Zaqatala: gündən-günə
gözəlləşən diyar...
Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Zaqatala şəhəri,
8 iyul 2010-cu il
Nəinki dostlar, tanışlar, hətta,
özüm də bilmirəm ki, niyə belədir.
Maşın Zaqatala ərazisinə çatan kimi qeyri-iradi
salam verirəm: - Salam, Zaqatala. Səbəbini bu
rayonun təbiətinin gözəlliyi ilə və ya
insanlarının səmimiyyəti, istiqanlılığı
ilə əlaqələndirmək fikrindən uzağam.
Çünki bölgə müxbiri kimi fəaliyyət
göstərdiyim o biri rayonların da hamısı gözəl
təbiətli, insanları saf ürəkli, diqqətcildirlər.
Mənə elə gəlir ki, qeyri-adi salamımı alan
Zaqatala məni öz doğma övladı kimi qarşılayır.
O biri rayonlara nisbətən burada daha çox qərar tuturam,
daha çox qalıram. Mənim üçün Zaqatalaya gedən
yol o qədər doğmadır ki...
Əgər şair olsaydım yüz faiz bu
yollara bir şeir yazardım. Bilmirəm həmin şeirin
adı nə olacaqdı. "Zaqatalaya gedən yollar"mı,
ya sadəcə olaraq "Zaqatala yolları"mı, dəqiq
bilmirəm. Amma bu şeir mütləq yaranacaqdı. Unudulmaz qələm
dostumuz, şair Aslan Kəmərlinin aşağıdakı
misraları mənim duyğularıma daha yaxındır. Deyim,
siz də bilin.
Bu yolla o qədər gəlib-getmişəm,
Onun hər cığırı mənə tanışdır.
Bu yolla o qədər dostluq etmişəm,
Bizim aramızda sirr qalmamışdır.
Bu şeiri demək olar ki, bütün dostlarıma demişəm. Təəssüflənmişəm ki, heç bir yolun sonu yoxdur. Yetişəcəyin və ya yetişdiyin mənzildən sonra da yol davam edir. Məsələn, Zaqataladan o yana da yollar uzanır və bəlkə də harada qurtaracağını bilmirsən. Amma yolun dəyəri, müqəddəsliyi ondadır ki, səni torpağına, daşına, çiçəyinə, gülünə, buluduna - yağışına da salam vermək istədiyin mənzilə yetişdirir. Bir də ki, yollar qələm əhlinin bir növ fikir "emalatxanasıdır". İstənilən fikir məhz yolda cilalanır və mənzil başında kağıza köçürülərək hazır məhsula çevrilir. O ki qala, Zaqatala yolları...
...Ötən il Bakıda birinci beynəlxalq turizm sərgisi keçirilirdi. Tələbəlik dostlarımdan biri təklif etdi ki, gedər sərgiyə birlikdə tamaşa edək. Açığını deyim, könülsüz razılaşsam da getdiyimə görə çox məmnun oldum. Çünki sərgidə mənim bölgə müxbiri kimi işlədiyim rayonlardan dördünün qısametrajlı reklam çarxı ilə tanış olduq. "Zaqatala" adlı çox qısa çarxda bu rayonun turizm imkanları necə də ustalıqla əks etdirilmişdi? Sərgidə Zaqatalanın diyarşünaslıq muzeyinin eksponatları da nümayiş etdirilirdi. Bütün bunları görən dostum sanki mənim üzərimdə mənəvi bir qələbə qazanmışdı: - Heç zaman mənim təkliflərimə "yox" demə.
Özümü o yerə qoymadım: - Sənin reklam çarxında gördüyün gözəllikləri mən canlı olaraq, özü də tez-tez seyr edirəm. Dostum təslim olmaq istəmirdi: - Mən indi bildim ki, sənin haqqında yazılan şeirdə "gedib oturubdu Zaqatalada" - misrası nəyə görə yaranıb.
...Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə gündəliyin əsas məsələsi 2010-cu ildə əldə edilən sosial-iqtisadi göstəricilər və həyata keçirilən tədbirlər olmalı idi. Ancaq mən elə söhbətin əvvəlindəcə ötən il şahidi olduğum beynəlxalq turizm sərgisini və oradakı məmnunluğumu yada saldım. Mübariz müəllim maraqlı bir fikir söylədi: "Biz o çarxı hazırlayanda Zaqatalanı görməyənləri nəzərdə tutmuşduq ki, rayonumuza gələn turistlərin sayı çoxalsın. Az qala hər həftə Zaqatalanı görən adam da həmin çarxa heyranlıqla baxırsa, deməli, istədiyimizə nail olmuşuq". Mübariz müəllim əlavə etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ili ölkəmizdə "Turizm ili" elan edib. Odur ki, bu il rayonumuzun turizm imkanlarını kifayət qədər artırmaq əzmindəyik. Bu sahənin inkişafı ilə bağlı 2010-2013-cü illəri əhatə edən tədbirlər planı işlənib hazırlanıb, şəhərin mərkəzində yerləşən Alban məbədi və Zaqatala tarix-mədəniyyət qoruğunun təmiri və bərpası işləri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılıb.
Başçı bir məsələni xüsusilə vurğuladı: - Füsunkar təbiətin, zəngin tarixi abidələrin və ya görməli maddi-mədəniyyət nümunələrinin çoxluğu hələ turizmin təşkili demək deyildir. Turizmi təşkil etmək üçün ilk növbədə abad yollar gərəkdir. Biz bu məsələnin yüksək səviyyədə həllinə nail olmuşuq. Xüsusilə, Zaqatala Beynəlxalq Hava Limanı həmin məsələdə daha çox köməyimizə çatır. İkinci, rayona gələn turistlərin hansınınsa mehmanxana ilə bağlı problemi olmamalıdır. Odur ki, mehmanxanalar şəbəkəsinin ərsəyə gəlməsinə nail olmuşuq. Onlardan birinin - "Qafqaz" otelinin açılışını hörmətli dövlət başçımızın özü edib. Üçüncü, turizm potensialı, rahat yollar və yüksək səviyyəli mehmanxanalar da hələ işin hamısı demək deyil. Bütün bunlardan sonra bizim milli-mənəvi keyfiyyətlərimizi özündə əks etdirə bilən rəftara malik, hərəkət və danışığında Azərbaycan qonaqpərvərliyini, Zaqatala səmimiyyətini yüksək səviyyədə göstərən xidmət personalı olmalıdır. Biz bu məsələni xüsusi diqqət mərkəzində saxlayırıq. Odur ki, dövlət başçımızın elan etdiyi "Turizm ili"nin Zaqatalaya böyük şöhrət və nüfuz gətirəcəyinə inanırıq. Bu inamın da əsas səbəblərindən biri bizim anoloji təcrübəmizin olmasıdır. Belə ki, ötən il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. Biz həmin il dövlətin qarşıya qoyduğu bütün vəzifələri məhz tələb olunan səviyyədə reallaşdırdıq. Rayonda ətraf mühitin kompleks mühafizəsi, ərazilərin sel sularından mühafizə edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirdik. "Ekologiya ili" çərçivəsində rayonda 410 min 860 ədəd ağac əkilməsinə nail olduq. Bu qədər ağacın 14 minə qədəri bilavasitə yolların kənarında əkildi ki, həmin addımın özü də Zaqatalanın turizm potensialının yaxşılaşdırılmasına verilən töhfə kimi qiymətləndirilə bilər. Konkret olaraq deyim ki, "Turizm ili"ndə vəzifələrimiz də böyükdür, görəcəyimiz işlər barədə tərtib edilən tədbirlər planı da".
Ümumiyyətlə, Zaqatala 2010-cu ildə hansı sosial-iqtisadi uğurlara nail olub, yaddaqalan göstəricilər hansılardır?
Bu sualla hansı zaqatala sakininə müraciət etsən deməyə sözü çoxdur. Buna onların haqqı da çatır. Hər gün gözəlləşən, simasını dəyişən bir diyarın insanları necə sevinməsin?!
Ötən ilin yayında rayona üçüncü dəfə gələn dövlət başçısı cənab İlham Əliyevin "Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir" - deməsi onlar üçün ən yaddaqalan göstərici olub. Prezident qeyd etdi ki, rayon çox dinamik şəkildə inkişaf edir və burada hər şey yüksək səviyyədədir. Sizə bir şey deyim, zaqatalalılar əllərini yanlarına salan adamlar deyillər. Qətiyyətlə və böyük məsuliyyətlə deyə bilərəm ki, cənab Prezidentin həmin qiymətləndirmələri onlarda əsla arxayınçılıq hissi yarada bilməz. Əksinə, hər bir zaqatalalı belə düşünür ki, dövlət başçısının növbəti səfərinədək daha böyük uğurlar əldə edilməlidir.
