Şamaxı:
2010-cu il sosial-iqtisadi uğurlarla zəngin olmuşdur
Bu
günlərdə Şamaxı Rayon İcra Hakimiyyətində
2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrlə
bağlı hesabat yığıncağı
keçirilmişdir. Hesabat məruzəsi ilə
çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov bildirdi ki, 2010-cu il
bütün respublika üçün uğurlu olmuş,
dünyada iqtisadi böhran davam etsə də, bu, ölkəmizin
inkişafına mane ola bilməmişdir.
Başçının
sözlərinə görə, yanvarın 14-də Prezident
İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər
Kabinetinin iclasında da qeyd olunmuşdur ki, keçən il
respublika iqtisadiyyatı 5 faiz artmış, ölkə
iqtisadiyyatına 15,5 milyard dollar qoyulmuş, valyuta
ehtiyatları 20 milyarddan 29 milyard dollara
çatmışdır. Vətəndaşların rifah
halının yaxşılaşdırılması istiqamətində
atılan addımlar öz müsbət nəticələrini
verməkdədir.
Nazim
İsmayılov qeyd etdi ki, yanvarın 27-də Prezident İlham
Əliyevin xüsusi tapşırığı əsasında
Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın geniş iclasında Prezident
Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı
Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev
görülən işlər və qarşıda duran vəzifələr
haqqında məruzə ilə çıxış etmiş,
bildirmişdir ki, neqativ hallar ölkədə həyata
keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və
siyasi sahədə aparılan islahatlara kölgə salır,
Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir.
Ona görə də mərkəzi və yerli icra hakimiyyəti,
hüquq-mühafizə orqanları əhalinin haqlı
narazılığına səbəb olan,
sahibkarlığın inkişafına süni əngəl
törədən hallara son qoyulmalıdır. Tikinti, nəqliyyat,
ticarət, iaşə, təhsil, səhiyyə, sosial
müdafiə və sair sahələrdə neqativ faktlar,
rüşvətxorluq, korrupsiya halları, vətəndaşların
qəbulu, müraciətlərinə baxılması zamanı
yol verilən nöqsanlar qısa müddətdə aradan
qaldırılmalıdır. Qarşıya qoyulmuş bu vəzifələrlə
əlaqədar rayon icra hakimiyyəti tərəfindən nəzərdə
tutulmuş tədbirlərin icrasına
başlanılmış, əlaqədar təşkilatların
rəhbərlərinə konkret tapşırıqlar
verilmişdir.
RİH
başçısı qeyd etdi ki, hesabat dövrü
Şamaxı rayonu üçün də böyük layihələrin
həyata keçirilməsi ili kimi yadda qalmışdır. 2010-cu
il oktyabrın 22-də Prezident İlham Əliyev rayonda
olmuş, mövcud sosial-iqtisadi vəziyyətlə
maraqlanmış, problemlərin aradan qaldırılması
istiqamətində tövsiyə və
tapşırıqlarını vermişdir. Səfər rayon əhalisi
tərəfindən dərin minnətdarlıq hissi ilə
qarşılanmışdır.
Rayonun
sosial-iqtisadi inkişafına toxunan başçı bildirdi
ki, Azərbaycan Prezidentinin bir sıra sərəncamları kənd
təsərrüfatı məhsulları istehsalının
artırılmasına imkan yaratmışdır. 2010-cu ildə
18599 hektar sahənin taxılı yığılmış,
31618 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq
17,2 sentner təşkil etmişdir. Rayonda 6 özəl
toxumçuluq təsərrüfatının sahələrindən
1300 ton taxıl istehsal olunmuş, bunun 900 tonunu toxumluq taxıl
təşkil etmişdir. Özəl toxumçuluq təsərrüfatları
2011-ci ildə taxılın məhsuldarlığını
artlırmaq məqsədilə 69 ton elit və I reproduksiya
sortlu buğda toxumu alaraq əkin aparmışlar. Keçən
il rayonda üzümçülüyə diqqət
artırılmış, üzüm sahələri 85 hektar
artaraq 1125 hektara çatdırılmış, bu sahədə
yeni iş yerləri yaradılmış, 2000 nəfərdən
çox daimi işçi cəlb olunmuşdur. Süfrə
üzümlərinin saxlanması məqsədilə 10 min
tonluq soyuducunun tikintisinə başlanmışdır.
