Heydər Əliyev
adına Hərbi Lisey ulu öndərin milli hərbi kadrlar
yetişdirmək arzusunun təzahürü idi
Mən inanıram ki, burada əla qiymətlərlə oxumağa çalışacaqsınız, fiziki cəhətdən özünüzü möhkəmləndirəcəksiniz. Ali hərbi məktəblərə girmək üçün lazımi bilik toplaya biləcək və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqsınız, ordumuzda xidmət edib Azərbaycanın müdafiəsində öz xidmətlərinizi göstərəcəksiniz.
Heydər ƏLİYEV
Ümummilli lider
Hələ ötən əsrin 70-ci illərində Azərbaycanın parlaq gələcəyinə böyük inamla və nikbinliklə baxan Heydər Əliyev məhz o illərdə respublikaya XX əsrin intibah dövrünü yaşatdı. 1970-ci illərin əvvəllərindən respublika həyatının bütün sahələrində bir oyanış, dirçəliş, canlanma baş verdi. Sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil, mədəniyyət, səhiyyə və idman yüksək templə inkişafa qədəm qoydu. Respublikada başlanan bu quruculuq işlərində unudulmuş bir sahə də yeni rəhbəri ciddi narahat edirdi. Onun fikrincə, hərb sənətində böyük, tarixi ənənələrə malik olan Azərbaycanda müasir dövrün milli hərbi kadrlarını yetişdirmək məqamı gəlmişdi .
1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında" xüsusi qərar qəbul etdi. O zaman rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə baxmayaraq, C.Naxçıvanski adına Hərbi Məktəb yaşadı, fəaliyyətini genişləndirdi və gücləndirdi.
Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ilə müharibəyə başladığı ilk vaxtlardan müstəqil respublikamızdan kənarda xidmət edən xeyli sayda zabitimiz Milli Ordumuzun sıralarında düşmənə layiqli cavab vermək üçün Vətənə döndülər. Bu bir daha ulu öndərimizin hərb sahəsindəki müdrikliyini və uzaqgörənliyini təsdiqlədi.
1993-cü ilin 15 iyununda Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev həmin il noyabrın 2-də artıq respublikanın Prezidenti və Ali Baş Komandan kimi televiziya ilə xalqa müraciətində Milli Ordunun ayrı-ayrılıqda vuruşan dəstələrini vahid komandanlıq altında birləşməyə səsləyərək, postsovet məkanında qulluq edən milli zabitlərimizi Vətənin bu ağır günlərində öz xalqı ilə bir yerdə olmağa çağırdı.
Məhz həmin vaxtdan sözün əsl mənasında, geniş miqyaslı Milli Ordu quruculuğuna başlanıldı. Müdrik rəhbərliyin nəticəsində ölkədə xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və ehtiram bərqərar edildi. Hərbi təhsilə önəm verilərək qəbulun sayı artırıldı, hərbi məktəblərin maddi-texniki bazası möhkəmləndirildi.
Bütün bunlarla yanaşı, ulu öndər üç bir tərəfi Ermənistanla həmsərhəd olan doğma Naxçıvanı da unutmur, buradakı durum, xalqın vəziyyəti, xüsusən də hərbi hissələrdə döyüş hazırlığının səviyyəsi barədə muxtar respublika rəhbərliyindən müntəzəm məlumat alırdı. Belə danışıqlardan birində Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvanda C.Naxçıvanski adına Hərbi Liseyin filialını açmaq barədə təşəbbüs irəli sürür. Heydər Əliyev bu təşəbbüsü bəyənərək "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında" 13 mart 1998-ci il tarixli Sərəncam imzalayır.
1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn Heydər Əliyev C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yeni tədris korpusunun təntənəli açılışında da iştirak etdi və geniş nitq söylədi: "Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. ...Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi. ... Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm, onlara öz hörmət və ehtiramımı bildirirəm... Buradakı müəllim, zabit heyətinə müvəffəqiyyət arzu edirəm..."
2001-ci ildə Hərbi Liseyin Naxçıvan Filialının ilk buraxılışı oldu. Elə həmin il filialın ilk 50 nəfər məzunundan 49-u ali hərbi məktəblərə daxil oldular. 2002-ci ilin iyun ayında - Milli Qurtuluş Günü muxtar respublikaya növbəti səfəri zamanı ulu öndər Heydər Əliyev ayın 17-də Hərbi Liseyin Naxçıvan filialını da ziyarət edərək qeyd etmişdir ki, zabit-müəllim heyəti qarşısında böyük və məsuliyyətli vəzifələr durur. Onlar təkcə öz peşələrilə bağlı deyil, başqa lazımlı sahələrdə də biliklərini artırmalı və bu bilikləri layiqli kadrların hazırlanmasına yönəltməlidirlər. O zaman ümummilli liderimiz kursantlara müraciətlə belə demişdi:
"Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız."
