Tovuzda bahar nəfəsli fevral

 

Zəyəm çayını keçib Böyük İpək Yolundan Tovuzun Alakol kəndinə dönəndə diqqətimi ilk çəkən asfvalt yol və bu yol boyunca vaxtilə qaz və istilik olmadığından qırılmış, amma indi onun yerində salınmış meşə zolağı oldu. Bir də sumqayıtlıların yaxşı tanıdığı, sovetlər dönəmində məsul partiya -sovet işlərində çalışmış Vaqif Qasımovun Alakol haqqında, Xınna dərəsinin qucağında uyuyan, bu barlı-bərəkətli kəndin torpağından, suyundan, adamlarından çox böyük məhəbbət və qürur hissləri ilə danışan, Alakolun yolsuzluğunu vurğulayan çöhrəsi ilə üz-üzə dayandım. Bu az imiş kimi, dilçi alim Bəşir Əhmədovun hələ o vaxtlar zarafatdan çox ciddiyyətlə dediyi sözlər də yadıma düşdü: "Bakıdan Qovlara 450 kilometrlik yolu da 5 manata gedirik, Qovlardan Alakola 5 kilometrlik yolu da..." Maraqlıdır ki, sonralar da Bakıdan Qovlara olan yol qiyməti dəyişmədi, amma Qovlar-Alakol yolunun gediş qiyməti 2 dəfəyə qədər qalxdı. Hətta sürücülər adama bir minnət də qoydular ki, Alakolun yolu çox pisdir!

 

Tovuz RİH-nin başçısı Tofiq Zeynalovla görüşəndə bu xırda, amma ağrılı əhvalatları xatırlatmasam da çox ciddi bir səmimiyyətlə bildirdim ki, sovet hakimiyyətinin 70 ildə düzəldə bilmədiyi yolu siz bir ilə asfaltlaşdırdınız, buna görə çox sağ olun! Minnətdarlığımı özünəməxsus bir gülüşlə qarşılayan başçı "bu sağ ol Alakolun qabiliyyətli, el qədri bilən oğlanlarına düşür", - deyə cavab verdi. Amma icra başçısının Alakol üzrə nümayəndəsi Hətəm Saadov isə kənddə aparılan yenidənqurma işlərində, o cümlədən "70 ildə sovet hökumətinin çəkə bilmədiyi yolun" bir ildə asfaltlaşdırılması məhz Tofiq müəllimin təşəbbüskarlığının və işgüzarlığının nəticəsidir, - deyə bildirdi. Kəndimizdə el-obanın qədrini bilən oğlanlarımız həmişə olub, amma onların xeyirxah bir məqsəd üçün səfərbər olması çətin bir iş olmuşdur. Bu böyük missiya məhz icra başçısının təşəbbüskarlığı ilə baş tutdu. İndi kənddən İpək yoluna kimi olan yol asfaltlaşdırılıb, qalan az bir hissədə isə işlər davam etdirilməkdədir.

Hətəm müəllim deyir ki, son illərdə kəndin simasının dəyişdirilməsi ənənəvi və müntəzəm hal almışdür. Kəndarası küçələrə çınqıl döşənmiş, Alakol kəndi ərazisində yerləşən Nurəddin Sadıqov adına orta məktəbə istilik sistemi çəkilmişdir.

Eyni zamanda, Köhnəqala kəndinin mərkəzi yolu və küçələrinə çınqıl döşənmişdir. Köhnəqala və Məşədilər kəndlərində kəndarası su arxları təmizlənmiş, su keçən yollara yeni su boruları salınmışdır.

Kənddə sahibkarlığın inkişafı məqsədilə yeni binalar tikilmiş, sosial müəssisələr təmir edilərək yeni görkəm almışdır.

Ekologiya ilində iməcilik yolu ilə 3500 ədəd yaşıllıq və gül bitkiləri əkilmiş və bu iş davam etdirilir.

