yeni mövsümə hazırlığı ilə bağlı oldu.

Tahir müəllim bildirdi ki, "Atlant" istirahət və əyləncə mərkəzi 2000-ci ildə inşa edilib. Hazırda mərkəz sutkada 800 nəfər turisti qəbul etmək imkanındadır. Turistlərə yüksək səviyyəli xidmət etməyə çalışırıq. Bu baxımdan mərkəzimiz, mən deyərdim ki, Türkiyənin Antalya bölgəsindəki turizm obyektləri ilə müqayisə olunan səviyyədədir. Ancaq əgər həmin istirahət obyektlərinə ilboyu turistlər axışırsa, bizdə mövsüm cəmi 2-3 ay çəkir. Bunun da obyektiv səbəbləri var. Birinci səbəb odur ki, bizdə turizm mövsümü çox qısadır, təxminən iki ay təşkil edir. Hazırda iyun ayıdır, istirahət mərkəzi kifayət qədər turistin qəbulu üçün hazırdır, amma hələlik turist qıtlığı davam edir.

- Tahir müəllim, hazırda yeni mövsümün başlanmasına start verilmişdir. Ancaq turistlər qiymətlərin baha olmasından indi də tez-tez şikayətlənirlər. Mədəniyyət və Turizm Nazirliyi mətbuatda qiymətlərin aşağı salınacağı barədə məlumatlar yayır. Sizcə, turistlərin azlığına səbəb yalnız bu problemdir?

- Mən turizmlə bağlı keçirilən bir çox tədbirdə bu mövzunun müzakirəsinin şahidi oluram. Amma bu müzakirələrdə əksər vaxt bölgələrdə yerləşən turizm mərkəzlərinin rəhbərləri iştirak etmir və onlar bu məsələ ilə bağlı məlumatlandırılmırlar. Cənab Prezident 2011-ci ili "Turizm ili" elan edib. Biz də bununla əlaqədar olaraq mayın 3-də Bakı şəhərindəki 54 dövlət təşkilatına müraciət göndərmişdik ki, mayın 5-dən 31-dək işçiləri bu mərkəzdə dincələ bilərlər. Bir nəfər üçün bir günə 28 manat müəyyənləşdirmişdik. Bu məbləğə əyləncələr və gündə 3 dəfə yemək daxil idi. İyunun 1-dən 15-dək isə bu məbləğ gündə üç dəfə yemək və əyləncə daxil olmaqla 35 manat təşkil etmişdir. İyunun 15-dən avqustun 28-dək hər turist üçün bir günlük qiymət 40 manat, avqustun 28-dən sonra isə həmin qiymət yenə 28 manat olacaq. Mənə belə gəlir ki, bu elə də böyük rəqəm deyil. Qayıdaq mövsümün davamiyyət müddətinə. Məsələn, Türkiyədə istirahət mərkəzləri ilin 8 ayını işləyir, bir ay əvvəlcədən ciddi hazırlıq gedir. Təbii ki, oradakı mərkəzlərin demək olar ki, ilboyu çalışan işçiləri çox peşəkardırlar, təcrübələri çoxdur. Bizdəki işçilər isə müvəqqəti işçilərdir, biz ilboyu burada işçi saxlaya bilmirik. Bu bir yana qalsın. İlboyu işləməsək də, obyektin xidmətində durmalıyıq. Bu da öz növbəsində xeyli məsrəf tələb edir. Həmin məsrəf isə 2 ay ərzində əldə olunmalıdır. Gördüyünüz kimi, bu çox mürəkkəb bir prosesdir.

- Mövsümün davamiyyət müddətini artırmaq, daha çox turist cəlb etmək üçün hansı tədbirlərin reallaşmasını vacib hesab edirsiniz?

- Turizm mövsümünün qısamüddətli olmasının ən böyük səbəbi odur ki, biz hələlik bölgələrə xarici turist cəlb olunmasını lazımınca təşkil edə bilməmişik. Düzdür, Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində ölkəmizin iştirakını təmin edir. Ötən illərdə bir sıra ölkələrdə turizm sərgilərində bizim mərkəz üçün də yer ayrılıb, orada mərkəzimiz, turizm imkanlarımız barədə ziyarətçilərə məlumat vermişik. Amma hələlik bunun real nəticəsini görmürük. Çünki yol-nəqliyyat xərcləri çox yüksəkdir. Azərbaycana ən yaxın qonşumuz olan Rusiyadan turistlər 600-700 dollara 7 günlük paketlə təyyarə ilə gedib bir çox ölkələrdə dincələ bilir. Bizdə isə təkcə Moskvaya gedib-gəlmək 600 dollara başa gəlir. Belə olan halda xarici turistə 7 gün necə və hansı qiymətə təklif edəsən? Odur ki, ilk növbədə təyyarə biletlərinə heç olmasa 50 faiz endirim olmalıdır. Çarter təyyarə reyslərinə gəlincə, turizm şirkəti təyyarəni AZAL-dan icarəyə götürməlidir. Bizə xarici ölkələrdən turist mütləq lazımdır. Məsələn, soyuq ölkələr olan Rusiya, Almaniya və digərlərinin vətəndaşları 18-20 dərəcə hava temperaturunda dəniz və hovuzda çimirlər. Azərbaycan vətəndaşları isə hava ən azı 35 dərəcə, su isə 27-28 dərəcə olduğu zaman hovuz və dənizdə çimirlər. Bizdə bir çox ailələr gözləyirlər ki, uşaqları orta məktəbi bitirsin, attestat alsın, sənədləri universitetə versin, qəbulun nəticələri bilinəndən sonra ailə ilə birlikdə buraya gəlsin. Bu da avqust ayına çəkir. Göründüyü kimi, yerli və xarici turistlər arasında fərqlər var. Bölgələrdə yerləşən istirahət mərkəzlərinə turistlərin gəlişi üçün zəruri şərait yaradılsa, qalan problemlərin həlli çətin olmaz.

- "Atlant" istirahət mərkəzində bu turizm mövsümündə əvvəlki illərlə müqayisədə qiymətlərin aşağı olacağını gözləmək olarmı?

- Açığını deyim ki, qiymətlər yetərincə aşağıdır. Qeyd etdiyim kimi, qiymətin 28 manatdan aşağı olması mümkün deyil. Yenə deyirəm, bizi Türkiyədəki vəziyyətlə eyniləşdirmək o qədər də doğru olmaz. Türkiyədə turizm on illərdir inkişaf edir. Biz isə ötən il gündə 3 dəfə yemək, 26 növ əyləncə xidmətini 40 manata satırdıq. Keçən il üç ay ərzində 28 min turist qəbul etmişik. Bu il qiymətlər daha əlverişlidir. Ölkəmizdəki davamlı inkişaf turizmin gələcək tərəqqisi üçün əlverişli şərait yaradılmasına imkan verir. Dövlət başçımız cənab İlham Əliyevin qayğısı bu sahədə daha böyük layihələri reallaşdırmağa şərait yaradıb. Biz istəyirik ki, təkcə daxili turizmin inkişafı ilə kifayətlənməyək, ölkəmizə daha çox xarici turistləri cəlb edək. Yaxın gələcəkdə Azərbaycanın qabaqcıl turizm ölkəsinə çevriləcəyi isə şübhəsizdir. Buna Azərbaycanın özünəməxsus təbii şəraiti, tarixi-mədəni abidələri imkan verir.

 

 

Söhbəti yazdı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.-19 iyun.- S. 4.