"Əlbəttə Prezidentin Zaqatalaya yenə də gələcəyi şəksizdir. Çünki Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev bəzi rəhbərlər kimi ölkəni paytaxtdan idarə etməyin qəti əleyhinədir. O, bütün bölgələrə üz tutur, insanlarla görüşür, rayon və şəhərlərin hamısında gah yeni obyektlərin açılışını edir, gah da hansısa tikintinin təməlqoyma mərasimində olur. Bu, çox gözəl idarəetmə metodudur və inkişafın stimuludur". Bu sözlər isə mənim yox, rayon ağsaqqallarından sayılan Fəxrəddin Şəfizadənin ürək sözləridir.
O ki qaldı, Zaqatalanın ötənilki göstəriciləri barədə konkret rəqəmlərə, deyə bilərəm ki, biz jurnalistlər bəzən rəqəmləri sadalamağı xoşlamasaq da, etiraf edək ki, hər bir rəqəmin arxasında yüzlərlə, bəlkə də daha çox insanın zəhməti, əməyi var. "2010-cu ildə rayonda 186,7 milyon manatlıq məhsul istehsal olunub və xidmət göstərilib" - deyəndə burada təkcə rayon rəhbərinin və ya icra aparatı üzvlərinin deyil, bütövlükdə zaqatalalıların bir illik əməyinin nəticəsi ifadə olunur. Ona görə də, gəlin, rəqəmləri sadalamaqdan imtina etməyək. Misal kimi səsləndirdiyim 186,7 milyon manatlıq məhsul və xidmət özündən əvvəlki ilə nisbətən 6,1 faiz çoxdursa, bu barədə xüsusilə söz açmağa ehtiyac var.
Rayonda özəl bölmənin sürətlə inkişaf etdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılıb. Ötən il sahibkarlığın inkişafına dəstək məqsədi ilə 18 layihə üzrə 247,5 min manat həcmində güzəştli, ümumilikdə 19,4 milyon həcmində kreditlər verilib. Ötən il rayonda bilavasitə dövlət başçısının iştirakı ilə tütün və süd emalı zavodlarının açılışı olub. Rayonun sənaye potensialını gücləndirən həmin zavodlardan sonra sutkalıq emal gücü 5 ton olan yeni fındıq məmulatları istehsalı müəssisəsi tikilir və hazırda orada son tamamlama işləri gedir. Bir daha qeyd edim ki, ötən il Zaqatalada sənaye məhsulunun 89, kənd təsərrüfatı məhsullarının isə 98,5 faizini özəl bölmənin təmsilçiləri istehsal ediblər. Bu isə azad sahibkarlığın inkişafının sürət göstəricisi kimi çox dəyərli faktlardır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin uğurla icra olunması nəticəsində 2010-cu ildə rayonda 892 yeni iş yeri açılıb. Keçirilən əmək yarmarkası da işsizliyin aradan qaldırılması məsələsində özünəməxsus rol oynayıb.
Sənaye, elm, təhsil və mədəniyyət sahələri nə qədər inkişaf etdirilsə də bu gün Zaqatala əsas etibarilə aqrar rayon kimi tanınır. 2010-cu ildə aqrar sahənin inkişafına xüsusi önəm verilib. "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası zamanı rayon əhalisinin taxıl istisna olmaqla bütün ərzaq məhsullarına olan tələbatı məhz yerli istehsal hesabına ödənilib. 7 özəl toxumçuluq təsərrüfatında 2 min 45 ton buğda və 92 ton arpa toxumu istehsal olunaraq təsərrüfatlara satılıb. Rayonda fəaliyyət göstərən 11 kənd təsərrüfatı kooperativinin məhsul istehsalında oynadığı rol əsas götürülərək bu qəbildən olan təsərrüfatların artırılması istiqamətində iş aparılır. Həmin kooperativlərin çayçılıq, gül ləçəyi istehsalı, tütünçülük və digər sahələrdə könüllülük əsasında formalaşdırılması nəzərdə tutulur.
