Xətai
rayonu:"Qara şəhərin" ağ günləri
Son illər respublikanın hər yerində
olduğu kimi, paytaxt Bakının ən böyük
rayonlarından olan Xətainin də sosial, iqtisadi və mədəni
həyatında əsaslı yenidənqurma, inkişaf və tərəqqi
günümüzün reallığına
çevrilmişdir. Paytaxtın böyük yaşayış
massivi kimi tanınan və əsasən ulu öndər Heydər
Əliyevin hakimiyyətinin ilk dövründə inkişaf mərhələsi
yaşamış rayon, məhz ümummilli liderin hakimiyyətə
qayıdışından sonra yeni bir dövrə qədəm
qoydu.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilməsi, bunun nəticəsi kimi ölkənin yüksək sosial- iqtisadi tərəqqisinə aparan mükəmməl iqtisadi siyasət ilk növbədə paytaxtın, sonra isə regionların sürətli inkişafına yol açdı. Təbii ki, Xətai rayonu bu inkişafdan kənarda qala bilməzdi, əksinə onun mərkəzində idi.
Son bir neçə il isə bu rayonda işlər daha böyük templə aparılmağa başlanmışdır.Ona görə də mübaliğəsiz demək olar ki, zaman gələcək, tikinti, quruculuq və abadlıq işlərinin böyük vüsət aldığı indiki dövr, ümummilli liderin, bir vaxtlar qara şəhər kimi tanınan bu ərazinin ağ şəhərə çevrilməsi arzusunun reallaşmasına ünvanlanan layihənin həyata keçirilməsi dövrü kimi tarixə düşəcək.
Bu fikirlərimizi təsdiq edən daha müfəssəl faktlar və rəqəmləri, bu günlərdə rayonda keçirilən Xətai Rayon İcra Hakimiyyəti başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında eşitdik.
Dünya ölkələrinin iqtisadi inkişafını əngəlləyən maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 7 ildə həyata keçirdiyi milli tərəqqi və inkişaf strategiyasının uğurlarını sadalamaqla hesabat məruzəsinə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etdi ki, ölkəmiz 2010-cu ilin yekunlarına görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında olmuş, Dünya İqtisadi Forumunun hesablamalarına əsasən iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə MDB məkanında yenə də birinci yerə çıxmışdır.
Makroiqtisadi sabitlik, həyata keçirilən iri infrastruktur layihələri 2010-cu ildə də Azərbaycana böyük investisiya qoyuluşunu təmin etmiş, transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşməsində atılan uğurlu addımlar, əldə olunmuş nailiyyətlər Azərbaycanı həm siyasi, həm iqtisadi cəhətdən gücləndirmiş, regionda onun dünya birliyinin etibarlı tərəfdaşı kimi beynəlxalq imicini daha da möhkəmləndirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindən biri kimi Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsini xüsusi qeyd edən natiq, 2010-cu ildə bütün sosial proqramların icra edildiyini, əhalinin pul gəlirlərinin 12,3 faiz artdığını, minimum əməkhaqqı və pensiyanın baza hissəsinin 75 manatdan 85 manata qaldırıldığını, ünvanlı sosial yardım proqramı çərçivəsində 550 min nəfərin dövlətdən yardım aldığını bunun əyani göstəricisi kimi diqqətə çatdırdı.
Ölkədə yoxsulluğun səviyyəsinin durmadan aşağı düşməsini, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların yeddi il ərzində 4-5 dəfə aşağı düşdüyünü vurğulayan icra hakimiyyətinin başçısı əlavə etdi ki, 2010-cu ildə sosial infrastrukturun yaradılması və inkişafı üzrə də böyük işlər görülmüş, 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmiş, 5 Olimpiya İdman Mərkəzi yaradılmışdır. Çox mühüm əhəmiyyət kəsb edən Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş Xətai rayonunun hərtərəfli inkişafı üçün də böyük işlər görüldüyünü və bu işlərin hazırda uğurla davam etdirildiyini söyləyən R.Məmmədov əlavə etdi ki, 2010-cu ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 871,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir . Bu da 2009-cu illə müqayisədə 51,1 faiz çoxdur. Sənaye istehsalının 36,2 faizi məhsul istehsalının, 63,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Keçən il istehlakçılara 874,1 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,3 faizi qədər məhsul göndərilmişdir. Ümumi istehsalın və göstərilən xidmətlərin 70,3 faizi dövlət sektorunun, 29,7 faizi isə qeyri-dövlət sektorunun hesabına olmuşdur. İlin sonunda sənaye müəssisələrinin anbarlarında 1 milyon manatlıq hazır məhsul qalmış, həmin müəssisələr tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş əlavə 186,9 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Əhaliyə satılmış istehlak mallarının və göstərilmiş pullu xidmətlərin həcmi 2009-cu ildəkindən 12,2 faiz, o cümlədən pərakəndə əmtəə dövriyyəsi, iaşə də daxil olmaqla 6,9 faiz artmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 14,1 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 4,3 faizi yarmarkalar, 81,6 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əmtəə dövriyyəsinin 99,8 faizi, pullu xidmətlərin 87,7 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.
