Lənkəran: il ildən uğurlu gəlir

 

"Cənub mirvarisi" Lənkəranın subtropik iqlimi, təbiəti, qədim abidələri ilə bərabər, insan əli ilə yaradılan gözəllikləri qonaqların bu məkana marağını daha da artırır. "İstiqanlı" şəhərə hər səfərimdə gördüklərim şəxsən mənim gözümü, könlümü sevindirir. Adamları mehriban, havası mülayim, bağı-bağçası təbəssümlüdür. Yola salınan hər il rayonun tarixində özünəməxsus izlər buraxır. 2010-cu il də bu baxımdan istisna təşkil etməyib.

 

Nikbin ovqatda keçən illik hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun hesabat məruzəsi əhatəliliyi ilə diqəti cəlb etdi.

Məruzəçi öncə bildirdi ki, lənkəranlılar üçün ilin ən əlamətdar hadisəsi Prezident İlham Əliyevin rayona növbəti səfəri olmuşdur. Səfər zamanı dövlətimizin başçısı yeni konserv zavodunun, çay fabrikinin, soyuducu kameraların, Regional Boks Mərkəzinin, "Paldad" dondurma müəssisəsinin açılışında iştirak etmiş, ziyalılarla görüşmüşdür. Bütün bunlar rayon əhalisində böyük ruh yüksəkliyi yaratmışdır. Cənab Prezidentin görüş zamanı Lənkəranın sosal-iqtisadi inkişafı ilə bağlı söylədiyi fikirlər, görülən işlərə verdiyi qiymət hər kəsi fərəhləndirmiş, daha yaxşı işləmək üçün stimula çevrilmişdir.

Həqiqətən də, son illərdə Lənkəranda çoxlu yeniliklər baş verib, rayonun sosial-iqtisadi inkişafı sürətlənib, əhalinin həyat səviyyəsi yaxşılaşıb.

Ötən il bütün sahələrdə məhsul buraxılışı adambaşına 846 manatdan 988 manata çatıb. Qeyri-dövlət sektorunun buradakı xüsusi çəkisi sənaye üzrə 70 faiz, kənd təsərrüfatı, nəqliyyat və ticarətdə 100 faizə qədər olub.

Əsas kapitala yönəlmiş investisiyanın həcmi 36,4 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi isə 31,4 milyon manat təşkil edib. İnvestisiya 53 faiz artıb.

Rayonda 20 milyon 344 min manatlıq əsas fondlar istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli çoxmərtəbəli yaşayış binasının, Biləsər kəndində Qarabağ əlili üçün fərdi yaşayış evinin inşa olunması bu qəbildəndir.

Bir neçə idarə üçün inzibati binalar istifadəyə verilib, ümumi sahəsi 51140 kvadratmetr olan yaşayış evləri inşa edilib. Bu, əvvəlki ildəkindən 16 faiz çoxdur.

Şəhərin suaxar kanalları təmizlənib, bir sıra yerlərdə səliqə-sahman yaradılıb. Amma təmizliyin qorunmasına diqqət bir qədər də artırılsa, yaxşı olar.

İl ərzində rayon ərazisində 102,3 min kvadratmetr sahəyə asfalt döşənmiş, şəhər küçələrində asfalt yolların sıradan çıxmış hissələrində 1396 kvadratmetr təmir-bərpa işləri aparılmışdır.

Bu sırada üç istiqamətdə çətin təbii şəraitə malik dağ kəndlərinə gedən yolların təmiri xüsusi qeyd olunmalıdır. Daşdatük-Biləsər avtomobil yolunun 12 km hissəsində, Osakücə-Günəhir-Türkəncil avtomobil yolunun 10 km hissəsində və Gəgiran-Tüədo yolunun 8 km hissəsində təmir işləri aparılmış, yol üstündəki körpü əsaslı təmir olunaraq genişləndirilmişdir. Sentyabr və oktyabr aylarında yağan leysan yağışları Daşdatük-Biləsər yolunun dağlıq ərazidən keçən hissəsini yuyub dağıtmışdı. Həmin yolda körpü rolu oynayan 21 suötürücü boru dəyişdirilmişdir. Eyni zamanda, Osakücə-Günəhir yolunda uzunluğu 24 metr olan 2 ədəd metal konstruksiyalı körpü quraşdırılmışdır. Bundan başqa, Osakücə-Bəliton yolunun böyük bir hissəsi əsaslı təmir olunaraq çınqıl döşənmiş, torpaq sürüşməsi nəticəsində Horavenc-Bəliton kəndarası yolunda baş vermiş dağ uçqununun nəticələri aradan qaldırılmışdır.