Memarlıq, tikinti, nəqliyyat, rabitə, mənzil-kommunal təsərrüfatı sahələrində müəyyən edilən vəzifələrin icrasına diqqət artırılıb, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2009-cu ildəkindən 19,5 milyon manat çox olub. Dövlət büdcəsi və digər mənbələr hesabına inşa edilən ağ ciyər xəstəlikləri xəstəxanasının, Çökək kənd orta məktəbinin, Yuxarı Tala, Bəhmətli və Car kəndlərində yeni poçt binalarının açılış mərasimləri keçirilib. Rayon statistika idarəsi üçün yeni inzibati binanın, Göyəm bələdiyyəsi ərazisində qaztənzimləyici stansiyanın tikintisi başa çatdırılıb. Aşağı Çardaxlar kəndində 220 şagird yerlik yeni məktəb binasının, Dardoqqaz kənd klubunun və Zaqatala-Balakən dəmir yolunun 151-ci mənzilində hündür tipli platformanın tikintisinə başlanılıb, şəhər 1 və 4 saylı uşaq bağçalarında əsaslı təmir və bərpa işləri aparılıb.
Bunlardan başqa 4 milyon 300 min manat dəyərində, ümumi sahəsi 15 min kvadratmetr olan 140 fərdi yaşayış evi istifadəyə verilib, sahibkarlar tərəfindən yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılıb. Daxili imkanlar hesabına Aşağı Tala, Qımır və Göyəm kəndlərində "Şəhidlər" xatirə kompleksləri, şəhər mərkəzində "Çay evi" və stolüstü oyunlar pavilyonları inşa edilib, Kəpənəkçi kənd uşaq bağçası, Yuxarı Çardaxlar kənd orta məktəbinin 10 sinif otağı və idman zalı əsaslı təmir olunub.
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və rayon icra hakimiyyətinin birgə qərarı əsasında Meşles çayı üzərində inşa edilən 185 metr uzunluğunda körpünün tikintisi və Zaqatalanın simvolu olan "Qala düzü" pilləkənlərinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb.
Mən söhbətin bu yerində Zaqatalada inşa olunan Asma körpüdən danışmasam nə oxucular məni bağışlayar, nə də zaqatalılılar. 17 saylı yol istismarı idarəsinin rəisi Mövlud Qəhrəmanovla bu barədə çox söhbət etmişik. Həmin körpünü bəlkə də buranın "şah əsəri" adlandırmaq olar. Bilirsiniz nə gözəldir. Hardan biləsiniz, gəlin görün, peşman olmazsınız.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması və bu xidmətlərin haqqının vaxtında ödənilməsi üçün rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb. Bu həlli vacib məsələlər demək olar ki, hər gün müzakirə olunur. Ötən il əhaliyə göstərilən telefon və poçt rabitəsi xidmətlərinin həcmi 1,5 milyon manat təşkil edib, telefon abonentlərinin sayı təxminən 20 minə çatdırılıb. Genişzolaqlı internet xidmətindən istifadə edənlərin sayı isə artıq 530-dan çoxdur. Son illər rayonda Heydər Əliyev Fondunun vəsaiti hesabına yeni məktəblər tikilib, təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmlənib. Ötən il rayonda bir yeni məktəb istifadəyə verilib, 21 məktədbə və 6 məktəbəqədər tərbiyə müəssisəsində cari və əsaslı təmir işləri aparılıb. Təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinə göstərilən qayğı və diqqət öz müsbət nəticələrini verib. Belə ki, 2010-cu ildə zaqatalalı məzunlardan 426 nəfər ali və orta ixtisas məktəblərinə daxil olub ki, onların da 13 nəfəri 600-dən, 34 nəfəri isə 500-dən çox bal toplayıb. Humanitar fənlər gimnaziyasının məzunu Şamil Səfərəliyev Prezident təqaüdünə layiq görülən 100 gəncdən biridir. Ötən il zaqatalalı müəllim Nərminə Umarova "Əməkdar müəllim" fəxri adına layiq görülüb, Afət Əfəndiyeva isə "Tərəqqi" medalı ilə təltif olunub.