Məruzədə qeyd olunduğu kimi, 2010-cu il ərzində bütün mənbələr hesabına əsas kapitala 163,5 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da 2009-cu ilə nisbətən 22,8 faiz çoxdur. Qoyulmuş investisiyaların 86,7 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilmiş, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsaitin həcmi isə 2009-cu illə müqayisədə 7,4 faiz artaraq 125,7 milyon manata çatmışdır.
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi də 2009-cu ilə nisbətən 2 dəfə artaraq 607,5 milyon manat olmuşdur. Podratçı təşkilatlar yeni tikinti, yenidənqurma, genişləndirmə,texniki vasitələrin yenidən təchiz edilməsi işlərini 2009-cu ildəkindən 2 dəfə, yəni 504,5 milyon manat, əsaslı təmir işlərini 2 dəfə, yəni 66,4 milyon manat,cari təmir işlərini 4,4 dəfə, yəni 200,4 milyon manat, sair işlər isə 1,4 dəfə yəni 16,5 milyon manat artırmışlar.
R.Məmmədov iqtisadi inkişafın əhalinin işlə təmin olunması və pul gəlirlərinin artmasına birbaşa təsirindən danışaraq bildirdi ki, rayon üzrə işçilərin orta sayı 2009-cu ilin eyni dövrü ilə müqayisədə 4032 nəfər artaraq 54255 nəfərə çatmış, bu müddətdə işçilərin orta aylıq nominal əmək haqqı 12,3 faiz artaraq 443,6 manat olmuşdur. Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı 2009-cu ilin müvafiq dövrünə nisbətən 10,5 faiz artaraq 390,3 manat, tikinti kompleksində 0,8 faiz artaraq 473,5 manat olmuş, nəqliyyat sahəsində çalışanların orta aylıq əmək haqqı isə 582,7 manat təşkil etmişdir.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin artması yeni müəssisələrin yaradılmasına xüsusi impuls vermişdir. Yeni yaradılan bu müəssisələrin və mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildən indiyə kimi 19308 iş yeri açılmışdır ki, bunun da 19102-i daimi iş yeridir. 2010-cu ildə isə 3250 yeni iş yeri yaradılmışdır.
İcra hakimiyyətinin başçısı rayonda pensiya və müavinatların vaxtında ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, plastik kartlarla həyata keçirilən ödənişlərin sahibləri tərəfindən alınması üçün bankomatların sayının artırıldığını da diqqətə çatdırdı. Həmçinin qeyd olundu ki, əhalinin aztəminatlı təbəqəsinə ünvanlı sosial yardımların verilməsi işində şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilmişdir.
Ötən il ərzində vətəndaşlardan ünvanlı sosial yardımla bağlı 3530 müraciət daxil olmuş və 3453 vətəndaşın sənədləri bu məqsədlə yaradılmış komissiyaya təqdim etmək üçün qəbul edilmişdir. Hazırda ünvanlı sosial yardım alan 3450 ailə 15500 nəfəri əhatə edir ki, onlara ümumilikdə 345 min manat aylıq yardım təyin edilmişdir.
Məruzədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifə və tapşırıqların yüksək səviyyədə icra edilməsi ilə yanaşı, 2006-cı ildən başlayaraq rayonda küçə və prospektlərin, park və meydanların yenidən tikilməsi, müasir parkların salınması, əhalinin sosial-məişət problemlərinin həlli, onların istirahətinin təşkili və s. məqsədi ilə bir çox layihələrin uğurla həyata keçirildiyi də vurğulandı. Natiq bildirdi ki, həmin layihələrin tərkib hissələrindən biri də rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində vəziyyətin yaxşılaşdırılması, əhalinin qaz, su və elektrik enerjisi ilə fasiləsiz təminatı üçün bu şəbəkələrin yenidən qurulması olmuşdur.
