Şirvan: illər
uğurlarla yadda qalır
Şirvan şəhərində keçən
ilin sosial-iqtisadi inkişafının yekunları ilə
bağlı hesabat yığıncağı
keçirilmişdir. Hesabat məruzəsi ilə
çıxış edən Şirvan Şəhər
İcra Hakimiyyətinin başçısı Mərdan Camalov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunları və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında söylədiyi proqram xarakterli nitqindən irəli
gələn vəzifələrin icrası istiqamətində
mühüm işlər görüldüyünü bildirdi.
Başçının sözlərinə görə, bu il yanvarın 31-də Prezident İlham Əliyevin və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tapşırıq və tövsiyələrinin yerlərdə yerinə yetirilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında komissiya üzvlərinə, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinə vətəndaşların qəbuluna, ərizə və şikayətlərinə daha həssaslıqla yanaşmaları, insanların haqlı narazılığına səbəb olan süründürməçilik, rüşvətxorluq və korrupsiya hallarına qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində zəruri tapşırıq və tövsiyələr verilmişdir.
Respublika səviyyəsində əldə olunan bütün uğurlarda Şirvan şəhər zəhmətkeşlərinin də payı olduğunu qeyd edən Mərdan Camalov bildirdi ki, 2010-cu ildə də Şirvan şəhərinin sosial-iqtisadi inkişafında mühüm nəticələr əldə edilmiş, bir sıra məhsul növlərinin istehsalı sahəsində əsaslı dönüş yaradılmışdır. Nəticədə ümumi məhsul buraxılışı artmış, əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 729,8 min manat həcmində xidmət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində də bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə məhəllədaxili yollara 11,97 km asfalt döşənmiş, nəzərdə tutulan iş 100 % yerinə yetirilmişdir. Şəhər doğum evi, uşaq infeksion şöbəsi, cərrahiyə şöbəsi və cərrahiyyə bloku, Mərkəzi Şəhər Xəstəxanasının əsas korpusu Səhiyyə Nazirliyi tərəfindən əsaslı surətdə təmir edilmiş, istilik və kanalizasiya sistemi yenidən qurulmuş, xəstəxananın həyətyanı sahəsi abadlaşdırılmışdır. Xəstəxanada yeni modul tipli qazanxana quraşdırılmış, şöbələr istilik sistemi ilə təchiz edilmişdir.
Gənc nəsli ümummilli liderimiz Heydər Əliyevin mənalı həyat yolu ilə yaxından tanış etmək məqsədilə Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmiş, uzun illər baxımsız qalan şəhər mədəniyyət evi ən müasir üslubda əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir.
Gənclərin idmanla məşğulluğunu təmin etmək məqsədilə İ.Qayıbov küçəsində mini futbol və əl oyunları stadionu tikilib istifadəyə verilmişdir. 1 aprel 2010-cu ildə şəhərimizə növbəti səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Şirvan Olimpiya İdman Kompleksinin təməli qoyulmuş, tikintiyə hazırlıq işləri başa çatdırılmışdır. Yaxın günlərdə İdman Kompleksinin tikintisinə başlanılacaqdır.
II Dövlət Proqramının icrası ilə əlaqədar Şirvan şəhərində 635 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.
Şəhər icra hakimiyyəti sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmiş, sahibkarların fəaliyyət göstərməsi üçün səmərəli biznes mühitinin yaradılmasını təmin etmişdir. Bunun nəticəsidir ki, 2004-cü illə müqayisədə qeyri-dövlət sektorunda istehsal olunan məhsulların həcmi 2,3 dəfə artaraq 70,7 % təşkil etmişdir.
Şəhər icra hakimiyyəti yerli əhəmiyyətli problemlərin həllində qeyri-dövlət sektoru və bələdiyyələrin imkanlarından səmərəli istifadə etməyə çalışmışdır. 2010-cu ildə şəhər bələdiyyəsi yerli əhəmiyyətə malik problemlərin həlli məqsədilə 433 min manatlıq iş görmüş, ehtiyacı olan şəhər sakinlərinə 7230 manat maddi yardım göstərmiş, şəhərin 23-cü yaşayış massivində məskunlaşmış 131 ailənin enerji probleminin həlli üçün 30 min manat vəsait sərf etmişdir.
2010-cu ildə Məşğulluq Mərkəzinə 1294 nəfər işsiz vətəndaş müraciət etmiş, onlardan 1037 nəfəri işlə təmin olunmuş, 22 nəfərə isə işsiz statusu verilmişdir.
