Naxçıvanskilər şəcərəsinin layiqli davamçısı

 

Hər xalqın tarixində cəsur, igid, qəhrəman qadınlar olub. Bu qadınlar öz xidmətləri ilə mənsub olduqları xalqın və vətənin sərhədlərini aşaraq dünya miqyasında məşhur olublar. Amma ayrıca, xüsusi bir xarakterə malik qadınlar da var ki, onlar qeyri-adi qəhrəmanlıqlar göstərməmiş, əyinlərinə zireh geyinib başlarına dəbilqə qoymamışlar, sadəcə böyük qadın, əsl insan kimi bəşəriyyətə öz töhfələrini vermişlər. Bu tip qadınlar özlərinin ağlı, tədbirliliyi, əxlaqi-mənəvi keyfiyyətləri, qüruru və heyranedici bacarıqları ilə mənsub olduqları cəmiyyətdə, sözün əsl mənasında, dərin hörmət və nüfuz sahibi olurlar. Azərbaycan qadınının tarix boyu mənəviyyatın, sədaqətin, səmimiyyətin, ehtiramın, cəsarət və mərdliyin, digər mənəvi-əxlaqi dəyərlərin rəmzi kimi daşıdığı "qadın" adının missiyasını həyatı, elmi-siyasi və idarəçilik fəaliyyətində yaşadan qadınlardan biri də siyasi elmlər doktoru, professor, millət vəkili Aqiyə Naxçıvanlıdır.

 

Aqiyə xanımın ömürlüyünü vərəqlədikcə fədakar alim, gözəl pedaqoq, qayğıkeş ana, tələbkar rəhbər, üstəlik, yurdunu, xalqını böyük məhəbbətlə sevən bir insan, ictimai xadimlə qarşılaşırsan. Filosoflar tanınmış adamların ömür yolunu onların yetişdiyi mühit, aldıqları mənəvi tərbiyə ilə bağlayırlar. Bu baxımdan Aqiyə xanım Azərbaycanın şanlı hərb tarixində öz dəst-xətti olan Naxçıvanskilər nəslinə mənən borcludur. Köklü nəsil şəcərəsi üzərində yüksələn Aqiyə xanım Oğuz rayonunda Naxçıvan xanları (general C.Naxçıvanskinin nəslindən) ailəsində dünyaya göz açıb. Orta və ali təhsili uğurla başa vuran A.Naxçıvanlı pedaqoji təhsillə kifayətlənmir, Bakı Ali Partiya məktəbini bitirir. Pedaqoji fəaliyyətə başladığı Vartaşen (indiki Oğuz) rayonunda ilk günlərdən sözübütövlüyü, özünə və ətrafındakılara qarşı tələbkar olması onu əvvəlcə komsomol, daha sonra isə partiya işinə aparıb çıxarır. Rayon Komsomol Komitəsinin I katibi, sonra Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri vəzifələrinə irəli çəkilir. Daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinə məsul işə göndərilir. A.Naxçıvanlı beşillik Naxçıvan fəaliyyətindən sonra yenidən Bakıya qayıdır. Bu dəfə tale onu Bakı Ali Partiya məktəbinə, öz sənətinə - müəllimliyə qaytarır. Uzun illərin təcrübəsi, yaşadıqlarını, başlıcası, mənəvi-əxlaqi təmizliyi Aqiyə xanımın pillə-pillə yüksələrək kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri vəzifələrinə, 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası siyasi idarəetmə fakültəsinin dekanı, 2005-ci ilin martında isə Respublika Prezidentinin sərəncamı ilə Azərbayan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunur.

Aqiyə xanım təyinatının ilk günlərindən təlimin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, institut və onun filiallarında genişmiqyaslı quruculuq işləri həyata keçirməyə başladı. Ölkənin digər ali məktəblərindən fərqli olaraq, bakalavr, magistr təhsili ilə yanaşı, ixtisasartırma və yenidənhazırlanma təhsilinin də fəaliyyət göstərdiyi AMİ-nin istər maddi-texniki bazasının möhkəmləndirilməsi, istər elmi-pedaqoji kadr potensialının yüksəldilməsi, istərsə də təhsil islahatlarının həyata keçirilməsində bir-birinin ardınca sanballı işlər görüldü. Qısa zaman kəsiyində institut binası əsaslı təmir edilərək müasir avadanlıqla, İKT vasitələri ilə təchiz edildi, elmi-tədqiqat və elmi-metodik işlərin istiqamətləri dəqiqləşdirildi. Müasir tələblərə cavab verən yeni idman zalı, internet şəbəkəsinə qoşulmuş kompyuter zalı, yeməkxana, kitabxana və oxu zalı tələbə-gənclərin istifadəsinə verildi. Yüksək servis və məişət xidməti ilə təchiz olunmuş müasir tələbə yataqxanasına görə isə AMİ bu gün respublikanın ali təhsil müəssisələri içərisində birincidir.