Bu istiqamətdə görülmüş işlərdən danışarkən qeyd olundu ki, 2010-cu ildə Xətai rayonunda müxtəlif təyinatlı yeni inzibati binalar, sosial obyektlər inşa olunmuşdur. Dövlət Sərhəd Xidməti Akademiyasının və Yahudi məktəbinin inzibati binaları, Dəniz yük limanı, Y.Səfərov küçəsindəki yeraltı keçid hesabat ilinin buraxılış obyektlərindən olmuş, həmin obyektlərin açılışında və Belarus səfirliyinin təməlqoyma mərasimində Prezident İlham Əliyev şəxsən özü iştirak etmişdir.
Yeni obyektlərin tikintisi ilə yanaşı, mövcud tikililərin fasadlarının milli memarlıq ənənələrinə uyğun yenidən qurulması işi də rayonumuzda geniş vüsət almışdır. Nobel və Xocalı prospektlərindəki, Yusif Səfərov küçəsindəki 5 mərtəbəli yaşayış binalarının fasadlarının üzlük daşla yenidən qurulması layihələri üzrə 2009-cu ildə başlanmış işlər hesabat ilində başa çatmış, həmin binaların yöndəmsiz eyvanları əsaslı təmir olunmuş və tökmə üsulla hazırlanmış yeni məhəccərlər quraşdırılmaqla yeni görkəm almışdır.
Magistral yolların kənarındakı bütün yaşayış və qeyri-yaşayış binalarının fasadlarının işıqlandırılması, binaların dam örtüyündə yerləşən tüstü borularının üzlənməsi layihələri də rayonda uğurla icra olunur.
Ötən il rayon ərazisindəki yaşayış binalarının fasadlarının ağlay daşla üzlənməsi ilə yanaşı bir 9 mərtəbəli yaşayış binasının fasadına alkopan vurulmuş, M.Hadi, Zığ yolu küçələrində və Gəncə prospektində on iki 9 mərtəbəli yaşayış binasının 17 min kvadratmetrə yaxın fasadının əsaslı təmiri başa çatdırılmışdır.
Bir il əvvəl üzlük daşla üzlənmiş və üzərində memarlıq üslübunda saat mexanizmi quraşdırılmış və müasir işıqlandırma sistemi ilə təchiz olunmuş Y.Səfərov küçəsindəki 4 saylı binada tikilmiş mansard və kümbəz, eləcə də onların ətraflarında quraşdırılmış işıqlandırıcılar mərkəzdə yerləşən bu küçəyə xüsusi bir gözəllik verir.
Rayonumuz əhalinin asudə vaxtların səmərəli keçirməsi və ərazilərin abadlaşdırılması məqsədi ilə müasir parkların, meydanların, nümunəvi həyətlərin tikilməsi kimi işlərdən də kənarda qalmamışdır. Son 4 ildə tikdiyimiz Xocalı park xiyabanı, Ukrayna dairəsi, Heydər parkı, Zığ dairəsi yaxınlığındakı yaşıl örtüklü guşə, Zığ yolu 37-39 ünvandakı nümunəvi həyət və digər nümunəvi həyətlər şəhərimizin görkəmini dəyişməklə yanaşı, rayon əhalisinin də böyük razılığına səbəb olmuşdur.
R.Məmmədov xüsusi qeyd etdi ki, Zığ yolu 42, 44 və 46 saylı binaların arxasında 2 hektardan artıq sahənin uzun illər baxımsız qalması, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunaraq çəpərlənməsi, burada antisanitar vəziyyətin olmasına gətirib çıxarmış və bu da vətəndaşların narazilığına səbəb olmuşdur. Səyyar qəbullar zamanı vətəndaşların qaldırdığı bu məsələ və həmin ərazidə yeni park salınması xahişi bizi də maraqlandırdı. Həmin əraziyə baxış keçirdikdən sonra, az vaxtda layihə işləyib razılaşdıradıq və ötən il həmin sahədə parkın tikintisinə başladıq.
