Azərbaycanın
regionları yeni inkişaf dövrünü yaşayır
XX əsrin
sonlarında yenidən tarixi müstəqilliyinə qovuşan
Azərbaycan Respublikası ötən 20 il ərzində
yüksək tərəqqi yolu keçmiş, dünyanın ən
sabit və davamlı inkişaf edən ölkəsinə
çevrilmişdir. Müasir Azərbaycan dövlətçiliyinin
banisi ulu öndər Heydər Əliyev tərəfindən təməli
qoyulmuş əsaslı islahatların uğurla və
ardıcıl şəkildə həyata keçirilməsi
ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi
üçün geniş imkanlar yaratmışdır.
Təsadüfi deyil ki, 1993-cü ilin təlatümlü iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Azərbaycanın əbədi müstəqilliyinin təminatı olan ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail oldu. Bu isə dünyanın siyasi xəritəsində kiçik yer tutmasına baxmayaraq, yeraltı və yerüstü sərvətlərlə zəngin olan, eləcə də əlverişli geosiyasi mövqedə yerləşən gənc Azərbaycan Respublikasına beynəlxalq marağı xeyli artırdı. Belə bir şəraitdə - 1994-cü il sentyabr ayının 20-də Bakı şəhərində əsrin ən böyük neft sazişinə imza atıldı. Bununla da , Azərbaycanın neft sənayesinin qapıları xarici investorların üzünə açıq elan olundu, ölkəmizdə əlverişli biznes mühitinin mövcudluğu bütün dünyaya bəyan edildi.
"Əsrin müqaviləsi"nin uğurla reallaşdırılması ilə Azərbaycanın iqtisadi yüksəlişinin təməli qoyuldu. Ölkəmizdə mühüm iqtisadi islahatlar həyata keçirildi, bazar iqtisadiyyatının əsas prinsiplərindən sayılan özəlləşdirmə siyasətinin reallaşdırılmasında bir sıra uğurlar əldə edildi. Azərbaycanın paytaxtı Bakı yenidən böyük sənaye mərkəzinə çevrildi, donmuş nəhəng istehsal sahələrinin fəaliyyəti bərpa edildi, şəhərin infrastruktunun inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bununla belə, etiraf etmək lazımdır ki, bütün bu işlər, əsasən, paytaxtda görüldüyündən ölkənin ayrı-ayrı regionları diqqətdən kənar qalmışdı. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, regionlarda lazımi infrastrukturun olmaması, işıq, qaz, su təchizatındakı fasilələr, rabitə xidmətlərinin, eləcə də yolların müasir tələblərə cavab verməməsi yerli və xarici iş adamlarını bölgələrə investisiya yönəltməkdən çəkindirirdi. Bu isə regionların iqtisadi potensialından səmərəli istifadəni çətinləşdirir, yerlərdə işsizliyin artmasına gətirib çıxarırdı. Nəticədə zəngin potensiala malik regionlarımızın inkişafı ləngiyir, paytaxtla ölkənin digər şəhər və rayonları arasında ciddi fərq yaranırdı. Təsadüfi deyil ki, müstəqilliyin ilk 10-12 ili ərzində büdcə yığımında regionların payı təqribən 12 faiz təşkil edirdi. Həmin illərdə bütün mənbələr hesabına Azərbaycana qoyulan investisiyalarda regionların payı isə təxminən 15-17 faiz idi. Məhz bu səbəbdən də regionların sosial-iqtisadi həyatında bir süstlük, gərginlik müşahidə olunurdu, əhali iş axtarmaq məqsədilə ya paytaxta, ya da xaricə üz tuturdu. Bütövlükdə isə regionların qeyri-tarazlı inkişafı ölkənin ümumi tərəqqisinə mənfi təsir göstərir, mövcud iqtisadi potensialdan səmərəli istifadəni və məhsuldar qüvvələrin düzgün yerləşdirilməsini çətinləşdirirdi. Məhz bu səbəbdən də iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə kimi getdikcə daha çox aktuallıq kəsb edirdi.
Regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda nəzərdə tutulan islahatları daha da dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edildi. Bununla da, Azərbaycanda regional, tarazlı inkişafın təməli qoyuldu. Ölkənin növbəti beş ili üçün əsas fəaliyyət proqramına çevrilmiş bu mühüm, ümummilli sənədin icrasına başlanılması regionlara yeni nəfəs gətirdi, yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı xeyli artırdı.
Azərbaycanın davamlı və tarazlı inkişafını sürətləndirən Dövlət Proqramının uğurlu icrası ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə etməyə imkan yaratmış, sosial-inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Beşillik proqramın reallaşdırıldığı dövr ərzində Azərbaycanda ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ölkədə qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı isə 84,5 faiz təşkil etmişdir. Bununla yanaşı, 2004-2008-ci illərdə ölkənin qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 6,2 dəfə artaraq ümumi investisiyaların strukturunda 69 faizə çatmışdır. Regionların iqtisadi potensialının hərəkətə gətirilməsi, yerlərdə azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi nəticəsində ölkədə sənaye istehsalında 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faizlik artım əldə olunmuşdur.
Son illər Azərbaycan Respublikasında iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri islahatlar bir qədər də sürətləndirilmişdir. Regionlarda aqrar bölmədə fəaliyyət göstərən məhsul istehsalçılarına dövlət dəstəyinin xeyli gücləndirilməsi nəticəsində 2008-ci ilin yekunlarına görə 2003-cü illə müqayisədə ölkədə kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz artmışdır. 2005-ci ildən fəaliyyətə başlayan "Aqrolizinq" ASC tərəfindən 7299 ədəd kənd təsərrüfatı texnikası, 27 dəst texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmişdir.
