Azərbaycandakı inkişafı görməmək siyasi korluqdur

 

Hakimiyyət hərisliyi radikal - dağıdıcı müxalifətin sağalmaz xəstəliyinə çevrilib

 

Müxalifət demokratiyanın atributlarından biridir. İnsanlara öz fikirlərini ifadə etmək azadlığı verilməsi, sərbəst toplaşmaq üçün şərait yaradılması demokratik inkişafın təzahürlərindəndir. Lakin bütün bunlar qanun çərçivəsində olmalı, bəzi qüvvələrin şəxsi ambisiyalarına yox, xalqın taleyüklü problemlərinin aradan qaldırılmasına yönəldilməlidir. Təəssüf ki, adlarını müxalifət qoyan bəzi qüvvələr sanki pusquda dayanaraq yaranmış hər hansı bir məqamdan öz mənafeləri naminə istifadə edərək çaşqınlıq yaratmağa can atır, xalqı narahat edən əsas məsələləri bir yana qoyub qeyri-sivil yolla hakimiyyəti ələ keçirməyə çalışırlar. Bu yolu seçənlər əsasən AXCP-Müsavat qaragüruhudur. Bu cütlük bir dəfə - 1992-ci ildə ölkədə yaranmış hakimiyyətsizlikdən istifadə edərək xarici himayədarlarının köməyi ilə özü də silah gücünə hakimiyyəti ələ keçirmişdi. Görünür, vəzifə şirinliyinin dadı hələ o vaxtdan damaqlarında qalıb və yenidən hakimiyyəti ələ keçirmək üçün qeyri-sivil vasitələrdən yararlanmaq istəyirlər.

 

Yəqin ki, xalq 1988-ci ildən başlayaraq, Azərbaycanda baş verən siyasi hadisələri unutmayıb. Həmin vaxt ölkədə yaranmış xaos, anarxiya və özbaşınalıqdan istifadə edən bəzi qüvvələr, "xalq hərəkatının lideri" pərdəsinə bürünərək meydanlara atıldı. Yalan vədlərlə insanları aldadaraq öz ətrafına toplayan "demokratiya fədailəri" sonradan özlərini "Xalq Cəbhəsi" adlandırdılar. Hakimiyyətdə bir-birini əvəz edən Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun cəsarətsizliyindən, yarıtmaz əməllərindən, fəaliyyətsizliyindən, eləcə də xalqın azacıq da olsa, inamından istifadə edən Azərbaycan Xalq Cəbhəsinin funksionerləri hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni silahlı qruplaşmaların zorakılığından tam yararlandılar. Onlar bu yolda hətta xarici himayədarlarından da mütəmadi dəstək aldıqlarını gizlətmirdilər. Bir faktı xatırlatmaq istərdim. 1992-ci ilin may ayında Ali Sovetə sədr seçkisi keçirilən zaman AXC İsa Qəmbərin namizədliyini irəli sürmüşdü. Digər namizədlər də irəli sürüləndə Arif Hacıyev tribunaya qalxaraq dedi ki, İsa Qəmbərə alternativ namizəd verməyin əhəmiyyəti yoxdur. Çünki İsa bəyin Ali Sovetin sədri seçilmək məsələsi artıq həll olunub. Bu məsələ xarici dövlətlərlə də razılaşdırılıb.

1992-ci ilin mayından başlayaraq ölkədə ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün funksionerləri arasında silahlı qarşıdurma yarandı. Demokratik, sivil, hüquqi dövlət yaradılmasından dəm vuranlar hakimiyyətdə vahid liderlik üçün bütün vasitələrə əl atdılar. Nəticədə, ölkədə ciddi qarşıdurma yarandı və xaos, anarxiya, talan, qarət baş alıb getdi. Belə bir şəraitdə "prezident seçkiləri" də keçirildi. Həmin seçkiləri xatırlayanlar çox yaxşı bilirlər ki, Azərbaycanın tarixində 1992-ci ildə keçirilmiş prezident seçkiləri kimi saxta seçkilər olmayıb. Bəzi ərazilərdə seçiciləri səsvermə məntəqələrinə buraxmayıb onların əvəzində səsvermə bülletenlərini seçki qutularına müəyyən adamlar doldururdular.

