Hərbi
qulluqçulara hərtərəfli dövlət
qayğısı göstərilir
Hərbçilərin sosial və məişət
şəraitinin yaxşılaşdırılması, həyat
səviyyəsinin daha da gücləndirilməsi sahəsində
dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər
ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir.
Bu tədbirlər hərbçilərin, demək olar ki,
bütün təbəqələrini əhatə edir. Bu haqda
danışarkən ilk növbədə onu vurğulamaq
lazımdır ki, son illər "Hərbi xidmətkeçmə
haqqında" Qanuna və əsasnaməyə edilən dəyişikliklər
hərbi qulluqçuların pensiya təminatı sahəsində
vaxtaşırı ortaya çıxan bir sıra problemlərə
son qoymuşdur.
Bildiyimiz kimi, Silahlı Qüvvələrimizdə ehtiyatdan çağırılan kadrların bir qismi bəzən ordu sıralarında xidmətin son yaş həddinə çatsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilmirdi. Mövcud dəyişikliklər hərbi qulluqçulara yeni imtiyazlar və imkanlar vermişdir. Hərbi qulluqçu orduda xidmətin son yaş həddinə çatsa da, bu növdən olan pensiya hüququ əldə edənədək öz istəyi ilə Silahlı Qüvvələrdə xidmətini davam etdirə bilər. Bundan əlavə, 2006-cı ildən hərbi qulluqçuların sığorta məbləği də on dəfə artırılıb. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə əgər 1100 manat ödənilirdisə, indi bu məbləğ 11000 min manatdır. Xidməti vəzifəsini yerinə yetirərkən yaralanan, sağlamlığını bu və digər dərəcədə itirən hərbi qulluqçulara ödənilən sığortanın məbləği də paralel olaraq 2006-cı ildən artırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları 2004-cü il iyulun 1-dən orta hesabla 1,5 dəfə artırılmışdır. Yeri gəlmişkən, 2004-cü ildə müdafiə xərclərinə ümumi daxili məhsulun 2,3 faizi ayrılsa da, sonrakı illərdə bu rəqəm mütəmadi olaraq ilbəil artırıldı, təkcə hərbi qulluqçulara deyil, həm də hərbi xidmətlə bağlı digər şəxslərə bir sıra imtiyaz və güzəştlər tətbiq edildi. Belə ki, dövlət başçısının imzaladığı digər sərəncamlarla Azərbaycanın milli qəhrəmanlarının, o cümlədən 20 Yanvar Şəhidləri ailələrinin sosial müdafiəsi də gücləndirildi. 2006-cı ildən ölkənin müdafiə xərcləri iki dəfə artırıldı.
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının ən böyük təzahürlərindəndir. Bu sərəncamla Müdafiə Nazirliyi hərbi qulluqçularının rütbə maaşları 2006-cı il yanvar ayının 1-dən iki dəfə artırıldı. Eyni zamanda, hərbi qulluqçuların vəzifə maaşlarının, dövlət icbari şəxsi sığorta məbləğlərinin artırılmasına, onların güzəştli ipoteka kreditləri ilə təmin olunmasına dair təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıqlar verildi. Bundan bir il sonra, yəni 2007-ci ildə ölkə başçısı hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında fərman imzaladı. Bu fərmana görə hərbçilərə verilən ipoteka kreditlərinin illik faizi 4 faizdən yuxarı olmamalıdır. Silahlı Qüvvələrdə üç ildən az olmayaraq xidmət edən hərbi qulluqçular üçün maksimal müddət isə 30 il müəyyənləşdirildi. Bu isə hərbi qulluqçuların yalnız özlərinin deyil, həm də onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərə rəvac verdi.Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsi, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsi nəzərdə tutur. Bundan əlavə, müvafiq sənədlərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Son bir neçə il ərzində hərbi təhsil ocaqlarında təhsil alan kursantların pul təminatı yaxşılaşdırılmışdır. 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyaların məbləği ölkə başçısının müvafiq sərəncamı ilə iki dəfə artırılmışdır.
Dövlətin ordu quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycan Silahlı Qüvvələrini qısa zaman kəsiyində Cənubi Qafqazın yüksək döyüş hazırlığına malik , ən mobil və ən intizamlı silahlı qurumuna çevrilmişdir. Dövlət büdcəsinin ordu quruculuğu ilə bağlı kifayət qədər ciddi statistikası müvafiq sahəyə ayrılan xərclərin ildən-ilə artırılması ilə müşayiət olunur. Təkcə onu demək kifayətdir ki, son 7 il ərzində bu xərclər 14 dəfəyədək artırılmışdır. Cari ildə Azərbaycanın hərbi xərcləri işğalçı Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.