Qısa vaxt ərzində 2 hektardan artıq ərazidə müasir memarlıq üslubunda yeni park tikildi. Burada park boyu fəvvarələr kompleksi, müxtəlif uşaq əyləncə elementləri, rəngarəng işıqlandırıcılar, oturacaqlar quraşdırıldı. Parkın ərazisində 10 min kvadratmetrdən artıq sahədə salınmış yaşıllıqlar, tikilmiş xidmət sahələri, əkilmiş minlərlə gül kolu və yaradılan digər şərait bu gün rayonumuzun sakinlərinin ixtiyarına verilmişdir.
Ötən ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zığ yolunda yeni tikilən həmin parka gələrək görülən işlərlə tanış olması, rayonumuzda görülən belə çoxsaylı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirməsi bizi hədsiz sevindirmiş və daha böyük enerji ilə işləməyə, rayonun abadlaşdırılması istiqamətində əlavə layihələr həyata keçirməyə ruhlandırmışdır.
Ötən il park tikintisi ilə əlaqədar daha bir layihə C.Naxçıvanski adına Hərbi Liseyin yanındakı dairədə reallaşmışdır. Yeni saldığımız bu park əvvəlki illərdə onun yaxınlığında tikdiyimiz abad yaşıl guşə ilə birlikdə böyük bir istirahət kompleksi təşkil edir.
Sonra natiq Nobel prospektindəki çoxmərtəbəli digər yaşayış binalarının müasir tələblər səviyyəsində əsaslı təmir olunması, binaların damlarının rekonstruksiyası, Y.Səfərov küçəsində Xətai abidəsinin arxasındakı park xiyabanda başlanmış yenidənqurma işləri, Heydər parkının ərazisinin genişləndirilərək burada sakinlər üçün əlavə şəraitin yaradılmasının da yaxın vaxtlarda reallaşacaq layihələrdən olduğunu diqqətə çatdırdı.
Qeyd olundu ki, magistral avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Nobel prospekti, Zığ yolu, Y.Səfərov küçəsi, Xocalı və Babək prospektləri boyunca yeni yaşıllıqlar salınmış, 20 mindən çox müxtəlif ağac və 50 mindən çox dekorativ gül kolu əkilmişdir. Eyni zamanda, həmin küçə və prospektlərdəki piyada yollarının böyük bir hissəsinə müasir döşəmə plitələri vurulmuşdur.
Rayonun xidmət təsərrüfatının normal fəaliyəti, mənzil fondunun qorunub saxlanılması, abadlıq və təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, bu sahəyə aid tapşırıqlar dəqiq icra olunmuşdur.
Əhaliyə göstərilən kommunal xidmətinin yüksəldilməsi nəticəsində qış mövsümündə əhalini ən çox narahat edən istilik, qaz və işıq problemləri, yay mövsümündə isə su problemi əvvəlki illərlə müqayisədə əsaslı şəkildə yaxşılaşmışdır.
Küçələrin işıqlandırılması da diqqətdən kənarda qalmamış, yeni, müasir dirəklər quraşdırılaraq bir sıra küçə və prospektlərin işıqlandırılması təmin edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı onu da vurğuladı ki, küçələrin, piyada yollarının asfaltlanması bizi ən çox narahat edən məsələlərdən olduğundan bu iş nəzarətdə saxlanılmış və ötən il küçələrə, məhəllədaxili yollara və səkilərə 115 min kvadratmetr asfalt döşənmişdir.
Hesabat məruzəsində o da vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasına dövlətimizin qayğısı icra strukturlardan bu sahələrin inkişafına daha həssas olmağı tələb edir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, son illərdə olduğu kimi keçən il də rayonumuz Ali məktəblərə qəbul üzrə yüksək nəticələr göstərərək birincilər sırasında oldu. Qəbul üçün sənəd vermiş məzunlarımızın 52,2% ali məktəblərə qəbul olunmuşdur. Bütövlükdə, Bakı şəhəri üzrə bu göstərici isə 44,8% olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı təhsillə yanaşı rayonun səhiyyə müəssisələrinin, hüquq mühafizə orqanlarının, gənclər və idman idarsinin fəaliyyətini də geniş təhlil etdi, qazanılan uğurlarla yanaşı, həlli vacib olan problemləri diqqətə çatdırdı.
