Sumqayıt hadisələri
erməni təxribatının tərkib hissəsi idi
Düz iyirmi üç il öncə ermənilərin
Dağlıq Qarabağ iddialarının dalğasında
törədilmiş Sumqayıt hadisələri bu gün də
millətimizə qarşı aparılan məkrli ideoloji təbliğatda
silah kimi istifadə edilməkdədir. Həmin hadisələrin
əsl günahkarlarının məhz ermənilərin
özlərinin olduğu təkzibedilməz dəlillərlə
sübuta yetirilsə də, onlar şər və böhtan
kampaniyasından əl çəkmir, yeri gəldi-gəlmədi,
Sumqayıt hadisələrini "zavallı" xalqa
qarşı qondarma soyqırımı aktı kimi qabartmaqda
davam edirlər. Amma ataların bir sözü var ki, haqq nazilsə
də, üzülməz.
Zaman
1988-ci ilin soyuq fevral günlərində Sumqayıtda baş
verən olayların müəyyən detallarını
unutdursa da, təxribatın əsl mahiyyəti, törədilmə
şəraiti, bir sözlə, səbəb və nəticələri
dəyişməz olaraq qalır. Əslində, hər
ildönümündə olduğu kimi, növbəti dəfə
hadisələrin təfərrüatına varmaq deyil, məhz
həmin amillərə diqqət yetirmək lazım gəlir. Buna
görə də aysberqin görünməyən tərəflərinə
nəzər salmağa çalışacağıq. Elə
buradaca qeyd edək ki, ümummilli lider Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra bir sıra məsələlərlə yanaşı,
Sumqayıt hadisələrinə də aydınlıq gətirilib,
qanlı aksiyaların səbəbləri ətraflı
araşdırılıb. Biz isə zaman-zaman bu mövzuya
işıq salmaq istəyəndə nəyisə
"unudan", istəməyəndə isə unutmayan Qərbin
yenidən erməni təxribatına uymasına yol verməməliyik.
Olaylar haradan qaynaqlanırdı?
Məlum
olduğu kimi, bütün dünyada Anqlosakson imperiyası
yaratmaq istəyən Qərb SSRİ-yə qarşı soyuq müharibə
elan etmiş, sovet adamlarının siyasi şüurunu dəyişmək
üçün 2-ci dünya müharibəsindən sonra bu məqsədlə
geniş təbliğata başlamışdı. Amma
böyük rus imperiyasını dağıtmaq heç də
asan məsələ deyildi. Bundan ötrü ölkəni, necə
deyərlər, laxlatmaq və öz içərisindən
çökdürmək lazım idi. Burada Qərbə işləyən
casus ali hakimiyyətə gətirilməli idi ki, məqsədə
tezliklə nail olunsun. Nəhayət, belə bir adam
tapıldı və 1985-ci ildə qoca Konstantin Çernenkonun
qısa dövrü əhatə edən
"padşah"lığından sonra Qərbin dəstəklədiyi
Mixail Qorbaçov ali hakimiyyət sükanını ələ
keçirdi. Onunla işləmək asan olacaqdı. Elə də
oldu. Ölkədə "yenidənqurma" siyasəti elan edən
Qorbaçov məhz Qərbi təmin edən geniş
islahatlara start verdi. Bu "islahat"ların tərkib hissələrindən
biri də ölkədə millətlərarası ədavəti
qızışdırmaq, xaos yaratmaq idi.
Qorbaçovu
ermənilər və ermənipərəst qüvvələr
əhatə edirdi. Sov.İKP MK aparatında
çalışan Georgi Şahnazarov onun siyasi məsələlər
üzrə, akademik Abel Aqanbekyan iqtisadi məsələlər
üzrə, Dövlət Plan Komitəsi sədrinin 1-ci
müavini Stepan Sitaryan isə planlaşdırma məsələləri
üzrə köməkçiləri idilər. Onlar milli məsələlərdə
Qorbaçova müxtəlif məsləhətlər verir, Ermənistanın
xeyrinə ola biləcək problemlərin həllini ön plana
çəkirdilər. Təsadüfi deyil ki, Dağlıq
Qarabağ məsələsi qaldırılanda Qorbaçov ermənilərə
hər cür köməklik göstərəcəyini vəd
eləmişdi. Elə Aqanbekyanın Parisdəki məlum
çıxışı da hadisələrin ilk
qığılcımı oldu...