2010-cu il sentyabrın 20-də ölkə başçısının imzaladığı növbəti sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.
Bundan əlavə, 2010-cu il iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikilməsinə 5 milyon manat vəsait ayrılmışdır. Hazırda Azərbaycan Prezidentinin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Hərbi qulluqçular üçün ümumilikdə 627 mənzilli yaşayış binalarının tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır.
Bu gün Silahlı Qüvvələrimizdə intensiv quruculuq işləri uğurla həyata keçirilir. Gəncə şəhərindəki hərbi şəhərcikdə 1 ədəd 690 yerlik və 1 ədəd 300 yerlik 3 mərtəbəli müasir tələblərə cavab verən əsgər yataqxanası binaları tikilərək hərbi hissənin şəxsi heyətinin istifadəsinə verilməsi üçün tam hazırlanmışdır. 300 yerlik 3 mərtəbəli əsgər yataqxanası binasında müasir tipli mebel inventarları quraşdırılmışdır, 3 mərtəbəli 690 yerlik əsgər yataqxanası binasında isə mebellərin quraşdırılması işləri aparılır.
Şəxsi heyətin yüksək keyfiyyətli qidalanmasının təmin olunması məqsədi ilə müasir tələblərə cavab verən 3000 yerlik əsgər yeməkxanası binası tikilmişdir ki, burada yüksək keyfiyyətli qida hazırlanması üçün müasir tipli Avropa istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Həmçinin, yeməkxana binasının zirzəmisində quraşdırılan çörəkbişirmə sexi şəxsi heyətin və yaxınlıqda yerləşən digər hərbi hissələrin çörək təminatını tam ödəmək qabiliyyətindədir. Zirzəminin qalan hissəsində ərzaq və əşya anbarları hazırlanmışdır.
Gəncədəki digər hərbi şəhərcikdə qarnizon hospitalının bəzi bölmələrinin yerləşdirilməsi üçün yoluxucu xəstəliklər, müalicə korpusu, qərargah, mətbəx-yeməkxana, camaşırxana, transformator yarımstansiyası binaları əsaslı təmir olunaraq istifadəyə təhvil verilmişdir. Həmin ərazidə artezian quyusu qazılmışdır ki, bu da bina və qurğuları fasiləsiz su ilə təmin edəcəkdir. Hazırda həmin bina və qurğular mebel avadanlıqları ilə təchiz olunur və Novruz bayramı ərəfəsində hospitalın şəxsi heyətinin həmin binalarda yerləşdirilməsi planlaşdırılır.
Gəncə qarnizonunda xidmət edən zabit və gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə və Şəmkir şəhərlərinin hər birində 1 ədəd 50 mənzilli yaşayış binaları tikilir və bu ilin sonunadək həmin binalar zabit və gizir heyətinin ailələrinin istifadəsinə veriləcəkdir. Bu binalar avtonom istilik, isti və soyuq su ilə təchiz olunur. Hər bir mənzilin sahəsi 100m2-dən az deyil. İşlərin davamı olaraq, bu il ərzində Gəncə və Şəmkir şəhərlərinin hər birində 1 ədəd yeni 5 mərtəbəli 50 mənzilli yaşayış binasının tikintisinə başlanması planlaşdırılır.
Qusar rayonu ərazisindəki hərbi şəhərcikdə də 2 ədəd 690 yerlik və 1 ədəd 300 yerlik 3 mərtəbəli müasir tələblərə cavab verən əsgər yataqxanası binası tikilərək istifadəyə verilməsi üçün hazırlanmışdır. Otaqlarda müasir tipli mebel inventarları quraşdırılır.
Hərbi şəhərciyin binalarının istilik və isti su ilə təmin olunması üçün qazanxana, camaşırxana və hamam kompleks binası tikilərək istifadəyə verilmişdir. Qazanxana vasitəsi ilə bina və qurğular fasiləsiz isti su və istiliklə təmin olunur. Camaşırxana binasında Türkiyə istehsalı olan 2 ədəd 100 kq-lıq və 1 ədəd 80 kq-lıq yuma-sıxma və hərəsində 1 ədəd olmaqla 100 kq-lıq və 80 kq-lıq "qurutma" maşınları və digər avadanlıqlar quraşdırılmışdır. Şəxsi heyətin təmizliyinin təmin olunması üçün müasir hamam istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
Qusar qarnizonunda xidmət edən zabit və gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 ədəd 75 mənzilli yaşayış binası tikilib zabit və gizir heyətinin ailələrinin istifadəsinə verilməsi üçün tam hazırlanmışdır. Həmin binanın avtonom istilik, isti və soyuq su ilə təchiz olunması üçün qazanxana, transformator yarımstansiyası, binanın su təminatı üçün 2 ədəd 250 m3-luq su anbarı (nasosxana qurğusu ilə) inşa olunmuşdur.
