Rollarını da rəssam kimi yaradardı
O çox qəribə adam idi.
Elçin Mehdi oğlu
Məmmədov ixtisasca
rəssam idi. Gözəl zövqü, güclü intellekti var idi. Yaratdığı əsərlər də həmişə səmimiyyət, sadəlik,
təbiilik kimi keyfiyyətli, çox güclü olardı.
Onu tanıyanlar yaxşı bilirlər ki, Elçin həm də təbiətən gözəl, sadə insan idi.
Sənətdə qazandığı uğurlar,
şan-şöhrət onun
xarakterini dəyişə
bilmədi. O, elə Elçin kimi doğuldu, beləcə, sadə, səmimi, gülərüz, zarafatcıl
bir insan kimi də dünyasını
dəyişdi.
Sənətçilər Tanrıya yaxın insanlar olur. Yaxşı bilirəm
ki, onun ruhu da indi
cənnət deyilən
bir məkanda məskunlaşıb. Allah ona rəhmət eləsin.
Elçin Məmmədov sənətçi
ailəsində, 1946-cı il mayın 29-da dünyaya göz açmışdı. Atası
xalq artisti, professor Mehdi Məmmədov və anası xalq artisti Barat Şəkinskaya
Azərbaycanda teatr sənətinin inkişafında
xüsusi xidmətləri
olan insanlar idilər. Amma o, teatr sənətini
yox, rəssamlığı
seçdi. Deyirdilər,
Elçin uşaqlıqdan
bu sənətə meyil göstərirdi, təbiətin gözəlliklərini
ağ vərəqlər
üzərinə köçürmək
onun hobbisinə çevrilmişdi.
Hələ Elçin anadan olmamışdan 3 gün qabaq Barat Şəkinskaya
Mehdi Məmmədovun quruluşunda Vilyam Şekspirin "On ikinci gecə" tamaşasının
premyerasında iştirak
edirdi.
Doğrudan da, tale elə gətirdi ki, sonrakı az
müddət ərzində
o həm sənətini
davam etdirdi, həm də bir neçə filmdə rollar oynadı.
Onun aktyor kimi yaradıcılığa
başlaması da təsadüflə bağlı
olub. İlk dəfə kinorejissor,
xalq artisti Tofiq Tağızadə Elçini "Yeddi oğul istərəm"
filmində çəkib.
Öz kobud hərəkətləri
ilə yoldaşlarından
fərqlənən, kefcil,
lakin sadə bir insan olan
yeddi oğuldan biri - Mirpaşa roluna təsdiq olunmasının maraqlı
tarixçəsi var. Belə
ki, bu rola
xalq artisti Eldəniz Zeynalov dəvət olunmuşdu.
Ancaq o,
at çapmaqdan imtina etdiyinə görə rol ona verilmədi.
Və sonra rejissor Elçin Məmmədovun
üzərində dayanmalı
oldu. Elçin o vaxt İncəsənət
İnstitutunun rəssamlıq
fakültəsinin sonuncu
kursunda oxuyurdu. Aktyor seçmək üçün
filmin rejissoru burada olarkən Elçini görmüş,
məhz onu bu rola dəvət
etmişdi. Mərhum yazıçı,
filmin ssenari müəllifi Yusif Səmədoğlu deyirdi ki, "biz hələ ssenari üzərində işləyərkən Azərbaycanın
ilk komsomoçularını təmsil edən obrazları yaradıcılıq
yoluna yenicə qədəm qoyan gənclərə tapşırmağı
nəzərdə tutmuşduq.
Elçin də onlardan
biri idi". Rejissor da Elçinin işindən çox razı qalmışdı.
Elçin isə deyirdi: "Mən öz sənətimi - rəssamlığı ürəkdən
sevirəm və ömrümün axırına
kimi bu sevgimə
sadiq qalacağam. Aktyorluq sənəti isə mənim üçün tamamilə yenidir. Bir halda ki, mənim
yaratdığım ilk obraz
tamaşaçıların rəğbətini qazanıb,
onda yenidən yeni bir rola
çəkilməyimə məmnuniyyətlə
razılaşacağam".
Elçin sonradan irili-xırdalı
13 filmdə çəkildi. Ancaq onların
içərisində "Dədə
Qorqud" filmini xüsusi olaraq qeyd etmək lazımdır. Bu filmdə Elçinə Qaraca Çobanın rolunu vermişdilər.
Bu rol onun
üçün gözlənilməz
deyildi. Çünki rejissor Tofiq
Tağızadə ilə
"Yeddi oğul istərəm" filmində
işləmişdi və
yuxarıda dediyimiz kimi rejissor onun
işindən razı
qalmışdı. Qaraca Çoban
təbiətən Mirpaşaya
("Yeddi oğul istərəm") yaxın
idi. Ona görə də
rolu yaratmaqda elə bir çətinlik
də yox idi. Filmdə Qaraca Çobanın ağaca sarınması səhnəsi var. Elçin
bu səhnəni çox təbii oynayır və filmə baxarkən elə hiss edirsən ki, bu pəhləvan
cüssəli aktyor, doğrudan da, ağacı çıxarıb
onunla döyüşə
girir. Bu epizodun
canlı şahidi olanlar deyirlər ki, Elçinin bağlandığı ağac,
əslində, dekorativ
ağac idi. Çəkidə çox yüngül
olan ağac süni olmasına baxmayaraq, görünüşcə
köklü təsir bağışlayırdı. Elçin rolu elə ustalıqla
ifa etmişdi ki, tamaşaçı hadisələrin reallığına
inanır. Elə qoyunları
düşmənlərin üzərinə
atması səhnəsi
də maraqlı alınıb.
Ümumiyyətlə, Elçin Məmmədovun yaratdığı
rollarda çox qəribə bir səmimiyyət var. "Dantenin
yubileyi", "Qəribə
adam", "Yarımçıq
qalmış mahnı",
"Bir dəfə"
bədii filmlərində
də belə sadə, səmimi rollar ifa edib.
Amma hər şeydən əvvəl
o rəssam idi. Rənglərin min bir çalarından gözəl əsərlər
yaratdı. Təkcə təbiətinin
rəngi bu çalarlardan heç birinə bənzəmirdi.
O isə ancaq Elçin Məmmədova məxsus idi.
Biz, əməkdar incəsənət
xadimi Elçin Məmmədovu 2001-ci il fevralın 18-də,
ömrünün çox
gözəl dövründə
itirdik. Onda aktyorun cəmi
55 yaşı var idi. 65 il
isə yaşaya bilmədi.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.-19 iyun.- S. 8.