AXC-Müsavat hakimiyyəti dövründə özbaşınalıq o həddə çatmışdı ki, prezident Əbülfəz Elçibəyi də saya salan yox idi. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yox dərəcəsində idi və həmin təşkilatlara üzv olmaq hakimiyyət rəhbərlərini düşündürmürdü. Onların başı korrupsiyaya, talançılığa, var-dövlət toplamağa necə qarışmışdısa, xalq büsbütün unudulmuşdu. Prezident Ə.Elçibəy də 1993-cü ilin mayında keçirdiyi müşavirədə ölkəni korrupsiya və rüşvətxorluğun bürüdüyünü açıq şəkildə etiraf etmişdi.

Dövlət məmurları öz ətraflarına silahlı qüvvələr toplayaraq özlərini və var-dövlətlərini qorumaqla məşğul olduqlarından sərhədlərimizin qorunması yaddan çıxmışdı. Bundan istifadə edən ermənilər torpaqlarımızı hissə-hissə zəbt edir, soydaşlarımızı əsir və girov götürür, sonradan isə hakimiyyətin bəzi nümayəndələri ilə əlaqəyə girərək əsir götürdükləri şəxslərin alveri ilə məşğul olurdular. AXC-Müsavat hakimiyyəti dövründə yüksək vəzifəli şəxslərin əksəriyyəti əsir götürülmüş insanların alverindən külli miqdarda vəsait topladılar. Belələri hətta əsgərlərimizin meyitlərinin ermənilərdən alınmasını da özləri üçün biznes şəbəkəsinə çevirmişdilər.

AXC-Müsavat iqtidarının yaratdığı anarxiya və özbaşınalıq öz başlarında çatladı. Hakimiyyət daxilində yaranmış qruplaşmaların silahlı qarşıdurması, nəhayət, vətəndaş müharibəsi həddinə çatdı. Hakimiyyətdə olanlar öz cəbhədaşlarından canlarını qurtarmaq üçün o vaxt Naxçıvanda Ali Məclisin sədri olan ulu öndər Heydər Əliyevə müraciət etdi. Çünki yaxşı bilirdilər ki, Azərbaycanı onların saldıqları bəladan yalnız Heydər Əliyev xilas edə bilərdi. AXC-Müsavat cütlüyü ulu öndəri Azərbaycana rəhbərliyə dəvət etməklə əslində xalqı yox, özlərini xilas etmək barədə düşünürdü. Çünki onların Milli Qəhrəman səviyyəsinə qaldırdıqları Surət Hüseynovun başçılıq etdiyi silahlı qruplaşmalar Azərbaycanın rayonlarını işğal edə-edə Bakıya yaxınlaşırdı.

...1993-cü ilin iyununda Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra Azərbaycanda tədricən həyat öz axarına düşdü. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atıldı, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildi. İnsanların öz fikirlərini sərbəst ifadə etməsi üçün əlverişli şərait yaradıldı. Siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, sərbəst toplaşmaq azadlığı haqqında qanunlar qəbul edildi. Azad sözün, müstəqil mətbuatın inkişafına geniş meydan verildi. Ölkədə bütün qeyri-qanuni silahlı qruplaşmalar ləğv edildi, davamlı ictimai-siyasi sabitlik yaradıldı, demokratik, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün qanunvericilik aktları qəbul olundu.

Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində məğlub olan radikal müxalifət nümayəndələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından, əlaqələrinin genişlənməsindən və mövqeyinin möhkəmləndirilməsindən qısqanclıq hissi keçirirdi. Hər dəfə keçirilən seçkilərdən sonra beynəlxalq müşahidəçilərin, həmçinin nüfuzlu qurumların nümayəndələrinin demokratik, şəffaf, azad və ədalətli seçkinin şahidi olmaları barədə rəyləri açıqlananda məğlub müxalifət nümayəndələri xəyanətkar əməllərini daha da artırırdılar. Belələri ölkəmiz haqqında müxtəlif qurumlara donosbazlıq edir, guya Azərbaycanda insan haqlarının pozulması, demokratiyanın boğulması, fikir azadlığının olmaması barədə rəy formalaşdırmağa çalışırdılar. Onların ölkəmiz haqqında bu fikirləri ermənilərin fikirləri ilə üst-üstə düşür. Çünki neçə illərdir ki, Ermənistanın separatçı ideoloqları Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa cəhd edirlər. Lakin nüfuzlu beynəlxalq qurumların ekspertlərinin Azərbaycanda keçirdikləri çoxsaylı görüşləri, dinləmələri və müşahidələri həm ermənilərin, həm də antimilli qüvvələrin bu fikirlərini alt-üst edib.

