Yevlax: inkişaf
sürətli və davamlıdır
Son illər Yevlax rayonunda aparılan sürətli
və davamlı quruculuq işləri bölgənin
simasını tamamilə dəyişmişdir. Yevlax şəhəri
Prezident İlham Əliyevin dediyi kimi, nəinki ölkənin,
eləcə də Avropanın yaraşıqlı, gözəl
şəhərlərindən birinə çevrilmişdir.
Rayonda bir sıra yeni istehsal sahələri
yaradılmış, bir çox sosial problemlər həll
edilmiş, əhalinin güzəranı əsaslı surətdə
yaxşılaşmışdır. Ötən il bu proses
bütün istiqamətlərdə uğurla davam
etdirilmiş, yeni yüksək nailiyyətlər
qazanılmışdır.
Bütün bunlar barədə ətraflı söz açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ötən il ölkəmizin uğurları fonunda rayonun başlıca yekunlarını təhlil edərək bildirdi ki, 2010-cu il sosial-iqtisadi inkişaf baxımından bölgə üçün də sevindirici olmuşdur. Yevlaxlılar ötən ili oktyabr ayının 14 də və noyabrın 10-da Prezident İlham Əliyevin rayona səfərlərinin və bu zaman işimizə verdiyi yüksək qiymətin, şəhərimiz haqqında söylədiyi dəyərli fikirlərin təsiri altındadır. Dövlət başçısının daimi diqqət və qayğısını dərindən hiss edən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ildə də rayonun hərtərəfli inkişafı üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Geniş quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
Ötən ilin iqtisadi uğurlarından söz açan məruzəçi göstərdi ki, 2010-cu ildə ümumdaxili məhsulun həcmi 569,9 milyon manat olmuşdur. Bu, 2009-cu ilə nisbətən 143,2 milyon manat və yaxud 33,5 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin hesabına olmuşdur. Ümumdaxili məhsulun 11,4 milyon manatını sənaye, 68,2 milyon manatını kənd təsərrüfatı, 287,6 milyon manatını tikinti, 162,2 milyon manatını ticarət, 4,1 milyon manatını nəqliyyat, 0,8 milyon manatını rabitə, 35,6 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 5 milyon 129,3 min manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 49,7 faizini təşkil edir. Hər nəfərə 4753,4 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 1149,7 manat və yaxud 31,9 faiz çoxdur.
Rayon üzrə orta aylıq əmək haqqı 174,6 manat olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 5,2 manat çoxdur. 2010-cu ildə əhalinin pul gəliri 313,5 miylon manat olmuşdur. Bu, 2009-cu ilə nisbətən 77,9 milyon manat və yaxud 33,1 faiz çoxdur. Adambaşına (hər nəfərə) pul gəlirləri 2614,4 manat olmuşdur. Bu isə 2009-cu ilə nisbətən 625,2 manat və ya 31,4 faiz çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 162,2 milyon manat olmuşdur. Bu, 2009-cu il ilə müqayisədə 17,7 faiz və yaxud 24,3 milyon manat çoxdur. 68 ticarət və xidmət obyekti tikilmişdir. 510 hüquqi, 3441 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.
Hesabat dövründə ümumilikdə 68,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 13,6 faiz çoxdur. 2011-ci ilin məhsulu üçün 2191 nəfər buğda istehsalçısına 469,6 min manat dövlət yardımı verilmişdir. Keçən il torpaq mülkiyyətçilərinə 1076 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Nəticədə bu ilin məhsulu üçün 14054 hektar sahədə taxıl əkilmişdir ki, bundan da 11790 hektarı buğdadır. Keçən il taxıl istehsalı 29,9 min tona çatmışdır. Obyektiv səbəblərdən taxıl istehsalı əvvəlki ilə nisbətən 13,9 min ton azalmışdır. 2010-cu ilin məhsulu üçün 8709 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 354,7 min manat yardım ödənilmişdir. Bundan əlavə, 1-ci və 2-ci reprudiksiyalı toxum istehsal edən 4 toxumçuluq təsərrüfatına 165 min manat subsidiya ödənilmişdir.