Kürdəmirdəki hərbi şəhərcikdə də quruculuq işləri uğurla həyata keçirilir. Bu ərazidə 2 ədəd 3 mərtəbəli 300 yerlik müasir tələblərə cavab verən əsgər yataqxanası, 1 ədəd 3 mərtəbəli qərargah, 1 ədəd 2 mərtəbəli tibb məntəqəsi binaları tikilərək hərbi hissənin şəxsi heyətinin istifadəsinə verilməsi üçün hazırlanmışdır.
Burada şəxsi heyətin yüksək keyfiyyətli qidalanmasının təmin olunması məqsədi ilə müasir tələblərə cavab verən 1300 yerlik yeməkxana binası tikilmişdir. Binada yüksək keyfiyyətli qida hazırlanması üçün müasir tipli Avropa istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Həmçinin, yeməkxana binasının zirzəmisində çörəkbişirmə sexi quraşdırılmışdır.
Göytəpə qəsəbəsinin hərbi hissənin ərazisində də quruculuq işləri uğurla davam etdirilir. Burada 1 ədəd 300 yerlik 3 mərtəbəli müasir tələblərə cavab verən əsgər yataqxanası istifadəyə verilmiş, 1 ədəd 690 yerlik 3 mərtəbəli əsgər yataqxanası binasında son tamamlama işləri, 1 ədəd 690 yerlik 3 mərtəbəli əsgər yataqxanası binasında isə tikinti işləri yerinə yetirilir. 2500 yerlik əsgər yeməkxanası inşa olunur.
Göytəpə qarnizonunda xidmət edən zabit və gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1 ədəd 50 mənzilli yaşayış binası tikilib, zabit və gizir heyətinin ailələrinin istifadəsinə verilməsi üçün hazırlanmışdır.
Bakı şəhərində Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində də son illər ərzində böyük quruculuq işləri aparılmış və hazırda bu iş sürətlə davam etdirilir. Belə ki, hospitalın ərazisində 8 mərtəbəli 300 çarpayılıq cərrahiyyə korpusu inşa olunaraq istismara təhvil verilmişdir. Həmin binada Avropada istehsal olunan yüksək keyfiyyətli tibb avadanlıqları quraşdırılıb. Burada 4 mərtəbəli inzibati bina, 2 mərtəbəli klub-yeməkxana, 3 mərtəbəli cərrahiyyə şöbəsinin binası əsaslı təmir olunaraq istismara təhvil verilmişdir. Hazırda 8 mərtəbəli müalicə korpusu binası inşa olunub, mühəndis kommunikasiya xəttlərinin qunraşdırılması işləri aparılır. Ərazidaxili mühəndis kommunikasiya xətləri yenidən qurulur və ərazinin tam abadlaşdırılması işləri yerinə yetirilmək üzrədir.
Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində isə müdavimlər üçün 1 ədəd 5 mərtəbəli yataq korpusu binasının əsaslı təmiri başa çatdırılmış və istifadəyə təhvil verilmişdir. Hazırda 1 ədəd 4 mərtəbəli (ümumi sahəsi 11 000 m2) və 1 ədəd 5 mərtəbəli tədris korpusu (ümumi sahəsi 22000 m2) binalarının əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Soyuq-Bulaq ərazisindəki 3 mərtəbəli əsgər yataqxanası, 4 mərtəbəli zabit və gizir yataqxanası və qazanxana binasının əsaslı təmiri başa çatdırılıb və istismara təhvil verilib. Qazanxanada yeni texnoloji avadanlıqlar quraşdırılıb.
Yuxarıda qeyd olunanlar görülən ümumi işlərin yalnız bir qismidir. Heç kəsə sirr deyil ki, hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsi kimi xüsusi önəm daşıyır. Bu gün Silahlı Qüvvələrimizdə dövlətin qayğısını öz üzərində hiss edən hər bir hərbi qulluqçu göstərilən bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.
İsa İSMAYILOV
Xalq qəzeti.- 2011.-3 mart.- S. 4.