Regionların
dinamik sosial-iqtisadi inkişafı müstəqilliyin ən
böyük nailiyyətlərindəndir
Son illər ölkəmizdə regionların
sosial-iqtisadi inkişafı sahəsində çox
böyük uğurlar əldə edilmişdir. Bu
istiqamətdə 2004-cü ildə qəbul edilmiş birinci
Dövlət Proqramından sonra bölgələrdə nəhəng
quruculuq işlərinə başlanmış, yeni-yeni sənaye,
kənd təsərrüfatı və xidmət obyektləri
işə salınmış, nəticədə yüz minlərlə
yeni iş yerləri yaradılmışdır.
Regionların canlanması, paytaxta insan axınının səngiməsi
və ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində mühüm addımlar
atılmışdır.
"Azərbaycan
Respublikası regionlarının 2009 - 2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda əldə olunmuş uğurlardan ətraflı
söhbət açılmış, qarşıda duran vəzifələr
geniş müzakirə edilmişdir. Dövlətimizin
başçısı cənab İlham Əliyev
konfransdakı giriş nitqində demişdir:
"Bütövlükdə deyə bilərəm ki, 2004 -
2008-ci illəri əhatə edən proqram artıqlaması ilə
icra edildi... 2009-2013-cü illəri əhatə edən
Dövlət Proqramı da uğurla icra olunur.
Artıq iki ildir ki, proqram icra edilir. Deyə bilərəm ki,
qarşıda duran bütün məsələlər,
bütün vəzifələr öz həllini tapır. 2009
- 2010-cu illər dünya tarixində maliyyə və iqtisadi
böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan
iqtisadiyyatının bu illərdə artımı xüsusi məna
daşıyır. Son iki il ərzində Azərbaycan
iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə
bilərəm ki, o cümlədən qəbul edilmiş
regionların sosial-iqtisadi inkişaf proqramlarının
icrası nəticəsində mümkün olmuşdur. Əgər
biz vaxtilə regionların inkişafına böyük diqqət
göstərməsəydik, çox güman ki,
iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi
özünü göstərə bilərdi. Bizim məqsədimiz
isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli
olsun".
Azərbaycan
iqtisadiyyatında neft və qaz sənayesinin ölkəmizin
taleyində nə qədər böyük əhəmiyyəti
olduğu hamıya məlumdur. Hətta müstəqilliyə qədərki
iki əsrə yaxın zorla tərkiblərinə
qatıldığı imperiyaların məcburi itaətlik
dövründə belə bu mühüm sahə Azərbaycanın
inkişafında aparıcı mövqeyə malik olmuşdur.
Müstəqilliyin
ilk dövrlərində neft və qaz sənayesinin ölkə
həyatı üçün müstəsna rolunu qiymətləndirməyi
bacarmayan o zamankı "dövlət
başçılarından" fərqli olaraq az sonra yenidən
respublika rəhbərliyinə dəvət olunan ulu öndər
Heydər Əliyev ilk dəfə Azərbaycan
iqtisadiyyatının bu mühüm sahəsinin böyük
imkanlarını xalqın tərəqqisinə yönəltdi.
Əsası "Əsrin müqaviləsi" ilə qoyulan
Heydər Əliyev neft strategiyası bütün çətinliklərə
baxmayaraq, tezliklə reallaşdı və müstəqil Azərbaycanın
iqtisadi qüdrətinin möhkəmləndirilməsində
mühüm rol oynadı.
Bununla belə,
neft və qaz sənayesinin istər Sovet dövründə, istərsə
də müstəqillik illərində Azərbaycanın həyatında
müstəsna əhəmiyyətini son dərəcə
yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev
yaxşı dərk edirdi ki, neft və qaz ehtiyatları nə
zamansa tükənməlidir. Bunu nəzərə alaraq o,
respublika iqtisadiyyatının hərtərəfli inkişaf
yollarını əvvəlki rəhbərliyi dövründə
olduğu kimi, müstəqillik illərində də diqqət
mərkəzində saxlayırdı. Bu düzgün elmi
baxışlara söykənən konseptual yanaşma nəticəsində
ölkənin qeyri-neft sektoru yüksək sürətlə
inkişaf etməyə başladı. Təsadüfi deyildir
ki, son illərdə iqtisadi inkişafa yönəldilən sərmayə
əsasən qeyri-neft sektoruna qoyulur. 2010-cu ildə bu məqsəd
üçün istifadə edilən vəsaitin 60 faizi (15,5
milyard dollardan 9,3 milyard dolları) həmin sahələrin
payına düşmüşdür. Bunun nəticəsidir ki,
2010-cu ildə ölkədə 160-a yaxın müxtəlif
qeyri-neft sektoru sahələrinin müəssisələri
tikilib istismara verilmişdir. Diqqətəlayiq haldır ki,
artıq qeyri neft-sektoru sahələrinin inkişaf sürəti
ümumi ölkə iqtisadiyyatının və sənayesinin
artımını xeyli üstələyir. Məsələn,
ÜDM-in 2010-cu ildə real artım sürətini (5 faiz) və
sənayenin artımını isə (2,6 faiz) üstələyərək
qeyri-neft sənaye sektorunun artımı 6,6 faizə bərabər
olmuşdur. Nəticədə 2010-cu ildə qeyri-neft sektoru sənaye
sahələri ümumi ölkə sənaye məhsulunun 18,3
faizini vermişdir.