2010-cu ildə 2009-cu ilə nisbətən iri malın sayı 221 baş, qoyunların sayı 1812 baş, quşların sayı 1246 baş artmışdır. 2009-cu illə müqayisədə 72 ton ət, 291 ton süd, 115,2 min ədəd yumurta, 4,2 ton yun, 498 ton pambıq çox istehsal edilmişdir.
2010-cu ildə 140 km təsərrüfatdaxili suvarma kanalları, 41 km açıq drenlər, 13 km-də Mil-Qarabağ kollektoru, 15 km-də Yuxarı Qarabağ Kanalı, 30 km-də Yuxarı Şirvan kanalı lildən təmizlənmişdir. 11 min kubmetr torpaq həcmində Yuxarı Qarabağ kanalında sahilbərkitmə işləri aparılmışdır. 130 hidrotexniki qurğuda, 9 nasos stansiyasında əsaslı və cari təmir işləri aparılmışdır.
2010-cu ildə sahibkarlara, iş adamlarına 15 miylon 480,9 min manat kredit verilmiş, əhalidən 3 milyon 721,7 min manat əmanət qəbul edilmişdir. Ötən il 1843 iş yeri açılmışdır. Onlardan 1218-i daimidir. Ümumilikdə, 2004-2010-cu illərdə rayonda 14822 iş yeri yaradılmışdır ki, onlardan 8004-ü daimidir. Keçən il 2009-cu ilə nisbətən əhalinin artımı 1494 nəfər olmuşdur. Bu, əsasən, doğuşların sayının artması, ölüm hallarının azalması və şəhərə gələnlərin sayının artması hesabına olmuşdur. 2010-cu ildə miqrasiya saldosu +58 olmuşdur. Ötən il 2376 uşaq doğulmuşdur. Bu, son 10 ildə ən yüksək göstərici olmaqla, 2009-cu ildəkinə nisbətən doğulanların sayı 560 nəfər çox olmuşdur.
Tikinti-quraşdırma, abadlıq sahəsində uğurlardan danışan başçı bildirdi ki, 2010-cu il ərzində bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 336,6 milyon manat olmuşdur. Bu, 2009-cu ilə nisbətən 155,2 milyon manat və yaxud 85,6 faiz çoxdur. Keçən il 246 milyon manat əsas kapitala yönəldilmişdir. Bu da 2009-cu ilə nisbətən 109,9 milyon manat və ya 80,8 faiz çoxdur.
Şəhərdə və kəndlərdə 4 məktəb binası, şəhərdə 600 şagird yerlik 1 nömrəli orta məktəb, Cırdaxan və Xaldan kəndlərində 180 şagird yerlik əsas, Meyvəli kəndində 40 şagird yerlik ibtidai məktəb binaları tikilmişdir. Şəhərdə və rayonda məskunlaşmış məcburi köçkünlər üçün 612 mənzilli 10 ədəd 5 mərtəbəli yaşayış binaları, 480 şagird yerlik orta məktəb, uşaq bağçası və digər infrastaktur obyektlərdən ibarət yaşayış məhəlləsi tikilib istifadəyə verilmişdir. Qarabağ əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Hazırda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni 4 mərtəbəli 36 mənzilli yaşayış binası tikilir. Eyni zamanda, şəhərin Nizami prospektində 4 mərtəbəli 20 mənzilli yaşayış binasının tikintisinə başlanmışdır.
2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şöbəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, Qanunsuz Miqratların Saxlanması Yevlax Mərkəzinin, "Bank-of-Azərbaycan" Bankının Yevlax filialının, Baytarlıq İdarəsinin inzibati binaları istifadəyə verilmişdir. "Azərtoxum" MMC toxum emalı müəssisəsi və "Beton" ASC-nin tərkibində saatda 60 kubmetr beton istehsal edən zavod tikilərək istismara verilmişdir. Şəhərin Nizami prospektində, İ.Dəmirov küçəsində, 31-ci məhəllədə 37 binanın daş örtükləri təmir olunaraq dəyişdirilmiş və metal kirəmit vurulmuşdur. 1 ədəd 5 mərtəbəli binanın fasadı alkopanla üzlənmişdir.