"Aqrolizinq"
cəmiyyəti fermerlərə güzəştli şərtlərlə
640 ton azot, 100 ton superfosfat gübrələri və 23 baş
simmental cinsli damazlıq düyə satmışdır. 5438
istehsalçıya 18121 hektar sahəyə görə 1 milyon
77 min 654 manat yardım verilmişdir. Tərəvəz, kartof,
bostan və heyvandarlıq məhsulları istehsalının həcmi
əvvəlki ilə nisbətən xeyli artmış,
mal-qaranın və quşların baş sayı
çoxalmışdır. Arıçılığa
göstərilən maraq artmaqda davam etmiş, 2005-ci ilə
nisbətən keçən il arı ailələrinin
sayı 3350 baş artaraq 4600-ə çatmışdır.
Keçən
ilə nisbətən ümumi məhsul
buraxılışı 10,8 faiz artaraq 154 milyon 746,1 min manata
çatdırılmış, əsas kapitala yönəldilən
investisiyaların həcmi 11,4 faiz yüksələrək 93,1
milyon manat təşkil etmişdir. Orta aylıq əmək
haqqı əvvəlki ilə görə 16,6 faiz artaraq 218
manat olmuşdur.
Rayonda
sahibkarlığın inkişafı istiqamətində də
xeyli işlər görülmüşdür. Fiziki şəxslərin
sayı 280 nəfər təşkil etmişdir. Bu məqsədilə
rayonda fəaliyyət göstərən banklardan 3637 nəfər
4 milyon 926 min manat kredit götürmüşdür ki, bu da
2009-cu ildəkindən çoxdur. Həyata keçirilən tədbirlər
nəticəsində rayon üzrə 567 daimi iş yerləri
açılmışdır. 1458 ailənin 6779 nəfər
üzvünə 163.7 min manat ünvanlı sosial yardım
verilmişdir.
Prezident
İlham Əliyevin iki sərəncamına uyğun olaraq Milli
Elmlər Akademiyasının Nəsrəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki
bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti
işlərinin aparılmasına 8 milyon manat vəsait
ayrılmışdır. 2009-cu ildən etibarən rəsədxanada
başlanan tikinti-quraşdırma işləri keçən
il də davam etdirilmişdir. Dövlət
başçısı tərəfindən 24 dekabr 2009-cu ildə
Cümə məscidi Dövlət Tarix Memarlıq Abidəsinin
bərpası üçün 4 milyon manat vəsait
ayrılmışdır. Hazırda
"Tolerantlığın ünvanı: Azərbaycan"
layihəsi çərçivəsində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Cümə məscidinin
yenidənqurulması və bərpası ilə əlaqədar
nəzərdə tutulan işlər yüksək səviyyədə
həyata keçirilir.
Başçı
qeyd etdi ki, keçən il
"Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun tikintisi
layihəsi" uğurla başa
çatdırılmışdır. Olimpiya İdman Mərkəzinin
yenidən qurulmasına və genişləndirilməsinə,
həmçinin mərkəzin ərazisində 3 min yerlik
örtülü stadionun tikilməsinə
başlanılmışdır. Heydər Əliyev Fondunun dəstəyi
ilə Uşaq İncəsənət Məktəbi
üçün yeni binanın inşası,
"Şamaxı" mehmanxanasının yenidənqurulması
və genişləndirilməsi,"Şərədil"
istirahət kompleksində 5 ulduz otelin, "Fəxri guşə"
istirahət mərkəzinin bazasında müasir standartlara
cavab verən turizm obyektinin, "Xalqbank"ın rayon
filialı üçün inzibati binanın tikintisi davam
etdirilmişdir. Rayon hərbi komissarlığının, həmçinin
bir sıra ictimai binaların üst örtüyü və
fasadları əsaslı təmir olunmuşdur. Nağaraxana kəndi
ərazisində Vergilər Nazirliyinin Tədris və
İstirahət Kompleksinin tikintisi başa çatmaq üzrədir.