Bununla əlaqədar
yeri gəlmişkən, bir vacib məsələyə də
toxunmaq lazımdır. Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda ölkə Prezidenti cənab İlham Əliyev
demişdir: "Mən yaxşı xatırlayıram, bir
neçə il bundan əvvəl bəzi beynəlxalq qurumlarda
Azərbaycanda "Hollandiya sindromu" haqqında fikirlər səslənmişdi,
yəni Azərbaycanda iqtisadiyyat birtərəfli inkişaf edəcək,
ancaq neft amilinə söykənir, iqtisadiyyatın digər sahələrində
perspektivlər yoxdur. Bizim apardığımız siyasət
isə onu göstərir ki, artıq Azərbaycan
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi
formalaşıb və "Hollandiya sindromu"
haqqındakı o fikirlər artıq səslənmir".
Əlbəttə,
bəzi beynəlxalq qurumların Azərbaycanın iqtisadi
inkişafı və istiqamətləri barədə bu fikirləri
tamamilə yanlışdır. Düzdür, XIX əsrin
ortalarından başlayaraq geniş inkişaf yoluna qədəm
qoymuş Azərbaycan iqtisadiyyatı keçən əsrin
ikinci yarısından bir müddət xeyli məhdud istiqamətdə
inkişaf etmişdir. Lakin XX əsrin 70-80-ci illərində
ulu öndər Heydər Əliyevin
düşünülmüş iqtisadi siyasəti nəticəsində
Azərbaycan iqtisadiyyatının hərtərəfli
inkişafının əsası qoyuldu və dünyanın
qabaqcıl ölkələrinə xas olan həmin inkişaf
meyli indi də çox uğurla davam etdirilir.
Məlumdur
ki, uzun müddət imperiyaların iradəsi ilə inkişaf
edən Azərbaycan iqtisadiyyatında yol verilən nöqsanlar
nəticəsində yaranmış uyğunsuzluqlardan biri də
onun regionları arasında ümumi sosial-iqtisadi inkişaf səviyyəsinə
görə dərin fərqlərin yaranması idi. Regionların
tarazlı inkişafı məsələsi ilk dəfə əsaslı
şəkildə keçən əsrin 70-80-ci illərində
ulu öndər Heydər Əliyev tərəfindən gündəmə
gətirildi. O zamanlar bu sahədə əldə edilən
böyük naliyyətlər təəssüf ki, Sovet
dövlətinin süqutu ərəfəsində və əldə
etdiyimiz müstəqilliyin başlanğıcında məlum
səbəblərdən xeyli itirildi. Sonralar iqtisadiyyatın
qismən bərpası və dirçəlməsi gedişində
regionlarda da məhsuldar qüvvələrin tədricən
canlanması baş verdi.
Ölkənin
bütün ərazilərinin həmahəng inkişafı və
bu cəhətdən onlar arasında tarazlı nisbətlərin
yaranması yolları isə regionların sosial-iqtisadi
inkişafının 2004-2008-ci və 2009-2013-cü illəri əhatə
edən birinci və ikinci Dövlət Proqramlarında nəzərdə
tutulan əhatəli tədbirlərin həyata keçirilməsi
ilə müəyyən edilmişdir. Keçən dövr ərzində
işğal olunmuş ərazilərdən başqa,
bütün regionlarda zəruri infrastruktur sistemlərinin
genişlənməsi və yeniləşməsi, müxtəlif
istehsal təyinatlı müəssisələrin
yaradılması sahəsində aparılan böyük
quruculuq fəaliyyəti nəticəsində onların
ümumi sosial-iqtisadi inkişafı müqayisə olunmaz dərəcədə
dəyişmişdir. Bu sahədə nəzərdə tutulan
tədbirlər indi də uğurla icra olunur. Azərbaycanda
keçid dövrünün tezliklə başa
çatması bazar münasibətlərinin tələblərinə
uyğun onun bütün əsas sahələrinin sahmanlı
inkişafı nəticəsində olmuşdur. Bu həm də
ölkənin regionlarında məhsuldar qüvvələrin
yeni şəraitə uyğun inkişafı hesabına
baş vermişdir. İndi müxtəlif regionlarda qeyri-neft
sektoru sahələrinin (metallurgiya, maşınqayırma,
tikinti, yüngul və yeyinti sənayesi) çoxlu müəssisələri
yaradılır. Yerli şərait və imkanlar əsasında
artıq respublikanın hər bir regionunda özünəməxsus
istehsal strukturu təşəkkül tapır və onların
hamısında əhatəli sosial-iqtisadi inkişaf prosesi
gedir. Regionların inkişafı o səviyyədə həyata
keçirilir ki, onlar mümkün olan sərvətlərdən
və imkanlardan dolğun və səmərəli istifadə
etməklə həm öz daxili, həm də ölkə tələbatının
ödənilməsinə əhəmiyyətli töhfələr
verirlər. Ən əsası isə odur ki, regionlarda məhsuldar
qüvvələrin ümumi inkişafı mütəşəkkil
təşkil olunduğundan onlarda sürətlə artan əhalinin
məskumlaşması əsasən ərazilərin öz
daxilində daha münasib şəkildə tənzimlənməsi
nəticəsində insanların paytaxta yersiz
axınını məhdudlaşdırır.