Uşaq-Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunun, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və Ehtiyatların İdarəetmə Mərkəzinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin, "Beynəlxalq Bankın" Yevlax filialının binalarının tikintisi davam etdirilmişdir. Sahibkarların hesabına hər biri 72 mənzilli olan 2 ədəd 6 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Şəhərdə avtovağzal kompleksi tikilir və dəmir yol vağzalı binasında yenidənqurma işləri görülür.
2011-ci il
turizm ilə elan edilmişdir. Bu baxımdan Kür
çayının sahilində 5 ulduzlu otelin və 2 kilometr
uzunluğunda bulvar kompleksinin tikintisinin xususi əhəmiyyəti
vardır. Artıq Bulvar kompleksinin birinci hissəsinin tikintisi
başa çatmışdır.
Laminat-parket
zavodunun, ayaqqabı fabrikinin, "Lalə-Tekstil" MMC
fabrikinin ikinci növbəsinin, dekorotiv plitə istehsalı
sexinin tikintisi, Beton-ASC dəmir-beton məmulatları zavodunun
yenidən qurulması nəticəsində yeni iş yerləri
yaradılacaq və əhalinin məşğulluğunun səviyyəsi
artacaqdır.
Şəhərdə,
maqistral avtomobil yollarının kənarlarında 259 min ədəd
müxtəlif növ ağaclar, 320 min ədəd dekorativ
lüqustr, 165 min ədəd qızıl gül kolları əkilmişdir.
100 hektar meşə zolağı salınmış, 216 min
ağac əkilmişdir, 110 hektar meşə zolaqları bərpa
edilmişdir.
Məruzəçi
daha sonra sosial sahələrin uğurlarından
danışaraq bildirdi ki, əhalinin içməli su ilə təmin
olunması nasos stansiyalarına, artezian və subartezianların
istimarı daim diqqət mərkəzində
saxlanılmışdır. İçməli suyu olmayan 17 kəndə
sutəmizləyici qurğular quraşdırılmış,
85 kilometr uzunluğunda kəndarası su xətləri çəkilmiş
və 175 bulaq tikilmişdir. Əhali ekoloji cəhətdən
təmiz su ilə təmin olunmuşdur. Ərəbbəsrə,
Meyvəli, Hürüuşağı və
Balçılı kəndlərində də içməli
sutəmizləyici qurğuların tikintisi
planlaşdırılmışdır.
Keçən
il 12 kilometr 10 və 6 kv - luq, 1,8 km 0,4 kv- luq elektirik
verilişi hava xətləri əsaslı təmir
olunmuşdur. 112 elektrik dirəyi dəyişdirilmiş, 12
transformator quraşdırılmış və 33 transformator məntəqəsi
təmir olunmuşdur. Hazırda şəhər və kənd
yaşayış məntəqələri 24 saat elektrik
enerjisi ilə təmin olunur.
İl ərzində
rayonun 10 yaşayış məntəqəsi - Səmədabad,
Varvara, Qaramanlı, Hacımahmudlu, Nuralılar, Tanrıqulular,
Boşçalı, Hürüuşağı kəndləri,
"İrəvanlı" qəsəbəsi, Aran qəsəbəsi
təbii qaz ilə təmin olunmuşdur. Beləliklə,
rayonun 49 qəsəbə və kəndindən 20-i təbii
qaz ilə təmin olunmuşdur. Bu işlərin görülməsi
üçün 32,5 km orta təzyiqli daşıyıcı,
28 km paylayıcı, cəmi 60,8 kilometr qaz xətti çəkilmişdir.
Cırdaxan qaz paylayıcı stansiyasından şəhərə
gələn daşıyıcı xəttin 3,8 km-i dəyişdirilmiş,
Nizami prospekti, Q.Nəbi, Koroğlu, Bakıxanov küçələrində
5,6 kilometr qaz xətləri çəkilmişdir.