Şəhərin küçələrində 162 ədəd müasir işıq dirəyi quraşdırılıb. İşıq və qazla təminat sahəsində tədbirlər davam etdirilib. Başçı dedi ki, içməli su və kanalizasiya sisteminin yenidən çəkilməsi məsələsi yaxın vaxtlarda həllini tapacaq.

Kənd təsərrüfatına dövlət qayğısı daim artır. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" aqrar sahə işçilərinə geniş imkanlar yaradıb. Proqramla əlaqədar rayonda görüləcək işlərin xüsusi tədbirlər planı icra olunur. Keçən il rayon üzrə daha çox tərəvəz, taxıl, kartof, bostan bitkiləri, üzüm və yaşıl çay yarpağı toplanıb.

Respublika yarmarkalarına təxminən 50 ton meyvə və tərəvəz göndərilib.

Məhsul istehsalçılarının mineral gübrələr və texnika ilə təchiz olunması üçün zəruri tədbirlər görülür. Hazırda rayonda yetərincə kənd təsərrüfatı texnikası mövcuddur.

Heyvandarlıq sahəsində də dirçəliş var. Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 47950 başa, qoyun-keçilərin sayı 20670 başa, quşların sayı 378 min başa çatıb. Heyvandarlıq məhsullarının istehsalı artıb.

Bununla belə, onsuz da aztorpaqlı rayon sayılan Lənkəranın kənd adamları bəzən torpağa laqeydlik göstərirlər. Dövlət torpağın əkib-becərilməsi üçün hər cür qayğı göstərir, subsidiyalar ayırır, güzəştlər tətbiq edir. Lakin torpaqdan səmərəli istifadə olunmur və erroziyaya uğrayır. Əgər məhsul bolluğu istəyiriksə, ilk növbədə torpaqlar əkilməlidir. Torpaq eyni zamanda həmin ərazidə yaşayan insanlar üçün iş yeri, məşğuliyyət məkanı deməkdir. Təəssüf ki, bəzən torpaq əsl iş görənə deyil, tamam başqa adamlara, özü də uzunmüddətli icarəyə verilir. Nəticədə əkin sahələri azalır. Bu isə yolverilməzdir.

Diqqətə çatdırıldı ki, çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Bu günlərdə Nazirlər Kabinetinin işçi qrupu rayonda olmuş, mövcud plantasiyalara baxış keçirmiş, yerli mütəxəssislərlə söhbət aparmışdır. Yaxın vaxtlarda çaybecərənlərə uzunmüddətli kreditlərin verilməsi məsələsinə də baxılacaq. Bu imkandan səmərəli istifadə etmək lazımdır.

Məruzəçi onu da qeyd etdi ki, əvvəllər rayonda bir neçə iri balıqçılıq təsərrüfatı, balıq konservi zavodu, balıqqurutma məntəqələri mövcud olub. İndi isə həmin təsərrüfatlar kiçik vətəgələrə çevrilib və rayonun iqtisadiyyatında balıqçılığın rolu hiss edilmir. Bu sahənin inkişafını əngəlləyən çoxlu süni amillər var. Necə deyərlər, balıqçıya kömək edən yox, ondan uman isə çoxdur. Götürək Nərimanabad ərazi vahidliyini. Burada əsrlər boyu əhalinin işi-peşəsi balıqçılıq olub. Ərazi bütünlüklə suların əhatəsindədir. Lakin insanların ata-baba sənəti ilə məşğul olmasına imkan yoxdur. Səbəb bir tərəfdən dənizin tez-tez qabarıb-çəkilməsidirsə, digər tərəfdən ayrı-ayrı qurumların bu sahəyə yeri gəldi-gəlmədi müdaxilə etməsidir. Heç kəsə insanları yersiz incitməyə ixtiyar verilməyib.