Qeyd
etdiyimiz kimi, sosial-iqtisadi inkişaf səviyyəsinə
görə vaxtilə uzun müddət regionlar arasında
yaranmış böyük fərqlər Azərbaycana
ağır miras kimi keçmişdən qalmışdır və
bu qeyri-bərabərliyi aradan qaldırmaq təbii ki, xeyli vaxt
və məqsədyönlü fəaliyyət tələb
edir. Həm də əsas odur ki, regionların
inkişafında lazımi tarazlıq yaratmaq üçün
məsələnin mahiyyətindən irəli gələn əsas
məqsədlərə əməl edilməlidir. Gərək
ilk növbədə milli sahibkarlar, xarici sərmayəcilər,
səhmdar cəmiyyətlər və şirkətlər,
ümumiyyətlə, bu vacib işə məsul olan qurumlar regionlarda
dövlətin müəyyən etdiyi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
orada yaradılan əlverişli infrastruktur və biznes
mühitindən daha bacarıqla və məqsədyönlü
istifadə etsinlər. Regionlarda mümkün olan yerli imkanlar əsasında
zəruri istehsal sahələrinin, xüsusilə sənayenin
daha güclü potensialının təşəkkülünə
diqqət artırılmalıdır. Onu da nəzərə
almaq lazımdır ki, istehsalın təşkilinin vacib ərazi
prinsipləri əsasında bütün regionlarda sahmanlı
sosial-iqtisadi vəzifələrin həlli şəraitində
belə, onlar arasında bir sıra makroiqtisadi statistik göstəricilərə
görə müəyyən fərqlər də ola bilər.
Problemin əsas
mahiyyəti isə ondan ibarətdir ki, Bakı şəhəri
də daxil olmaqla kiçik əraziyə malik olan Abşeron
iqtisadi regionunda məhsuldar qüvvələrin çox
yüksək inkişaf səviyyəsi müqabilində, onun
hüdudlarından kənarda yerləşən ölkənin
başqa ərazi hissələrində nisbətən zəif
sosial-iqtisadi durum mənzərəsi hələ də müəyyən
dərəcədə özünü göstərir. Bu vəziyyətin
əsas səbəbi təkcə ondan ibarət deyildir ki,
Abşeron iqtisadi regionunda imperiyalar dövründə
onların maraqlarına uyğun sahələrin inkişafı
hesabına burada daha böyük istehsal potensialı
yaranmışdır. Həm də həmin məkanda
istehsalın ərazi təşkili prinsiplərinə zidd
olaraq burada iqtisadiyyatın inkişaf istiqamətinə və
yerli şəraitə münasib olmayan başqa müxtəlif
sahələrin də çoxlu müəssisələri yerləşdirilmişdir.
Hər iki hal ölkənin sosial-iqtisadi inkişafında
müxtəlif problemlərin yaranmasına səbəb
olmuşdur. Bakı da daxil olmaqla Abşeron iqtisadi regionunda
istehsal və xidmət sahələrinin çoxluğu, habelə
infrastruktur sisteminin xeyli əlverişliyi burada eyni zamanda, əhalinin
də həddən artıq sıxlığını
yaratmışdır. Bu səbəblərdən getdikcə
çətinləşən ərazidaxili nəqliyyatın
son dərəcə sıxlığı (təkcə respublikada
hər 100 ailəyə düşən şəxsi avtomobillərin
56 faizi bu regionda cəmləşmişdir)
yaranmışdır. Bundan başqa, əhalinin mənzil, su, ərzaq
və başqa təhcizat sahəsində çoxlu cətinliklər
meydana gəlir. Bununla yanaşı, ərazidə
vaxtaşırı fəal torpaq sürüşməsi halları
baş verir, zəlzələ ehtimalı artır, ətraf
mühitin xeyli çirklənməsinə (Dövlət
Statistika Komitəsinin məlumatına görə respulikada
çirkləndirici maddələrin atmosferə
atılmasının 81 faizi Abşeron regionunun payına
düşür. Ancaq Bakı və Sumqayıt şəhərlərində
adambaşına düşən karbon qazının
emissiyası respublikanın başqa iri şəhərlərinin
səviyyəsindən təxminən 3-4 dəfə
çoxdur) səbəb olur. Müxtəlif kriminal hadisələr
və cinayətlər artır. Rəsmi qeydiyyata
alınmış belə hadisələrin 2009-cu ildə 41
faizi bu regionda baş vermişdir və s. Bu hadisələrin
aradan qaldırılmasına dövlət hər il məcburi
qaydada xeyli həcmdə əlavə vəsait sərf etsə
də, onların bəzilərinin mənfi təsirləri
müəyyən dərəcədə yenə də
qalmaqdadır.
