8 MART - gözəllik və xoş
arzular bayramı
8 Mart Beynəlxalq Qadınlar
günü 1910-cu ildə Klara Setkinin təklifi ilə sosialist
qadınların Kopenhagendə keçirilən beynəlxalq
konfransında təsis edilmişdir.İlk dəfə 1911-ci
ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada
"Sosializm uğrundakı mübarizə qüvvələrini
birləşdirmək üçün işçi
qadınlar seçki hüququna malik olmalıdırlar"
şüarı ilə keçirilmişdir.
Bayram
Rusiyada 1913-cü ildən, Azərbaycanda isə 1917-ci ildən
qeyd edilir. 1914-cü ilədək Beynəlxalq Qadınlar
Günü müxtəlif günlərdə keçirilirdi.
Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi
isə Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə
qadınlarının öz həmrəylik gününü məhz
bu tarixdə qeyd etdikdən sonra ənənə halını
aldı. O vaxtdan bütün ölkələrdə qadınlar
8 Mart gününü, həmçinin sülh uğrunda
mübarizədə həmrəylik günü kimi də qeyd
edirlər.
1921-ci il
fevralın 8-də Bakıda Azərbaycanın bitərəf
qadınlarının I qurultayı çağrıldı.
Zülm və köləlik daşını atmış
savadsız, hələ azadlığın nə oldğunu dərk
edə bilməyən avam qadınlar Azərbaycanın hər
tərəfindən Bakıya toplaşdılar. 4 gün davam
edən qurultay Azərbaycan qadınlarının
oyanışında çox mühüm rol oynadı. Onlar
qurultay zamanı çox şey öyrəndilər.
Qurultay
çoşqun, siyasi nümayişlə qurtardı.
Qadınlar bayraq və transporantlarla dəniz sahilinə
nümayişə çıxdılar. Bu, köhnə adət-ənənələrə
qarşı yönələn əzamətli qadın
nümayişi idi. Beləliklə, 1921-ci il 8 Mart Azərbaycan
qadınlarının ilk azad, təntənəli bayramına
çevrildi.
Şərq
aləmində 8 Mart Beynəlxalq Qadınlar gününün
belə təntənəli keçirilməsinin böyük
siyasi mənası və əhəmiyyəti vardı. Belə
kütləvi tədbirlər zəhmətkeş
qadınların dünyagörüşünə təsir
edir, onları içtimai-siyasi həyatın fəal
üzvünə çevirirdi. Qadınlar, qızlar dövlət
tədbirlərində getdikcə daha böyük həvəslə
iştirak etməyə səy göstərirdilər.
Qadınların
ictimai işlərə cəlb olnuması, maarif və mədəniyyətə
yiyələnməsi kimi mühüm işi həyta
keçirməkdə Azərbaycanın mübariz
qadınlarına kömək məqsədilə xüsusi
qadın mətbuatı yaratmağa böyük ehtiyac var idi .Bu
mənada 1923-cü ilin noyabrında "Şərq
qadını" jurnalının ilk nömrəsinin
çapdan çıxması Azərbaycan
qadınlarının həyatında yeni bir hadisəyə
çevrildi. Jurnalın üz qabığında üç
qadın şəkili çəkilmişdi. Onlardın birinin
üzü qara pərdə ilə örtülmüş,
ayaqlarına zəncir vurulmuşdu. İkinci qadın
çadrasını açıb günəşin al şəfəqlərilə
boyanmış Şərqə baxır,
üçüncü qadın isə onun əlindən tutub
yeni tikilmiş gözəl bir sarayın pillələri ilə
yuxarı qaldırır və sanki deyirdi: "Əsrlərlə
qara çadraya bürünən, dünya
işığına həsrət qalan ey Şərq
qadını! Oyan, azad həyat səni
çağırır!" "Şərq
qadını" jurnalının fəaliyyəti
azadlığa, mədəniyyətə və təhsilə
can atan qadınlarımızın öz hüquqları
uğrunda mübarizəsinə güclü təsir göstərirdi...
O tarixi
günlərdən başlayaraq, bəşər tarixində ən
əlamətdar gunlərdən biri olan 8 Mart Qadınlar
Günü hər il Azərbaycanda da təntənəli şəkildə
qeyd olunur. Uzun illərdir ki, istər ailədə, istər
içtimai-siyasi həyatda qadınlar cəmiyyətə,
müstəqil Azərbaycanın inkişafına öz dəyərli
töhfələrini verir, demokratik cəmiyyət
quruculuğunda fəal iştirak edirlər.
