Prezident İlham Əliyev:
Azərbaycan bu gün regionun iqtisadi və siyasi sabitliyinin
möhkəmləndirilməsi üçün çox
mühüm ölkəyə çevrilmişdir
Qeyri-neft sektorunun inkişafı, neft sektorundan əldə
edilən gəlirlərin səmərəli istifadəsi diqqət
mərkəzində saxlanılan ən mühüm məsələlərdən
biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq
olunmuş ikinci "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası məqsədilə idarəetmə
orqanlarının, yerli və xarici investorların diqqəti
regionların inkişafına yönəldilmiş, regional
problemlərin həlli ön plana çəkilmişdir. Məhz
elə buna görə də hazırda yerlərdə
infrastruktur təminatının
yaxşılaşdırılması, sosial obyektlərin
inşasının sürətləndirilməsi ilə əlaqədar
nəzərdə tutulan layihələr uğurla
reallaşdırılır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı danışılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda birinci regional Dövlət Proqramının icrasının yekunlaşdığını diqqətə çatdırmış, eyni zamanda bildirmişdir ki, 2009-2013-cü illəri əhatə edən Proqram da uğurla icra edilir. Qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət yetirməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun...
Dövlət başçımız konfransda bundan sonra da özəl bölmənin, sahibkarlığın inkişafının diqqət mərkəzində saxlanılacağını bildirmişdir. Eyni zamanda göstərmişdir ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu prosesi uğurla gedir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur və bu çox böyük rəqəmdir. Bu il də sərmayə qoyulacaqdır. Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçmişdir. Bu sərmayələr Azərbaycanda qorunur. "Biz elə etməliyik ki, ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq, daha da yaxşılaşdıraq... Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir". Azərbaycan Prezidenti çıxışında vurğulamışdır ki, ölkədə aparılan və aparılacaq islahatlar çoxşaxəli olmalıdır. İqtisadi islahatlar ölkə iqtisadiyyatının liberallaşmasına, güclü özəl sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da yaxşı yaşayacaqlar. Sosial rifah artacaq, iş yerləri, yerli sənaye yaranacaqdır. Mən yaranacaq deyirəm, əslində bu yaranıb və yaranmaqdadır. Azərbaycanda bütün azadlıqlar tam şəkildə bərqərar olunacaqdır. Yəni, sahibkarlığın inkişafı əslində ölkəmizin hərtərəfli inkişafına, müasirləşməsinə böyük təkan verir. Konfransda həmçinin bildirilmişdir ki, Azərbaycanda makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Ötən il ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz artmış, əhalinin gəlirlərinin çoxalması inflyasiya səviyyəsini 2 dəfədən artıq üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.
Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir.
Bu nailiyyətlərin əldə olunmasında, görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu vardır. İkinci proqramın icrasını da şəxsi nəzarətinə götürən dövlətimizin başçısı ötən il regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmiş, fəaliyyətləri ilə tanış olmuşdur.
Qeyd edilmişdir ki, regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.
Ötən il "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuş, o cümlədən dövlətimizin başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.
Konfransda göstərilmişdir ki, ötən il respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülmüş, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.
2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisi aparılır. Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.
Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir. Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Xatırladılmışdır ki, sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir. Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.
Konfransda göstərilmişdir ki, əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur. Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.
Konfransda Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən də söhbət açılmışdır. Bildirilmişdir ki, bir sıra məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülmüş, ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Qeyd edilmişdir ki, ilk dəfə olaraq 1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır.
Ötən il Özbəkistanda böyük uğurla keçirilmiş ilk milli sərgidə, habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına göstərilən böyük maraq onların yüksək keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8 faiz, çeşidi isə 5,6 faiz artmışdır.
Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər hesabına 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Bunun da nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.
Konfransda regionların elektrik enerjisi ilə tam təchiz olunması, qazlaşdırmanın nəticəsi, əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması, sahibkarlığın inkişafına əngəl törədən mənfi meyllərin aradan qaldırılması və s. məsələlər barədə də ətraflı danışılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 5 mart.- S. 3.