Bakıda
telekommunikasiya sektorunun inkişafı və investisiya
imkanları müzakirə olunub
Bakıda
Azərbaycan İnvestisiya Sammiti 2011 (The Azerbaijan Investors Summit
2011) çərçivəsində telekommunikasiya sektorunun
inkişafı və bu sahənin investisiya imkanları müzakirə
olunub. Bu barədə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Tədbirdə
çıxış edən rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Azərbaycanda
investisiya mühiti və İKT sektoruna birbaşa xarici
investisiyaların cəlb edilməsi" mövzusunda
çıxışı zamanı iştirakçılara Azərbaycanın
informasiya-kommunikasiya texnologiyaları sektorunda dövlət
siyasəti, bu sahənin mərhələli inkişafı,
artım templəri, yönəldilmiş investisiyalar, eləcə
də sahə üzrə ölkədə həyata
keçirilən layihələr haqqında ətraflı məlumat
verib.
Nazir müavini qeyd edib ki, son 6 il ərzində İKT sektoruna 1,5 milyard ABŞ dolları investisiya qoyulub ki, bunun da 21 faizi xaricdən cəlb edilib. Təkcə 2010-cu ildə İKT sektoruna 204,1 milyon dollar həcmində birbaşa investisiya yatırılıb.
Son illərdə Azərbaycanın İKT sahəsində görülmüş işlər sayəsində sektorun həcmi 5 dəfə artıb, orta illik artım tempi isə 30-35 faiz təşkil edib. Hətta 2009-cu maliyyə böhranı ilində inkişaf dinamikası saxlanılaraq 13,7 faiz, 2010-cu ildə isə 32,1 faiz olub. Yaradılmış əlverişli biznes və rəqabət mühiti şəraitində əldə olunmuş gəlirlərdə özəl sektorun payı 70,7 faizdən 80,3 faizə yüksəlib.
Respublikada İKT infrastrukturunun inkişafından danışan nazir müavini bu istiqamətdə müsbət nəticələrə nail olunduğunu söyləyib. Qeyd olunub ki, MDB məkanında ilk dəfə olaraq 2008-ci ildə məhz Azərbaycanın ərazisi tam telefonlaşdırılıb. 2010-cu ildə isə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb. "2009-cu ildə mobil şəbəkədə 3G texnologiyasının tətbiqinə başlanılmışdır. Poçt sahəsində Dünya Bankının maliyyə dəstəyi ilə reallaşdırılan "Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla başa çatmış və poçt şöbələri tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılmışdır", - deyə Elmir Vəlizadə bildirib.
Respublikada internetin istifadə səviyyəsinin artdığı barədə danışan natiq artıq ölkə əhalisinin 50 faizinin internet istifadəçisi, onlardan 15 faizinin isə genişzolaqlı xidmətlərdən istifadə etdiyini diqqətə çatdırıb. Həmçinin öz çıxışında nazir müavini Azərbaycan istehsalı olan kompyuter və noutbukların region ölkələrinə ixrac edildiyini bildirib. Məktəblərdə İKT-dən istifadə məsələsinə toxunan Elmir Vəlizadə ölkə məktəblərinin tam kompüterləşməsinin bitmək üzrə olduğunu, məktəblərin 30 faizinin isə yüksək sürətli internetə qoşulduğunu deyib. İKT sektorunun nailiyyətləri haqqında məlumat verən RİTN rəsmisi qeyd edib ki, son illərdə İKT sahəsindəki nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu hesabatlarda Azərbaycanın MDB ölkələri arasında daim lider olduğu qeyd olunur.
Həmçinin öz çıxışında Elmir Vəlizadə bildirib ki, bu gün Azərbaycan nəinki daxili, həmçinin regional əhəmiyyətli layihələr həyata keçirir ki, bu da öz növbəsində İKT sektoruna böyük investisiyaların cəlb olunacağına imkan yaradacaq.
Layihələr haqqında danışan nazir müavini Regional İnnovasiya Zonasının yaradılması, Transmilli Avrasiya super informasiya magistralı, eləcə də telekommunikasiya peykinin orbitə çıxarılmasına dair layihələri xüsusi qeyd edib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 6 mart.- S. 7.