Ən
böyük uğurumuz xalqın artan inamıdır
Respublikamız dövlət müstəqilliyini
əldə etdikdən sonra xalqımızın ümummilli
lideri Heydər Əliyevin əsasını qoyduğu və
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
qətiyyətlə və inamla davam etdirilən uğurlu
daxili və xarici siyasət nəticəsində ölkəmizdə
poçt rabitəsi də köklü surətdə dəyişərək,
yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramı"nda ölkədə yeni texnologiyalar əsasında
telekommunikasiya və poçt infrastrukturunun müasirləşdirilməsi
və inkişaf etdirilməsi, respublikanın bütün ərazisi
üzrə fiziki və hüquqi şəxslərin
telekommunikasiya və poçt xidmətlərinə
çıxışının təmin olunması, cəmiyyətə
keyfiyyətli və qənaətbəxş telekommunikasiya və
poçt (o cümlədən poçt-maliyyə) xidmətlərinin
təqdim olunması prioritet istiqamətlər kimi
qarşıya qoyulmuşdur.
Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ili də "Azərpoçt"
MMC yüksək nailiyyətlərlə başa vurmuşdur. Belə
ki, 2010-cu ildə 21,70 milyon manat proqnoza qarşı 21,78 milyon
manat (proqnozdan 0,4 faiz çox) gəlir əldə
edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 3,84
milyon manat (və ya 21,38 faiz) çoxdur. Eyni zamanda, 2010-cu ildə
əhaliyə göstərilən rabitə xidmətlərindən
əldə edilən gəlir ötən ilin müvafiq
dövrü ilə müqayisədə 3,14 milyon manat, nəzərdə
tutulan proqnozdan isə 0,36 milyon manat artıq olmuşdur.
2010-cu
ildə poçt işçilərinin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə əməkhaqlarının
artırılması istiqamətində tədbirlər davam
etdirilmişdir.
Ölkənin
poçt sisteminin müasir dünya standartları səviyyəsinə
çatdırılması, yeni texnologiyaların tətbiqi daim
"Azərpoçt"un diqqət mərkəzində
olmuş və bu məqsədlə ötən ildə
poçt sektoruna 13,77 milyon manat vəsait qoyuluşu həyata
keçirilmişdir ki, bu da rabitə və İKT sektoruna
qoyulan ümumi investisiyanın 8,4 faizini təşkil edir.
2010-cu ilin investisiya pronozuna uyğun olaraq il ərzində ümumilikdə 84 ədəd kənd, qəsəbə və şəhər poçt şöbəsi binalarının tikintisi başa çatdırılmış və əhalinin istifadəsinə verimişdir. Bank-maliyyə xidmətlərinə keçidlə əlaqədar olaraq Mərkəz Bankın tələblərinə uyğun "Azərpoçt"un inzibati binasında mərkəzi xəzinə qovşağı qurulmuş, 63 PF-də xəzinə qovşaqlarının tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda, 2010-cu il ərzində 14 ədəd inzibati binada və 22 ədəd poçt şöbəsində əsaslı təmir işləri aparılmışdır.
2010-cu ildə "Azərpoçt" tərəfindən göstərilən ənənəvi poçt xidmətlərinin natural həcmində əsaslı artım müşahidə olunmuşdur. Belə ki, il ərzində qəbul edilmiş sadə və sifarişli məktub korrespondensiyasının sayı 5421,9 min ədəd (əvvəlki illə müqayisədə 4,5 faiz çox), ölkədaxili bağlamaların sayı 119,3 min ədəd (22 faiz çox), beynəlxalq bağlamaların sayı 8,2 min ədəd (7 faiz çox), pul baratlarının sayı 959,4 min ədəd (27 faiz çox), pul baratlarının məbləği isə 91384 min ədəd (42 faiz çox) təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində Ümumdünya Poçt İttifaqının (ÜPİ) tələb və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər 2010-cu ildə də uğurla davam etdirilmişdir. Belə ki, beynəlxalq bağlamaların izlənilməsi və axtarışı üzrə "Azərpoçt" "Cricket" adlanan İnternet əsaslı sorğu sistemi vasitəsi ilə hal-hazırda dünyanın 118 ölkəsi ilə əməkdaşlıq edir. Bundan əlavə "Azərpoçt" dünyanın 44 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB ölkələri içərisində ilk dəfə olaraq "Azərpoçt" beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulmuşdur. 2008-ci ildən etibarən ÜPİ-nin təşkil etdiyi beynəlxalq sadə məktub korrespondensiyasına elektron vasitələrlə daimi nəzarət və Regional Rabitə Birliyinin (RRB) mərhələli nəzarət tədbirlərində "Azərpoçt"un iştirakı təmin olunmuşdur.