Qadın səliqəsi, qadın zövqü ilə institut binasına yeni görkəm gətirən Aqiyə xanım təhsilin məzmununu da nəzərdən qaçırmamışdır. Regionların tələbatını nəzərə alan institut rəhbəri bakalavr ixtisaslarının sayını artırmış, təhsil standartlarının yeniləşməsi, müasir informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqini pedaqoji kollektivin fəaliyyətində əsas istiqamətə çevirmiş, tələbələrin məsuliyyətinin artırılması və imtahanlarda obyektivliyin təmin edilməsinə şərait yaratmışdır. Təbii ki, 11 regionda - Quba, Gəncə, Şəki, Qazax, Mingəçevir, Zaqatala, Ağcabədi, Cəlilabad, Salyan, Şamaxı və Sumqayıtda institutun filiallarının fəaliyyət göstərməsi respublikada pedaqoji kadr çatışmazlığının, əlavə təhsildə ciddi problemlərin aradan götürülməsinin və ən başlıcası gənclərin şəhərə axınının qarşısını alır. Bu gün AMİ və onun filiallarında ibtidai təhsilin pedaqogikası və metodikası, məktəbəqədər təhsilin pedaqogikası və metodikası, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya, riyaziyyat və informatika, xarici dil, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə ilkin kadr hazırlığı aparılır. Sosioloji araşdırmalar əsasında regionlarda yeni təlim metodlarından, İKT vasitələrindən istifadə edən müəllimlərə tələbatın böyük olduğunu müəyyənləşdirən AMİ rəhbərliyi ali təhsilin zamanın tələblərinə uyğun qurulması, keyfiyyətin yüksəldilməsi, təhsilin maliyyələşdirilməsi və idarəolunmasının təkmilləşdirilməsi, bu sahədə qarşılıqlı əməkdaşlıq və beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, AMİ və onun filialları fəaliyyətini Bolonya təhsil sisteminin tələblərinə uyğunlaşdıraraq biliyin qiymətləndirilməsində kredit sisteminin tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlər üçün sistemli treninqlərin təşkili və digər sahələrdə öncül ali məktəblərdən sayılır.

Bu gün institut və onun filiallarında 23 fakültə, 57 kafedra, 42 fənn kabineti, 22 kompyuter zalı, treninq mərkəzləri fəaliyyət göstərir. Təhsil sisteminin modernləşdirilməsi, yeni təlim metodlarının tədris prosesində tətbiqi, onların ixtisasartırma təhsilinə cəlb olunan pedaqoji kadrlara çatdırılması ilə 700 nəfərdən artıq professor-müəllim heyəti çalışır ki, bunların 53 nəfəri elmlər doktoru, professor, 247 nəfəri müxtəlif sahələr üzrə fəlsəfə doktorları, dosentdir. Məlumat üçün onu da bildirək ki, bu gün rayon və kənd məktəblərinin ibtidai sinif müəllimləri, uşaq bağçaları tərbiyəçilərinə olan tələbatın 60-70 faizi məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında ödənilir.

Fasiləsiz təhsilin mühüm tərkib hissəsi olan ixtisasartırma təhsilinə AMİ-də xüsusi diqqət yetirilir. Əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, stajkeçmə, yaşlıların təhsili istiqamətləri üzrə müəllim hazırlığı da AMİ-nin fəaliyyətində prioritet istiqamətlərdəndir. Hər il müxtəlif kateqoriyalar üzrə ən azı 4500 nəfər mütəxəssisin cəlb olunduğu əlavə təhsil prosesində distant ötürmə vasitəsilə yeni materialların əldə olunması, aktual mövzuların dinlənilməsi üçün qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, konkret metodikanın aprobasiyası, "öyrədənləri öyrədən" statuslu müəllim və metodistlərlə diskussiyaların təşkili, tədris plan və proqramları, təlim və informasiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq məqsədilə ölkənin tanınmış təhsil işçiləri, akademikləri və yüksək hazırlıqlı mütəxəssisləri dəvət edilir. Beləliklə, müasir təlim prosesinə və innovasiyalara qoşulmaq üçün ölkənin ali məktəbləri bu gün məhz AMİ-yə müraciət edirlər.