Ölkənin
başqa regionlarında isə Abşerona nisbətən
sosial-iqtisadi inkişafın zəifliyi şəraitində
sürətlə artan əhalinin başqa yerlərə,
xüsusən paytaxta axınına səbəb olur ki, bu da son
nəticədə həmin ərazilərdə ilk növbədə
onun intellektual təbəqəsinin artmasını məhdudlaşdırır.
Məlumdur
ki, ölkənin dayanıqlı və hərtərəfli
müstəqil iqtisadiyyatının getdikcə daha da möhkəmləndirilməsi
məqsədilə sahibkarlıq fəaliyyətini genişləndirmək
yolu ilə qeyri-neft sektorunun müxtəlif sahələrinin
inkişafının genişləndirilməsi əsasında
regionların sosial-iqtisadi durumunun daha da
yaxşılaşdırılması dövlətimizin müəyyən
etdiyi ən vacib strateji inkişaf istiqamətlərindən
biridir. Bunun da başlıca məqsədini Abşeron regionu ilə
ölkənin başqa iqtisadi regionları arasında
sosial-iqtisadi inkişafın daha məqbul
tarazlığının yaradılması təşkil edir. Məsələ
ondadır ki, Abşeron iqtisadi regionunun çox sahmanlı nəqliyyat
kommunikasiya və başqa təyinatlı infrastruktur sistemləri,
habelə onun əlverişli coğrafi mövqeyi sahibkarlıq
fəaliyyəti üçün xeyli cəlbedici olduğundan
iş adamlarının məhz burada fəaliyyət
marağını artırır. Lakin nəzərə almaq
lazımdır ki, göstərilən ərazinin son dərəcə
yüksək sosial-iqtisadi inkişafı və onun artıq həddini
aşmış mənimsənilməsi buranın iqtisadi
sisteminə və istehsal şəraitinə uyğun olmayan
müəssisələrin iqtisadi, hətta lazım gələrsə
inzibati vasitələrlə yerləşdirilməsinin
qarşısını almaq lazımdır. Əks təqdirdə,
Abşeronda istehsalın və əhalinin
sıxlığı əsassız olaraq daha da arta bilər
ki, bu da Azərbaycanın başqa regionlarının hərtərəfli
inkişafinı süni sürətdə məhdudlaşdırar.
Abşeronun müxtəlif faydalı
qazıntılarının bol ehtiyatları (neft, qaz, kimya
xammalı, tikinti materialları, alternativ enerji mənbələri,
zəngin sağlamlıq və müalicə imkanları və
sairə), Sovet dövründə burada yaradılan
mühüm dövlət əhəmiyyətli müəssisələrin
yenidən qurulması və genişləndirilməsi zəruriyyəti,
Bakı kimi böyük şəhərin təsərrüfatının
daim təkmilləşdirilməsi burada iqtisadiyyatın
müxtəlif sahələrinin istər-istəməz
artmasına səbəb olacaqdır. Ona görə də
Abşeron iqtisadi regionunda sosial-iqtisadi inkişafın
genişlənməsi bu və ya digər dərəcədə
yenə də artmaqda davam edəcəkdir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları əsasında
infrastruktur sistemlərinin yeniləşməsi, müasirləşdirilməsi
və genişləndirilməsi nəticəsində yerlərdə
müxtəlif istehsal sahələrinin təşkili
üçün indi cox yaxşı şərait
yaranmışdır. Təsadüfi deyildir ki, son zamanlar Gədəbəydə
qızıl istehsalı üzrə müəssisə,
Naxçıvanda avtomobil, Xaçmazda, Qəbələdə,
Lənkəranda müasir konserv, Şamaxıda "Elektrotexnika",
Qəbələdə lift, piano zavodları tikilib istifadəyə
verilmişdir. Regionlarda müxtəlif istehsal sahələrinin
yaradılması yenə də uğurla davam edir. Lakin yerlərdə
sənaye istehsalını artırmaq imkanları hələ
coxdur və buna ölkəmizin böyük ehtiyacı
vardır. Çünki faktlar göstərir ki, regionlarda
müntəzəm olaraq müəssisələrin miqdarı
artsa da onlar yerli imkanlara görə hələ kifayət qədər
deyildir və onların əksəriyyəti xeyli kiçikdir.
