Saz-söz sənətini
yaşadan "Yeni nəsil Azərbaycan
aşıqları"
Sazın
sirli səsini dinlədikcə yaddaşlar təzələnir,
musiqinin sehri səni yovşan qoxuyan, at kişnərtilərinin
duyulduğu qədim türk ellərinə aparır. Hər
çalınan musiqi havası özünəməxsusluğu,
təkrarolunmazlığı ilə seçilir.
Xalqımız Dədə Qorqud ruhunun
daşıyıcısı olan sazda çalınan
"Ruhani"də genetik yaddaşını oyadır, "
Yanıq Kərəmi" havasında kövrəlir, "Cəngi"
havasında düşmənə qarşı
döyüşkənlik əzmini artırır. İllər
keçməsinə baxmayaraq, bu sənətin ululuğu və
qutsallığı, ustad aşıqlarımızın
qoyduğu zəngin aşıq məktəbi bu gün də
istedadlı, gənc saz aşiqlərinin
yaradıcılığında sevilir və
yaşadılır.
"Dünya Gənc Türk Yazarlar" Birliyinin nəşr etdirdiyi "Yeni nəsil Azərbaycan aşıqları" adlı kitab məhz aşıq sənətini müasir dövrdə yaşadan istedadlı ifaçılardan bəhs edir. Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ərsəyə gələn kitabda müasir dövrdə öz istedadı ilə tamaşaçı sevgisi qazanmış aşıqlarla yanaşı, saza həvəs göstərən, aşıqlığı öyrənən gənclər haqqında məqalələr, aşıq sənətinin bügünü haqqında rəylər yer alıb. Kitabın tərtibçisi DGTYB-in rəhbəri, şair Əkbər Qoşalı, elmi redaktoru professor Nizami Cəfərov, məsləhətçi Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur. Nəşrə ön sözü yazmış Qənirə Paşayeva qədim aşıq sənətinin bugünkü daşıyıcılarının fəaliyyətini yüksək qiymətləndirdiyini, bu sənətin insanda oyatdığı xoş ovqatı xüsusi vurğulayır.
Kitabda Göyçə, Tovuz, Borçalı, Şirvan aşıq məktəblərinin davamçıları barədə məlumat verilir, onların müxtəlif dövrlərdə yerli və beynəlxalq müsabiqələrdə qazandıqları uğurlardan, bu sənətlə bağlı fikirlərindən söhbət açılır.
Aşıq Şəmşir yaradıcılığından ilham alan, Kəlbəcərin həsrətini sazında ovudan Ədalət Dəlidağlı, Göyçə aşıq məktəbindən bəhrələnən Familə İsgəndər, " Mübarizi" havasını yaratmaq arzusunda olan Fariz Ziyatxanoğlu, Borçalı aşıq məktəbinin davamçıları Sahib Pənahoğlu, Aşıq İmdad, Tovuz aşıq mühitində formalaşmış Aşıq Xanların oğlu Azər, Lətifə Çeşməli, Aşıq Zülfiyyə, Mikayıl Azaflı ocağının yetirməsi Roman Azaflı, 12 yaşından sazbəndliyin sirlərini atası Aşıq Xududan öyrənən Fərman Mahmud, Aşıq Avdı, Fəzail Miskinli, Aytəkin Əkbər və digər aşıqların yaradıcılığına işıq salınır. Kitabda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, folklorşünas Məhərrəm Qasımlının, professor Nizami Cəfərovun, yazıçı Şərif Ağayarın aşıq sənətinin keçmişi, çağdaş durumu və inkişafı ilə bağlı fikirləri yer alıb. Aşıq sənətinin YUNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilməsi, bu musiqi janrının dünya ictimaiyyətinə daha geniş təqdim edilməsinə böyük imkanlar açdığı bildirilir. Bu sahədə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevin gördüyü işlərin əhəmiyyəti vurğulanır.
Qeyd edək ki, bu kitab Yeni nəsil Azərbaycan aşıqlarından bəhs edən nəşrin birinci cildidir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 6 mart.- S. 7.