Tikinti
armaturlarının keyfiyyət göstəriciləri beynəlxalq
standartların tələblərinə cavab verməlidir
Əks halda ciddi
itkilərlə nəticələnən qəzalar
qaçılmazdır
Ölkəmizdə ağır sənaye sahəsində
sərmayə əsasında ilk özəl müəssisə
olan "Baku Steel Company" MMC Qafqaz regionunda birinci müasir
poladəritmə müəssisəsidir. 2001-ilin iyun ayında
Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı və
xeyir- duası ilə işə başlayan müəssisə
bu illərdə iki milyon tondan çox inşaat armaturu istehsal
etmişdir.
"Baku
Steel Company" MMC -nin polad məhsulları (inşaat armaturu və
polad pəstahlar) daxili bazar ilə bərabər,
Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər
regionlara ixrac edilmiş və inşaatçılar tərəfindən
yüksək qimətləndirilmişdir.
Respublika
iqdisadiyyatının aktiv inkişafı irimiqyaslı
infrastruktur layihələrinin, mülki və sənaye tikintilərin,
o isə öz növbəsində tikinti təyinatlı polad
məhsullara olan tələbatı artırmaqdadır. Tikinti təyinatlı
metal məhsullar içərisində ən kütləvi
istehsal olunan məhsul isə polad tikinti armaturlarıdır. Təkcə
son bir ildə MDB məkanında istehlak olunmuş polad yayma məhsullarının
7-8 milyon tonunu tikinti armaturları təşkil etmişdir. Tikinti
sektorunda monolit tikinti texnologiyasının geniş tətbiqi
ilə əlaqədar bu rəqəmin əlavə olaraq 25-30%
artması gözlənilir. Tələbatın belə
artımı bütün ölkələri bu məhsulun
istehsalının artırılmasına və istehsal sahələrnin
genişlənməsinə maraqlı edir.
Belə
bir vaxtda yeni yaradılan istehsal güclərinin və istehsal
olunan tikinti armaturlarının keyfiyyət və
etibarlılıq göstəricilərinin inkişaf etmiş
ölkələrin normaları və beynalxalq standartların tələbləri
ilə müqayisədə qiymətləndirilməsi çox
vacibdir.
Keçən
əsrin sonlarından başlayaraq Avropada yayma prossesində
termomexaniki üsulla möhkəmləndirilmiş azkarbonlu
armaturların geniş tətbiqinə
başlanmışdır. Tərkibində 0,4% karbon olan
azlegirli -əsasən 35QS markalı poladdan isti yayma
texnologiyası ilə hazırlanmış A3 markalı
armaturlar isə qaynaq nöqtələrində əymə və
zərbə yüklərinin təsirindən, karbonun və manqanın
standartla icazə verilən maksimal qiymətlərində isə
yüksüz halda belə kövrək sınması və qəza
təhlükəsi yaratması səbəbindən istehsalatdan
çıxarılması tövsiyə olunmuşdur.
Rusiyanın
paytaxtı Moskva şəhərində nəinki çox mərtəbəli
binalarda, ümumiyyətlə inşaat sahəsində A3
markalı armaturların istifadəsi qadağan edilərək,
ancaq termomexaniki üsulla alınmış azkarbonlu poladlardan
istehsal edilmiş AT500C markalı inşaat armaturlarının
tam olaraq istifadəsi qəbul edilmişdir.
Azkarbonlu
(0,22% max) və termomexaniki emal nəticəsində təbii
kompozit strukturuna malik armaturların isə bütün növ
qaynaq əməliyyatlarından sonra kövrək
sınması istisna olunur və təyinatından asılı
olmayaraq bütün tikintilərdə kütləvi istifadə
olunur.
Almaniyanın
"Badiştal İNJ" Co, Moldovanın, Türkiyənin,
Rusiyanın və yerli mütəxəssislərin səyi nəticəsində
yaranmış ən müasir istehsalat nümunəsi olan
"Baku Steel Company" MMC termomexanik üsul ilə azkarbonlu
poladdan inşaat armaturunun alınması, nəticə
etibaı ilə sübut edir ki, qoyulmuş böyük
investisiya özünü doğrultdu və ötən 10 il ərzində
bir dəfə də olsun buraxılan inşaat armaturlarına
irad olmadı, əksinə bir sıra beynəlxalq sərgilərdə
"Baku Steel Company" MMC-nin məhsulları keyfiyyətə
görə diplomlara layiq görüldü.
Belə
bir halda respublikada yeni armatur sexlərində A3 markalı, bir
çox hallarda isə heç bir standartlara uyğun olmayan
armatur istehsalı gücləri yaradılmaqdadır. Qabaqcıl
dünya ölkələrində istehsaldan
çıxarılmış məhsulların respublikada
istehsalının yaradılmasına bir çox hallarda nəzarət
orqanlarının məlumatsızlığı səbəbindən
icazə verilməsi təəssüf doğurur.
