Ölkə sahibkarları regionların inkişafına mühüm töhfə verirlər

 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Son yeddi ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, gələcək inkişafa və davamlı yüksəlişə zəmin yaratmışdır. Ölkənin sosial-iqtisadi mənzərəsini əks etdirən statistik rəqəmlər, əsas makroiqtisadi göstəricilər baş vermiş inkişaf və tərəqqinin miqyası barədə aydın təsəvvür yaradır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artmış, ölkənin ümumi valyuta ehtiyatları 30 milyard dolları ötmüşdür.

 

Son illər ölkədə baş verən iqtisadi artım geniş iqtisadi islahatlar, həyata keçirilən mühüm dövlət proqramları, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunmuşdur. Hətta son illər dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda ümumi inkişaf tendensiyası davam etmiş, ölkəmiz bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Ən başlıcası isə Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdırmağa nail olmuşdur.

Azərbaycan Respublikasının son yeddi ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, heç şübhəsiz, ölkə regionlarının davamlı və perspektivli inkişafına nail olunması ilə bağlıdır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının qəbulundan ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu müddət ərzində regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.

Bütün bunlarla bağlı martın 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ətraflı danışılmışdır. Ölkə Prezidenti İlham Əliyev konfransda demişdir: "2009-2013-cü illəri əhatə edən Proqram artıq iki ildir ki, icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Beləliklə, deyə bilərəm ki, əgər 2009-2010-cu illərdə - dünya üçün ən ağır illər ərzində iqtisadiyyatımız artmışsa, bundan sonrakı dövrdə şübhəsiz, inkişafımız daha da sürətlə gedəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında özəl sektorun ildən-ilə güclənməsini diqqətə çatdırmış, iqtisadiyyata qoyulan investisiyaların böyük əksəriyyətinin bu bölmənin payına düşdüyünü vurğulamışdır.

Dövlət başçımız eyni zamanda, bildirmişdir ki, özəl sektorda fəaliyyət göstərən qurumlar Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnirlər. Onlar dövlət tərəfindən verilmiş sifarişləri yerinə yetirərkən güclənir, əlavə maliyyə vəsaiti əldə edirlər. Yenidən həmin vəsait ölkə iqtisadiyyatına investisiya şəklində qoyulur və beləliklə, həm şirkətlər güclənir, həm də iqtisadiyyat üçün əlavə investisiya mənbəyi yaranır.

Cənab İlham Əliyev çıxışında özəl sektorun, sahibkarlığın inkişafına daim diqqətlə yanaşılmasından, bölgələrdə iş adamları ilə keçirdiyi görüşlərdə onların qayğıları, problemləri ilə ciddi şəkildə maraqlanmasından bəhs etmiş, eyni zamanda, göstərmişdir ki, gələcəkdə də özəl bölmənin tərəqqisi, xüsusilə orta və kiçik sahibkarlığın güclənməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Sahibkarlığın inkişafından danışarkən bir məqama da diqqət yetirməyi zəruri sayıram. Son illər bu sahəyə dövlət dəstəyi daha da gücləndirilmişdir. Təkcə bir fakta nəzər salaq: 2004-2010-cu illərdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. Bu, özəl sektorun inkişafına müsbət təsir göstərmişdir. Xatırladaq ki, həmin kreditlərin 80 faizi regionların payına düşür. Şübhəsiz ki, bu amil dövlətin regionların inkişafına göstərdiyi qayğı ilə bağlıdır.

Dövlət başçımız İlham Əliyev kreditlərin verilməsi ilə bağlı demişdir: "...Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit veriləcəkdir. Beləliklə, bir neçə ildən sonra qayıdacaq kreditlərin məbləği daha da böyük olacaq və nə qədər qayıtsa, yenə də bütün o məbləğ kreditləşməyə yönəldiləcəkdir.

Biz kreditləri verməklə həm özəl sektora dəstək oluruq, həm də ölkə iqtisadiyyatının inkişafına təkan veririk. Bu il və bundan sonrakı illərdə kreditləri ölkəmizin inkişafı üçün daha da vacib olan sahələrə verəcəyik. Burada həm özəl sektorun maraqları, həm də dövlət maraqları bir-biri ilə üst-üstə düşməlidir ki, həm ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və həm də özəl sektor güclənsin".

Birincidə olduğu kimi, ikinci regional Dövlət Proqramında da aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Ötən müddət ərzində görülən geniş miqyaslı işlər bunun nəticəsidir. Qeyd edim ki, hazırda sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Məsələn, suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.

Regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması, infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi və s. ilə bağlı məsələlərin müsbət həlli məhz dövlətin aqrar sahəyə münasibətinin göstəricisidir.

Onu da vurğulamaq yerinə düşər ki, regionlarda istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələrin həyata keçirilməsi yeni iş yerlərinin yaradılması, ərzaq təhlükəsizliyinin təminatı baxımından müsbət addımlardır.

Konfransda göstərildiyi kimi, ötən il kənd təsərrüfatı məhsullarının saxlanılması, infrastrukturunun yaradılması məqsədi ilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir. Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir.

Konfransda doğru olaraq göstərilmişdir ki, əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur.

Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsulların ixracının artırılmasında əhəmiyyətli rol oynayır.

Ölkə Prezidenti cənab İlham Əliyev konfransda hamımızı düşündürən, eyni zamanda narahat edən bir məsələyə də toxunmuşdur. Bu da yeni əkin sahələrinin dövriyyəyə çıxarılması ilə əlaqədardır. Xatırladaq ki, əkin sahələrinin genişləndirilməsi böyük maliyyə vəsaiti tələb etsə də, son nəticədə səmərəsi daha çoxdur. Sözügedən tədbirin reallaşdırılması taxılçılığın inkişafında müsbət göstəricilərlə nəzərə çarpacaqdır. Bununla bağlı möhtərəm Prezidentimiz demişdir: "Kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir. Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcəkdir. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sair... Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min, bəlkə də 200 min yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq. Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır".

Dövlət başçımızın konfransdakı çıxışında bir məqam da diqqəti çəkdi. Bu da sahibkarlığın, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrlə bağlı idi. Bir iş adamı kimi bu barədə bir qədər ətraflı danışmaq istərdim. Son vaxtlar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmışdır. Bununla əlaqədar şəffaflıq prinsipinin, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallıqla şərtlənir. Korrupsiyanın hər bir dövlətin sosial-iqtisadi inkişafını əngəlləyən buxov hesab edən möhtərəm Prezidentimiz İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini xüsusi diqqətdə saxlayır.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir. Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir".

Dövlət başçısı çıxışında bildirmişdir ki, artıq ilkin müsbət nəticələr görünur. Bu işlər daha da gözəgörünən, daha da təsirli olacaq. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz, doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin.

Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdim. Yuxarıda qeyd etdiyim kimi, möhtərəm dövlət başçımızın konfransda vurğuladığı əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı idi. Bu, təsadüfi deyil. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin mühüm atributlarından biridir. Ərzaq təhlükəsizliyinə nail olunmasının ümdə şərtlərindən biri isə yenə də tələbatı qarşılaya biləcək həcmdə taxıl istehsalıdır.

İkinci regional Dövlət Proqramı çərçivəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Sözügedən sahədə mövcud imkanlardan səmərəli istifadə edilərək məhsuldar toxum sortlarının seçilməsi, aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, elmi-texniki nailiyyətlərin tədbiqi nəticəsində ölkə əhalisinin taxıla olan tələbatının ödənilməsinə imkan yaradır.

Onu da deyim ki, Bərdədə taxıl istehsalına elmi-metodoloji cəhətdən yanaşma ənənəsi çox güclüdür. "Taxıl məhsuldarlığının artırılmasının təşkilati məsələləri" (birinci hissə) kitabında (M.Şəfiyev, Çingiz Novruzov) bu barədə geniş məlumatlar öz ifadəsini tapıb.

Rəhbərlik etdiyim "Bərdə - Çörək" ASC-nin fəaliyyətində son illər əsaslı dönüş yaratmağa, rayon əhalisinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsinə nail olmuşuq. Bu yaxınlarda yeni texnologiyaların tətbiqi keyfiyyətin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.

Sonda onu da deyə bilərəm ki, respublikamızda sahibkarları daha böyük uğurlar gözləyir. Azərbaycan Prezidenti İlham Əliyevin iş adamlarına, sahibkarlara, bütövlükdə özəl bölməyə qayğısı, bu sektorun daha da səmərəli inkişafı üçün islahatların davamlı xarakter alması, sahibkarlığa əngəl olan müdaxilələrə qarşı ciddi tədbirlər reallaşdırılması belə qənaətə gəlməyə əsas verir.

 

 

Xalq qəzeti.- 2011.- 8 mart.- S. 5.