Məsələn, 2009-cu ildə 2000-ci ilə nisbətən
bütövlükdə ölkə üzrə göstərilən
müəssisələrin sayı 1,4 dəfə, Abşeron
iqtisadi regionunda 1,3 dəfə artdığı halda,
regionlarda onların miqdarı 1,6 dəfədən çox
olmuşdur. Lakin buna baxmayaraq, əslində Abşeron iqtisadi
regionunda ərazinin müəssisələr ilə daha
çox yüklənməsinin yüksək səviyyəsi
müşahidə edilir. Hər milyon sakin hesabı ilə
2009-cu ildə burada 630 sənaye müəssisəsi fəaliyyət
göstərdiyi halda, digər regionlarda bütövlükdə
bu göstərici 180-ə bərabər olmuşdur. Halbuki həmin
ildə regionlarda əhalinin təbii artımı daha yüksək
olmaqla, bu hesaba ölkədə artan əhalinin 75 faizi
onların payına düşmüşdür. Bu isə o deməkdir
ki, ölkədə əmək ehtiyatları potensialı əsasən
regionların hesabına təmin edilir. Bu cəhətdən
bir məsələ də diqqəti cəlb edir ki, son
dövrlərdə Abşeron iqtisadi regionun əsas məskunlaşma
mərkəzi olan Bakıda əhalinin artımının ancaq
15,5 faizi gəlmələrin hesabına olmuşdur. Başqa
sözlə desək, regionların sosial-iqtisadi
inkişafının dövlət proqramlarının
uğurla gerçəkləşdirilməsi nəticəsində
yerli əmək ehtiyatlarının əsasən onların
özündə istifadə edilməsi meyli xeyli güclənmişdir.
Onu xatırlamaq yerinə düşər ki, son 7 ildə
(2004-2010-cu illər) ölkədə yaranan 980 mindən
artıq yeni iş yerlərinin əsas hissəsi regionların
payına düşür.
Qeyd etmək
lazımdır ki, indi Abşeron iqtisadi regionunda güclü sənaye
potensialının cəmləşməsinin əsas səbəblərindən
biri də keçmişdə burada yaradılan müəssisələrin
müstəqillik illərində ölkənin tələbatına
uyğun olaraq müasir texnologiyalar əsasında yenidən
qurularaq genişləndirilməsidir. Ona görə də bu
müəssisələrin istehsal həcmi ilə
yanaşı, həm də işçilərinin sayı
çoxdur. Məsələn, Abşeron iqtisadi regionunda orta
hesabla hər müəssisəyə düşən
işçilərin miqdarına görə onların istehsal
həcmi 4 regiona nisbətən təxminən 2 dəfə, 3
regiona görə isə 1,2-1,6 dəfəyə qədər
iridir. Bu hal başqa istehsal sahələri üçün də
səciyyəvidir. Əlbəttə, kiçik müəssisələrin
faydalı işləməsi bazar münasibətlərinin
çox vacib əlamətlərindən biridir.
Regionlarında, ilk növbədə, yerli resurslardan səmərəli
və dolğun istifadə edilməsi əsasında
sosial-iqtisadi inkişaf məqsədlərinin köklü həllində
onlar ancaq iri müəssisələrin mövcud olması
şərtilə böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda regionlar arasında sosial-iqtisadi inkişafa
görə mütənasibliyin pozulmasının əsas səbəbi
qeyd etdiyimiz kimi, onun tarixi inkişaf xüsusiyyətləri ilə
əlaqədardır və keçmişdən ölkəmizə
qalan çox ağır miraslardan biridir. Müstəqillik illərində,
nəhayət, öz sərvətlərinin əsl sahibi
olduğu, xüsusilə, yüksək gəlirli neftin
satışından əldə edilən böyük gəlirlər
hesabına Azərbaycanda çox qısa müddətdə həyatın
bütün sahələrinin inkşafı və əhalinin
rifahının daim yüksəlməsi prosesi baş verir.
Ölkənin bu ümumi tərəqqisi müstəvisində
onun regionlarında da dövlətin hazırlayıb həyata
keçirdiyi mühüm proqramlar nəticəsində
istehsalın vacib sahələrinin yaradılması
üçün son dərəcə əlverişli
inkişaf mühiti yaradılmışdır. Bu münasib
şəraitdən istifadə edərək regionlarda
iqtisadiyyatı daha da təkmilləşdirmək məqsədilə
çox əhəmiyyətli müəssisələrin tikilməsi
davam edir. Bunlardan hazırda Gəncədə tikilən
alüminium və boru kompleksi zavodlarını, başqa
regionlarda müxtəlif emal müəssisələrini, artan
yerli tələbatı ödəmək məqsədilə
dağ çayları üzərində tikilən su elektrik
stansiyalarını və s. göstərmək olar.
İndi
uğurla inkişaf edən neft sənayesi də regionlarda
vaxtilə yaradılmış uyğunsuzluqları xeyli
yumşaltmaq imkanlarına malikdir. Söhbət neft sənayesinin
çox mühüm istehsal istiqamətlərindən biri olan
neft emalının Abşeron iqtisadi regionu ilə
yanaşı, ölkənin başqa iqtisadi regionlarında da
inkişaf etdirməyin mümkünlüyündən gedir.
