TürkSOY
kitabxanasından yeni nəşrlər
XXI əsr böyük türk əsridir. Bu
istiqamətdə hansı işlər görülüb. Bu
sualın cavabı sözsüz olaraq qarşımızda
sıraladığımız kitablardır. Türk
dünyasının ədəbi abidələrindən birini -
Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsərini dilimizə
uyğunlaşdıran və bu nəhəng əsəri
fundamental şəkildə 4 cilddə nəşr etdirən
istedadlı qələm sahibi, filologiya elmləri doktoru,
professor Ramiz Əskər TürkSOY kitabxanası seriyasından
artıq 10 kitab hazırlayıb nəşr etdirmişdir.
Sultan
Hüseyn Bayqara "Divan", Zəhirəddin Məhəmməd
Babur "Seçilmiş əsərləri" və Nurməhəmməd
Əndəlib "Şeirlər, poemalar, dastanlar"
adlarını qeyd etdiyimiz bu kitablar Ramiz Əskərin həmin
seriyadan yenicə buraxılmış nəşr əsərlərdir.
Teymurilər nəslinin sonuncu görkəmli nümayəndəsi Hüseyn Bayqara (1438-1506) şair idi. O, Heratda doğulmuşdur. Məktəb illərindən sonra Hüseyn Bayqara saray işlərində çalışmışdı. Bir müddət sonra o da Teymuri varisləri arasındakı taxt-tac mücadiləsinə qoşulmuşdu. 1469-cu ildə bu mücadilədə qalib gələn Hüseyn Bayqara Heratda hakimiyyəti ələ alıb hökmdar oldu. O, yüksək elmi, geniş dünyagörüşü, ziyalı səviyyəsi, şair qəlbi ilə hökmdarlığı dövründə məmləkətdə elmə, mədəniyyətə, ədəbiyyata geniş meydan vermişdi. Şahrux hakimiyyəti dövründən ölkənin paytaxtı sayılan Herat artıq Şərqin mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, şöhrəti hər yana yayılmışdı. Qırx ilə yaxın hakimiyyəti dövründə o, Şərq tarixində ən xeyirxah hökmdarlardan biri kimi tanınmışdır. Humanizmi ilə fərqlənən Hüseyn Bayqara Herat sarayında son dərəcə gözəl elm və sənət mərkəzi yaratmışdı.
Hüseyn Bayqara gözəl lirik şeirlər müəllifi idi, divanı hər yana - ən böyük kitabxanalara yayılmışdı. Onun qəzəlləri cığatay (özbək) şairlərinin qəzəllərindən fərqlənirdi. Təbiət gözəlliyi, eşq, məhəbbətlə dolu xoş duyğular Hüseyn Bayqara poeziyasının məzmununda xüsusi yer tuturdu. O, cığatay (özbək) dilini gözəl bildiyindən hətta şeirlərində yad, alınma sözlərdən çox az istifadə etmişdi.
Hətta hökmdarlıq etdiyi ölkədə cığatayca (özbəkcə) yazmaq barədə fərman imzalamışdı. Fars dilinin bütün Şərq dünyasında tüğyan etdiyi dövrdə və bu səbəbdən də türk dilinə - cığatay (özbək) türkcəsinə münasibətin pis olduğu belə bir zamanda Hüseyn Bayqaranın türk dilinə - cığatay (özbək) türkcəsinə dair imzaladığı fərman ölkənin elmi dairələri və dövlət adamları üçün müəyyən mənada dövlət dilinin inkişafı və yayılması üçün böyük önəm daşıyırdı. Qeyd etmək yerinə düşər ki, cığatay (özbək) ədəbiyyatının ən yüksək inkişaf mərhələsi onun hökmdarlığı illərinə təsadüf edir. Hüseyn Bayqara sarayının baş vəziri vəzifəsində çalışan Əlişir Nəvainin ədəbi fəaliyyətinin "bahar vaxtı" məhz sarayda çalışdığı illərə təsadüf etmişdir.