Əhalinin enerji daşıyıcıları, istilik və içməli su təminatının yaxşılaşdırılması və bu sahədə nöqsanların aradan qaldırılması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə xüsusi qərargah yaradılmış, əhali arasında geniş izahat və təbliğat işi aparılmışdır. Bunun nəticəsidir ki, elektrik enerjisinin dəyərinin ödənilməsi əhali kateqoriyası üzrə 112,7% təşkil etmiş, sayğaclaşma işləri 100% yerinə yetirilmişdir.
Hacıqəhrəmanlı qəsəbəsinin qaz təchizatı sistemi yenidən qurulmuş, qəsəbədə 29 km polietilen, 11,5 km metal boru çəkilmiş, 443 ədəd fərdi qaz tənzimləyici və yeni sayğaclar quraşdırılmışdır. Qəsəbə sakinlərinin qaz təminatı problemi həll edilmişdir.
2010-ci ildə qazın dəyərinin əhali kateqoriyası üzrə 83% yığılması təmin edilmişdir. Sayğaclaşma işləri 97,1% təşkil etmişdir. Bayramlı qəsəbəsini təbii qazla təchiz edən 114 mm-lik qaz kəmərinin Kür çayından keçən hissəsi çayda baş verən daşqın zamanı zədələndiyindən qəsəbənin qazla təminatında problemlər yaranmış, Dövlət Neft Şirkətinə müraciətdən sonra "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 500 paqonometr yeni qaz xətti çəkilərək qəsəbənin qaz təchizatı bərpa edilmişdir.
Hesabat ilində şəhərdə əhaliyə satılmış içməli suyun dəyəri 91,5% ödənilmişdir. Lakin əhalinin içməli su ilə təminatında mövcud problemlər qalmaqda davam edir. İcra hakimiyyəti yay aylarında şəhərin su çatışmayan bəzi məhəllələrinə içməli suyun maşınlarla verilməsini həyata keçirmişdir.
2010-cu ildə təhsil sahəsində də müəyyən uğurlar əldə edilmişidr. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış 2-ci kredit sazişinə uyğun olaraq 2 saylı orta məktəbdə informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunmuş kitabxana, 9 və 18 saylı orta məktəblərdə isə internetə çıxışı olan informasiya mərkəzləri yaradılmışdır. Şəhərin 10 məktəbində hər birində 13 kompyuter dəstindən ibarət internetə qoşulmuş kompyuter otaqları fəaliyyət göstərir. 2010-cu ildə ali məktəblərə 495 məzun sənəd vermiş, onların 5 nəfəri xarici universitetlərə, 8 nəfəri xüsusi təyinatlı və 9 nəfəri xüsusi qabiliyyət tələb edən məktəblərə, 188 nəfər respublikanın ali məktəblərinə qəbul olunmuşdur. Məzunlardan 34 nəfəri 500-dən, 17 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Aprel-may aylarında Kür çayında suyun səviyyəsinin kəskin artması və uzun müddət yüksək səviyyədə qalması şəhər üçün ciddi təhlükə və fəsadlar yaratmışdır. Yaranmış real təhlükənin qarşısını almaq məqsədi ilə şəhərdə xüsusi qərərgah yaradılmış, çayın şəhərin inzibati ərazisindən keçən hissəsində bəndbərkitmə işlərinə 14 buldozer, 29 traktor,100-dən çox özüboşaldan yük maşını və 3000-dən artıq canlı qüvvə cəlb olunmuşdur. Şəhər sakinlərinin köməyi ilə bəndlərin təhlükəli hissələrinin bərkidilməsinə 180 min kisə torpaq vurulmuşdur. Görülmüş tədbirlər nəticəsində bəndlər hündürləşdirilərək su basma təhlükəsinin qarşısı alınmışdır. Sahil boyu yaşayış massivlərində qrunt sularının çəkilməsi üçün 191 ədəd müxtəlif markalı su çəkən nasoslar quraşdırılmışdır.
Təbii fəlakət nəticəsində Sabirabad rayonundan Şirvana müvəqqəti köçürülən əhaliyə kommunal və digər xidmətlərin göstərilməsi üçün 11 nəfərdən ibarət işçi qrupu yaradılmış, köçkünlərə yüksək səviyyədə tibbi və digər xidmətlər təşkil edilmişdir.
