Samux:
qarşıda daha vacib işlər durur
Bu yerlər çox dəyişib. Yollar, səkilər,
yeni binalar, park və xiyabanlar... Adam inana bilmir ki, son 7-8 il ərzində
bir rayonda bu qədər abadlıq, quruculuq, yenidənqurma
işləri aparmaq mümkün olsun. Amma bu bir faktdır və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də
keçən ay Samuxda olarkən demişdir: "Hər bir
rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri
aparılır, yeni müəssisələr yaradılır,
sosial məsələlər öz həllini tapır, rayon
abadlaşır, gözəlləşir".
Samuxda abadlıqdan, inkişaf və tərəqqidən söz düşmüşkən qeyd edək ki, indiyədək rayon icra hakimiyyəti 74 il bundan qabaq tikilmiş darısqal bir binada yerləşib. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildə inşasına başlanmış yeni inzibati binada 280 nəfərlik iclas salonu, konfrans zalı, 57 iş otağı və qəbul otağı var. Bina hər cür müasir avadanlıqla təchiz edilib.
Buradakı Dövlət bayrağı meydanıın 8,7 min kvadratmetr sahəsi var. Hündürlüyü 36 metr olan dövlət bayrağı əzəmətlə dalğalanır. Meydanda xüsusi işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq salınıb. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyir ki, cənab Prezidentin Samuxa göstərdiyi diqqət, qayğı, hərtərəfli kömək, dəstək onun hər bir sankinini hədsiz ruhlandırır. Biz nəyin bahasına olursa olsun etimadı doğrultmalıyıq. Zəif işləməyə heç bir mənəvi haqqımız yoxdur. Cənab Prezidentimiz bizə bu qədər şəraiti yaradıb.
Samuxda əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də çox iş görülüb. Tikililərin sayı artıb. Qarabağ əlilləri və şəhid ailələri üçün yeni mənzillər tikilib istifadəyə verilib. Daha 36 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Rayon polis şöbəsinin yeni inzibati binasının tikintisində işlər tamamlanıb. Çobanabdallı kənd uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Şəhərdəki 4 saylı uşaq bağçası tamamilə yenidən qurulub. Yollar öz görkəmini bir qədər də yaxşılaşdırıb.
Gəncə - Samux yolunda əsaslı təmir işləri aparılaraq yolun 5 km hissəsinə yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda, Gəncə - Qarayeri, Gəncə - Sərkar, Samux - Əlibayramlı, Samux Poylu, Samux Qarayeri yollarında da cari təmir işləri aparılmış, yolların kənarında abadlıq işləri görülmüşdür.
Şəhərin yol şəbəkəsinin genişləndirilməsi və mərkəzi prospektdə hərəkətin intensivliyinin azaldılması və ağır tonnajlı yük maşınlarının şəhərin mərkəzi hissəsinə girişinin məhdudlaşdırılmsı məqsədi ilə Nəriman Nərimanov küçəsini Yenikənd yolunu və Heydər Əliyev prospektinin girişini Samux - Çobanabdallı yolunu birbaşa birləşdirən hər birinin uzunluğu 2 km, eni 10 metr olan iki yeni yol salınmışdır.
2010-cu ildə yeni istehsal və qeyri-istehsal sahələrinin yaradılması istiqamətində də mühüm işlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən "Universal NAA" MMC-də dəyəri 2,3 milyon manat olan alma çipsi istehsalı və meyvə-tərəvəz qurudulması sahələri yaradılmış, dəyəri 1,7 milyon manat olan 4 ədəd yeni soyuducu quraşdırılmışdır. Samux Quşçuluq fabrikinin bazasında broyler sexinin yaradılması başa çatmaq üzrədir. Rayonun Hacıalılı kəndi ərazisində layihə dəyəri 3,8 milyon manat olan "Sağlamlıq" sanatoriya kompleksinin inşası üçün kəşfiyyat işlərinə başlanılmışdır. İl ərzində rayonda 10 yeni sahibkar müəssisəsi yaradılmış, 12 yeni ticarət və ictimai-iaşə obyekti fəaliyyətə başlamışdır.
Rayonun Lək kəndi ərazisində 500 kv-lıq yarımstansiya ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Gücünə görə respublikmızda ikinci böyük yarımstansiya olan bu yarımstansiya nəinki regionun və qərb bölgəsinin, eyni zamanda, qardaş Turkiyənin də enerji təchizatında mühüm rol oynayacqdır.
Rayon əhalisinə göstərilən poçt xidmətinin yaxşılaşdırılması məqsədilə Qırmızı Samux qəsəbəsində və Qovlarsarı kəndində yeni poçt binalarının tikintisi başa çatmış, Ziyadlı kənd poçt şöbəsində isə əsaslı təmir işləri aparılmışdır.
Keçən il məktəblərin təmiri və onların maddi-texniki bazasının gücləndrilməsi də diqqətdə saxlanılmışdır. Bu dövrdə Qədili kənd əsas məktəbinin binası əsaslı təmir edilmiş, Seyidlər kənd orta məktəbinin binasının dam örtüyü dəyişdirilmişdir. Həmin məktəblər yeni inventar və avadanlıqlarla təmin edilmişdir. Digər məktəblərdə də cari təmir işləri aparılmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də əhalinin məşğulluğunun yaxşılaşdırılması əsas hədəflərdən olmuşdur. İl ərzində 1139 iş yeri açılmışdır ki, onlardan 267 iş yeri daimi, 470 iş yeri müvəqqəti, 402 iş yeri isə mövsümüdür.