Mən bu yazını hazırlayarkən daha çox istinad etdiyim dəyərli bir mənbənin - yenicə çapdan çıxmış "Ermənilərin Sumqayıtda qanlı aksiyaları" kitabının müəllifi, qələm dostumuz, əməkdar jurnalist Eyruz Məmmədov tutarlı faktlarla bir daha əsaslandırır ki, SSRİ-nin dağıdılması məhz Dağlıq Qarabağdan başlanıb. Əgər süni yolla yaradılan bu ocaq vaxtında söndürülsə idi, bəlkə heç ittifaq da dağılmazdı. Sumqayıt olayları isə Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.
Həmkarımız Eyruz Məmmədov yazır ki, 1993-cü ildə mərhum kinorejissor Davud İmanovla birlikdə hadisələr barəsində "Sumqayıtın əks-sədası" adlı film çəkməkdən ötrü Moskvaya ezam olunduqları zaman müsahibə aldıqları bir çox keçmiş rəhbərlər və siyasətçilər- Sov. İKP Mərkəzi Komitəsinin katibi və Siyasi Büro üzvü Yeqor Liqaçov MK katibi və Siyasi Büro üzvü, "yenidənqurma" siyasətinin baş memarı Aleksandr Yakovlev, SSRİ Ali Sovetinin sədri, Siyasi Büro üzvü Anatoli Lukyanov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkov, SSRİ müdafiə naziri, Siyasi Büro üzvü Dmitri Yazov, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və başqaları hadisələrin heç də Qorbaçovun iddia etdiyi kimi, "bir qrup xuliqan" tərəfindən deyil, məhz Kremldə planlaşdırılan təxribat planının icrası ilə əlaqədar ölkə rəhbərliyinin "xeyir-duası" və DTK-nın işarəsi ilə ermənilər tərəfindən törədildiyini etiraf ediblər. Bu müsahibələr sözügedən filmdə öz əksini tapıb.
Raisa
Qorbaçovada erməni qolbağı
Elə buradaca qeyd edim ki, həmin vaxt Mixail Qorbaçov Sumqayıtdan gələn çəkiliş qrupuna müsahibə verməyə razılaşsa da, düz altı ay bizimkiləri aldatmış, axırda isə bundan boyun qaçırmışdı. Axı, nə deyəcəkdi ki! Bu da SSRİ Ali Sovetinin 1988-ci ilin iyul ayında Moskvada keçirilən sessiyası deyildi ki, yalan sözlərlə ictimai rəyi çaşdırsın, özünü "təmiz" qələmə versin.
Xatırlayırsınızsa, Dağlıq Qarabağ hadisələrinin başlandığı vaxtlar ölkədə belə bir söhbət gəzirdi ki, Mixail Qorbaçov və xanımı Raisa Qorbaçova ermənilərdən çoxlu sovqat və rüşvət aldıqları üçün muxtar vilayət onlara veriləcək. Burada "od olmasa, tüstü çıxmaz" sözləri yada düşür. Elədir ki, var. SSRİ vaxtında Baş prokurorun müavini işləmiş, sonra RF Dumasının üzvü, Hüquq komitəsinin sədri olmuş Viktor İlyuxin sumqayıtlılara müsahibəsində Qorbaçovun rüşvət hərisi olduğunu vurğulayıb və ortaya bəzi faktları qoyub. Onun dediyinə görə, 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən erməni elitası onu əməlli-başlı ələ almışdır. Amerikadakı erməni icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə, brilyantla bəzədilmiş qolbağ da hədiyyə etmişdir. Bir il sonra, 1988-ci ilin dekabrında Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar Yerevana gələn Qorbaçov və xanımı əhali tərəfindən heç də isti qarşılanmadılar. Şüarların birində belə sözlər yazılmışdı: "Raisa, qolbağı qaytar!". Moskvaya qayıdan Qorbaçovlar ailəsi ertəsi gün (başqa sözlə desək, sovqatı ABŞ-dan gətirəndən bir il sonra) mətbuatda ifşa olunacağından qorxaraq həmin qolbağı "Qosoxran"a təhvil verdi. Təbii ki, qolbağın geri istənilməsinə səbəb iyulda SSRİ Ali Soveti sessiyasının müttəfiq respublika sərhədlərinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə qərar qəbul etməsi idi. Həmin qərar ermənilərin iddialarını təmin etmirdi.