"Ekologiya ili"ndə Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin tinglik təsərrüfatında 120 min ədəd müxtəlif növ ağac yetişdirilib, 300 hektar sahədə meşə əkini aparılıb, 42500-dən çox ağcaqayın basdırılıb, səpin üsulu ilə 750 min ağaclıq palıd toxumu əkilib. İcra və özünüidarə orqanları da ağac əkini kampaniyaları keçirərək yaşıllıqların artırılmasına nail olublar.

Ötən il ünvanlı dövlət sosial yardımı üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 3215 ailədən 1990-na müavinət təyin edilib. Bu yardımı alanlara 4 milyon yarımdam çox vəsait ödənilib. Digər imtiyazlı təbəqələrə isə 3 milyon 670 min manat dövlət vəsaiti sərf olunub. İki veterana minik avtomobili verilib. Bununla belə, ünvanlı sosial yadımın verilməsində və Tibbi-Sosial Ekspert Komissiyasının işində çatışmazlıqlar yox deyil.

İcra hakimiyyətinin təşəbbüsü ilə Novruz bayramı və Yeni il ərəfəsində rayonda satış-yarmarkalar keçirilib. Bu yarmarkalarda rayonun emal müəssisələri ilə yanaşı, Bakı şəhəri və respublikanın digər rayonlarından 30 şirkət iştirak edib.

Dövlət Proqramına uyğun olaraq, Lənkəran rayonu üzrə Ərazi Məşğulluq Proqramı tərtib olunub. İl ərzində işaxtaran kimi rayon Məşğulluq Mərkəzinə 792 nəfər müraciət edib, 727 nəfərə göndəriş verilib. 1528 yeni iş yeri yaradılıb ki, bunun da 1082-si daimidir. Eyni zamanda 2 dəfə əmək yarmarkası keçirilib.

Ötən il rayonun müəssisə və təşkilatlarına, habelə əhaliyə 2 milyon manatlıq rabitə xidməti göstərilib. Bu, əvvəlki ildəkindən 3,4 faiz çoxdur. Şıxəkəran və Separadi kəndlərində yeni poçt binası tikilib. İki qəsəbə və yeddi kənddə elektron ATS-lər quraşdırılıb. İndi hər 100 təsərrüfata 72,4 telefon düşür. İnternet istifadəçilərinin sayı 31212 nəfərdir. Əvvəlki il bu rəqəm 30123 idi. Bununla belə, poçt və rabitə xidmətində nöqsanlar da var. Xüsusilə kənd əhalisi bu xidmətlərdən narazıdır.

Təhsilin maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən işlər görülüb. Keçən il 4 saylı məktəb-liseyin binası əsaslı təmir edilib, 560 şagird yerlik 28 sinif otağından ibarət əlavə korpusun və Osakücə kəndində 220 yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Şəhərin beş məktəbində qazanxana quraşdırılmış və qaz xətləri çəkilib. Hazırda 7 məktəbdə müasir istilik sistemi mövcuddur. Kompyuter siniflərinin sayı 50-yə çatdırılıb, onlardan 22-si internetə qoşulub.

Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə müəyyən işlər görülüb. Mərkəzi Rayon Xəstəxanasında 40 min manatlıq əsaslı, 16 min manatlıq cari təmir işlərı həyata keçirilib, xeyli tibbi avadanlıq alınıb, xəstələrə zəruri dərman preparatları verilib. Əlillərin Bərpa Mərkəzində 296 xəstəyə stasionar tibbi-bərpa xidməti göstərilib. Lakin səhiyyədə nöqsanlar çoxdur. Həkimlər arasında xəstələrə biganə yanaşanlara, onlardan pul alanlara, kobudluq edənlərə rast gəlinir.