Alakol kənd ərazi vahidliyinin Aşırallar kəndində mərkəzi küçəyə çınqıl tökülmüşdür. Həmin kəndin ərazisində iki subartezian quyusu qazılmışdır.

Hətəm müəllim qeyd edir ki, ölkə Prezidenti İlham Əliyevin rayona səfəri böyük ruh yüksəkliyi ilə qarşılandı və qarşımızda çox mühüm perspektivlər açdı. Möhtərəm Prezident tovuzlularla görüşündə deyəndə ki, Tovuzda maldarlıq, üzümçülük, taxılçılıq sahələrində böyük işlər görülə bilər, bu hər bir tovuzluya çatan xoşməramlı bir mesaj idi. Məhz bu çağırışdan sonra kəndə sahibkarlar tərəfindən yeni traktorlar və becərmə texnikaları gətirilmişdir. Biz Prezidentimizi dəstəkləyir, onun hər bir çağırışına əməli işimizlə cavab verməyə çalışırıq, əminik ki, onun dediyi kimi, "Azərbaycan tam şəkildə öz ərzaq təhlükəsizliyini təmin edəcəkdir".

 

***

 

Alakol Tovuzun 102 kəndindən ancaq biridir. Son illər Tovuzun hər bir kənd və qəsəbəsində böyük quruculuq və yenidənqurma işləri görülmüşdür. 2003-cü ildən bəri ölkə Prezidenti İlham Əliyev 5 dəfə Tovuzda olmuş və Prezidentin hər bir səfəri aparılan quruculuq işlərinə böyük təkan vermişdir.

2007 - 2010-cu illərdə rayonda aparılan tikinti və quruculuq işlərinin siyahısına nəzər salanda burada nə qədər zəhmət və entuziyazm olduğunu görməmək mümkün deyil.

"Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli 516 nömrəli Sərəncamına əsasən strateji əhəmiyyətə malik 53 kilometrlik Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yolu yenidən qurulmuşdur. Strateji əhəmiyyətli bu yolun yenidən qurulması nəinki bir Tovuz rayonunun, eləcə də bölgənin həyatında mühüm hadisədir. Uzunluğu 53 kilometr olan yol 21 min nəfər əhalinin yaşadığı 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yolunun yenidən qurulması Gədəbəy rayonunun 25 yaşayış məntəqəsinin 12 min sakininin də ilin bütün fəsillərində nəqliyyat vasitələrindən istifadəsini asanlaşdırmış, onlara yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara çatdırmağa imkan yaratmışdır.

Yeni yolun turizmin və bütövlükdə rayonun iqtisadiyyatının inkişafı baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, əlverişli iqlim şəraiti, təbii meşə örtüyü və sərin bulaqları olan bölgəyə yay mövsümündə gələn turistlərin sayı bir neçə dəfə artmışdır. Gələcəkdə turistlərə göstərilən xidmətlərin genişləndirilməsi üçün işlər görülməkdədir.

Yolun açılış gününü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edən tovuzlular bu mühüm hadisəni Əsrik dərəsində, eləcə də Tovuzda yeni həyatın başlanğıcı kimi dəyərləndirir və dövlət başçısına ürəkdən minnətdarlıqlarını bildirirlər.

Son illər sürətlə inkişaf edən Tovuzda - şəhərin mərkəzi meydanında ulu öndərin abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzi tikilmişdir. Şəhid ailələri və əlillər üçün 16, 24 və 36 mənzilli yaşayış binaları və 8 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Turizm marşrutuna daxil olan "Qala", "Uçqala" kompleksləri, rəmzi "Olimpiya zirvəsi" tikilmişdir.

Üzüm və meyvə saxlanması üçün tutumu 800 ton olan 3 soyuducu. 9 şadlıq sarayı, musiqili fəvvarə, idarə və müəssisələr üçün 6 inzibati bina, 32 məhəlli mini idman meydançası tikilib istifadəyə verilmişdir. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirmək üçün memorial, 105 və 106 saylı DSK-lar üçün inzibati bina, Tovuz şəhər parkı, 4 tibb məntəqəsi, gücü 400 ton olan asfalt zavodu, 10 min tonluq taxıl anbarı istifadəyə verilmişdir.