Bəli, Ermənistan böyük bir oyunda alət
olduğunu dərk edir, lakin büruzə vermək istəmir və
ərazi iddiası ilə çıxış edir. Eyruz Məmmədov
bu barədə Vladimir Jirinovskinin fikirlərinə əsasən
yazır: "Azərbaycan torpaqlarının işğal edilməsi
heç də erməni vətənpərvərliyindən irəli
gəlmir, rus hərbi qüvvələrinin maddi və mənəvi
dayaqlarından "su içir" və bunu dünya ictimaiyyəti
də başa düşür. Azərbaycan da öz
toxunulmazlığını tələb edir və hər bir
torpaq iddiasını rədd edir. Üç milyon əhalinin
doqquz milyon əhaliyə qarşı vuruşması cəfəngiyyatdır.
Bunu hamı başa düşür, məhz buna görə də
rus qoşunları ermənilərə kömək edir".
Yalan ayaq tutdu və
yeridi
"Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır". - Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik A.Aqanbekyanın çıxışından götürülmüş bu parça Parisdə şıxan "Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli nömrəsində dərc ediləndən dərhal sonra qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya meylləri bürüdü.
Əlbəttə, aydın idi ki, akademik Fransaya özbaşına getməmişdi, Moskvada olarkən Qorbaçovdan dəstək almışdı. İşi-peşəsi nifrət toxumu əkib fəlakət biçmək olan ermənilərin bədnam "Qarabağ Komitəsi" və "Krunk" cəmiyyəti tezliklə açıq fəaliyyətə başladılar. Ermənistanda yaşayan azərbaycanlılara hədə-qorxu gəlir, onları təhqir edir, mal-qara və əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqınlar axını Azərbaycana üz tutdu. Fevralın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katalikos Vazgen bədnam siyasətə dini dəstək verdi. Ertəsi günsə şair Silva Kaputikyan televiziya ilə xalqına müraciət etdi, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi "ədalətsizliyi" aradan qaldıracağını söylədi. Beləliklə, hələ də Moskvaya, Kremlin qanunlarına inamını itirməyən azərbaycanlılar çaşqın halda nəyi isə gözlədikləri bir vaxtda "Böyük Ermənistan" ideoloqları illərdən bəri hazırladıqları ssenarinin növbəti səhifələrini məqsədyönlü şəkildə həyata keçirirdilər. Növbəti hadisələri çox gözləmək lazım gəlmədi. Fevralın 27-də Sumqayıta daxil olan cinayətkar qruplar əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Şəxsən şahidiyəm ki, Lenin meydanında, bazar və univermağın ətrafında camaatı başına toplayan, əsasən meşin gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından danışırdılar.
Belə qızışdırıcı söhbətlər təsirsiz qalmadı. Təhrikçilər əhalinin qeyri-sağlam qüvvələrini, xüsusən də yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin bəzi başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin azyaşlı, emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdı və aradan çıxdı. Ondan sonra meşin gödəkçəliləri şəhərdə "gördüm" deyən olmadı.
Qəribədir ki, həmin günlər
Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə
çıxarılmış, milis rəisi işdən azad
edilmiş, DTK şəhər şöbəsinin rəisi isə
başqa işə keçirilmişdi. Şəhəri sanki
bilərəkdən başsız qoymuşdular.
Paşanın
"hünəri"
Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətə salınmışdı. 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sındırıldı və ya yandırıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Şəhərə təxminən 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vuruldu.
