Sumqayıt
ölkənin müasir sənaye mərkəzinə
çevriləcək
H.Ərəblinski adına Sumqayıt Dövlət
Musiqili Dram Teatrının salonunda şəhər fəallarının
yığıncağı keçirilmişdir. Şəhərin
yeni rəhbərliyinin ictimaiyyət nümayəndələri
ilə ilk işgüzar görüşü kimi xarakterizə
olunan yığıncaqda 2010-cu ilin yekunları müzakirə
edilmiş, qarşıda duran vəzifələrin həlli
yolları nəzərdən keçirilmişdir. Tədbirdə
Prezident Administrasiyasının məsul işçisi Rüfət
Əliyev iştirak etmişdir.
İcra hakimiyyətinin başçısı Eldar Əzizov yığıncağı açaraq qeyd etmişdir ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhran fonunda Azərbaycanın sosial-iqtisadi inkişafı zəifləməmiş, bir sıra sahələrdə sıçrayışa nail olunmuşdur. Bu gün bütün dünya respublikamızın uğurlarını, Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan müstəqil siyasət yeridir, ölkənin şəhər və rayonları günbəgün gözəlləşir, infrastruktur dinamik inkişaf edir.
Ötən ilin yekun göstəriciləri buna əyani sübutdur. Natiq Azərbaycanın inkişaf konsepsiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmişdir.
Şəhər icra hakimiyyəti başçısının müavini Akif Quliyev ötən ilin yekunları ilə bağlı hesabat məruzəsini təqdim etmişdir. Məruzədə şəhərin bütün sahələrinin və qurumlarının fəaliyyəti təhlil edilmişdir.
Bütövlükdə ötən ildə Sumqayıtda məhsul buraxılışının qiymət indeksi 18,5 faiz artaraq 371,9 milyon manat olub. Sənaye məhsulu istehsalının həcmi 18,8 faiz çoxalıb. Bu sahədə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə 57,3 faiz artıb. Hesabat dövründə şəhər sənayesində iri, orta və kiçik olmaqla 24 sənaye səhmdar cəmiyyəti fəaliyyət göstərib. İstehsal olunan sənaye məhsulunun 71 faizə qədəri emal sahələrinin payına düşüb. Özəl bölmədə istehsalın həcmi 3,6 dəfə artıb. Sənayedə dövlət sektorunun məhsul istehsalı isə 28 faiz çoxalıb.
İl ərzində bütün maliyyə mənbələri hesabına 28316,1 min manat həcmində investisiyadan istifadə edilib. Bunun üçdə-iki hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub. Əsas investisiyaların yarıya qədəri müəssisə və təşkilatların, yarıdan bir qədər çoxu büdcə vəsaitinin, müəyyən bir qismi isə əhalinin şəxsi vəsaiti hesabına olub.
Nəqliyyat və rabitə sahələrində fəaliyyət göstərən müəssisələrin işi 2009-cu illə müqayisədə 36,2 faiz çox olub. Nəqliyyat xidmətləri, yükdaşımalar artıb, rabitədə xidmətlərin yarıya qədəri isə telekommunikasiyaya aiddir.
Şəhər əhalisinə ötən ildəkindən 8 faiz çox istehlak malları satılıb və pullu xidmət göstərilib. Sumqayıtda 315,2 min nəfər əhali var. Bundan başqa, şəhər ərazisində 50 min nəfərə yaxın qaçqın və məcburi köçkün yaşayır. Əhalinin miqrasiya əmsalı ötən il müsbət 567 nəfər olub. Ümumilikdə il ərzində 2036 yeni iş yeri açılıb... Məruzədə söylənənlərə münasibət bildirən şəhər rəhbəri demişdir: "Bizim prioritet vəzifəmiz şəhər əhalisi ilə işləməkdir, hər bir məmurun öz işinə məsuliyyətli münasibəti günün tələbidir".
Açıq diskussiya şəraitində keçən yığıncaqda şəhərin biznes mühitinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər görülməsinin, sahibkarların fəaliyyətinə əsassız müdaxilələrə son qoyulmasının, şəhərsalmada koloritliyin yaxşılaşdırılmasının, "Heydər parkı"nın abadlaşdırılmasının, mərkəzi küçələrin dizaynının modernləşdirilməsinin, nümunəvi məhəllələr yaradılmasının zəruriliyi və bir sıra başqa məsələlər də qeyd edilmişdir. Eldar Əzizov demişdir ki, biz Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi barədə Prezident İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün ciddi səylər göstərməliyik.
Ayrı-ayrı sahələrin fəaliyyətinin müzakirəsində tənqid və özünütənqid ruhu hakim olmuş, uğurlarla bərabər, yol verilən nöqsanlar da diqqətə çatdırılmışdır. Şəhərin yeni rəhbərliyi mənzil-kommunal, səhiyyə və baytarlıq xidmətlərinin, təhsil və mədəniyyət sahələrinin fəaliyyətindəki çatışmazlıqları xüsusi vurğulamış, bunların qısa vaxtda aradan qaldırılmasının vacibliyini önə çəkmişdir. Fəallar yığıncağında şəhərin inkişafında xüsusi rolu olan sahibkarlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə, vətəndaşların müraciətlərinə həssas münasibət, insan amilinin prioritetliyi və sair kimi məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmış, açıq mikrofonda sakinlərin səsləndirdiyi şikayətlərin tezliklə həlli, təkliflərin nəzərə alınması, təşəbbüslərin dəstəklənməsi üzrə tapşırıqlar verilmişdir. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Əli NƏCƏFXANLI
Xalq
qəzeti.- 2011.- 6 mart.- S. 4.