Regional inkişaf proqramı bölgələrin infrastruktur imkanlarının artırılmasını xeyli sürətləndirmişdir. Ötən beş il ərzində ölkənin regionlarında elektroenergetika sisteminin dayanıqlığını təmin etmək məqsədilə 7-si bölgələrdə olmaqla 9 elektrik stansiyası tikilmişdir. Bundan əlavə, regionların təbii qazla təchizatını yaxşılaşdırmaq məqsədilə lazımi infrastrukturun yaradılması istiqamətində tədbirlər xeyli sürətləndirilmiş, 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. yaşayış sahələri qazla təmin edilmişdir.
Ölkədə sürətlə davam edən dinamik sosial-iqtisadi inkişaf yol-nəqliyyat sisteminin əsaslı şəkildə yenidən qurulmasına da imkan yaratmışdır. Təkcə 2004-2008-ci illərdə regionlarda min kilometrdən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü isə təmir edilmişdir. Hesabat dövründə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində beynəlxalq standartlara uyğun yeni hava limanları tikilib istifadəyə verilmişdir.
Bölgələrdə təhsil, səhiyyə, idman, turizm və s. sahələrdə də bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Belə ki, beş il ərzində regionlarda 636 yeni məktəb inşa olunmuş, 192 məktəb əsaslı təmir olunmuş, bir sıra məktəblərdə əlavə sinif otaqları tikilmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı da regionlarda təhsilin inkişafına mühüm töhfələr vermişdir. Həmin illərdə bölgələrdə səhiyyə xidmətləri də əsaslı şəkildə yaxşılaşdırılmış, Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində müasir diaqnostika mərkəzləri, bir sıra şəhər və rayonlarda isə özəl klinikalar yaradılmışdır. Azərbaycanın regionlarında 18 müasir olimpiya kompleksi, çoxsaylı yeni turizm obyektləri tikilib istifadəyə verilmişdir.
Ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasını təmin etmək məqsədilə iki il əvvəl qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da hazırda uğurla həyata keçirilməkdədir. Məlum olduğu kimi, ikinci regional inkişaf proqramında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı, Bakı şəhərinin rayon və qəsəbələri, xüsusən də ölkənin iqtisadi rayonları üzrə bir sıra zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Proqramda müəyyən edilmiş məqsədlərə nail olmaq üçün dövlətin büdcə-vergi, pul-kredit, investisiya və məşğulluq siyasətində və s. sahələrdə bir çox yeniliklərin tətbiqi planlaşdırılmışdır. Hazırda regionlarda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə sənaye, kənd təsərrüfatı, turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, rabitə və informasiya texnologiyaları, sosial təminat sahələrində mühüm tədbirlər həyata keçirilir, bölgələrin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir.
İkinci regional inkişaf proqramının qəbul edilməsi ilə bölgələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Dövlət Proqramının həyata keçirilməsinə başlanıldığı təqribən iki il ərzində Azərbaycanın regional inkişafı bir qədər də sürətlənmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2010-cu ildə ölkənin iqtisadi rayonları üzrə məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə xeyli artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il iqtisadi rayonlar üzrə sənaye istehsalında 14,5 faiz, tikinti-quraşdırma işləri sahəsində 37,1 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 11 faiz, informasiya və rabitədə 17,8 faiz, ticarət xidmətləri sahəsində isə 8 faiz artım əldə olunmuşdur. 2009-2010-cu illər ərzində ölkədə 107236-cı daimi olmaqla 146622 iş yeri açılmışdır ki, bunun da 110408-i regionların payına düşmüşdür. Qeyd etdiyimiz kimi, regional inkişaf proqramlarının icrası Azərbaycanda iqtisadi fəallığı xeyli artırmışdır. Yeri gəlmişkən, 2004-cü ildən etibarən regionların inkişafına bütün maliyyə mənbələri hesabına 15.5 milyard dollar investisiya yönəldilmişdir.
Ötən il ikinci regional inkişaf proqramı çərçivəsində 635 kilometr yol beynəlxalq standartlara uyğun tikilmişdir. İl ərzində regionların elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə 4 kiçik su elektrik stansiyasının təməli qoyulmuş, 5-nin tikintisi isə davam etdirilmişdir. Dövlət Proqramı çərçivəsində 3770 kilometr yeni qaz kəməri çəkilmiş,500 kilometr qaz xətti təmir və bərpa edilmiş, nəticədə 49 yaşayış məntəqəsi "mavi yanacaq"la təchiz olunmuşdur. 2010-cu ildə ölkənin ayrı-ayrı regionlarında 32 turizm obyektinin tikintisi davam etdirilmişdir. Bundan əlavə, il ərzində regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi istifadəyə verilmişdir. Bütövlükdə isə ötən il Dövlət Proqramı çərçivəsində 4300 yeni müəssisə yaradılmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu il yanvarın 1-i vəziyyətinə ölkədə 93416 müəssisə mövcud olmuşdur ki, bunun da 40533-ü regionlarda fəaliyyət göstərmişdir. Bundan əlavə, hesabat dövründə ölkə üzrə fəaliyyət göstərən 306933 fərdi sahibkarın 197370 nəfəri iqtisadi rayonlarda çalışmışdır.
Göründüyü kimi, Azərbaycan Respublikası dünyanın regional cəhətdən ən sürətli və davamlı inkişaf edən dövlətinə çevrilmişdir ki, bu da ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artmasına səbəb olmuşdur.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.-5 mart.- S. 4.