Dünya ölkələrinin təcrübəsindən məlumdur
ki, neft emalı həm xammalın
çıxarıldığı yerdə, həm də bu məhsulların
kütləvi istehlak edildiyi ərazilərdə
özünü iqtisadi cəhətdən doğruldur. Azərbaycan
şəraitində neft emalı sənayesinin inkişafı
üçün hər iki amilin nəzərə
alınması məqsədəuyğundur. Digər tərəfdən,
neft emalı sənayesi strateji məhsullar hasil etdiyindən,
müharibə şəraitində olan Azərbaycanda onun ancaq
bir mərkəzdə cəmləşməsi arzu edilən hal
deyil. Bundan başqa, ölkədə neft emalı sənayesinin
yeganə mərkəzi olan Bakı şəhərindən Azərbaycan
ərazisinin şərqində yerləşən regionlara
müxtəlif emal məhsullarının daşınmasına
böyük miqdarda nəqliyyat vasitələri və əlavə
xərc tələb edir. Hazırda çox düzgün olaraq
dövlət tərəfindən paytaxtın ekoloji mühitini
yaxşılaşdırmaq və onun ərazisinin istehsal
yükünü yüngülləşdirmək məqsədilə
Bakı neftayırma müəssisələrinin
köçürülməsi layihəsi
hazırlanmışdır. Zənnimizcə, mövcud Bakı
neft emalı müəssisələrindən birinin nəzərdə
tutulduğu kimi, Abşeron iqtisadi regionunun Ələt qəsəbəsində
yerləşdirilməsi təklifi tamamilə məqsədəuyğundur.
Bu müəssisə əsasən Bakının, ölkənin
Şimal, Cənub və ətraf ərazilərini təmin edə
bilər. İkinci zavodun isə Bakı-Tbilisi-Ceyhan əsas neft
kəmərinin keçdiyi ərazidə yerləşən
Yevlax, ya da Gəncə şəhərlərində yerləşdirilməsi
çox vacibdir. Bu zavod isə ölkənin Şimal-Qərb,
Qarabağ və Mərkəz regionlarını, habelə
Gürcüstan Respublikasının Şərq və Mərkəz
ərazilərində yaradılmış Azərbaycana məxsus
yanacaqdoldurma məntəqələrini yanacaqla təmin edər.
Təkcə nəqliyyat xərclərinin azaldılması
hesabına zavodun yaradılmasına qoyulan sərmayə tezliklə
qaytarıla bilər. Digər tərəfdən, belə bir
zavodun yaradılması ilə əlaqədə olan başqa
iri istehsal sahələrinin inkişafı da
mümkündür ki, bu da regionun ümumi inkişaf səviyyəsinin
yüksəldilməsinə müsbət təsir edər.
Bütün dövrlərdə iqtisadi cəhətdən
oturmuş ölkələrin ən mühüm strateji məhsullarını
və onların ərzaq təhlükəsizliyini çörək
və çörək-bulka məmulatları istehsalı təşkil
etmişdir. Sovet dövründə və müstəqilliyin
ilk illərində əhalinin çörək məhsulları
ilə təminatında tez-tez baş verən həyəcanlar
artıq çoxdan aradan qaldırılmış, bazar
münasibətləri dövründə bu sahədə
lazımi qaydalar və fəaliyyət şəraiti yaradılmışdır.
İndi əhali hər yerdə müntəzəm olaraq
vaxtlı-vaxtında cörək məhsulları ilə təchiz
olunur. Bununla belə qeyd etmək lazımdır ki, bir sıra
hallarda çörək məhsulları texniki səviyyəsi
xeyli aşağı olan və sanitar-gigiyena qaydalarına tam rəayət
edilməyən kiçik sexlərdə bişirilir. Təsadüfi
deyildir ki, istehsalın və satıcıların səriştəsizliyi
üzündən bəzən mağazalardan qaytarılan
çörək məhsulları heyvan yemi kimi istifadə
etdirilir. Dünyada buğdanın getdikcə bahalaşması
şəraitində belə israfçılığa qəti
yol vermək olmaz. Fikrimizcə, İnvestisiya Şirkətinin dəstəyi
ilə ölkədə, xüsusən münasib regionlarda
müasir tələblərə cavab verən çörək
zavodları yaradılmalı, onları lazım gələrsə,
dövlətin ciddi nəzarəti altında özəlləşdirməyə
çıxarmaq lazımdır. Kiçik müəssisələrdə
isə xalqımızın tarixi adət-ənənələrini
saxlamaq, habelə həvəskar istehlakçılar
üçün bütün tələblərə cavab verən
şəraitdə milli çörəklərimizin
istehsalı təşkil edilə bilər.
Yanacaq sənayesinin
Azərbaycanın həyatında oynadığı misilsiz
rolunu çox yüksək qiymətləndirən dövlətimiz
neft-qaz sənayesi ilə bərabər, qeyri-neft sektorunu
genişləndirmək məsələsini də gündəmə
gətirmişdir. Bu baxımdan Azərbaycanın imkanları
xeyli böyükdür, həm də gələcəkdə
ölkənin yüksək davamlı inkişafı yenə də
əsasən regionların istehsal potensialından səmərəli
istifadə istiqamətində davam edəcəkdir.