Zaman
keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan
cəmiyyətində də qadının rolu daha da artır,
onlar ictimai-siyasi , iqtisadi, mədəni həyatın fəal
üzvünə çevrilirlər. Böyük Hüseyn
Cavid deyirdi: "Sürüklənən bəşəriyyət
qadınlarla yüksələcək." Qadın ana, həyat
yoldaşı, baçıdır, qadın dünyaya dahilər,
şəxsiyyətlər bəxş edən böyük bir
varlıqdır.
Azərbaycanın
dahi oğlu, ümummilli lider Heydər Əliyev
qadınların xidmətlərini, gənc nəslin sağlam,
vətənpərvərlik ruhunda böyüməsində əməyini
daim yüksək qiymətləndirmiş, onlara böyük
diqqət və qayğı göstərmişdir. Ulu öndərimiz
deyirdi: "Qadınlar bir belə əziyyət çəkərkən
nə istəyirlər? Sadəcə, onlara diqqət,
qayğı və ehtiram! Bu anlayışlar çox
genişdir. Diqqət də, qayğı da müxtəlif
formalarda ola bilər. Ancaq kişilər gərək
qadınları həmişə yüksəkdə
görsünlər, qadınlara gərək xüsusi hörmət
etsinlər,qadınlara diqqətlə yanaşsınlar".
O zaman
dövlət başçısının bu mövqeyi
müstəqil ölkəmizin həyatında da
özünü göstərdi. 1995-ci ildə ölkəmiz əvvəlcə
qadınlara qarşı münasibətdə
ayrı-seçkiliyin bütün formalarının aradan
qaldırılması haqqında beynəlxalq konvensiyaya
qoşuldu. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
yaradıldı. Sonra isə Avropa Şurasının
qadınlarla bağlı bürosunda təmsil olunan Azərbaycan
tezliklə BMT-nin qadın məsələləri üzrə
komissiyasının tam- hüquqlu üzvü oldu.
Bütün
bunlara baxmayaraq, qadınların həmişə mənəvi
dayağa, ülvi məhəbbətə və qayğıya
ehtiyacı var. Onlar bir-birinə bənzəməz-zərifi
var, güclüsü var.Amma onları birləşdirən
yeganə bir ad var - ANA!
Ümümmilli
lider Heydər Əliyev məhz 8 Mart Qadınlar bayramı ilə
bağlı tədbirlərin birində deyirdi: "Bu bayram,
doğurdan da, bizim bütün bayramlar içərisində ən
gözəl bayramdır, çünki bu bayram qadınlara həsr
olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti
məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat
yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri
bütün başqa xidmətlərlə yanaşı, ona
görə ən yüksək qiymətə layiqdirlər ki,
onlar anadırlar..." Mənə elə gəlir ki, ulu
öndərin bu sözləri bütün sualların
açıqlamasını verir.
Ümummilli
liderin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev də
respublikamızda sosial-iqtisadi və mədəni həyatda
qadınların rolunun artmasına böyük önəm
verir. Bu gün Azərbaycan qadını ziyalı, alim, müəllim,
siyasətçi, millət vəkilidir. Azərbaycan
xanımı ağıllı, ailəsinə bağlı olan
bir qadın, ana kimi tanınır.
Bu gün
Azərbaycanın birinci xanımı YUNESKO-nun və İSESKO-nin
xoş məramlı səfiri, Azərbaycan Respublikası Milli
Məclisinin deputatı Mehriban xanım Əliyeva istər
ölkəmizdə, istərsə də Vətəndən
uzaqlarda öz iti zəkası, xeyirxah əməlləri, zərifliyi,
alicənablığı ilə Azərbaycan
xanımlarını yüksək səviyyədə təmsil
edir.
Qadınlarımız
ölkənin ictimai-siyasi həyatında fəallığı
ilə seçilir. Azərbaycan qadınının səsi
parlamentlərdən, konqresslərdən gəlir.
Rəsmi
statistikalara görə, bu gün ölkədə səhiyyə
sahəsində çalışanların 70, təhsil
işçilərinin isə 69 faizi qadınlardır.
Tam yəqinliklə
demək olar ki, bundan sonra da dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi sosial-iqtisadi siyasətin uğur qazanmasında Azərbaycan
qadını üzərinə düşən missiyanı
şərəflə yerinə yetirəcək.
Elmira
İSMAYILOVA,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
baş müəllimi
Xalq qəzeti.- 2011.- 8 mart.- S. 2.