Səbail qadınlarının bayram şənliyi

 

Səbail Rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi. Rayonun ictimai-siyasi həyatında fəalıq göstərən qadınların iştirak etdiyi mərasimdə bayramın tarixindən, Azərbaycanda da həmişə əziz günlərdən biri kimi qeyd olunmasından söz açıldı.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi, onlara səadət və uğurlar arzuladı. Başçı ümummilli lider Heydər Əliyevin qadınlarımız barədə dediyi "Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" sözlərini yada salaraq bildirdi ki, ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, onlara böyük hörmət və ehtiramla yanaşmışdır.

Daha sonra qeyd olundu ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimidir.

Mərasimdə Azərbaycan qadınının milli tariximizdəki şərəfli yerindən öyünclə söhbət açıldı. Bildirildi ki, müasir dövrdə qadınlarımız inkişaf etmiş ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta həyatın bir sıra sahələrində öndə gedirlər. 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkəmiz bu gün Avropa Şurasının qadınlar bürosunda təmsil olunur, BMT-nin Qadın Məsələləri üzrə Komissiyasının tam hüquqlu üzvüdür, 1995-ci ildə qadınlar haqqında beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın bir çox rayonlarının icra hakimiyyəti başçılarının müavinlərindən biri, Milli Məclis üzvlərinin 20-si, ombudsman, komitə sədri, bir neçə nazir müavini, bir sıra məhkəmələrin sədrləri və hakimləri də qadınlardır.

Bakının mərkəzi rayonu olan Səbaildə əhalinin 51 faizini - 46 min nəfərdən çoxunu qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlar bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi fəaliyyətləri ilə seçilirlər. Onların əməyi ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə ildə rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 29 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 17 nəfər müxtəlif orden və medallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və namizədi çalışır.

Tədbirdə iştirak edən qadınlara Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. Mərasim populyar incəsənət ustalarının konserti ilə başa çatdı.

 

 

R.Tahir

 

Xalq qəzeti.- 2011.- 8 mart.- S. 2.