Azərbaycanın
çox qiymətli sərvətlərindən biri də onun əlverişli
torpaq-iqlim şəraitinə malik olmasıdır. Torpağa tələb
olunan səviyyədə elmi əsaslarla qayğı göstərmək,
habelə mümkün ehtiyatlardan səmərəli və
düzgün istifadə etmək yolu ilə Azərbaycanda
müxtəlif qiymətli ərzaq məhsullarının
istehsalını artırmaq və ildə iki dəfə məhsul
yetişdirmək imkanları vardır. Həm də nəzərə
almaq lazımdır ki, kənd təsərrüfatının
verdiyi çoxlu xammal növləri əsasında
istehsalın başqa mühüm sahələrinin geniş
inkişafını təmin etmək mümkündür. Buna
gərə də bütün səviyyələrdə kənd
təsərrüfatının əsas istehsal vasitəsi olan
torpaq fondunu milli sərvət kimi qorumaq və təyinatına
görə düzgün istifadə etmək hamının
müqəddəs borcudur. Xüsusilə nəzərə
almaq lazımdır ki, torpağın kənd təsərrüfatına
yararlı hissəsi Azərbaycanda nisbətən məhduddur.
Məlumdur
ki, tarix boyu kənd təsərrüfatı Azərbaycan
iqtisadiyyatının inkişafında ən aparıcı
istiqamətlərindən, hətta müəyyən dövrlərdə
onun başlıca sahəsi olmuşdur. Lakin kənd təsərrüfatının
inkişaf nəticələri uzun müddət ölkənin
bu mühüm təsərrüfat sahəsinin həqiqi
imkanlarına uyğun olmamışdır. Ancaq keçən əsrin
70-80-ci illərində ulu öndər Heydər Əliyevin kənd
təsərrüfatının inkişafına elmi əsaslarla
yanaşması, ilk növbədə, təbii-istehsal şəraiti
son dərəcə müxtəlif olan Azərbaycanda onun sahələrinin
münasib ərazilərdə düzgün yerləşdirilməsi
və ixtisaslaşdırılması, lazımi aqro-zootexniki tədbirlər
görülməsi nəticəsində aqrar sektorda əkin
sahələrinin cüzi artması şəraitində kənd
təsərrüfatında məhsul istehsalı xeyli
çoxaldı. Bu prosesin müstəqillik dövründə
də davam etdirilməsi əkinçilik və
heyvandarlığın əsas sahələrində məhsul
istehsalının daha da artmasına səbəb oldu. Bunu
aşağıdakı cədvəldən də aydın
görmək olar.
Əgər
1960-cı ilə nisbətən 2009-cu ildə bütün
kateqoriyalar üzrə əkin sahələrinin həcmi təxminən
cəmi 1,3 dəfə artdığı halda, cədvəldən
göründüyü kimi, bu müddət ərzində
taxıl istehsalı- 4,1 dəfə , kartof-9,6 dəfə , tərəvəz-6,2
dəfə, bostan məhsulları -9,3 dəfə, meyvə və
giləmeyvə- 11,5 dəfə, ət -2,2 dəfə,
süd-3,4 dəfə çoxalmışdır.
Onu da
etiraf etmək lazımdır ki, müstəqillik illərində
ölkəmizdə bir sıra mühüm kənd təsərrüfatı
məhsullarının (üzüm, pambıq, yaşıl
çay yarpağı) istehsalı xeyli azalmışdır.
Bunu müvəqqəti hal kimi qeyd edərək, vəziyyətin
səbəblərini də izah etmək olar. Məsələn,
üzüm-şərab istehsalının azalması M.
Qorbaçovun avantürist siyasətinin nəticəsində
baş verdi. Əslində o, heç də şərab istehsalını
məhdudlaşdırmaqla ölkədə alkoqolizmə
qarşı mübarizə tədbiri həyata keçirmədi,
bu bəhanə altında ətrafında toplaşmış
ermənilərin təhriki ilə yüksək sürətlə
inkişaf edən Azərbaycan iqtisadiyyatına ağır zərbə
vurdu. Məlumdur ki, Rusiyada indi daha çox spirtli içkilər
qəbul edilir. Azərbaycanda adı çəkilən digər
sahələrin hələ tam bərpa olunmaması isə əsasən
həmin məhsulları emal edən müəssisələrin
yenidən qurulmasının bir qədər ləngiməsi ilə
əlaqədardır. Amma bunların müqabilində ölkədə
bir neçə sənaye təmayüllü günəbaxan,
şəkər çuğunduru kimi əhəmiyyətli yeni
istehsal sahələri yaranmışdır. Əkinçilik və
heyvandarlıq sahəsində Azərbaycanda son zamanlar əldə
edilən böyük nailiyyətlər göz
qabağındadır. Bununla belə, əkin sahələrinin
mövcud quruluşunun və kənd təsərrüfatının
idarəolunmasının təkmilləşdirilməsi, habelə
əkinçilik mədəniyyətinin yüksəldilməsi
əsasında ölkənin təbii imkanlarından daha səmərəli
istifadə olunmalıdır. Bu yolla emal sənayesinin
inkişafı da xeyli genişləndirilə bilər. Kənd
təsərrüfatı xammalının və digər yerli
amillərin hesabına iqtisadiyyatın müxtəlif qeyri-neft
sektoru sahələri əsasında hərtərəfli
inkişafının mümkünlüyünü toxuculuq sənayesinin
timsalında da aydın görmək olar.
