Koroğlunun Çənlibelə
qayıdışı
15 iyun - Qurtuluş Günü respublikamızın teatr kollektivlərində yeni tamaşalarla qeyd olundu. Bu günlərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Adil Babayevin ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Koroğlunun Çənlibelə qayıdışı" əsərinin tamaşasını göstərdi. "O qızı hər gün görürsən", "Sarı gəlin" kimi televiziya tamaşalarından yaxşı tanınan Adil Babayevin bu əsəri Bakıda oynanılan ilk tamaşadır.
1882-ci
ildən fəaliyyət göstərən Naxçıvan
teatrı Dövlət başçımızın sərəncamı
ilə 2008-ci ildə özünün 125 illik yubileyini
böyük təntənə ilə qeyd etmişdi. Tarixi
mövzulara geniş yer verən teatr kollektivi öz
repertuarında müasir mövzulara da yer ayırıb. Belə
ki, N.Həsənzadənin "Atabəylər", N.Nərimanovun
"Nadir şah", H.Cavidin "Səyavuş",
"Topal Teymur", "İblis", C.Məmmədquluzadənin
"Dəli yığıncağı" və digər
tamaşalar Azərbaycanın əksər bölgələrində
nümayiş etdirilib. Naxçıvan teatrı musiqili teatr
olduğu üçün öz repertuarında musiqili komediya
və operettalara da geniş yer ayırdığını deyən
teatrın direktoru və baş rejissoru, respublikanın xalq
artisti Kamran Quliyev Üzeyir Hacıbəylinin "O olmasın,
bu olsun", "Arşın mal alan", "Ər və
arvad" komediyalarının qardaş Türkiyədə, N.Nərimanovun
"Nadir Şah" tarixi dramının İran İslam
Respublikasında, İ.Əfəndiyevin "Hökmdar və
qızı", Hidayətin "Bu dünyanın
adamları", H.Cavidin "İblis"
tamaşalarının Bakı, Gəncə və Sumqayıt
şəhərlərində uğurla göstərildiyini qeyd
etdi.
6
illik fasilədən sonra teatr kollektivinin yenidən Bakıya
qastrol səfərinə gəlməsinin başlıca səbəbi
Adil Babayevin ulu öndərin xatirəsinə həsr etdiyi
"Koroğlunun Çənlibelə
qayıdışı" əsəridir. Bunun
üçün teatrın rəhbəri ilk növbədə
dövlət başçımıza, möhtərəm
İlham Əliyevə və tamaşanın ərsəyə
gəlməsində böyük xidmətləri olmuş
Bakı Metropolitetinin rəisi Tağı Əhmədova minnətdarlığını
bildirmişdir.
Tamaşadan
əvvəl çıxış edən müəllif Adil
Babayev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin əziz
xatirəsinə həsr etdiyi eyniadlı poemanı qəlbinin
arzusu ilə yazmışdır. Natiq ulu öndərin
xalqın təkidi və tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışından sonra ölkənin
xaos və anarxiyadan xilas olduğunu bildirdi. Tamaşanın
quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, xalq rəssamı
Hüseynqulu Əliyev, musiqi tərtibatçısı
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət
xadimi Şəmsəddin Qasımovdur. Koroğlu rolunda xalq
artisti Rza Xudiyev çıxış edir. Telli xanımı əməkdar
artist Elmira Kərimova, Aşıq Cününü əməkdar
artist Xəlil Hüseynov, Dəmirçioğlunu Teyyub
Zeynalzadə, Dədə Qorqudu əməkdar artist Yusif
Allahverdiyev ifa etmişlər. Xalq artisti Kamran Quliyev, şair
Ramiq Muxtar və başqaları tamaşanı ulu öndərə
həsr olunmuş layiqli əsər kimi qiymətləndirmişlər.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 19 iyun.- S. 7.