Magistral yolun kənarlarına istinad divarları çəkilmiş,
həmin ərazidə mini park salınmış və
müasir işıqlandırma sistemi quraşdırılaraq
yaşıllaşdırma işləri
aparılmışdır. Şəhərin bir sıra
küçələrinə 37243 kvadratmetr asfalt-beton
örtüyü vurulmuşdur. Uzun illərdən bəri
problem kimi qalan Böyük Xınıslı kəndinə gedən
yolun üstündə körpü keçidi tikilib istifadəyə
verilmişdir.
Heydər
Əliyev Fondu Şamaxıya daim qayğı və diqqət
göstərir. 2009-cu ildə fond tərəfindən rayona 5 ədəd
müasir avtobus hədiyyə edilmişdir. Bu sahənin
maddi-texniki bazasını daha da möhkəmləndirmək məqsədilə
fond tərəfindən bu il rayona əlavə 2 ədəd
müasir avtobus verilmişdir. Həmin nəqliyyat vasitələri
bu gün şamaxılılara xidmət göstərir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə başlanan
"Şamaxı - təmiz şəhər" pilot layihəsinin
gerçəkləşdirilməsinə uğurlu start
verilmişdir.
Başçının
sözlərinə görə, ötən il respublikada
"Ekologiya ili" elan olunmuşdur. Həmin təşəbbüsə
qoşulan şamaxılılar şəhərin magistral
küçələri boyunca mövcud parklarda və təpəliklərdə
minlərlə Eldar şamı və yerli şəraitə
uyğunlaşmış ağaclar əkmişdir. Şamaxı
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidənqurulması layihəsinin həyata keçirilməsi
işlərinə başlanılmışdır. Bununla əlaqədar
bir sıra işlər görülmüşdür. Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə Məlikçobanı kəndinə,
daxili imkanlar hesabına isə Bağırlı və
Ovçulu kəndlərinə yeni su xətləri çəkilmişdir.
Çarhan, Bağırlı, Mirikənd, Məlcək, Qaravəlli,
Birinci Çaylı, Quşçu, Həmyəli kəndlərində
kənddaxili və kəndarası yollar əsaslı təmir
olunmuşdur. Şamaxı-Pirqulu yolunun Nağaraxana kəndindən
keçən hissəsinin 1,5 km-də bardür və səkilər
yenidən tikilmiş, rənglənmiş, 2 avtobus
dayanacağı tikilmiş, 1500 metr uzunluğunda küçəyə
asfalt vurularaq işıqlandırılmışdır. Çuxuryurd
kəndində 400 metrlik məsafədə yola asfalt-beton
örtük döşənmiş, Aşağı
Çağan kəndində bulaq kompleksi tikilmişdir.
Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması üçün səy göstərilmiş, enerji daşıyıcılarının dəyərinin ödənilməsində müəyyən qayda yaradılmışdır. Təbii qazla təminatın yaxşılaşdırılması məqsədilə dairəvi xəttin yenidən çəkilməsi başa çatdırılmış, qaz xətlərində əsaslı təmir işləri aparılmış, qaz sayğacları həyətlərdən küçəyə çıxarılaraq yeni "Elestr" tipli sayğaclar quraşdırılmışdır. Bir sıra qəsəbə və kəndlərə qaz xətti çəkilişi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat, poçt və rabitə xidmətlərinin həcmi artmışdır. Böyük Xınıslı kəndində yeni 128 nömrəli elektron ATS quraşdırılmış, Muğanlı kəndindəki elektron ATS-in tutumu genişləndirilərək 320 nömrəyə, Sabir qəsəbəsində isə 448 nömrəyə çatdırılmışdır. Avaxıl kəndində 33 mənzilə telefon çəkilmişdir. Yüksək sürətli internet istifadəçilərinin sayı 343 nəfərdən çox artaraq rayon üzrə onların sayı 1500 nəfərə çatmışdır.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində işlər davam etdirilmişdir. Bir çox kənd məktəblərinin binaları cari təmir edilmiş, rayona gətirilən 1930 müxtəlif təyinatlı avadanlıq və ləvazimatlar ümumtəhsil məktəblərinə paylanılmış, onların kompyuterlə təmin olunması əsasən başa çatdırılmışdır. Qəzalı vəziyyətdə olan Göylər 2 saylı, Həmyəli kənd və Şəhriyar qəsəbə orta məktəbləri üçün yeni binaların inşası 2011-ci ilin investisiya proqramına daxil edilmişdir. Rayon üzrə attestat almış 537 nəfər məzundan 107-si tələbə adını qazanmışdır. Onlardan 4 nəfərinin 600-dən, 21 nəfərinin isə 500-dən yuxarı bal toplaması sevindirici haldır.
Son illər Diaqnostika Mərkəzinin istifadəyə verilməsi, mərkəzi xəstəxana korpusunun və poliklinika binasının əsaslı təmir edilməsi, yoluxucu xəstəliklər şöbəsi üçün yeni binanın tikilməsi, habelə müasir tibb avadanlıqlarının gətirilməsi nəticəsində rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmişdir. Keçən il Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə 5 açıq ürək və 25 göz əməliyyatı aparılmışdır.
Rayondakı "Şərədil" və "Göy qurşağı" istirahət mərkəzlərinə gələn xarici və yerli turistlərin sayı xeyli artmışdır. Ümumiyyətlə, 2010-cu ildə rayona gələn turistlərin sayı 70 mini ötmüşdür. Keçən il Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən ulu öndərin həyat və fəaliyyəti, həmçinin bir çox görkəmli şəxsiyyətlərin yubileyi ilə bağlı tədbirlər keçirilmiş, mühüm tarixi hadisələr qeyd edilmişdir. Bundan əlavə, Heydər Əliyev Mərkəzinin nəzdində yaradılmış tədqiqat qrupu tərəfindən ümummilli liderimizin Şamaxı rayonuna tarixi səfərləri ilə bağlı qiymətli sənədlərin toplanılması işi davam etdirilmişdir.
Rayon Gənclər və İdman İdarəsi 55-dən çox müxtəlif tədbirlər keçirmiş, 6511 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Keçən il Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında sərbəst güləş üzrə Avropa birinciliyində Ruslan Surxayev bürünc medala layiq görülmüşdür.
Rayonun hüquq-mühafizə orqanları ictimai-mədəni həyatında fəal iştirak etmişlər. Rayondan 583 nəfər çağırışçı respublikanın Silahlı Qüvvələri sırasına həqiqi hərbi xidmətə yola salınmışdır. Şamaxıda yaşayan qaçqın və məcburi köçkünlərin müraciətləri diqqət mərkəzində saxlanılmış və onların yerli əhəmiyyətli problemləri əsasən həll olunmuşdur. Qarabağ əlillərinə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi vetaranlarına qayğı artırılmışdır.
Keçən ildə vətəndaşların qəbulu və daxil olmuş müraciətlərə baxılmasına xüsusi diqqət yetirilmişdir. İl ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən aparatda keçirilmiş 44 qəbulda 214 nəfər, rayonun qəsəbə və kəndlərində keçirilmiş 45 qəbulda isə 159 nəfər vətəndaş dilənilmişdir. Qaldırılan problemlərin həllinə maksimum səy göstərilmişdir.
Sonda başçı bildirdi ki, ulu öndərin ideyalarına daim sadiq olan şamaxılılar bundan sonra da ölkə rəhbərinin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.
Prezident Administrasiyasının
məsul işçisi
Niyaz Əliyev hesabat yığıncağında
iştirak edirdi.
Səməd Hüseynoğlu
Xalq qəzeti.- 2011.-8 mart.- S. 6.