Dünya Bankının maliyyə dəstəyi ilə respublikamızda həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində yeni bank-maliyyə xidmətlərinin göstərilməsi üçün "Poçt haqqında" qanunun tələblərinə uyğun olaraq Mərkəzi Bankdan 16 aprel 2010-cu il tarixində xüsusi lisenziya alınmışdır. Dünya Bankı və Azərbaycan hökumətinin birgə icra etdiyi "Maliyyə xidmətlərinin inkişafı layihəsi"nin uğurla başa çatması ilə əlaqədar 1-2 dekabr 2010-cu il tarixlərində Dünya Bankının, ÜPİ-nin rəhbərliyi və rəsmi qonaqların iştirakı ilə təntənəli təqdimat mərasimləri keçirilmişdir.
"Maliyyə Xidmətlərinin İnkişafı" layihəsinin ən vacib komponentlərindən biri olan "Azərpoçt" üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) tətbiqi uğurla reallaşdırılmışdır.
"Azərpoçt" layihənin başlıca hədəflərindən biri olaraq yerli və beynəlxalq ödəniş sistemlərinə tam inteqrasiya etmişdir.
Beynəlxalq ödənişlərin həyata keçirilməsi məqsədilə SWIFT sisteminə qoşulma tam başa çatdırılmışdır. Bundan əlavə, Western Union, Coinstar və digər sürətli pul köçürmə sistemlərinə inteqrasiya da uğurla həyata keçirilmişdir.
Bundan əlavə, "Azərpoçt"un ilk plastik kartları artıq emissiya edilmişdir. Yaxın vaxtlarda emissiya ediləcək kartların sayının daha da artırılması nəzərdə tutulmuşdur."Maliyyə Xidmətlərinin İnkişafı"layihəsi üzrə "Azərpoçt"un 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədi ilə zəruri texniki tədbirlər görülməkdə davam edir.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də sürətli poçt xidmətlərinin göstərilməsi sahəsində yüksək nailiyyətlər əldə edilmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkədə daxili və beynəlxalq EMS xidmətlərinin göstərilməsini həyata keçirən "Azərekspresspoçt" rabitə müəssisəsi bu sahədə yüksək keyfiyyət göstəricilərinə nail olduğuna görə Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin hər il keçirdiyi keyfiyyət sertifikasiyasının nəticələri əsasında artıq 5-ci il dalbadal qızıl səviyyəyə layiq görülmüşdür.
Azərbaycan poçtunun dinamik inkişafı, qısa zaman ərzində dünya poçt sisteminə sürətli inteqrasiyası onun beynəlxalq aləmdə nüfuzunun artması və mövqeyinin xeyli möhkəmlənməsinə səbəb olmuşdur. Belə ki, müstəqil ölkə kimi ÜPİ üzvü olduğu müddət ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi çox sürətli inkişaf yolu keçərək öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə etmişdir. Məhz buna görə də Azərbaycan Poçt müdiriyyəti beynəlxalq təşkilatlardakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin ən mötəbər orqanlarına - 2004-cü ildə Administrativ Şuraya, 2008-ci ildə isə həm Administrativ, həm də Poçt İstismarı şuralarına üzv seçilmişdir.
Azərbaycan poçtunda gedən proseslər və son illərdə əldə edilmiş yüksək nailiyyətlər ÜPİ rəhbərliyinin ölkəmizə ciddi maraq göstərməsinə səbəb olmuşdur. ÜPİ Beynəlxalq Bürosunun baş direktoru Eduard Dayanın son 5 il ərzində 2 dəfə - 2005-ci ildə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi barədə sazişin imzalanması və 2010-cu ildə bu layihənin uğurla başa çatması ilə əlaqədar mərasimlərdə iştirak etmək üçün Azərbaycana səfər etməsi buna əyani sübutdur.
Öz xidməti fəaliyyəti ilə bağlı geniş əhali kütləsi ilə gündəlik təmasda olan Azərbaycan poçtunun son illərdə əldə etdiyi ən böyük nailiyyət xalqın bir vaxtlar bu xidmət sahəsinə qarşı itirilməkdə olan inamının xalqa qaytarılması və etimadın yenidən qazanılmasıdır. Bundan sonra da bizim ümdə vəzifəmiz vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərməklə, xalqın bizə olan inam və etibarının daim qorunub saxlanılması və gələcəkdə bu inamın daha da möhkəmləndirilməsindən ibarət olacaqdır.
Qəmbər BƏYBALAYEV,
"Azərpoçt" MMC-nin
baş direktoru
Xalq
qəzeti.- 2011.- 5 mart.- S. 7.