“Azərikimya"da
görüş
2011- Beynəlxalq
kimya ili
Yüz il əvvəl radioaktivlik sahəsində
tədqiqatları ilə tanınmış görkəmli
fransız kimyaçısı Mariya Küri kimya elmi üzrə
Nobel mükafatına layiq görülmüşdür. Parisdə
Beynəlxalq Kimya Cəmiyyətləri Assosiasiyasının
yaradılmasından da düz bir əsr keçir. Odur ki, BMT
Baş Məclisi bu ili Beynəlxalq kimya ili elan etmişdir.
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində jurnalistlərlə keçirilən görüşdən məqsəd də elə beynəlxalq kimya ilində həyata keçiriləcək tədbirlərdən danışmaq və onları daha da dolğunlaşdırmaq idi.
Görüşdə kimyanın həyatımızda rolu, Azərbaycanda kimya elminin təşəkkülü və inkişaf tarixi barədə ətraflı məlumat verildi. Sonra birliyin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış etdi. O dedi ki, dünyanın maddi təbiəti kimyaya əsaslanır. Müasir texnogen cəmiyyətdə kimya sənayesi olmadan həyatı təsəvvür etmək mümkün deyil. Hər kəs bu və ya digər şəkildə kimya ilə bağlıdır. Kimya məişətimizin bir hissəsinə çevrilmişdir. Buna görə də "Azərikimya" İstehsalat Birliyinin il çərçivəsində həyata keçirmək niyyətində olduğu tədbirlər maarifləndirici xarakterli və müxtəlif istiqamətlidir.
Bu proqrama respublikanın görkəmli kimyaçı-alimlərinin və gənc kimyaçıların iştirakı ilə biznes-forumun təşkili, kimya müəssisələrinin fəhlələri arasında "Peşəkar kimyaçı" yarış-müsabiqəsinin, məktəblər arasında "Yeni kimya şəhəri-Sumqayıt" mövzusunda debatların, "Kimyanın mənim həyatımda rolu" adlı tədbirin, kimya olimpiadalarının, idman spartakiadasının keçirilməsi və s. daxildir. "Azərbaycan kimyası və Sumqayıt" adlı sənədli filmin çəkilişi, eyni adlı bukletin və poçt markalarının hazırlanması, tanınmış kimyaçılar haqqında kitabların nəşri, Sumqayıtda istehsal olunan məhsulların bilbordlarının hazırlanıb müxtəlif guşələrdə yerləşdirilməsi, təhsil ocaqlarının kimya laboratoriyalarının təzələnməsi, habelə şəhərdə "Kimyaçılar parkı"nın yaradılması da nəzərdə tutulub.
Beynəlxalq kimya ili çərçivəsində "Azərikimya" İB Sumqayıt Şəhər İcra Hakimiyyəti, şəhərin təhsil və səhiyyə şöbələri, Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, "Qafqaz" və Sumqayıt Dövlət Universitetləri ilə birgə tədbirlər keçirəcək. M.Babayev bildirdi ki, media təmsilçilərinin də fikirlərinin maraqlı olacağı baxımından bu görüşə ehtiyac duyulmuşdur.
İşgüzar ruhda keçən görüşdə "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, "Azərtac"ın bölgə müxbiri Ətrabə Rzayeva və başqaları maraqlı təkliflərlə çıxış etdilər. "Azərbaycan", "Xalq qəzeti", "Exo", "Bakinski raboçi", "Sumqayıt", "168 saat" qəzetlərinin və "Sumqayıt-xəbər" elektron nəşrinin təmsilçiləri beynəlxalq kimya ili tədbirlərində hansı amillərə diqqət yetirməyin vacibliyini vurğuladılar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 8 mart.- S. 5.