Azərbaycanın
başqa bir mühüm iqtisadiyyat sahəsi də vardır.
Ölkənin son dərəcə ecazkar və cəlbedici, rəngarəng
təbii şəraiti, zəngin tarixi-memarlıq abidələri
və milli adət-ənənələri burada
iqtisadiyyatın müalicə-istirahət-turizm kompleksinin
inkişafı üçün çox əlverişli
imkanlar açır. Bu təsərrüfat kompleksi Azərbaycanda
keçən əsrin 70-80-ci illərində təşəkkül
tapmağa başlamış, müstəqillik dövründə
isə öz inkişafını davam etdirmişdir. Çox əlamətlərinə
görə müalicə-istirahət-turizm kompleksi gələcəkdə
Azərbaycan iqtisadiyyatının ən aparıcı
inkişaf istiqamətlərindən biri olacaqdır. Təsadüfi
deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev
ötən ili "Ekologiya ili", 2011-ci ili isə "Turizm
ili" elan etmişdir. Bu məqsədlə indi Azərbaycanın
gözəl guşələrində bir çox xidmət
müəssisələri, o cümlədən Bakıda 5
beşulduzlu mehmanxana tikilir ki, bu da xarici turistlərin ölkəmizə
böyük axınına səbəb olacaqdır.Ona görə
də ölkədə müalicə - istirahət - turizm
kompleksinin böyük əhəmiyyətini nəzərə
alaraq onun inkişafı müasir tələblərə
uyğun, dünya standartlarına cavab verən səviyyədə
qurulmalıdır.
Çox əlamətdardır
ki, regionların sosial-iqtisadi inkişafını sürətləndirmək
məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu
müntəzəm olaraq iş adamlarına maddi dəstək
verir. Sahibkarlar Konfederasiyası isə onların fəaliyyətini
istiqamətləndirir. Təkcə keçən il
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
sahibkarlara 115 milyon manat kredit verilmişdir. Onların 99 faizdən
çoxu bölgələrin payına
düşmüşdür. Lakin təəssüflər olsun
ki, bəzi sahibkarların düşüncəsində belə
bir səhv təssəvvür yaranmışdır ki, guya
sahibkarlıq fəaliyyəti ancaq çox qazanc əldə
etməkdən ibarətdir. Əlbəttə, sahibkarların gəlir
əldə etməsi üçün fəaliyyətlərinin
bir tərəfi də bu məqsədlə
bağlıdır. Lakin ölkəmizin müstəqil
iqtisadiyyatının hər inkişaf mərhələsində
onun sahmanlı durumuna lazım olan və öz vaxtında
yaranan istehsal sahələrindən əldə elilən gəlir
ancaq sahibkarların əsas qazanc mənbəyi
olmalıdır. Ona görə də Sahibkarlığa Kömək
Milli Fondu və Sahibkarlar Konfederasiyası, ölkənin
maraqlarına cavabdeh və məsul olan təşkilatlar
ölkəyə lazım olan zəruri istehsal sahələrinin
inkişafı üçün iş adamlarına tövsiyə
edilən layihələr hazırlayıb təqdim etməlidirlər.
Həm də onlara uzunmüddətli, daha güzəştli
şərtlərlə kreditlər verilməlidir.
Regionların
sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət
Proqramının uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycanın ən ucqar guşələri belə öz
simasını köklü surətdə dəyişmişdir.
Bu istiqamətdə qəbul edilən ikinci Dövlət
Proqramında qarşıya qoyulmuş mühüm vəzifələrin
yerinə yetirilməsi sahəsində də ilkin uğurlu
addımlar atılmaqdadır. Regionlarda müasir istehsalın
çox əhəmiyyətli nəhəng müəssisələrinin
yaradılması, ayrı-ayrı ərazilərin sosial-iqtisadi
problemlərinin mərhələ-mərhələ həll
edilməsi, onlar arasında sosial-iqtisadi inkişafa görə
tarazlığın təmin olunması istiqamətində
göstərilən səylərin ardıcıl olaraq
reallaşdırılması güclü Azərbaycan dövlətinin
daha da möhkəmləndirilməsi istiqamətində
növbəti mərhələ olacaqdır.
Mən bu
məqaləni Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin konfransda etdiyi yekun nitqindəki sözlərlə
bitirmək istəyirəm: "Bir sözlə, görüləsi
işlər çoxdur, proqramlar icra edilir. Ən əsası
ondan ibarətdir ki, biz öz işimizi proqramlar əsasında
qururuq. Hər bir sahə üçün, hər bir bölgə
üçün, hər bir rayon üçün konkret
proqramlar var və icra olunur... Mən şübhə etmirəm
ki, bü gözəl meyillər növbəti illərdə
Azərbaycanda daha da güclənəcək, ölkəmiz
güclənəcək, möhkəmlənəcək, Azərbaycan
xalqı isə ildən-ilə daha da yaxşı
yaşayacaqdır".
Xalq qəzeti.- 2011.- 3 mart.-S. 3.