Antidemokratik müxalifət demokratiya pərdəsinə bürünməyə cəhd göstərir

 

Unudurlar ki, xalq onların əsl simasına yaxşı bələddir

 

Hər bir demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Belə bir siyasi qüvvənin mövcudluğu həmin ölkəyə yalnız fayda gətirə, onun inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilə bilər. Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Ancaq təəssüf ki, ölkəmizdəki bəzi siyasi qüvvələr hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmirlər. Çağdaş dövr tariximizdə fəaliyyətinə yaxından bələd olduğumuz müxalif siyasi partiyaların, xüsusilə də AXCP və Müsavatın timsalında bunu açıq-aydın görmək mümkündür.

 

Əvvəla onu qeyd edək ki, bu iki partiya bir dəfə Azərbaycanda hakimiyyətə gəlmişdilər. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəziyyət o həddə çatmışdı ki, mərhum Əbülfəz Əliyev 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçılarının istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı. O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini tamamilə itirdiklərinə görə də hakimiyyətdən getməli oldu. Çünki xalq yaxşı bilirdi ki, bu iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində AXC-Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq "yox" dedi.

Siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa, qətiyyətsizliyə yer yoxdur. Bütün bu mənfi keyfiyyətlər isə AXC-Müsavat cütlüyündə özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələr zamanı müxalifətin ulu öndər Heydər Əliyevə yalvararaq onu Bakıya dəvət etməsi də onların öz canlarının hayına qalması səbəbindən idi. Halbuki, məhz AXC-Müsavat hakimiyyəti 1992-ci ilin oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən Ali Məclisin sədri seçilən ümummilli liderimiz Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və AXC-Müsavat ünsürlərinə tutarlı cavab verdi.

1993-cü ildə Gəncədə baş verən hadisələr zamanı xalq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Yuxarıda qeyd etdiyimiz kimi, AXC-Müsavat cütlüyü də özlərinin təhlükəsizliyi xatirinə ümummilli liderimizi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Azərbaycanda siyasi sabitlik yarandı. Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz böyük sürətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik sosial proqramların reallaşdırılması nəticəsində ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.

Bəli, 1993-cü ildən bugünədək Azərbaycan tamamilə dəyişib və inkişaf edib. Ölkədə dəyişməyən təkcə radikal müxalifət düşərgəsidir. Onlar 1992-ci, 1993-cü ildə necə olublarsa, bu gün də o vəziyyətdə qalıblar. Bu gün də həmin düşərgənin liderləri siyasi mübarizəni intellektual səviyyədə deyil, küçə təfəkkürü səviyyəsində aparırlar. Müxalif siyasi partiyaların daxilində isə heç bir müsbət dəyişiklik yoxdur. Yeni dünyagörüşünə malik gənclərə qarşı ənənəvi dözümsüzlük həm AXCP-yə, həm də Müsavata xas olan xüsusiyyətlərdir. 1993-cü ildən bugünədək heç bir siyasi uğura imza atmayan İsa Qəmbərin, Əli Kərimlinin həmin partiyaların sədri postlarında olması isə ən azı müxalifət düşərgəsində demokratiyanın boğulmasından xəbər verir. Çox uzağa getməyək, qardaş Türkiyədə bir seçkidə məğlub olan istənilən siyasi partiyanın lideri etika xatirinə özü könüllü şəkildə istefa verir və öz yerini daha gənc, perspektivli siyasətçilərə verir.

Bəzən Qərb standartlarından dəm vuran, beynəlxalq təcrübədən söhbət açan AXCP və Müsavat rəhbərləri isə partiyalarının gələcəyini deyil, özlərini düşünürlər. Azərbaycanın tanınmış ziyalıları - Cəmil Həsənli, Adil Qeybulla, Əliməmməd Nuriyev, Qulamhüseyn Əlibəyli və digərləri də radikal müxalifət düşərgəsində yaranmış antidemokratik vəziyyətdən təngə gələrək oranı tərk etmişlər. Çünki partiya sədrləri partiya daxilində fikir müxtəlifliyinə, demokratik prinsiplərə qarşı çıxır, avtoritarizmə yuvarlanır, öz kreslolarını qoruyub saxlamaq üçün ən çirkin vasitələrə əl atırlar.

Müxalifət daxilində birlik də mövcud deyil. Bu gün "dost" olan siyasi liderlər, sabah öz qəzetlərində biri-birinin ünvanına elə həqarət yağdırırlar ki, adam xəcalət çəkir. İndiyədək müxalifətin birliyi naminə yaradılan qurumlar da davamlı fəaliyyət göstərməmiş, qısa zamanda siyasi səhnədən silinmişdir. Bu yaxınlarda fəaliyyətə başlayan İctimai Palatanı da yəqin ki, eyni aqibət gözləyir. Belə olan halda istər-istəməz insanı bir sual düşündürür: bunlar müxalifətdə ola-ola birləşə bilmirlərsə, xalqla necə birləşə bilərlər, necə həmrəy ola bilərlər?