Hesabatda mədəniyyət, turizm, gənclərlə iş, idman kimi sahələrin vəziyyətinə də toxunuldu. Bildirildi ki, Prezident İlham Əliyev tərəfindən cari il "Turizm ili", Mədəniyyət və Turizm Nazirliyi tərəfindənsə Lənkəran şəhəri Folklor mərkəzi elan edilib. Bununla bağlı ilk növbədə turizm obyektləri yaxşılaşdırılmalı, xalq sənətkarlığı və folklor nümunələri toplanmalı, tarixi abidələr sahmana salınmalı, digər tədbirlər görülməlidir.

"Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrası ilə əlaqədar ötən il yeni binaya köçən Gənclər və İdman İdarəsinin aktiv işləməsi üçün hər cür şərait yaradılıb.

"Futbolun inkişafına dair Dövlət Proqramı" ilə bağlı rayonda geniş tədbirlər görülür. "Xəzər-Lənkəran" klubu güclülər dəstəsində uğurla çıxış edir. Olimpiya İdman Kompleksində müntəzəm yarışlar keçirilir. Şahmatçılar beynəlxalq yarışlarda qüvvələrini sınayırlar. Məruzəçi idmançıların nailiyyətlərini də diqqətə çatdırdı.

İl ərzində rayonda 413 cinayət hadisəsi baş vermiş, bunların da 95,1 faizinin açılması təmin edilmişdir. Hüquq-mühafizə orqanlarının işindən bəhs edən T.İbrahimov bu sahələrdəki çatışmazlıqları da göstərdi. O dedi ki, oğurluq hallarının artması, narkomaniyanın vüsət alması, yollarda tez-tez qəzaların baş verməsi, yol müfəttişlərinin sürücülərlə qeyri-etik davranışı ictimaiyyəti çox narahat edir.

Ötən il icra aparatına, Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə və digər rəhbər orqanlara vətəndaşlardan 5295 yazılı müraciət daxil olub. 2009-cu ilə nisbətən şikayət xarakterli müraciətlərin sayı xeyli azalıb.

Bununla belə, Lənkəranda vətəndaşların müraciətlərinə vaxtında və qanunamüvafiq şəkildə baxılmaması halları da mövcuddur. Hansısa məmur vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmır, adi etik normalara riayət etmir. Başqa sözlə, məmur özbaşınalığı dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə ziyan vurur. Məruzəçi bunun yolverilməz olduğunu bildirdi və xatırlatdı ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində bu məsələlər barədə geniş danışmış və nöqsanların, xüsusən də korrupsiya və rüşvətxorluqla əlaqəli neqativ halların aradan qaldırılması üçün ciddi tapşırıqlar vermişdir.

Bu ilin yanvarında şəhər, qəsəbə və kənd icra nümayəndələrinin hesabat yığıncaqlarında qaldırılan məsələlərin həlli ilə bağlı şəhər icra hakimiyyətində ayrıca müşavirə keçirilmiş, problemlər geniş təhlil olunaraq müvafiq tədbirlər planı hazırlanmış və icrasına başlanmışdır.

Məruzəçi sonda bildirdi ki, 2011-ci ildə də qarşıda vacib vəzifələr durur. Onların bir qismi regional inkişaf Dövlət Proqramında öz əksini tapıb. Nəzərdə tutulanların həyata keçirilməsi üçün bütün səylər birləşdirilməli, hər kəs öz işinə yüksək məsuliyyətlə yanaşmalıdır.

İdarə və müəssisə rəhbərlərinin çıxışlarında göstərilən nöqsanları tezliklə aradan qaldırmaq, nailiyyətləri artırmaq əzmi ifadə olundu.

Yığıncaqda Milli Məclisin deputatı Hadı Rəcəbli və Prezident Administrasiyasının məsul əməkdaşı Mikayıl Hüseynov da çıxış etdilər. Bütövlükdə yığıncağın ümumi ruhu ondan ibarət idi ki, lənkəranlılar uğurlarla kifəyətlənməməli, sosial-iqtisadi inkişafı daha da sürətləndirməlidirlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 2 mart.- S. 9.