Regionların
inkişafına qayğı dövlətin diqqət mərkəzindədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin
prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin
sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması,
sahibkarlığa hərtərəfli dəstək verilməsi,
əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində
ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş və ötən
illərdə olduğu kimi, 2011-ci ilin beş ayında əhəmiyyətli
nailiyyətlər əldə edilmişdir.
Ölkədə
makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının
artımı və səmərəli istifadəsi, milli
valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa
dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft
sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.Bütün
bunlar barədə dövlət başçımız
İlham Əliyev demişdir ki, son iki il ərzində Azərbaycan
iqtisadiyyatı 15 faiz artmışdır.Bu artım qəbul
edilmiş regionların sosial-iqtisadi inkişaf
proqramlarının icrası nəticəsində
mümkün olmuşdur.Əgər vaxtilə regionların
inkişafına böyük diqqət yetirilməsəydi,çox
güman ki,iqtisadiyyatımız bu gün birtərəfli
iqtisadiyyat kimi özünü göstərərdi...
Həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu ilin ötən beş ayında ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 17,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 65 faizi məhsul istehsalı sahələrində, 28,7 faizi xidmət sahələrində yaradılmış, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 1952,4 manat (2459,9 ABŞ dolları) təşkil etmişdir. Əlavə dəyərin 52.3 faizi neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 4,3 faiz azalmış, qeyri-neft sektorunda isə 6,6 faiz artmışdır. Beləliklə, bu statistik göstəricilər iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut edir.
Şübhəsiz ki, uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu danılmazdır.
Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik.Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün təxirəsalınmaz layihələr öz həllini tapır. Hər il onların həllinə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələrinin başa çatması nəzərdə tutulur. Buraya yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri daxildir. Son iki ildə ölkə iqtisadiyyatında 15 faiz artım müşahidə olunub. Buna sözsüz ki, regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan verib. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu davam edir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf edib. Bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda cəmləşib.
Sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Ölkə Prezidenti İlham Əliyev bu barədə belə demişdir: "Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər artıq verilməyə başlanmışdır. Bu kreditlər bütün bölgələri əhatə edir. Artıq bizdə bu sahədə təcrübə də çox müsbətdir. Bu il veriləcək kreditlər hesabına yeni müəssisələr, yeni iş yerləri yaradılacaq və ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə biz daha da böyük həcmdə nail olacağıq. Deyə bilərəm ki, uğurlar qeyri-neft sektorunun artımı, o cümlədən sahibkarlığa göstərilən diqqətin nəticəsində mümkün olmuşdur. Güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlara dəstək, regional inkişaf proqramının icrası və proqrama vaxtaşırı əlavələrin edilməsi məsələləri də əlbəttə ki, müsbət rol oynayır".
Bölgələrin inkişafına göstərilən diqqətin nəticəsidir ki, son illər regionlarda inşaat işləri daha da sürətlənib. Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 3,4 milyard manat məbləğində vəsait yönəldilmiş, 2 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür. Vəsait qoyuluşu 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,1 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 0,1 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 2,6 milyard manatını və ya 75,9 faizini daxili vəsaitlər təşkil etmiş və ötənilki səviyyədən 9,6 faiz, xarici investisiya 20,7 faiz yüksək olmuşdur.
Yanvar-may aylarında ümumi sahəsi 521,1 min kvadratmetr yaşayış evləri, 1516 şagird yerlik ümumtəhsil məktəbləri, 140 yerlik klub, Gəncədə fiziki qüsurlu uşaqlar üçün regional informasiya mərkəzi, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu və süd məhsulları kombinatı, şahmat məktəbi, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya idman kompleksi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar və Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlili-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 3475,5 milyon manat vəsaitin 964,4 milyon manatından istifadə olunmuşdur.
Sosial sahəyə yönəldilən tədbirlərin də miqyası genişləndirilib. Dövlət başçısı bunun əhəmiyyətini vurğulayaraq demişdir: "Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyuruq".
Bütün bunların nəticəsidir ki, son altı-yeddi ildə ölkədə 2 mindən çox məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya idman mərkəzi tikilib. Bölgələrdə yaradılan sosial infrastruktur, xüsusilə müasir tələblər səviyyəsində fəaliyyət göstərən səhiyyə müəssisələri mühüm əhəmiyyət kəsb edir.
Dövlət Proqramında sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Son illərdə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir. Bununla yanaşı, ölkə Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.
İndi ölkəmizdə həqiqi mənada "ucqar kənd", "ucqar bölgə" anlayışı yox olmaqdadır. Çünki ən uzaq dağ kəndlərinə də yollar çəkilir, əhali elektrik enerjisi ilə davamlı surətdə təmin olunur, qazlaşdırma getdikcə daha çox yaşayış məntəqəsini əhatə edir. Bununla yanaşı, paytaxta yaxın qəsəbələrin də problemləri nəzərdən yayınmır. Həmin qəsəbələrdə yaşayan 800 min nəfərdən artıq əhalinin rahat yaşayışının təmin olunması üçün ardıcıl tədbirlər görülür. Bütün bunlar regionların inkişafına yönəldilən dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirildiyinin əyani sübutudur.
Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində də ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, hər bir iqtisadi rayonun potensialı təhlil olunur, müqayisəli üstün sahələri müəyyənləşdirilir və dövlət dəstəyi tədbirləri məhz hər bir regionun spesifik xüsusiyyətləri, müasir texnologiyaların tətbiqi nəzərə alınmaqla həyata keçirilir.
Göründüyü kimi, regional Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunur və proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.
Azərbaycan Prezidentinin sistemli, düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti, ölkəni davamlı inkişaf etdirmək bacarığı, regionların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi, qarşıdakı illərdə də Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.-19 iyun.- S. 1.