"Tarixə adını yazan qadınlar"

 

Tarixin müxtəlif dövrlərində yaşamış və müxtəlif sahələrdə uğur qazanmış tanınmış qadınların həyat və fəaliyyəti, onların öz əqidə və amalları uğrunda mübarizəsi bugünkü nəsil, xüsusilə gənc qızlar üçün örnəkdir. Bu qadınların hər biri fəaliyyəti ilə dünya elmində, siyasətində, mədəniyyətində özünəməxsus yer tutmaqla, adını tarixə yazıblar.

 

Onlar özlərindən sonra gələn qadınlara cəmiyyətin daha yüksək pillələrində irəliləməyə böyük stimul yaradıblar. Bu fikirlər millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" kitabının təqdimat mərasimində səsləndirildi. Tədbiri giriş sözü ilə açan fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə müəllifin gərgin əməyinin bəhrəsi olan kitabda dünya tarixində mühüm rol oynamış yüz tanınmış qadının həyat və fəaliyyətləri barədə məqalələrin yer aldığını bildirdi və kitabın məzmununu yüksək qiymətləndirdi.

O, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bu cür əhəmiyyətli üç cildlik nəşrin qadınlarımıza hədiyyə olduğunu vurğuladı. Kitabın müəllifi, millət vəkili Qənirə Paşayeva nəşrin meydanagəlmə zərurətinə toxundu.

O bildirdi ki, hələ gənclik illərindən dünyaca tanınmış qadınların fəaliyyətləri onun üçün örnək olmaqla yanaşı, böyük maraq kəsb edib. Sonrakı illərdə dünyanın müxtəlif bölgələrinə səfər etdikcə qadınların vəziyyəti, eləcə də yüzlərlə qadının müxtəlif sahələrdə ilklərə imza atmaları bu kitabın yazlmasına stimul verib.

Q. Paşayeva Azərbaycan qadının digər xalqların qadınları kimi böyük uğurlar qazandığını vurğuladı və kitabda Azərbaycan tarixində özünəməxsus yer tutan hökmdar qadın Tomris, Şərqdə ilk diplomat qadın, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatun, eləcə də Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə də geniş yer ayrıldığını söylədi. Müəllif daha sonra dedi: " Dünya tarixində böyük iz qoymuş yüz qadının həyatının toplusudur. Məqsədimiz odur ki, gənc qızlar bu qadınları tanısınlar, onların həyatından örnək götürüləsi çox məqamlar var.

Oxumaq, çətinliklərə baxmayaraq, öz prinsiplərindən dönməmək, inkişaf etmək, xalqına xidmət etmək. Qadınların potensial qabiliyyətlərinin cəmiyyətin inkişafına sərf edilməsi önəmli addımdır. Kitabı pulsuz olaraq regionlarda yaymağı düşünürük. Gələcəkdə də dünyanın tanınmış digər qadınların fəaliyyətini ensiklopediya şəklində işıqlandırmaq planımız var."

Kitabla bağlı öz fikirlərini bildirən Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova cəmiyyətin inkişafında kişi və qadınların bərabər rol və funksiyalarının vacibliyini vurğulayaraq qeyd etdi ki, Azərbaycanda keçirilən uğurlu gender siyasəti nəticəsində qadınlarımız cəmiyyətin müxtəlif sahələrində uğurla təmsil edilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura dünyada qadınların inkişafına böyük diqqət göstərildiyini və beynəlxalq səviyyədə layihələr qəbul edilyini vurğuladı.

Millət vəkilləri Rəbiyyət Aslanova, Elmira Axundova, Gülər Əhmədova, xalq şairi Zəlimxan Yaqub, kitabın məsləhətçisi Aybəniz Turan və digər ziyalılar müəllifin məramını və zəhmətini yüksək qiymətləndirdilər. Müəllifin öz ad günündə, eləcə də Beynəlxalq Qadınlar Günündə yeni kitabı ilə oxucuların görüşünə gəlməsinin qadınlara hədiyyə olduğu vurğulandı. Müəllifə bundan sonrakı yaradıcılığında uğurlar arzu edildi.

Nəfis tərtibatla buraxılmış "Tarixə adını yazan qadınlar" kitabının birinci cildinə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, ikinci cildə Latviyanın sabiq prezidenti Vaire Vike Freiberqa və kitabın məsləhətçisi Aybəniz Turan, üçüncü cildə isə İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi F.Akçura ön söz yazıblar. Üçcildliyin redaktoru Milli Qeyri Hökümət Təşkilatları Forumu İdarə Heyətinin üzvü, şair publisist Əkbər Qoşalıdır.

Nəşrdə "Birinci xanım", "Böyük savaşın kitabını yazan qadın", " İlk "Nobel"li müsəlman qadın", "Buludlarla yarışan türk qızı", " Ölümə doğru uçan əfsanə qadın" və digər yazıların hər birində qeyri-adi həyat yaşamış, öz dəyərli əməlləri ilə iz qoymuş məşhur qadınların həyatlarının bir çox məqamlarına, uğurlarının sirlərinə işıq salınır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bundan əvvəl müəllifin "Nobel mükafatlı qadınlar" adlı kitabı oxuculara təqdim edilmişdi.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 8 mart.- S. 2.