R. Məmmədov Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə bağlı rayonda görülən işləridən bəhs edərkən bildirdi ki, hər həftənin şənbə və bazar günləri təşkil olunmuş iməciliklər və ağacəkmə kampaniyalarında rayon ərazisində 20 min şam, küknar, çinar, palıd və s. kimi ağac və 50 mindən artıq xaricdən gətirilmiş gül kolu əkilmiş, yaşıllaşdırılma zolaqları salınmışdır.
Həmçinin qeyd olundu ki, Bakı şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə 2006-cı il iyulun 17-dən başlayaraq, hər həftənin şənbə və bazar günləri Xətai rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Yarmarkaların təşkilinin səmərəliliyinin artırılması daim nəzarətdə saxlanılır və rayonun rəhbər işçiləri xüsusi hazırlanmış qrafik əsasında sanitar təmizliyə, gətirilən məhsulların keyfiyyətinə və müəyyənləşdirilmiş qiymət intizamına nəzarət edirlər.
R.Məmmədov rayon sakinlərinin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bildirdi ki, Xətai Rayon İcra Hakimiyyəti 2010-cu il ərzində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmış, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin etmiş, vətəndaşların mütəmadi qəbulunu təşkil etmişdir.
2010-cu ildə rayon icra hakimiyyətində keçirilmiş 42 qəbulda icra hakimiyyətinin başçısı 536 nəfər, müavinlər və şöbə müdirləri tərəfindən isə 2872 nəfər rayon sakinini qəbul etmiş, 44 ünvanda keçirilən səyyar görüş-qəbullarda 311 vətəndaşın müraciətinə baxılmışdır.
Əhalinin ərizə və şikayətləri üzərində xüsusi dayanan R.Məmmədov bildirdi ki, 2010-cu ildə rayon icra hakimiyyətinə 2563 ərizə, 1088 məktub daxil olmuşdur. Daxil olan müraciətlərin 365-i müsbət həll olunmuş, 85 müraciətin müsbət həlli üçün əlavə araşdırmalar və tədbirlər görülmüş, 90 müraciətdə göstərilən halların müsbət həlli qanunvericiliyə uyğun olmadığına görə həll edilməmiş və bu barədə ərizəçilərə ətraflı məlumat verilmiş, 291 müraciət isə araşdırılıb tədbir görülmək üçün aidiyyəti idarə və təşkilatlara göndərilmişdir. Daxil olan müraciətlərin 241-nə nəzarət qaydasında baxılmışdır.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş iclasında qeyd edilən neqativ halların baş verməməsi məqsədi ilə son günlərdə rayon icra hakimiyyətində keçirilən müşavirələrdə aparatın işçilərinə, idarə və müəssisə rəhbərlərinə ciddi tapşırılmışdır ki, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması zamanı süründürməçilik və digər xoşagəlməz hallara yol verilməsin, hər bir müraciətə vaxtında baxılsın, insanlarla ünsiyyətə diqqət artırılsın, dövlət qulluqçusunun etik davranış qaydalarına ciddi riayət olunsun.
Neqativ hallara qarşı mübarizədə ictimaiyyətin rolunun böyük olduğunu nəzərə alaraq yerlərdə vətəndaşlarla keçirdiyimiz görüş-qəbullarda sakinlərə bildirilmişdir ki, bürokratik əngəllər, süni maneələr, ədalətsizliklər, əsassız yoxlamalar və digər problemlərlə rastlaşdıqda dərhal müraciət etsinlər. Düşünürük ki, ölkəmizin inkişafına mane olan və nüfuzuna xələl gətirən neqativ hallarla mübarizədə hər birimiz fəallığımızı artırmalıyıq.
Sonra rayonun ayrı-ayrı idarə və müəssisə rəhbərlərinin məruzə ətrafında çıxışları dinlənildi. Qeyd olundu ki, 2010-cu ildə rayonun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan işlər bütövlükdə yerinə yetirilmiş və bir çox sahələrdə plan və tapşırıqlara artıqlaması ilə əməl edilmişdir. Yığıncaqda çıxış edən Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Səməd Seyidov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev Xətai Rayon İcra Hakimiyyəti başçısının 2010-cu ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər və əldə olunan nailiyyətlərlə kifayətlənməməyi, daha böyük ruh yüksəkliyi ilə işləməyi tövsiyə etdilər.
Hesabat yığıncağının on iki bənddən ibarət qərar layihəsi oxunduqdan sonra, yığıncaq iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edildi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2011.- 3 mart.- S. 6.