Azərbaycanda strategiyanın düzgün müəyyənləşdirilməsi ölkəmizin uğurlarını daha da artırır

 

Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Azərbaycan sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi, milli modelini formalaşdırıb. İnkişafın Azərbaycan modeli sayəsində respublikamız gündən-günə qüdrətlənən bir ölkəyə çevrilib.

 

Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanı yeni böyük nailiyyətlərə doğru aparır. Başqa sözlə, sürətli, davamlı inkişaf ölkəmizdə sosial-iqtisadi tərəqqinin prioritet xəttini təşkil edir. Məhz bunun sayəsində Azərbaycan gündən-günə inkişaf edir, insanların sosial-iqtisadi rifahı getdikcə yaxşılaşır. 2010-cu ilin sosial-iqtisadi yekunlarını ölkəmiz üçün hər cəhətdən uğurlu saymaq mümkündür. Bununla bağlı Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan 2010-cu ildə böyük uğurlar, nailiyyətlər əldə etmişdir: "Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir. Bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirilmişdir".

Ümumilikdə, 2010-cu ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi ilə yadda qalmışdır. Bu mənada, Azərbaycan davamlı, uğurlu inkişafa nail olan islahatçı dövlət kimi, öz reytinqini, nüfuzunu bir qədər də möhkəmləndirmişdir. Bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında və qiymətləndirmələrində də öz dolğun ifadəsini tapmışdır.

Ötən il Azərbaycan iqtisadiyyatı təqribən 5 faiz, əhalinin pul gəlirləri 12 faiz artmış, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Bütün bunlar barədə "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda geniş bəhs edilmişdir. Dövlət başçımız İlham Əliyev giriş nitqində demişdir ki, son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər vaxtilə regionların inkişafına böyük diqqət yetirilməsəydi, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi...

2010-cu ildə Azərbaycanda strateji əhəmiyyətli sosial-iqtisadi layihələrin icrası davam etdirilmiş, bununla bağlı ölkəyə 15 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Ölkəmizin valyuta ehtiyatları 2010-cu ildə əhəmiyyətli dərəcədə artaraq, 20 milyard dollardan 29 milyard dollara çatmışdır. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu göstərir.

Ölkəmizin neft sənayesi ilə yanaşı,qeyri-neft sektoru da sürətlə inkişaf edir.Burada Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli bir sıra dövlət proqramlarının 2010-cu ildə uğurlu icrasını xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, müvafiq dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

Müvafiq proqramın uğurlu icrası sayəsində 2010-cu ildə ölkəmizin enerji infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Bu baxımdan, 2010-cu ilin sonunda bir müddət əvvəl inşasına başlanılan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi əhalinin içməli suya olan tələbatının ödənilməsi baxımından olduqca mühüm hadisədir. Bu kəmərin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizi fasiləsiz, 25 faizi isə müddətli şəkildə içməli su ilə təmin edilir.

Azərbaycanda infrastruktur layihələri də uğurla reallaşdırılır.Prezident İlham Əliyev dövlətin, cəmiyyətin sosial rifahını nəzərə alaraq bu layihələri gerçəkləşdirməyi vacib sayır. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə daha da artması Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramının icrası çərçivəsində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.

Azərbaycanda nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilir.Bu,təsadüfi deyil. Çünki davamlı, dinamik sosial-iqtisadi inkişaf dayanıqlı infrastrukturun və etibarlı nəqliyyat sisteminin inkişafını daha da sürətləndirir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-ci illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmişdir. Eyni zamanda, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların gedişinə neqativ halların, korrupsiya məqamlarının mənfi təsiri danılmazdır. Xatırladaq ki, ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hələ ötən illərdə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" uğurla icra olunub. Proqramın icrası dövründə bir sıra mühüm qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamışdır.

Hazırda isə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunur.

Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmışdır. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin, maliyyə intizamının gücləndirilməsi də məhz bu reallıqla şərtlənir. Prezident İlham Əliyev bu məsələyə daim xüsusi diqqət yetirir. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir : "Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir. Ancaq bununla bərabər, biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir".

Dövlət başçısı həmin iclasda iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir .

Prezident İlham Əliyev bu yaxınlarda Tovuzda keçirdiyi görüşdə də hər kəsi korrupsiya və rüşvətxorluqla mübarizədə fəal olmağa çağırmışdır: "Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq".

Prezident İlham Əliyevin tapşırığı əsasında yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın geniş iclasında da bu məsələyə xüsusi diqqət yetirilmişdir. Cənab Ramiz Mehdiyev demişdir: "Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır".

İclasda bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 8 mart.- S. 1.