"Beynəlxalq
iqtisadi hüquq: ümumi müddəalar"
Müasir
dövr qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi
ilə xarakterizə olunur ki, bu da ayrılıqda hər bir
dövlətin dinamik inkişafında xarici amillərin rolunu
artırır. Məhz bunun nəticəsidir ki, artıq xarici
bazarlara çıxış, dünyada cərəyan edən
sosial-iqtisadi və siyasi proseslərdə fəal iştirak,
dünya bazarına rəqabət qabiliyyətli milli məhsullarla
çıxışın təmin edilməsi və
bütün bunların qarşılığında milli və
dövlətçilik prinsiplərinin qorunub saxlanması hər
bir milli təsərrüfatın tərəqqisinin zəruri
şərtinə çevrilmişdir.
Təbii
ki, belə bir dövrdə dünyaya inteqrasiya olunmadan,
dünyada baş verən idxal-ixrac proseslərində
iştirak etmədən müstəqil dövlət kimi
mövcud olmaq qeyri-mümkündür. Başqa sözlə
desək, beynəlxalq aləmə sürətli inteqrasiya,
qlobal iqtisadi mühitə sərbəst çıxış
müstəqilliyin əsas şərtlərindəndir. Bu
baxımdan da yuxarıda qeyd edilən inteqrativ proseslərin
milli və beynəlxalq normativ-hüquqi sənədlərin tələbləri
çərçivəsində qurulması olduqca
mühüm əhəmiyyət kəsb edir.
Demək
olar ki, hər an dəyişən dünyada müstəqilliyin,
milli və iqtisadi təhlükəsizliyin əsas şərtlərindən
olan beynəlxalq iqtisadi münasibətlərin hüquqi
baxımdan düzgün tənzimlənməsi xüsusi
aktuallıq kəsb edir. Ona görə də hər bir vətəndaşın,
xüsusilə müvafiq ixtisas sahiblərinin, uyğun sahədə
çalışan ixtisaslı kadrların milli qanunvericilik sənədləri
ilə yanaşı, beynəlxalq iqtisadi hüquq normaları və
müddəalarına da bələd olması çox vacibdir.
Bu mənada hüquq elmləri üzrə fəlsəfə
doktoru Etibar Əli oğlu Əliyevin işıq üzü
görmüş "Beynəlxalq iqtisadi hüquq: ümumi
müddəalar" kitabı yuxarıda qeyd edilən mütəxəssislər
üçün dəyərli vəsait ola bilər. Bu
günlərdə çapdan çıxmış kitabda beynəlxalq
iqtisadi hüquqa dair mülahizələr yer almış,
müxtəlif istiqamətlərdə təhlil və
araşdırmalar aparılmış, eləcə də
müvafiq ümumiləşdirmələr verilmişdir. 6 fəsil
və 20 paraqrafdan ibarət kitabda beynəlxalq iqtisadi hüquq
anlayışı, onun predmeti, beynəlxalq iqtisadi hüquq
sistemi və onun ümumi sistemdə yeri, subyektləri, mənbələri,
prinsipləri və s. məsələlər ətraflı
şəkildə şərh edilmiş, eləcə də
milli qanunvericiliklə müqayisəli təhlil və müəllifin
şəxsi yanaşması əsasında müvafiq ümumiləşdirmələr
aparılmışdır.
Kitabda
diqqəti çəkən əsas məqamlardan biri də
beynəlxalq inteqrasiya hüququnun geniş şəkildə
oxuculara çatdırılmasıdır. Belə ki,
kitabın "Beynəlxalq iqtisadi inteqrasiya hüququ"
adlanan V fəslində inteqrasiya proseslərinin mahiyyəti izah
edilmiş, dünyada inteqrativ proseslərin inkişaf dinamikası
nəzərdən keçirilmiş və qlobal məkanın
düzənlənməsində əhəmiyyətli rol oynayan
Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası, Cənubi
Amerika ümumi bazarı, Müstəqil Dövlətlər
Birliyi və s. təşkilatların inteqrasiya proseslərində
oynadığı rol hüquqi cəhətdən izah
edilmişdir.
İnteqrasiya
proseslərinin ayrı-ayrı milli dövlətlər
üçün əhəmiyyətini qeyd edən müəllif
sonrakı fəsildə məsuliyyət məsələlərinə
aydınlıq gətirir ki, bu da kuitabın üstün cəhətlərindən
biri kimi qəbul edilə bilər. Məlumdur ki, hər bir
hüquqi sənəd müəyyən tənzimləyici
xarakterə malikdir. Bu da subyektin hüquq və vəzifələri
ilə yanaşı, məsuliyyətini də müəyyənləşdirir.
Təqdim edilən kitabda da, beynəlxalq iqtisadi hüququn,
inteqrativ proseslərin ayrı-ayrı milli təsərrüfatlar
üçün əhəmiyyətli cəhətlərinin
izah edilməsi və bu proseslərdə məsuliyyətin
aydınlaşdırılması kitaba bitkin elmi əsər
kimi yanaşmaq imkanı verir. Beynəlxalq iqtisadi hüquqa
kompleks yanaşmaq, ayrı-ayrı məsələləri ətraflı
şəkildə izah etmək kitabın dəyərini və
aktuallığını daha da artırır.
Qeyd
edilənlər belə nəticəyə gəlməyə əsas
verir ki, Etibar Əliyevin müəllifi olduğu "Beynəlxalq
iqtisadi hüquq: ümumi müddəalar" kitabı
müasir beynəlxalq iqtisadi münasibətlər sahəsində
ən yeni normativ-hüquqi sənədlər və çoxsaylı
elmi mənbələr əsasında
hazırlanmışdır və Azərbaycan
Respublikasının beynəlxalq iqtisadi hüquq elmində
mövcud olan boşluqların doldurulmasına xidmət edir. Ali
məktəb tələbələri, hüquqşünaslar,
iqtisadi hüquq elmi sahəsində çalışanlar, bu
sahədə elmi-tədqiqatlar aparan aspirant və dissertantlar,
eləcə də praktik işçilər üçün
dəyərli elmi mənbə olan bu kitab qlobal iqtisadi
mühitdə ölkəmizin iştirakçısı
olduğu proseslərin daha səmərəli tənzimlənməsində
də mühüm rol oynayacaqdır.
Əmir ƏLİYEV,
BDU-nun beynəlxalq
münasibətlər
və beynəlxalq hüquq
fakültəsinin
elmi işlər üzrə
dekan müavini, hüquq
elmləri doktoru, professor,
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat
İnstitutunun
xidmət sahələrinin inkişaf
problemləri
şöbəsinin müdiri, iqtisad
elmləri üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 19 iyun.- S. 8.