Ramiz Əskərin araya-ərsəyə gətirdiyi Sultan Hüseyn Bayqara "Divan" kitabında şairin divanına daxil olan qəzəl, təxmis, müxəmməs, rübai və qitələri toplanmışdır. Ramiz Əskər "Qılınc və qələm sultanı Hüseyn Bayqara" adlı maraqlı ön söz də yazmışdır.
Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Zəhirəddin Məhəmməd Babur şahın (1483-1530) "Seçilmiş əsərləri"ndə "Kabil divanı" və "Hind divanı"ndan qəzəlləri, məsnəviləri, rübailəri, tuyuğları, mətlələri, qitələri, müfrədləri və beytləri toplanmışdır. Eyni zamanda, kitaba "Etiqadiyyə" risaləsi və Xoca Übeydullah Əhrardan tərcümə etdiyi "Risaleyi-validiyyə" əsərləri də daxil edilmişdir. Tərtibçi, əsərləri cığataycadan uyğunlaşdıran professor Ramiz Əskər yazdığı "Qazi Zəhirəddin Məhəmməd Babur: həyatı, şəxsiyyəti və əsərləri" adlı giriş sözündə müəllif haqqında mükəmməl məlumatla oxucunu tanış edir. Babur şahlıq mərtəbəsinə qədər ucalaraq dövlət xadimi kimi tarixdə iz qoyduğu kimi, şair qəlbi, şair qələmi ilə də ədəbiyyat dünyasında imzasını qoymuşdur. Babur cığatay ədəbiyyatının Nəvaidən sonra poeziyada ən uca zirvəsidir.
Bu il anadan olmasının 350 illiyi yüksək səviyyədə qeyd olunan klassik türkmən şairi, böyük türk dünyasının iftixar duyduğu Nurməhəmməd Əndəlibin əsərlərini professor Ramiz Əskər "Şeirlər, poemalar, dastanlar" adlı kitabda Azərbaycan oxucusuna təqdim etmişdir. "Böyük türkmən şairi Nurməhəmməd Əndəlib" giriş sözündə şairin həyatı və ədəbi irsi haqqında müfəssəl məlumatla tanış olunur. Əndəlib türkmən ədəbiyyatının və ədəbi dilinin banisidir, türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirmişdir, milli ədəbiyyatda ilk poemanın və dastanın müəllifidir, nəhayət də, türkmən ədəbiyyatının ilk tərcüməçilərindəndir. Bu və bu kimi ədəbi nailiyyətləri ilə o, türkmən ədəbiyyatının klassikləri səhifəsində ilk sırada dayanmışdır.
Nurməhəmməd Əndəlib "Şeirlər, poemalar, dastanlar" kitabında onun lirik şeirləri, təsmin, təzmin və təxmisləri, tərcümələri, "Oğuznamə", "Risaleyi-Nəsimi", "Səəd Vəqqas" və "Qisseyi-firon" poemaları, "Yusif və Züleyxa", "Leyli və Məcnun", "Zeynal Ərəb" və "Baba Rövşən" dastanları dilimizə uyğunlaşdırılaraq təqdim olunmuşdur. Əsərdə çətin anlaşılan sözlərin izahlı lüğəti də tərtibçi tərəfindən hazırlanmışdır.
Qeyd etdiyimiz kimi, TürkSOY kitabxanası seriyasından Ramiz Əskərin hazırladığı bu kitabların redaktoru professor Rafael Hüseynov, naşiri isə dr. Rafiq Babayevdir.
Tərtibçinin bir qeydini də oxucuların diqqətinə yetirmək istərdik: "Bu layihə əsasında nəşr olunan kitablar bütünlüklə könüllülük əsasında həyata keçirilir və bu layihəyə qatılan hər kəs, o cümlədən tərtibçi, əsərləri dilimizə uyğunlaşdıran və ön söz müəllifi, redaktor bu iş türklüyə xidmət olsun deyə heç bir məvacib və qonorar almadan təmənnasız yerinə yetirir".
Almaz ÜLVİ
Xalq qəzeti.- 2011.- 11 mart.- S. 6.