Yeni
yaradılan metallurgiya müəssisəsi, istehsal edəcəyi
məhsulun beynalxalq standartların tələblərinə
cavab verməsi üçün müəyyən texnologiyaya və
bu texnologiyanı həyata keçirəcək avadanlıqlar
kompleksinə malik olmalıdır. Bu o deməkdir ki, poladəritmə
sobaları kükürdsüzləşdirmə və
fosforsuzlaşdırma kimi metallurji prossesləri həyata
keçirmək imkanında olmalıdır. Yeni yaradılan
armatur sexlərində isə yalnız tərkibi qabaqcadan məlum
olan metal tullantılarını əritmək
üçün nəzərdə tutulan, normal metallurji
prossesləri apararaq zərərli elementlərə görə
standartların tələblərinə cavab verə bilməyən
induksiya sobaları quraşdırılır.
Bu armatur sexlərində isə maye metal ən primitiv üsulla, heç bir texnoloji tələbatları nəzərə almamaqla müstəvi kanallara tökülür. Nəticədə bu gün tikinti armaturları bazarında armatura bənzəyən məhsullar ucuz qiymətlə satışa çıxarılaraq tikintilərə yol açır.
Bu şəkildə fəalliyət göstərən "müəssisə" nəticədə respublika sənayesində paradoksal bir vəziyyət yaradır. Bu az imiş kimi, poladın ərintisinə lazım olan normal metal qırıntısını, enerji və insan resurslarını öz fəaliyyəti nəticəsində zay bir məhsula çevirir və tikinti sənayesi üçün potensial qəza zəmini yaradır. Təəssüflər olsun ki, belə bir "yaramaz" vəziyyət artmaqdadır. Nəticə etibarı ilə, belə "müəssisələrin" fəaliyyəti istər metal qırıntısı, istərsə də polad məhsulları bazarında hərc-mərclik yaradır, stabilliyi pozur və "Baku Steel Company" MMC kimi böyük bir müəssisənin işinə neqativ təsir göstərir.
Əvvəllər standartların tələblərinin pozulması, standartdan kənar məhsulun satılması, cinayət məsuliyyətinə cəlb olunmaqla cəzalandırılırdı. Nədənsə biz mətbuatda belə məhsulları istehsal edənləri yox, keyfiyyətsiz tikinti materiallarından istifadə edib ağır qəza hadisələri yaradanların məhkəmələri haqqında məlumatlar alırıq. Standartdan kənar məhsulların istehsalının qarşısı birmənalı şəkildə alınmalıdır.
Min səkkiz yüz nəfərə qədər işçisi olan "Baku Steel Company" MMC-nin kollektivi, istehsal gücü 350 min ton tikinti armaturu və polad pəstahlar olan müəssisə, bu gün "müəssisələrin" yaramaz fəaliyyəti nəticəsində, əsas xammal olan metal qırıntısının qıtlığından boşdayanmalarla üz-üzə gəlir. Boşdayanmalar nəinki şirkətə, onunla bərabər işləyən və şirkətin işini təmin edən təşkilatlara (elektrik enerjisi idarəsi, qaz, su və s.) mənfi təsir göstərərək, onların da işlərini pozur.
Əgər bu gün Azərbaycan dövlətinin dəstəyi ilə yaradılmış "Baku Steel Company" MMC özünün istehsal gücünə, texnologiyanın yüksək beynəlxalq səviyyədə olmağına güvənərək, Azərbaycanın tikinti sənayesinin tikinti armaturuna olan tam tələbatını ödəyirsə, bu yeni yaranan "müəssisələr" və standarta uyğun olmayan polad məhsullarının istehsalı bir mənalı olaraq qadağan edilməlidir.
"Baku Steel Company" MMC şirkəti inkişaf etmək, istehsalı genişləndirmək niyyətindədir. Mərhələ-mərhələ investisiya qoyularaq, buraxdığı məhsulların çeşidini artırmaq, respublikanın sənayesində vacib olan iri profilli yayma məhsulların, inşaat üçün vacib olan hamar üzlü kiçik diametrli 5,5-8 mm olan məftil (katanka) və bazarın tələbatını təmin etmək üçün iyirmi növ başqa məhsulların texnologiyasını tətbiq etməyə hazırlaşırıq. Hazırda daxili bazarın xaricdən gələn mallarından asılılığını minimuma endirmək üçün ciddi proqram üzərində işləyirik. 2011-2012-ci illərdə yeni istehsal sahələrinin yaradılmasına və yenidənqurma işlərinə 15 milyon manat investisiya planlaşdırılır.
Azərbaycanın iqdisadi qüdrətinin ildən-ilə artması vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt ölkənin iqdisadi tərəqqisini və insanların təhlükəsizliyini təmin etməkdədir. "Hər bir dövlət məmuru, hər bir vəzifəli şəxs unutmamalıdır ki, onun fəaliyyətinin səmərəsi insanlara qayğı ilə müəyyən edilir"-deyən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu tapşırığını rəhbər tutaraq "Baku Steel Company" MMC Azərbaycan iqdisadiyyatına öz layiqli töhfələrini vermək əzmindədir.
Ramiz ZADAYEV
"Baku Steel Company" MMC-nin baş
direktorunun müşaviri
Xalq qəzeti.- 2011.- 1 mart.- S. 7.