Əvvəlki
illərə nisbətən əhaliyə göstərilən
rabitə və poçt xidmətlərinin səviyyəsi
artmışdır. Bu sahəyə 225 min manat vəsait
ayrılmışdır ki, bu da 2009-cu ilə nisbətən
65,5 min və ya 40,9 faiz çoxdur. Mərkəzi və kənd
ATS-nin tutumlarının artımı hesabına əhaliyə
şəhərdə 164, kəndlərdə isə 147, cəmi
311 telefon çəkilmişdir. Rayonun 5 kəndində -
Xaldan, Gülövşə, Nəmərli, Meyvəli,
Tanrıqulular kəndlərində poçt şöbələri
üçün binalar tikilib istifadəyə verilmişdir.
2010-cu ildə
orta məktəbi bitirmiş 998 nəfərdən 743 nəfəri
ali məktəblərə sənəd vermiş, onlardan 255 nəfər
ali məktəblərə qəbul olmuşdur. 2 nəfər
600-dən, 28 nəfəri isə 500-dən çox bal
toplamışdır. Məzunlardan 2 nəfəri Türkiyə
Respublikasının, 4 nəfəri Rusiya Federasiyasının
ali məktəblərinə qəbul olunmuşdu.
Respublika
səhiyyə nazirinin 5 avqust 2009-cu il tarixli 95 nömrəli
"Yevlax rayonunun tibb müəssisələri şəbəkəsində
dəyişikliklərin edilməsi barədə" əmrinə
əsasən 9 kənd xəstəxanası həkim məntəqəsinə,
Yuxarı Qarxun kənd feldşer-mama məntəqəsi tibb məntəqəsinə
çevrilmiş, Cırdaxan kəndində və İrəvanlı
qəsəbəsində yeni tibb məntəqələri
yaradılmışdır. Ana və uşaqlara göstərilən
səhiyyə xidmətinin
yaxşılaşdırılması, bu sahəyə vahid nəzarətin
əlaqəli təşkili, cərrahiyyə xidmətinin
yaxşılaşdırılması üçün
ginekologiya və doğum şöbələrinin əsasında
40 çarpayılıq mamalıq-ginekologiya şöbəsi
yaradılmışdır. Ailə
Planlaşdırılması və Reproduktiv Sağlamlıq Mərkəzi
qadın məsləhətxanasının binasına
köçürülmüşdür. Xəstələrin əlaqəli
müalicəsinin təşkili məqsədilə xəstəxanada
60 çarpayılıq vahid cərrahiyyə şöbəsi
təşkil edilmişdir.
Yeni
yaradılan elektron kitabxanada, əsaslı təmir olunan
uşaq kitabxanasında əhaliyə göstərilən xidmətin
keyfiyyəti yüksəlmiş, oxucuların kütləviliyi
artmışdır. Əlamətdar və tarixi günlərlə,
bayramlarla əlaqədar Heydər Əliyev adına meydanda,
Heydər Əliyev adına sarayda və Heydər Əliyev
adına xiyabanda keçirilən şənliklərdə minlərlə
yevlaxlı iştirak etmişdir.
Şəhərdə
Regionlal Televiziyanın fəaliyyət göstərməsi əhalinin
operativ məlumat əldə etməsinə, informasiya dairəsinin
genişlənməsinə böyük imkan
yaratmışdır. Region qəzetləri içərisində
ən yüksək - 7 mindən çox tirajla çap olunan
"Kür" qəzetində əhalinin sosial problemlərinin
həlli, şəhərin mədəni həyatı, iş
adamlarına verilən qiymət, sahibkarlığın
inkişafı istiqamətində görülən işlər
daim öz əksini tapır və qəzetin prioritet istiqamətini
təşkil edir.
Məruzəçi
daha sonra tikilməkdə olan 27, tikiləcək 25, əsaslı
təmir və yenidənqurma işləri aparılacaq 9
istehsal, sosial-mədəni və xidmət obyekti barədə
də məlumat verdi.
Toplantıda
cari ildə rayonun məsul şəxsləri, kollektivləri
qarşısında duran vəzifələrdən də ətraflı
söz açıldı. Mövcud
çatışmazlıqlar təhlil edildi, qarşıda
duran təxirəsalınmaz işlər açıqlandı.
Prezident
Administrasiyasının məsul işçisi Məhərrəm
Quliyev və Milli Məclisin deputatları Əli Hüseynov və
İlham Məmmədov toplantıda çıxış
etmişlər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2011.- 5 mart.- S. 6.