"Paşa" ləqəbi ilə meydana atılmış Sumqayıt ermənisi Eduard Qriqoryan "komandası" ilə qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakini qətlə yetirdi. Buna qədər o, iki dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdu. Gözünü qan örtmüş ədabaz Paşa gizlində özünü millətinin qəhrəmanı sayırdı. Onun özü qanlı aksiyalarda "nümunə" göstərməkdən çəkinmədi: altı ermənini öldürdü, neçə erməni qızını zorladı. Sən demə, o "Krunk" cəmiyyətinin fəal üzvlərindən imiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə "Krunk"a haqq ödəməyən ermənilərin mənzilləri idi.
Eyruz Məmmədov deyir ki, istintaq materiallarından məlum olduğuna görə, hələ fevralın ortalarında Paşanın yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş. Onlar iki dəfə məhkum olunmuş, cinayətə həris Paşanı təlimatlandırmış, ona pul və narkotik vasitələr vermişlər. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib.
Üç gün ərzində şəhərdə
sabitliyi bərpa etmək naminə heç bir tədbir
görməyən hakimiyyət dairələri yalnız
dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə
vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç
bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan
göndərilmiş istintaq qrupunun rahat işləməsi
üçün lazım imiş. Hadisələrə görə
minə yaxın adam şübhəli şəxs qismində
saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər
mühakimə edildi. Dəstə başçısı Eduard
Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə
15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni
lobbisinin hay-küyü ilə güllələndi. İkinci
qrup əlil olan Elçin Gəncəliyev istintaq
dövründə işgəncələrə dözməyərək
təcridxana kamerasında özünü asdı.
Qriqoryanın
arxasında dayanan qüvvələr onu hər vəchlə cəzadan
qurtarmağa çalışırdılar. Təşkilatçılar
istintaqın gedişində həqiqətin
yayındırılmasına çalışır,
Paşanın əməllərini gizlədir, kimisə
başçı kimi qələmə verirdilər. Çox
çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə
cəlb edilən Paşa erməni lobbisinin və Moskvadakı
havadarların köməkliyi ilə Azərbaycandan
alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə
edən erməni kütləvi informasiya vasitələri
Qriqoryanın yanlış tutulduğunu yazırdı.
İstintaq materialları onun qatı cinayətkar olduğunu
sübuta yetirsə də, sonradan cəzası 9 ilə
endirildi.
Xatırladım
ki, "Sumqayıtın əks-sədası" filminin
çəkiliş qrupu bütün maneələrə rəğmən
Paşadan müsahibə almaq üçün Stavropol vilayətinə
getmiş və hansı yollasa məqsədinə də
çatmışdı. O, iğtişaşlara
qoşulduğunu boynuna alsa da, cinayətkarlara rəhbərlik
etdiyini danmış, adam öldürdüyünü, erməni
qızlarını zorladığını etiraf etməmişdi.
Paşa bir şeyi anlamaq istəmirdi ki, qətlə yetirdiyi
adamların qohumları və zorladığı
qızların özləri hüquq-mühafizə
orqanlarında üzləşmə zamanı cinayətlərin
başında məhz onun durduğunu təsdiq etmişdilər.
Sonda çəkiliş qrupunun hansısa "Ostankino"dan
deyil, məhz Azərbaycandan gəldiyini öyrənən
Qriqoryan aldadıldığına görə bərk əsəbləşərək
həmkarlarımızı hədələməkdən də
çəkinməmişdi.
"Nə üçün
Sumqayıt?"