Bütün bunların hamısı yaxşıdır. Ancaq bu qədər uğurlara imza atmaq üçün ölkənin hər yerində hökm sürən daxili sabitliyin qorunub saxlanılması, ictimai asayişin mühafizə olunması da mühüm şərtlərdəndir. Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq Şabanovla bu barədə xeyli söhbət etdik. Faiq müəllimlə çoxdan tanışıq, təcrübəli işçidir. Yadımdan çıxmışdı. "Xalq qəzeti"nin oxucuları onun imzasını yaxşı tanıyırlar. Ona görə də söhbətimiz polis rəisi ilə jurnalistin deyil, iki həmkarın etdiyi söhbəti xatırladırdı. Faiq müəllim həmkarlarının və rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə söz açmağı o qədər də sevməyən adamdır. Çünki o, ən əvvəl haqqında söz açmaq üçün bir əməli fəaliyyətin olmasının tərəfdarıdır. Bu əməli fəaliyyət isə, nə qədər istəsən, bir deyil, beş deyil.
Amma bu dəfə Faiq Şabanov ürəklə danışdı. Bildirdi ki, şöbənin əməkdaşları ötən il cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Dövlət başçısı İlham Əliyevin fərman və sərəncamları, hörmətli nazirimiz Ramil Usubovun əmr və göstərişləri yüksək səviyyədə icra olunub. Əməliyyat şəraiti nəzarətdə saxlanılmaqla yanaşı, cinayətkarlığın dinamikasında baş verən dəyişikliklərlə əlaqədar zəruri işlər həyata keçirilib, adekvat tədbirlər görülüb. Əsas diqqət isə idarəçilik və təşkilatçılıq fəaliyyətinin, analitik işin günün tələbləri səviyyəsində qurulmasına yönəldilib.
Doğrudan da, rayonda qeydə alınan 122 cinayət hadisəsinin 87-nin açılması təmin olunub ki, bu da 95,6 faiz deməkdir. Ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə və soyğunçuluq hadisələrinin açılması 100 faiz təmin edilib. Kriminogen duruma və cinayətlərin açılmasına ciddi təsir göstərən təqsirləndirilən şəxslərin axtarışı sahəsində əməliyyat işlərinin düzgün təşkili nəticəsində axtarışda olan 16 şəxsdən 12-nin tutulması təmin olunub. Əvvəlki il isə bu göstərici cəmi 70,6 faiz təşkil edib.
Əhalidə mövcud olan qanunsuz silah və sursatların yığılması, dövriyyədə olan narkotiklərin müəyyən edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, daxili sabitliyə mənfi təsir göstərə biləcək ekstremist yönümlü dini təriqətlərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, əsas insan hüquq və azadlıqlarının qorunması işində də uğurlar qazanılıb.
Faiq müəllimlə bu barədə də çox danışdıq. Mənim üçün isə ən maraqlı onun dediyi sözlər idi: "Ən mühüm məqsədimiz Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etməkdir. Fikrimizcə, haqqı tapdanan, hüququ pozulan, malına, mülkünə və ya canına təhlükə olan bir vətəndaşın köməyimizi görməsi son nəticədə bizim dövlətə xidmətimiz deməkdir". Sərrast deyilmiş sözlərdir.
Polkovnik Faiq Şabanov əminlik və arxayınlıqla onu da dedi ki, Zaqatala polisi bundan sonra da rayondakı kriminogen durumu nəzarətdə saxlayacaq, ictimai təhlükəsizliyi təmin edəcək, əmin-amanlığı qoruyacaqdır. Gələcəkdə də bütün qanunazidd əməllərin qarşısı alınacaqdır. Çünki biz azad, gündən-günə inkişaf edən ölkənin vətəndaşlarıyıq. Dövlət başçımız ölkəmizə bütün dünyada yeni nüfuz qazandırır. Biz məhz o nüfuzun qorunması üçün əlimizdən gələni edəcəyik.
...Beləcə, Zaqatalaya növbəti səfərimiz kiçik çillənin başa çatdığı günlərdə yekunlaşdı. Sonunu görmədiyimiz, fəqət bizi gedəcəyimiz mənzilədək aparan yolların xəyal və düşüncələrlə dolu, enişli, yoxuşlu kilometrlərini növbəti dəfə qət etməyə başladıq. İndi üzü Bakıyayıq. Elə ilk kilometrlərdəcə növbəti bir fikir düşüncəmə hakim kəsilir: Cəmiyyətin keçdiyi yol da elə bu yol kimi enişli, yoxuşludur. Müstəqilliyin ilk illərində Zaqatalanın yolu uzun və təhlükəli bir enişə doğru idi. İndi isə... Nə deyim, özünüz hər şeyi görürsünüz. Özü də lap yaxşı...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 6 mart.- S. 6.