2003-cü ilin soyuq dekabr günlərindən birində, ayın 12-də sanki bütün Azərbaycanı sərt bir şaxta dondurdu. Qara xəbər bütün dünya azərbaycanlılarının qanını qaraltdı. Bu xəbərdən təkcə Azərbaycan deyil, bütün türk dünyası sarsıldı, dost ölkələr mütəəssir oldu.
Ulu öndər bizləri cismən tərk etsə də, ruhən daim bizimlədir. Onun memarı olduğu müstəqil Azərbaycan yaşadıqca, ideyaları yolumuzu hər zaman aydınladacaq, bizləri bütöv, aydın səmalı, firavan Azərbaycana qovuşduracaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında" 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil hərbi lisey yaradıldı. Beləliklə də, ümummilli liderimizin müqəddəs adı Azərbaycanda ilk dəfə onun doğma yurdunda, yaratdığı hərbi məktəbdə əbədiləşmiş oldu.
2004-cü il fevralın 28-də Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov, muxtar respublikanın bütün rəhbər işçiləri Heydər Əliyev adına Hərbi Liseyə gələrək bu tarixi hadisə münasibətilə lisey kollektivini təbrik etdilər. Kursantlara, müəllim-zabit heyətinə ümummilli liderin adına layiq oxumağı, işləməyi, Vətənə və xalqa xidmət etməyi tövsiyə etdilər, kollektivə yeni uğurlar arzulayaraq üzərində Heydər Əliyevin general formasında təsviri olan xalçanı liseyimizə hədiyyə etdilər. Daha sonra liseyin 15 nəfər ən nümunəvi kursantının yaxasına "Heydər Əliyev" nişanı təqdim olundu. Bu mənzərəni seyr edərkən mən həm bir müəllim, həm də bir ana kimi xüsusi qürur hissi keçirirdim ki, mənim böyük oğlum da həmin kursantların sırasındadır (hazırda isə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi Vətənə xidmətini davam etdirir).
2004-cü ilin iyununda Heydər Əliyev adına Hərbi Liseyin ilk buraxılışı oldu. İki nəfər kursant-məzun yeni liseyin ilk fərqlənmə attestatını aldı. Bu attestatları Ali Məclisin sədri V. Talıbov şəxsən təqdim etdi. Həmin ilin yayından başlayaraq, Hərbi Liseyin ərazisində yenidənqurma işlərinə başlanıldı. Tədris korpusu genişləndirildi, ikimərtəbəli qərargah binası, yeni yeməkxana, tibb məntəqəsi, daha bir neçə yardımçı binalar inşa olundu, futbol meydançası salındı.
2005-ci il iyun ayının 15-də - Milli Qurtuluş Günündə Heydər Əliyevin adını daşıyan Hərbi Liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Həmin gün məzunların buraxılışı da bu təntənəyə qarışdı. Bakıdan xeyli sayda fəxri qonaqların - generallar və digər yüksək rütbəli zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi. Bu gözəl gündə Heydər Əliyevin "...illər keçəcək, biz yenidən burada görüşəcəyik" sözləri də gerçəkləşdi. Kursantların, müəllim və zabit heyətinin, həmçinin fəxri qonaqların ümummilli liderlə budəfəki görüşü hərbi liseyin həyətində - onun həmin anlarda açılışı olan tunc büstü ilə oldu. Qonaqlar həmçinin qərargah binasında yaradılmış "Heydər Əliyev muzeyini" də ziyarət etdilər.
2005-ci ilin dekabrında möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev liseydə olarkən və muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir. "Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin."
Hərbi liseyimizin zabit-müəllim kollektivi, kursantları muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirlər. 2010-2011-ci dərs ilində 30-a qədər kursant Naxçıvan şəhəri üzrə və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak etmiş, onlardan 5 nəfəri müxtəlif fənlər üzrə respublika turunda iştirak etmək hüququ qazanmışdır. Ümumiyyətlə, liseyimizdə tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir.
Liseyin pedaqoji kollektivində elmi-metodiki yaradıcılıqla məşğul olanların sayı da ilbəil artmaqdadır. Vaxtaşırı "Xalq qəzeti", "Azərbaycan Ordusu", "Hərbi and", "Şərq qapısı", "Nuh yurdu" və digər mətbuat səhifələrində müəllimlərimizin elmi-publisistik məqalələri dərc olunur. Hazırda lisey müəllimlərindən dörd nəfəri elmin müxtəlif sahələri üzrə fəlsəfə doktorudur.
Bütün bunların nəticəsində ölkə başçısının xüsusi sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2009-cu ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, dəfələrlə MR Ali Məclisi sədrinin təşəkkürünü almışdır. Liseyin 3 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif təltiflərlə mükafatlandırılmışdır.
Heydər Əliyev adına Hərbi Lisey artıq 7 ildir ki, müstəqil fəaliyyət göstərərək ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Milli Ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atır.
Mehri QASIMOVA,
Heydər Əliyev
adına Hərbi
Liseyin tarix müəllimi
Xalq qəzeti.- 2011.- 10 mart.- S. 5.