Bu il Azərbaycan
öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edəcəkdir
Bakı Şəhəri üzrə
Baş Təhsil İdarəsi bu yubileyi diqqətəlayiq
nailiyyətlərlə qarşılayır
6-7
il ərzində ölkəmizdə 2 mindən artıq məktəb,
400-ə yaxın tibb müəssisəsi, 25 Olimpiya İdman Mərkəzi
tikilib və bu proses davam etdirilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı
nitqindən.
Bakı
şəhəri, 1 mart, 2011-ci il
Dövlət
başçımızın son illərdəki fəaliyyətinin
müəyyən cizgiləri barədə qələmə
aldığımız sətirlərdə Prezidentin məhz
nitqindən bu sitatı gətirməyimiz təsadüfi deyil. Çünki
həmin sitat dövlətin təhsilə göstərdiyi
qayğı və diqqətin miqyasını özündə
əks etdirir. Həm ulu öndər Heydər Əliyev, həm
də Prezident İlham Əliyev bu sahəni daim diqqətdə
saxlamaqla Azərbaycan təhsilinin bugünkü səviyyəyə
qalxmasına nail olublar. Bu tendensiya uğurla davam etdirilir.
Görkəmli
türk maarifçisi İhsan Doğramacının təhsil
və cəmiyyət mövzusunda çox maraqlı bir ifadəsi
var: "Normal cəmiyyətdə baş verən bütün
müsbət məcralı ictimai-siyasi proseslər son nəticədə
təhsilin tərəqqisinə və inkişafına xidmət
edir". Türkiyəli ziyalı öz fikrini belə əsaslandırırdı:
"Ölkədə iqtisadi artım qeydə alınarsa, təhsilin
maddi-texniki bazası möhkəmlənəcək. İctimai-siyasi
proseslər daxili sabitliyi təmin edərsə, təhsil
müəssisələrinin fəaliyyət şəbəkəsi
genişlənəcək.
Müharibə
və toqquşmaların qarşısı alınarsa,
mövcud təhsil ocaqları qorunub saxlanılacaq. İnqilab və
çevriliş cəhdləri yox dərəcəsində
olarsa, (müstəqilliyin ilk illərində biz bunu
görmüşük) təhsilin tərəqqisi sürətlənər
və sairə. Təhsilin fəaliyyət şəbəkəsinin
genişlənməsi və tərəqqisinin sürətlənməsi
isə bilavasitə dövlətin qüdrətlənməsinə
zəmin yaranması deməkdir.
45-50
il əvvəl Türkiyədə söylənmiş həmin
tezisləri bu gün qətiyyətlə Azərbaycan təhsilinə
şamil etmək mümkündür. Çünki ilk növbədə
bu sitatda normal cəmiyyətdən söz açılır -
bu gün Azərbaycanda bütün aspektlərdən nəzər
salarkən normal cəmiyyət formalaşdırılıb. Ölkədə
qeydə alınan iqtisadi artım nəinki öz mütəxəssislərimiz
tərəfindən, eləcə də dünyanın ən
mötəbər beynəlxalq təşkilatları tərəfindən
etiraf edilir və yüksək qiymətləndirilir. İctimai-siyasi
proseslərin təmin etdiyi daxili sabitlik dünyanın
bütün aparıcı şirkətlərinin diqqətini
Azərbaycana cəlb edib. Həm ulu öndər Heydər Əliyevin
xarici siyasətində, həm də Prezilent İlham Əliyevin
diplomatiyasında beynəlxalq aləmlə dostluq münasibətləri,
Ermənistanla isə sülh danışıqları əsas
xətt kimi daim gündəlikdədir. Yəni bu gün - daha
doğrusu 1993-cü ilin yayından sonra ölkədə
baş verən bütün ictimai-siyasi proseslər Azərbaycan
təhsilinin inkişafına və beynəlxalq aləmdə
yüksək səviyyədə tanınmasına xidmət
edir. 2003-cü ilin oktyabrından sonra bu proses daha da sürətləndirilmiş,
cəmiyyət həyatında baş verən ictimai-siyasi
proseslər daha sivil məcraya yönəldilmiş, daha
çevik xarakter almışdır.
Yazının
əvvəlində qeyd etdiyimiz sitatdakı faktları yada
salaraq xatırladaq ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə bu il yanvarın
14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçımız ölkədə
ötən il həyata keçirilmiş tədbirləri yada
salarkən söyləmişdir: "Ötən il sosial
infrastrukturun yaradılmasında böyük işlər
görülmüşdür. 40-dan çox tibb müəssisəsi,
70-dən artıq məktəb tikilmiş, təmir
edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət
ocaqlarının tikilməsi və təmirinə vəsait
ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və
ümumiyyətlə, ölkənin inkişafı
üçün vacib olan sosial sahə həmişə
olduğu kimi diqqət mərkəzindədir. Bu, 2011-ci ildə
də belə olmalıdır və şübhəsiz,
investisiya proqramında, sosialyönümlü layihələr
nəzərdə tutulacaqdır".
