"Mahalım Göyçədir, əslim Qızılvəng "

 

Aşıq Alı-210

 

Qədim dövrlərdən xalqın içindən çıxmış aşıqlar yaddaşlarda haqq sözünü ucaldan və Dədə Qorqud ənənələrini yaşadan yaradıcı insanlar kimi qalıb. Oba-oba gəzən aşıqlarımız sazın sehri ilə söz qoşublar, məclis qurublar. Onların söylədikləri dastanlar, ustadnamələr eldən-elə yayılaraq dillər əzbəri olub.

 

Bu gün də Azərbaycan aşıq yaradıcılığının ənənələri yaşadılır, ustad aşıqların ədəbi irsi öyrənilir, onlar daim xatırlanır. Bugünlərdə saz-söz həvəskarları, ziyalılar Göyçə aşıq məktəbinin görkəmli siması, ustad sənətkar Aşıq Alının 210 illik yubileyini böyük sənət bayramı kimi təntənə ilə qeyd etdilər. Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutan "Mahalım Göyçədir, əslim Qızılvəng" adlı təntənəli yubiley mərasimi Dədə Ələsgərin ustadı olmuş istedadlı aşığın yaradıcılığına, zəngin ədəbi irsinə, söz dünyasına işıq saldı. Çıxış edən aşıqlar ustad sənətkarın şeirlərini, deyişmələrini ifa etdilər, onun səfərləri haqqında söhbət açdılar. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub açaraq, Göyçə aşıq məktəbinin saz sənətimizə xidmətlərindən və Aşıq Alının keçdiyi həyat yolundan, ustadlığından geniş bəhs etdi. O, Aşıq Alının yaradıcılığında saz-söz sənətinin sirlərini öyrənməkdə Ağ Aşığın böyük rolunu diqqətə çatdırdı. Aşıq Alının xoşbəxtliyi onda idi ki, ustadı Ağ Aşıq, yetirməsi isə sözünə-sehrinə səcdə etdiyimiz Aşıq Ələsgər olub.

Zəlimxan Yaqub daha sonra Aşıq Alının zəngin ədəbi irsindən nümunələr söylədi, onun Dədə Ələsgər kimi kamil bir aşıq yetirməsindən danışdı. Ustad-aşıq münasibətlərinin yaradıcılıqda necə üzə çıxdığını şeir nümunələri ilə izah etdi. Aşıqlar Birliyinin sədri Səfəvilər dövlətinin qüdrətli hökmdarı, bədii sözə qiymət verən, özü də ana dilimizdə kamil şeirlər yazan Şah İsmayıl Xətainin yaradıcılığına Göyçə aşıq sənətinin dolayısıyla təsirinə də toxundu. Şair hökmdarın Miskin Abdalla dostluq münasibətləri, onun istedadına xüsusi diqqətlə yanaşması, istər-istəməz, Xətainin də yaradıcılığına öz təsirini göstərib. Səfəvi şahının aşıq üslubunda olan bayatıları, şeirləri buna nümunədir. Sonra söz aşıqlara verildi. Aşıq Alının bir-birindən maraqlı, ibrətamiz fikirlərlə zəngin qoşmaları, gəraylıları ifa edildi. Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov, Fətulla Əliyev, Ələddin Göyçəli, Mais Gəncəli, Bəhmən Göyçəli, Fəzail Miskinli, Ağamurad İsrafilov, Ədalət Dəlidağlı, Cahangir Quliyev, Xanlar Xəlilov, Məhərrəm Hüseynli, Azər Xanlaroğlu, Şöhrət Kərimov və digər aşıqların ifasında bir-birindən fərqli çıxışlar yubiley iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Sazın sehrli səsi ürəkləri ovsunladı. Aşıq Alı şeirlərində bir daha Göyçənin sazlı-sözlü günləri, şənlikləri, şeir-sənət məclisləri xatırlandı, bu duyğulardan kövrələn də oldu, Göyçə mühitinin aşıq sənətində yaşadılmasına sevinənlər isə daha çox oldu.

Göyçədə doğulub boya başa çatmış Aşıq Alı təkcə istedadlı sənətkar deyildi, həm də öz mərifəti, elmi ilə digər aşıqlara örnək idi. On ildən çox Ağ Aşığa şəyirdlik edən Alı ustadı ilə bərabər Yaxın Şərq ölkələrinə-İrana, Türkiyəyə, digər bölgələrə səfərlər etməklə, məclisləri şənləndirib. Kamil aşıq kimi yetişəndən sonra özü də bir çox istedadlı aşıqlara ustadlıq edib. Aşıq Məhərrəm, Aşıq Qulu, Aşıq Məsim, Aşıq Meydan, və Aşıq Ələsgər kimi sənətkarlar məhz Alının şəyirdləri olublar.

Bu mərasim "Aşıq Ələsgər ili" çərçivəsində keçirilən ilk tədbir idi. İl boyu aşıqların silsilə konsertlərinin təşkili nəzərdə tutulur. İlin sonunda isə "Aşıq Ələsgər ili" böyük konsert tədbiri ilə yekunlaşacaq.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 6 mart.- S. 7.