Hasarlarda 3556 kvadratmetr hörgu işləri aparılmış, 14511 kvadratmetr təbii qaya daşlarından üzlük vurulmuşdur.

Park, səki və meydanlara 35130 kvadratmetr qaya daşı və tamet plitələr döşənmişdir. 3776 şagird yerlik 11 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 640 şagird yerlik 3 məktəb tikilmişdir. 9 məktəbdə 600 şagird yerlik 30 əlavə sinif otağı tikilmiş, 12 məktəb əsaslı təmin edilmişdir.

2003-cü ildə rayonda 2 bank filalı olmuş, 2010-cu ildə onların sayı 11-ə çatdırılmış və inzibati binalarla təmir edilmişdir.

Heydər Əliyev meydanında yöndəmsiz obyektlər sökülmüş, meydan müasir memarlıq üslubunda yenidən qurulmuş, dünyanın 6 ölkəsinin paytaxtında vaxtı göstərən "Yeddi sütun" adlandırılan qövsvari kolonada və Əzizbəyov küçəsindən sütunlu giriş qapısı tikilmiş və saat quraşdırılmışdır. Şəhidlər Xiyabanı sökülərək yenidən qurulmuşdur.

Küçə və yollara 508 min kvadratmetr asfalt-beton örtük qoyulmuşdur. (Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu və digər magistral yollar istisna olmaqla). YAP rayon təşkilatının inzibati binası əsaslı təmir edilmiş, fasadı müasir dizaynla yenidən qurulmuşdur. Ə.Cəfərov adına mədəniyyət evinin fasadı yenidən qurulmuş, lokal istilik sistemi quraşdırılmışdır.

Təkcə 2010-cu ildə Tovuz şəhərində sahəsi 10,2 ha olan mədəniyyət və istirahət parkında, gündə 20 ton süd qəbul edən Tovuz süd emalı zavodunda, Tovuz Olimpiya İdman Kompleksində, Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yolunda bütün işlər başa çatdırılmış, ölkə Prezidenti İlham Əliyevin Tovuza səfəri zamanı, bu il fevralın 9-da bu obyektlərin təntənəli açılış mərasimi olmuşdur.

Tovuzda aparılan quruculuq işlərindən razı qaldığını bildirən Prezident demişdir: "Bütövlükdə Tovuz rayonunda gedən işlər məni çox sevindirir".

RİH-nin başçısı Tofiq Zeynalov bildirir ki, Prezidentin rayona səfəri tovuzlular qarşısında çox böyük və məsuliyyətli vəzifələr qoydu. Bu vəzifələrin icrasına elə bu gündən başlamışıq. Hazırda Tovuz şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur, Tovuz çayı üzərində su anbarının, 80 çarpayılıq xəstəxana binasının, 5 ulduzlu otelin, polis şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. 2000 tonluq soyuducu quraşdırılır.

 

* * *

 

Prezident İlham Əliyevin Tovuza səfəri qışın oğlan çağına - fevrala təsadüf etsə də bu yerlərin havasında da bir bahar təravəti duyulurdu. Yaxın ətrafdakı dağların başındakı qar da bu istini soyuda bilməmişdi. Bildiyim, gördüyüm bir həqiqət isə o idi ki, tovuzlular 2011-ci ilin bahar ətirli bu fevralını hələ uzun illər unutmayacaqlar. Çünki möhtərəm Prezidentimizin dediyi kimi, "2011-ci il yaxşı başlayır, yaxşı tədbirlərlə başlayır. Mən 2011-ci ildə sizə - bütün tovuzlulara yeni uğurlar arzulayıram. Əminəm ki, bizim görüşlərimiz hələ çox olacaq, çünki Tovuzda açılışlar hələ çox olacaqdır".

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2011.- 5 mart.- S. 5.