Ərəb ölkələrində baş verən çaxnaşmalardan sonra müxalifət düşərgəsinin hakimiyyət hərisliyi xəstəliyi yenidən şiddətlənib. Xaosa, anarxiyaya, qarışıqlığa meyilli olan bu düşərgənin liderləri Azərbaycan xalqını ərəblərə bənzətməyə çalışaraq iddia edirlər ki, burada da eyni proseslər gedə bilər. Ancaq unudurlar ki, Azərbaycan bu mərhələni hələ ötən əsrin 90-cı illərində keçib. O zaman bizdə də ərəb ölkələrində olduğu kimi, kütləvi mitinqlər keçirildi, ərəb ölkələrində dövlətin başında duran bir nəfər ölkədən qaçdısa, bizdə 3-ü - Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov xaricə qaçdı, Əbülfəz Elçibəy isə Naxçıvana, öz doğma kəndi olan Kələkiyə getdi. Xalqın qəzəbi və nifrəti qarşısında qorxuya düşən AXC-Müsavat hakimiyyətinin neçə-neçə təmsilçisi öz ibarələrincə desək, "vəzifəsini dondurdular".

Kütləvi mitinqlərin baş tutmasının ən önəmli səbəbi iqtidarla xalq arasında dərin uçurumun olmasıdır. Bu gün Azərbaycanda iqtidarın ən böyük dəstəkçisi xalqdır. Müxalifət liderlərinin xəyallarının həqiqətə çevrilməsi qeyri-mümkündür. Çünki xalq bu iqtidarı və onun ölkə üçün etdiklərini də görür, 1992-ci ildə Azərbaycanı viran qoyan bugünkü radikal düşərgənin əməllərindən də yaxşı xəbərdardır. Həmin dövrdə ictimai-siyasi sabitliyin olmaması və naşı iqtidarın yarıtmaz siyasəti nəticəsində yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkəmizdə hətta ərzaqla təminatda ciddi problemlərin yaranması insanları aclıq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hər halda heç kəs bu dövrün təkrar geri qayıtmasını istəməz, parçalanmış, məhv olmuş, iqtisadi, siyasi və sosial böhranla üz-üzə qalmış ölkə arzulamaz.

Qeyd etdiyimiz kimi, sosial-iqtisadi vəziyyət ölkədəki siyasi proseslərin inkişafını müəyyənləşdirən əsas amillərdəndir. Azərbaycan son illərdə misilsiz uğurlar qazanıb. Məlumdur ki, hətta inkişaf etmiş Avropa ölkələrində qlobal maliyyə böhranının törətdiyi fəsadlar nəticəsində xeyli işsizlər ordusu meydana gəlmişdir. Azərbaycanda isə bunun tam əksini görürük. Keçən il ölkəmizdə 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının başlanmasından, yəni 2004-cü il fevralından bu günə qədər isə ölkəmizdə 900 mindən çox iş yeri açılmışdır. Dünyada yoxsulluğun sürətlə artdığı bir vaxtda Azərbaycanda onun səviyyəsinin 10 faizdən də aşağı düşməsi, ən əsası isə bu müsbət prosesin davamlı xarakter alması ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar əhalinin, demək olar ki, tən yarısını, yəni 49 faizini təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 9,1 faizə bərabər olmuşdur. Bu o deməkdir ki, son yeddi il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 5 dəfə azalmışdır.

2011-ci ilin dövlət büdcəsinin 16 milyard, ümumilikdə strateji valyuta ehtiyatlarının 29,1 milyard dollaradək artması da iqtidarın məqsədyönlü iqtisadi siyasəti ilə bağlıdır. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda isə görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olmuş, bu sahədə ölkəmiz dünyada lider dövlətə çevrilmiş. Dinamik inkişaf edən bir ölkədə hansı narazılıqdan, çaxnaşmadan söhbət gedə bilər?

Bütün bunları görən Azərbaycan xalqı ölkəmizdə keçirilən demokratik seçkilərdə öz seçimini edib. İndiyədək baş tutan prezident, parlament, bələdiyyə seçkilərində həmişə Yeni Azərbaycan Partiyasının namizədləri böyük səs çoxluğu qazanıblar. Bu da onu göstərir ki, ictimaiyyət iqtidarın həyata keçirdiyi inkişaf və quruculuq siyasətini dəstəkləyir. Azərbaycanda güclü demokratik ənənələrlə yanaşı, vətəndaş cəmiyyəti də formalaşıb. Ölkəmizdə, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur. Radikal müxalifət düşərgəsi isə bu proseslərdən özünü təcrid etdiyinə, reallığa qərəzli münasibətinə görə, böhtan və iftira yolu tutduğuna görə özünü xalqın gözündən salıb. İnsanlar görürlər ki, bu düşərgədə demokratiya, həmrəylik adına heç bir əsaslı addım atılmır. Bu səbəbdən də özünə hörmət edən hər bir şəxs antidemokratik, radikal müxalifət düşərgəsini tərk edir.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 3 mart.- S. 4.