Bir faktı diqqətə çatdırmaq istərdim. 2005-ci ildə keçirilən parlament seçkilərində biabırcasına məğlub olan radikal müxalifət nümayəndələrindən bir qrupu - onlara AXCP sədri Əli Kərimli rəhbərlik edirdi - Strasburqa gedərək AŞPA-nın nümayəndələrinə, eləcə də Ermənistandan olan deputatlara yalvarıb-yaxarırdılar ki, Azərbaycan parlament nümayəndə heyətinin mandatının AŞPA tərəfindən tanınmasına səs verməsinlər. Guya parlament seçkiləri Avropa standartları səviyyəsində keçirilməyib. Halbuki, həmin qurumun nümayəndələri Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak edərək demokratik və obyektiv seçkinin şahidi olduqlarını bildirmişdilər. AŞPA-da Moldova parlamentini təmsil edən müxalifət nümayəndəsi Azərbaycan müxalifətinin antimilli mövqeyinə təəccübünü gizlədə bilməyib demişdir: "Biz də öz ölkəmizdə hakimiyyətə qarşı müxalifətik. Ancaq kənar yerdə ölkəmizin mövqeyini qətiyyətlə dəstəkləyirik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Siz isə Strasburqda ölkəniz əleyhinə kampaniya aparırsınız. Belə müxalifətçilik olmaz".

Təəssüf ki, bizim müxalifət həmin utancverici hərəkətdən nəticə çıxarmamış, əksinə antimilli əməllərini davam etdirmişdir. Elə buna görə də ətraflarına topladıqları insanların hamısı onlardan üz döndərmiş, istefa verərək digər partiyalara üz tutmuşlar. İstefa verənlər bəyan edirlər ki, İsa Qəmbərlə Əli Kərimli uzun müddətə partiya sədri olmaq üçün sanki yarışa qoşulublar. Bu iki şəxsin rəhbərlik etdiyi partiyalar hər dəfə keçirilən seçkilərdə acınacaqlı şəkildə məğlub olsalar da, yenə partiya sədrliyindən istefa vermirlər. Müsavat Partiyasındakı diktatorluğa, hegemonluğa və İsa Qəmbərin başqanlığı qeyri-sivil yolla əlində saxlamasına etiraz edərək partiya sıralarından istefa vermiş Qabil Hüseynli də fikirlərini açıq şəkildə bəyan edərək deyib: "Dünya təcrübəsində klassik tipli partiyalarda sədrlik sistemi 2 seçim müddətinə müəyyənləşdirilir. Amma açıq tipli partiyalarda sədrlik müddəti ola bilər ki, uzun da çəkə bilər, qısa müddət də davam edər, bu, seçkilərin nəticələrindən asılıdır. Əgər seçkilərdə partiya daim qələbə qazanırsa, onun sədri dəyişdirilmir. Əgər seçkilərdə partiya məğlubiyyətə uğrayırsa, onun sədri özü istefa verir".

Fikir verirsinizmi, Q. Hüseynli demək istəyir ki, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər çoxdan istefa verməli idilər. Lakin hələ də partiya rəhbərliyindən əl çəkə bilmirlər. Ona görə də bütün ziyalılar onlardan üz döndərərək istefa verirlər. Ətraflarına topladıqları qeyri-yetkin şəxslərlə yenidən Azərbaycanda çaşqınlıq yaratmağa, hakimiyyətdə olduqları dövrdəki kimi qardaşı qardaşla üz-üzə qoymağa çalışırlar.

Digər ölkələrdə baş vermiş narazılıq halları Azərbaycanın dağıdıcı müxalifətini şirnikləndirib. Ancaq müxaliflər unudurlar ki, xalq onların əsl simasına yaxşı bələddir.

Ölkəmizdə insanların həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması üçün real addımlar atılır. Bu gün ölkəmizin inkişafını görməmək, Avropaya və dünya birliyinə inteqrasiyasını qiymətləndirməmək siyasi korluq və səbatsızlıqdır. Məhz ona görə də bu inkişafı görməməzliyə vuran hakimiyyət hərislərinin antimilli çağırışlarına səs verən yoxdur.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 10 mart.- S. 5.