Ümumiyyətlə, 2004-cü ilin fevral ayından 2010-cu ilin sonunadək rayonda 13546 yeni iş yeri yaradılmışdır ki, onlardan da 3294-ü daimidir.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisinin artması rayonda sahibkarlığın inkişafına yaradılan münbit şəraitdən xəbər verir. 2010-cu ildə ümumi məhsul buraxılışının 89,5 faizi qeyri-dövlət sektorunun payına düşür. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 34 layihə üzrə 475,5 min manat güzəştli kredit verilmişdir. Rayon rəhbərliyi tərəfindən investorların rayona cəlb olunması, yerli resurslar nəzərə alınmaqla digər sahələrlə yanaşı, turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Bu məqsədlə Almaniya və Koreya Respublikalarının iş adamları Samuxda səfərdə olmuş, rayonun potensial imkanları haqqında onlara geniş məlumat verilmişdir.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Hazırda rayonda ət və süd emalı müəssisəsi, iki günəbaxan tumlarının qablaşdırılması müəssisəsi fəaliyyət göstərir. Lakin bu sahədə yeni istehsal sahələrinin yaradılmasına böyük ehtiyac vardır. Çünki rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır.
2010-cu ildə 9527 hektar sahədə taxıl
becərilmişdir. Sahələrdən
22,2 min ton taxıl, o cümlədən 14,3 min ton buğda, 7,9
min ton arpa toplanmışdır. Üzümçülük
və meyvəçilik daha sürətlə inkişaf edir.
Hazırda 1115 hektar üzüm bağı, 1084 hektar meyvə
bağı mövcuddur. Üzümçülüyü və
meyvəçiliyi inkişaf etdirmək üçün
rayonun Poylu və Qarabağlı kəndlərində 150 hektar
plantaj aparılaraq 90 hektara yaxın üzüm, 20 hektar isə
meyvə bağı salınmışdır.
Nazirlər
Kabinetinin "Buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılmasına dair"
müvafiq qərarına əsasən 2011-ci il üçün
2003 nəfər torpaq mülkiyyətçisinə 213589 manat
yardım hesablanmışdır. Samux rayon "Aqroservis"
filialı tərəfindən rayonun fermerlərinə 2010-cu
ildə 147,7 ton ammonium-nitrat gübrəsi, 20,4 ton superfosfat
gübrəsi 70 faiz güzəştlə
satılmışdır.
Rayonun təhsil,
səhiyyə və mədəniyyət sahələrinin
inkişafı da daim diqqətdə
saxlanılmışdır. Son illərdə rayonda inşa
edilən məktəblər, onların maddi-texniki
bazasının yaxşılaşdırılması və
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunması rayonun təhsil sisteminə müsbət təsir
göstərmişdir. Son 7 ildə rayonda 8 yeni məktəb
binası inşa edilmiş, 12 məktəbdə, 3 uşaq
bağçasında əsaslı təmir işləri
aparılmışdır.
Səhiyyədə
xeyli iş görülüb. Amma rayon əhalisinə
günün tələbləri səviyyəsində səhiyyə
xidmətinin göstərilməsi üçün rayonda
diaqnostika mərkəzinin yaradılımasına, mərkəzi
rayon xəstəxanasının, qəsəbə və kəndlərdə
yerləşən tibb ocaqlarının əsaslı təmirinə
və yeni binaların tikilməsinə, onların ixtisaslı
həkimlərlə təmin edilməsinə böyük
ehtiyac vardır.
Rayon əhalisinin
sosial müdafiəsi daim diqqət mərkəzində
saxlanılır. "Ünvanlı Dövlət Sosial
Yardımı haqqında" Azərbaycan Respublikasının
Qanununun tətbiqi ilə bağlı rayonda komissiya fəaliyyət
göstərir. 2010-cu ildə komissiya tərəfindən 619
ailəyə ünvanlı dövlət sosial yardımı təyin
edilmişdir ki, bu da 2902 nəfəri əhatə etmişdir.
Orta aylıq ödəniş 115 manat olmuşdur. Təyin
edilmiş bütün ödənişlər plastik kartlarla həyata
keçirilir. Ümumiyyətlə, rayonda aztəminatlı təbəqələrin,
əlil və şəhid ailələrinin sosial müdafiəsi
məqsədilə verilən pensiya və təqaüdlərin
əhaliyə vaxtında çatdırılması təmin
edilmişdir.
Rayon əhalisinə
göstərilən ticarət, nəqliyyat, rabitə və məişət
xidmətlərinin keyfiyyəti və şəbəkəsi əsaslı
şəkildə dəyişmişdir. Rayon ərazisində
küçə alveri tamamilə aradan
qaldırılmışdır. Bu gün əhaliyə son
altı ildə inşa edilmiş, yüzdən çox ticarət
obyekti sanitariya-gigiyena normalarına cavab verən xidmət
göstərir.
2011-ci ildə
Samuxda daha böyük abadlıq-quruculuq işləri
aparılacaq. Cari ildə rayonda bir neçə məktəb
binasının, Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün yaşayış
binasının, yeni inzibati binaların inşa edilməsi,
hazırda tikintisi davam etdirilən inzibati binaların
tikintisinin başa çatdırılması, bir neçə
məktəbin əsaslı təmir edilməsi, səhiyyə,
mədəniyyət ocaqlarının tikintisi və əsaslı
təmiri, yeni istehsal və emal müəssisələrinin
yaradılması qarşıda duran ən vacib məsələlərdəndir.
Bir
sözlə, 2011-ci ildə rayonda daha böyük layihələr
həyata keçirilcəkdir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 8 mart.- S. 6.