Bir
daha təkrar edək ki, dövlət
başçımızın geniş və əhatəli
nitqindən bu sitatın seçilməsi də təsadüfi
deyildir. Əslində bu qayğını biz cənab İlham
Əliyevin 2003-cü ilin oktyabrından etibarən həyata
keçirdiyi tədbirlərin sırasına baxarkən hələ
bir neçə il əvvəldən görmüşdük. Belə
ki, bu gün Azərbaycanda ordu quruculuğu və müdafiə
kompleksi istisna olmaqla dövlət büdcəsindən təhsilin
inkişafı üçün ayrılan vəsait qədər
heç bir sahəyə vəsait ayrılmır.
Yaxud,
inkişaf etmiş ölkə kimi Azərbaycanda cəmiyyət
həyatının çoxlu sahələri vardır və cəmi
yeddi ildə 16 Dövlət Proqramı təsdiq edilən və
uğurla icra olunan yeganə sahə məhz təhsil sektorudur.
Dövlət başçısı neft sektorundan əldə
edilən kapitalın böyük bir hissəsinin intellektual
kapitala - insan kapitalına çevrilməsi üçün
heç nəyi əsirgəməyəcəyini söyləyir.
Fikrimcə bu, ədalətli dövlət
başçısının və ya uzaqgörən liderin həyata
keçirdiyi tədbirlərdən daha çox vətəndaş
məsuliyyəti ilə yaşayan bir ziyalının öz
xalqının sabahına ürək yanğısı ilə
hazırlaşmasının nəticəsidir. Mən bu zaman
bir məqamı da xüsusilə qeyd etmək istəyirəm.
Azərbaycan Prezidenti xüsusi Dövlət Proqramı təsdiq
edərək ölkə gənclərinin dünyanın
aparıcı ali məktəblərində daha səviyyəli
ali təhsil almasına nail olur. İlk baxışda bu məsələ
sıradan, adi bir məsələ kimi görünə bilər.
Əsla belə deyil.
Zaman
bizə bu məsələ ətrafında çox mükəmməl
dərs verir. Belə ki, müstəqilliyin ilk illərində
ölkəyə rəhbərlik edən şəxslərin
hamısı məhz yerli ali məktəblərin məzunları
idi. Onlar istəsələr də, istəməsələr də
dövlətçiliyi lazımi səviyyədə qoruya bilmədilər.
Ancaq 80-ci illər üçün dünyanın ən
mötəbər ali məktəblərindən biri hesab edilən
universitetində keyfiyyətli təhsil almış İlham Əliyev
nəinki dövlətin və dövlətçiliyin məharətlə
qorunmasını təmin etdi, üstəlik, gənc müstəqil
Azərbaycanın dünya miqyasında lider ölkələr
sırasına çıxarılmasına nail oldu. Dövlət
başçımız məhz bu arqumentləri əsas
götürərək və gündən-günə dəyişən,
yeniləşən beynəlxalq münasibətlərin ortaya
qoyduğu tələblərə yüksək səviyyədə
cavab verən kadrlar yetişdirilməsinə nail olmaq
üçün xaricdə təhsil alan gənc
soydaşlarımızın sırasının genişləndirilməsinin
qayğısına qalır.
Qeyd
etdiyimiz bu arqumentdən belə bir nəticə
çıxmasın ki, ölkəmizdəki ali məktəblərə
inam azdır və ya onlar hansısa həmkarlarından geridə
qalırlar. Əsla belə deyil. Əksəriyyəti ulu
öndər Heydər Əliyevin xeyir-duası ilə
yaradılmış ali məktəblərimizin hamısı
yüksək səviyyədə təhsil verir və onların
məzunları Azərbayanı gündən-günə
inkişaf etdirirlər. Sadəcə 10 əsrdən
artıqdır ki, dünyanın həm Şərqində, həm
də Qərbində təhsil və təcrübə
mübadiləsi adlı bir məfhum var və həmin
tendensiya əsrlərdən bəri yüksək səmərə
vermişdir. Bu tendensiya elmi və dünyəvi təhsillə
yanaşı dini təhsildə də geniş tətbiq
edilmiş, ölkəmizin inkişafı ilə yanaşı
müqəddəs dinimizin məhz olduğu kimi təbliğ
olunması baxımından xüsusi əhəmiyyət kəsb
etmişdir.
Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə ziyalı münasibəti baxımından qələmə alınan bu yazıda çoxsaylı faktlardan və rəqəmlərdən söz aça bilərik. Bütün regionların bərabər şəkildə inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması üçün 900 mindən çox yeni iş yerlərinin yaradılması, yoxsulluğun 49 faizdən 9 faizə endirilməsi, kosmosa Azərbaycan rabitə peykinin çıxarılması üçün ən sonuncu hazırlıq işlərinin başa çatdırılması, ordu quruculuğunun region ölkələri üçün əlçatmaz olan bir səviyyəyə gətirilməsi, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və sursatların beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilməsi, ölkənin ən müxtəlif sahələrini bir-birinə bağlayan super müasir yol qovşağının yaradılması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissələrinin dünya standartları səviyyəsində yenidən qurulması, Bakıda bütün küçə və meydanların müasirləşdirilməsi, bütün azərbaycanlıların fəxr və iftixar mənbəyi olan Dövlət bayrağımızın Ginnesin "Rekordlar kitabı"na düşəcək bir səviyyəyə qaldırılması, Ermənistan istisna olmaqla dünyanın bütün ölkələrinin Azərbaycanın dostuna çevrilməsi, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin, xüsusən, Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi və başqa tarixi faktların hər biri ayrılıqda bir yazının mövzusudur. Ancaq biz öz ixtisasımızı və fəaliyyət sahəmizi əsas götürərək cənab Prezidentin bir sərəncamının paytaxt təhsilinə gətirdiyi yeniliklər və verdiyi səmərə barədə qısa da olsa söz açmaq istəyirik.
Cənab Prezidentin 2006-cı il martıq 31-də imzaladığı sərəncam əsasında Nazirlər Kabinetinin həmin ilin iyul ayında qəbul etdiyi qərarla yaradılmış Bakı Şəhəri üzrə Təhsil İdarəsi dövlət başçısının paytaxt təhsilinə göstərdiyi qayğı və diqqətin bariz nümünəsi idi. Çünki bu qurum fəaliyyətə başladıqdan sonra sözün həqiqi mənasında Bakı təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. 13 sektor, Metodik mərkəz (müxtəlif bölgələrdə beş bölməsi olmaq şərtiylə) və beş xidmət bölməsi olan Mərkəzləşdirilmiş mühasibat sektorundan ibarət olan BŞTİ ötən dövr ərzində demokratik idarəetmənin dərinləşdirilməsi, təhsildə demokratik islahatların nəticələrinin yüksəldilməsi, məktəblərin müstəqilliyinin artırılması, tədrisə nəzarət prosesinin təkmilləşdirilməsi, pedaqoji kontingentin vahid normativ tələblər əsasında işə qəbul edilməsi və digər nailiyyətlərə imza atmışdır. İlk baxışda kifayət qədər ümumi şəkildə ifadə edilmiş göstəricilərdir. Ancaq fikrimizi əsaslandırmaq üçün bəzi konkret məqamları nəzərə çatdırmaq istəyəcəyik.
BŞTİ-nin yaradılmasından sonra paytaxtda 22 məktəb tikilib istifadəyə verilmişdir. Təhsil müəssisələrinin rəhbər pedaqoji kadrlarla təmin edilməsi üçün "Təhsil işçiləri bankı" yaradılmışdır. Gənc müəllimlərlə işin daha səmərəli təşkil edilməsi üçün "Gənc müəllimlərlə iş üzrə koordinasiya şurası" fəaliyyətə başlamışdır. Müəllimlərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən elektron vasitələr əsasında ikimərhələli müsabiqə yolu ilə həyata keçirilməsi bu prosesdəki obyektivliyi yüksək səviyyədə təmin etmişdir.
"Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramı"nın icrası nəticəsində Bakı şəhərinin ümumtəhsil müəssisələrində V-XI siniflərdə 22 şagirdə bir kompyuter nisbəti təmin edilmişdir. İndi həmin şagirdlərimizin istifadəsində 9550 kompyuter vardır. Təhsil İdarəsinin nəzdində olan məktəblərin 264-ü genişzolaqlı internet şəbəkəsinə, bütün məktəblər isə lokal şəbəkəyə qoşulmuşdur. 23 nömrəli orta məktəbdə uğurla sınaqdan çıxan "Elektron məktəb" layihəsi indi artıq digər məktəblərdə də tətbiq edilir.