Yəqin
ki, mərhum akademik Ziya Bünyadovun bu başlıq altında
"Elm" qəzetinin 13 may 1989-cu il tarixli nömrəsində
dərc etdirdiyi məqaləni xatırlayanlar olar. O,
yazısında erməni daşnaklarının tarix boyu eyni
ssenari üzrə türklərə qarşı törətdikləri
alçaq əməlləri təkzibedilməz faktlarla
oxuculara çatdırmış, A.Hovanesyanın Yerevanda
çıxan "Kommunist" qəzetindəki
"Suayrıcı" məqaləsinə tutarlı cavab
vermişdir. Mərhum akademik yazırdı ki, "Qarabağ
komitəsi"nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən
bir qədər əvvəl əmanət kassalarında olan
pullarını kütləvi surətdə
çıxarmağa başlayıblar. Mindən yuxarı erməni
dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul
çıxarıb Sumqayıtı tərk edib. Bu, bir daha
sübut edir ki, Sumqayıt olayları qabaqcadan
düşünülmüş, planlı bir aksiya idi. Daha
sonra məqalədə cinayəti törətməkdən
ötrü nə üçün məhz Sumqayıtın
seçilməsinə aydınlıq gətirilir. Bizim də
bildiyimizə görə, o zaman 260 min əhalisi olan
Sumqayıtda yaşayanların əksəriyyəti gənclər
idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər
və valideyn nəzarətindən uzaq idilər. Məhz belə
gəncləri ələ almaq asan olardı. Bundan başqa,
Sumqayıtın ekoloji durumu da gərgin idi. İldə bir
neçə zərərli istehsalat işə
salınırdı. Adamlar bezgin vəziyyətdə idi. Mənzil
tikintisi tələbatı ödəmirdi: ev növbəsində
17 min adam dayanmışdı. Gecəqondularda 20 min adam
yaşayırdı. İcbari iş almış 20 min dustaq da
burada yerləşdirilmişdi. Cinayət üçün
münbit şəraiti olan bu şəhərdə bir
qığılcım bəs edirdi ki, aləm bir-birinə
qarışsın və necə deyərlər, yalan yerisin.
Bunu nəzərə alan erməni millətçiləri və
onların Moskvadakı havadarları Sumqayıtda qan tökməklə
bütün dünyaya car çəkmək istəyirdilər
ki, azərbaycanlılar erməniləri dinc yaşamağa
qoymur, onları fiziki və mənəvi cəhətdən məhv
etmək istəyirlər. Dünya ictimaiyyətinin buna
inanması asan olacaqdı. Elə inanmışdı da.
Ermənilərin operativ
hay-küyü
Talanlar ərəfəsində
İsveçdən Artaşes Qabrielyan adlı bir erməni
öz videokamerası ilə Sumqayıta gələrək
qabaqcadan planlaşdırılmış hadisələri lentə
almaq üçün rahat mövqe seçmişdi. O, lentə
aldığı hadisələrə belə bir ad qoymuşdu:
"Bizi başkəsənlərdən xilas edin". Həmin
film xarici ölkələrdə fəaliyyət göstərən
erməni mərkəzləri üçün nəzərdə
tutulmuşdu. Aydındır ki, Qabrielyanın çəkdiyi
kadrlar hansı məqsədləri güdürdü.
Bədnam
qonşular onlara qarşı yönəldilən yeni
"genosid"i xarici mətbuat səhifələrində
işıqlandırır, xislətlərinə uyğun şəkildə
ağlayıb qan-yaş tökürdülər.
"Azadlıq" radiostansiyasının erməni
redaksiyasının baş redaktoru Eduard Ohanesyan həmin
günlərdə dəridən-qabıqdan çıxır,
Sumqayıt hadisələrini bəşər tarixində
görünməmiş bir aksiya adlandırırdı. Ermənilər
ölənlərin sayının 32 deyil, 500 nəfərdən
çox olduğunu iddia edirdilər. Yerevanda təcili olaraq
"Sumqait, genosid, qlasnost" adlı kitab nəşr olunub
bütün ölkəyə yayılmışdı.
Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan
sonra DİN general-leytenantı V.Krayev şəhərə
komendant təyin edildi. Krayevin əmri ilə bütün erməni
ailələri evlərindən çıxarılaraq şəhər
partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə,
sanatoriyalara yerləşdirilirdi. Komendantın dediyinə
görə, bu, ermənilərin təhlükəsizliyi
üçün edilirdi.