Bayramlı, Hacıqəhrəmanlı qəsəbələrində, Kürkörpü, Köhnə şəhər, Çılpaqlı yaşayış massivlərində 891 fərdi yaşayış evinə və həyətyanı sahələrə ziyan dəymişdir. 42 fərdi evin yenidən tikilməsi nəzərdə tutulmuşdur. Bunlardan 23 fərdi evin tikinti işləri başa çatmaq üzrədir. 19 "barak" tipli evin yenidən tikilməsi üçün layihə-smeta sənədləri hazırlanır, 117 evdə bərkitmə-gücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyində müvafiq işlər aparılır. 2 məktəb,1 uşaq bağçası, 3 kitabxana, 1 klub, tarixi abidə kimi qeydiyyata alınan 1 mədəniyyət və istirahət parkı istifadəyə yararsız hala düşmüşdür. Artıq 10 fərdi evin tikintisi aparılır.
Prezident İlham Əliyev 1 aprel 2010-cu ildə növbəti dəfə şəhərdə olmuş, Heydər Əliyev Mərkəzinin, əsaslı təmir olunmuş şəhər Mərkəzi Mədəniyyət evinin, yenidən qurulmuş "Araz" və "Telemexanika" zavodlarında istehsal korpuslarının açılışlarını etmiş, Şirvan Olimpiya İdman Kompleksinin təməlini qoymuş, "Cənub" ES-də gedən tikinti işləri ilə şəxsən tanış olmuş, görülən işləri yüksək qiymətləndirmişdir.
2010-cu ildə Bayramlı qəsəbəsinin giriş yollarına 9 min kv.m (51717 manatlıq), Şirvan-Sabirabad avtomobil yolunun 1-2 km sahəsində (1 May küçəsində) 4900 kv.m (240,6 min manatlıq) asfalt-beton örtüyün tikintisi həyata keçirilmişdir. Ümumiyyətlə, şəhər ərazisində 59 min kv.m-ə yaxın sahədə yollara asfalt-beton örtük qoyularaq 812,3 min manatlıq iş görülmüşdür.
Şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Şəhər ərazisində 8 min ədəd ağac, 36164 gül kolu və 4180 kv.m qazon əkilmişdir. Şəhərin H.Əliyev prospekti və S.Zeynalov küçələrinin əhatə etdiyi yaşayış massivlərində 2 yeni nümunəvi məhəllə salınaraq sakinlərin istifadəsinə verilmişdir. Həmin nümunəvi məhəllələrdə 2517 kv.m sahəyə tamet plitələr döşənmiş, 2560 paqonometr bardür düzəldilmiş, 6 dəst uşaq əyləncə və idman qurğusu, 6 ədəd metalkonstruksiyalı günlük quraşdırılmışdır. Məhəllədəki ticarət obyektləri təmir edilmiş, əraziyə 500 kub.m münbit torpaq qatı verilmiş, dekorativ ağac və gül kolları əkilmiş, 35 min manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür.
H.Əliyev prospektində, Şəhidlər Xiyabanının şimal hissəsində, Z.Hacıyev və 1 May küçələrində vətəndaşlara məxsus fərdi evlərin həyətyanı sahələrinin mərkəzi yola baxan hissələrində dekorativ bardür tökülmüş, müasir tələblərə cavab verməyən hasarlar sökülərək mişar daşı ilə hörülmüş, 3350 kv.m hasar "ağ lay" üzlük daşları ilə klassik memarlıq üslublarında üzlənmiş, ərazidə 180 kv.m tamet plitələr döşənmiş, rəngləmə işləri aparılmış, ağac, gül və çiçəklər əkilmişdir. Şəhərin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində də xeyli abadlıq və quruculuq işləri görülmüşdür. Hacıqəhrəmanlı qəsəbə sakinlərini narahat edən enerji daşıyıcıları ilə təminat və texniki su problemi, demək olar ki, həll olunmuşdur. Qəsəbənin daxili yollarında təmir işləri aparılmışdır. Lakin içməli su və işsizlik problemi hələ də həll olunmamışdır. Bayramlı qəsəbəsində də daxili imkanlar hesabına xeyli təmir və abadlıq işləri aparılmış, sakinlərin məktəb, işsizlik və təbii qazla təchizat problemlərinin aradan qaldırılması istiqamətində işlər görülmüşdür.
Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov hesabat yığıncağında iştirak etmişdir.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 5 mart.- S. 6.