2010-2011-ci dərs ili üçün ali məktəblərə tələbə qəbulu zamanı Bakı məktəblərinin xüsusi çəkisi artmış, abituriyentlərin 44,83 faizi tələbə adını qazanmışdır. Xarici ali məktəblərə qəbul olunan məzunlarımızla birlikdə bu rəqəm 48 faizə çatır. BŞTİ-nin yaranmasına qədər isə bu göstərici təxminən 35 faiz idi. Qəbul imtahanlarında 500-dən çox bal toplayan bakılı məzunların son bir ildə 20 faiz artması, 600-dən çox bal toplayanların sayının isə 40 faiz artması kiçik göstərici deyildir. Üstəlik son qəbul imtahanlarında məzunlarımızdan 2 nəfəri 700 bal (maksimum) toplamışdır ki, bu da BŞTİ-də təhsilin keyfiyyətini göstərən əsas məqamlardan biridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistikasında göstərilir ki, ali məktəblərə qəbul olan bakılı məzunların hər 15 nəfərindən biri 600-dən yuxarı bal toplamışdır. Hər 4 məzunumuzdan biri isə 500-dən yuxarı balla tələbə adını qazanmışdır. Son beş ildə 100-dən aşağı bal toplayan məzunlarımızın sayı 8,35 faiz azalmışdır. Fənn olimpiadalarında respublika qalibi olmuş bakılı şagirdlər 2006-cı ildə 48 nəfər idisə, 2010-cu ildə bu göstərici 106 nəfər olub. Yəni bu artım iki dəfədən də çoxdur.
Dövlət başçısının sərəncamı ilə elan edilmiş "İlin ən yaxşı məktəbi" müsabiqəsinin birinci ilində paytaxt məktəblərindən 14-ü qalib elan edilmişdisə, ötən il artıq 28 məktəbimiz bu ada layiq görülənlər sırasında idi. "Ən yaxşı müəllim"lərimiz də ardıcıl olaraq artaraq ötən il 50 nəfərə çatmışdır.
BŞTİ-nin yarandığı gündən bəri çoxsaylı tədbirlər keçirilmiş ,kütləvi informasiya vasitələri bizim fəaliyyətimizi daim işıqlandırmışdır. Ancaq iki tədbirimiz, birinci - bilavasitə kütləvi informasiya vasitələri ilə bağlı olan - Milli mətbuatın yaranmasının 135 illiyi münasibətilə Mətbuat Şurası ilə birlikdə keçirdiyimiz "Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər" mövzulu dəyirmi masa çox böyük rezonans yaratmışdı. İkinci ən geniş rezonans doğuran tədbir ötən ilin may ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə təşkil etdiyi "Təhsil, zaman və biz" adlı böyük sərgi idi. Hörmətli nazirimizin, millət vəkillərinin, hökumət üzvlərinin, YAP rəhbərliyinin, paytaxtın təhsil ictimaiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən sərgi sözün həqiqi mənasında paytaxtın təhsil həyatında çox mühüm hadisə idi. Əminik ki, bu qəbildən olan tədbirlərimiz dövri olaraq davam edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin işıqlandırılmasına ziyalı münasibəti bildirərkən rəhbərlik etdiyim qurumun imza atdığı nailiyyətlərdən də söz açmağım tamamilə təbiidir. Çünki yazının əvvəlində qeyd etdiyim etdiyim kimi təhsil sektoru o zaman inkişaf edir ki, ölkədə cəmiyyət həyatının bütün sahələri inkişaf edir. Bu isə artıq Azərbaycan reallığıdır. Həmin reallıqları möhtərəm Prezidentimiz İlham Əliyev, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu və fondun prezidenti, təhsilin və bütün uşaqların yorulmaz himayədarı olan, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva birlikdə ərsəyə gətirirlər. Paytaxtın təhsil ictimaiyyəti daim qayğısını gördüyü dövlətin və dövlət başçısının siyasətini həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.
Sonda bir daha qeyd edim ki, bu il Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin 20 illiyini qeyd edəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Müstəqilliyimizin 20 illik yubileyi böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilmişdir, həm də bu yolda çox böyük uğurlara nail olmuşdur".
Biz məmnunuq ki, yubiley ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də 5 illiyi qeyd olunacaq. Bu xoş təsadüf məsuliyyətimizi canımız və qanımız qədər sevdiyimiz müstəqilliyimizin yubileyindən yaranan bir səviyyədə artırır. Paytaxtın təhsil ictimaiyyəti dövlət müstəqilliyimizin yubileyini böyük uğurlar və nailiyyətlərlə qarşılayacaqdır.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri, respublikanın əməkdar müəllimi
Xalq qəzeti.-
2011.- 8 mart.- S. 4.