Bolonya prosesində həlledici amillərdən biri kimi beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın aparıcı universitetləri ilə qarşılıqlı əməkdaşlığın aparılması və təcrübə mübadiləsinin təşkili AMİ-də həyata keçirilən islahatların əsas istiqamətinə çevrilmişdir. Bunun nəticəsidir ki, hazırda Müəllimlər İnstitutu dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlıq edir. Fransanın Versal Akademiyası, Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu, Nebraska Linkoln Universiteti, Türkiyənin Ankara və İstanbul Universitetləri ilə əməkdaşlıq bakalavr pilləsində təhsilin məzmunu, təşkili, idarə olunması və qiymətləndirmə sistemi, xüsusilə də pedaqoji kadrların diplomdansonrakı əlavə təhsilin təşkili məsələsi üzrə iş təcrübəsinin öyrənilməsinə xidmət edir. İnstitutun Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təqdim etdiyi ali məktəblərdə çalışan müəllimlərin təhsil və təcrübəsinin artırılmasına yönəlmiş LFDP (Lunior Facultu Development Proqramm) proqramı və BMT-nin Minilliyin İnkişaf Prinsiplərini dəstəkləyən Akademik İmpuls Proqramına qoşulması da onun ölkəmizin ali təhsil ocaqları içərisində birincilər sırasında beynəlxalq aləmdə qəbul olunmuş insan hüquqları, savadlılıq, davamlı inkişaf və münaqişələrin həlli ilə bağlı prinsipləri dəstəkləyən qlobal təşəbbüs kimi dəyərləndirilməlidir.

Yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olan hər kəs təbiidir ki, başqalarında da müsbət keyfiyyətləri görür və ya bunun olmasını arzulayır. Aqiyə xanımın rektor olaraq kadr siyasəti də diqqət çəkir. Onun yanaşmasına görə, mənəvi ucalıq, mənəvi zənginlik, işgüzarlıq, sözübütövlülük pedaqoji kadrlar üçün əsas meyardır. Cəmiyyətin mənən saflaşmasında danılmaz rolu olan müəllim kadrlar yetişdirən professor-müəllim heyətinin zəruri peşə biliklərinə malik olması, iradi keyfiyyətləri özündə birləşdirməsi, milli kökə bağlılığı AMİ rektoru üçün çox önəmli dəyərlərdir. Onun fikrincə, mənəvi tərbiyə birtərəfli qaydada həyata keçirilə bilməz, bu iş gənclərdə ləyaqət və qürur, milli "mən" hissinin inkişaf etdirilməsi, həmçinin sosial və tarixi məsuliyyət kontekstində həyata keçirilməlidir.

Aqiyə xanımın alimliyini onun ictimai həyatdakı fəallığı da tamamlayır. 2010-cu ildə millət vəkili seçilən A.Naxçıvanlının gündəlik elmi və pedaqoji fəaliyyəti xeyirxah məqsədlərə köklənir. O, rəhbəri olduğu müəssisənin hər bir əməkdaşının qayğıları ilə yaşayır. Qəlbinin hərarətini gənc nəslin, xüsusilə qızların təlim-tərbiyəsinə həsr edən bu alim qadın Azərbaycanda gender bərabərliyi üzrə milli institutusional mexanizmi və gender təhsilinin interaktiv metodikasını işləyib hazırlamışdır. Siyasi və ictimai həyatda gender bərabərliyinin tərəfdarı olan, Azərbaycan qadınında milli-əxlaqi keyfiyyətlərə, davranışa, geyimə, ümunmiyyətlə, Şərq qadınına məxsus və yalnız onun daşıya biləcəyi mənəvi ucalığa dəyər və önəm verən professor Aqiyə xanım Naxçıvanlı bu gün öz elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə ən uca adın - qadın və müəllim adının layiqli təmsilçisidir.

Tanrıdan sonra ikinci yaradan qadındır. Professor Aqiyə xanım Naxçıvanlının timsalında bu yaradanın, eyni zamanda, həm də görkəmli siyasətçi və dövlət xadimi kimi səmərəli fəaliyyəti müasirimiz olan Azərbaycan qadınının daha bir uğurudur.

 

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru,

 

Nazilə ABDULLAZADƏ,

pedaqogika üzrə fəlsəfə doktoru,

dosent

 

Xalq qəzeti.- 2011.-6 mart.- S. 5.