O zaman
yüzlərlə adam tutulub milis şöbəsinə
aparıldı, dindirildi. Yersiz şayiələr də baş
alıb gedirdi. Məsələn, Babayan familiyalı bir erməni
Moskvadan gəlmiş nümayəndələri görüb
qışqıra-qışqıra
danışmışdı ki, guya martın 3-də mədəniyyət
evinin arxasında iki erməni uşağının
başını kəsib atıblar. İstintaq qrupunun rəhbəri,
SSRİ Baş Prokurorluğunun mühüm işlər
üzrə müstəntiqi B.Qalkin təcili olaraq faktı
yoxlamaq üçün hadisə yerinə adam göndərmiş
və şayiə yalan çıxmışdı. Sonralar
Babayan kimilər qeyd elədilər ki, 15 erməni
qadını öldürülüb. Bu da yalan oldu. Beləcə,
ermənilər öz çirkin əməllərindən əl
çəkmirdilər. Əslində isə azərbaycanlı
ailələr bir çox ermənini öz evlərində gizlətməklə
Paşanın cinayətkar dəstəsindən qorumuşdu.
Şəhərin komendantı Krayev Moskvada çap olunan
"Pravda" qəzetinin 21 mart 1988-ci il tarixli
sayındakı müsahibəsində bu barədə
demişdi: "Ölüm çox ola bilərdi, əgər
yerli əhali kömək etməsə idi. Bir avtobus
sürücüsü elə həmin gün 10 erməni ailəsini
öz doğma rayonu Şəkiyə aparıb..."
Həmyerlimiz, ixtisasca mühəndis olan Ramiq Süleymanoğlu da Sumqayıt hadisələrini dərindən araşdıran və ayrı-ayrı mətbuat orqanlarında bu mövzuda maraqlı analitik məqalələrlə çıxış edən azsaylı ziyalılardan idi. Mən ötən yay Ramiqlə şəxsən tanış olmuş və Sumqayıt hadisələrinin növbəti ildönümündə ondan müsahibə almağı nəzərdə tutmuşdum. Amma bu günlərdə fədakar insanın vəfat etdiyini eşidəndə təəssüf hissləri keçirməkdən başqa əlimdən heç nə gəlmədi. Yaxşı ki, həmkarım Eyruz Məmmədov kitabında Ramiq Süleymanoğlunun xidmətini xüsusi qeyd edib və onun yazılarından bəzi nümunələri misal gətirib. Məsələn, Ramiq yazırdı ki, Sumqayıtın hədəf seçilməsi Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıları kütləvi şəkildə, vəhşicəsinə öz yurd-yuvalarından didərgin salmaq və bu işğalçılıq aktlarını məhz əks-tədbir kimi qələmə vermək məqsədi güdürdü. Sumqayıt hadisələrindən sonra bu şəhərdən və Bakıdan qaçqın düşmüş ermənilərin hesabına Dağlıq Qarabağda əhalinin tərkibini ermənilərin xeyrinə dəyişmək və bununla da vilayətdə gərginliyi daha da artırmaq, bədnam "Krunk" cəmiyyəti və "Qarabağ Komitəsi"nin planlarından xəbərsiz olan və ya bu təşkilatların mənfur niyyətləri haqqında az təsəvvürə malik olan erməni xalqının gözündə düşmən türk obrazını təzələmək istəyi də mübahisəedilməzdir.
...Sumqayıtda "uğur"la icra edilən erməni qırğınından vur-tut ikicə gün sonra Stepanakertdə "Sumqayıt genosidi"nə abidə ucaldılması planlı təxribatı onların özlərinin törətməsini sübut edən aşkar faktdır. Axı, uşaq da bilir ki, iki günə abidə düzəltmək və yerinə qoymaq mümkün deyil.
Bax, belə. Qaranlıq mətləblərə nə qədər çox aydınlıq gətirsək, ermənilərin şər və böhtan üçün faktları bir o qədər azalar. Dünya ictimaiyyəti də kimin haqlı, kimin haqsız olduğuna bir daha əmin olar. Bu baxımdan Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə gənclər təşkilatları fəallarının ötən ilin yanvarından təşkil etdiyi "E-mail hücumu" aksiyalarının davamı, 20 Yanvar, Xocalı soyqırımı, Sumqayıt hadisələri barədə kitabların ingilis, rus, fransız və alman dillərində çapı və sair tədbirlər təqdirəlayiqdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2011.- 2 mart.- S. 8.