Yeni proqram layihələr Bakıətrafı qəsəbələrin müasirləşməsinə səbəb olacaq

 

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Bakı şəhəri və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş geniş müzakirə ictimaiyyətin çoxdan gözlədiyi, demək olar ki, bütün suallara cavab verdi. Müşavirədə çıxış edən Prezident İlham Əliyev təkcə Bakıda indiyədək görülmüş genişmiqyaslı işlər, konkret layihələr haqqında deyil, eyni zamanda, gələcəkdə nəzərdə tutulan ciddi layihələr haqqında ətraflı məlumat verərək əslində paytaxt sakinlərinin ürəyindəki arzuları dilə gətirdi.

 

Prezident hazırda günbəgün abadlaşan Bakının müasir dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qeyd etdi. Bu, əlbəttə, paytaxt şəhərimizə dövlət tərəfindən böyük diqqət yetirildiyini göstərir. Dövlət başçısı bununla bağlı fikirlərini belə ifadə etdi: "Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsil mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir". Bunu biz, Bakı sakinləri də hər gün görürük. Şəhərimizin abadlığı, yeni yolların çəkilməsi, körpülərin, yolötürücülərinin, bir-birindən gözəl yeraltı və yerüstü keçidlərin tikilməsi, parkların abadlaşdırılması, yeni istirahət guşələrinin, yaşıllıqların salınması, tarixi binaların zahiri gözəlliyinin bərpası və digər işlər şəhərimizə dövlətin, şəxsən Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısından xəbər verir.

Mən cənab Prezidentin Bakı qəsəbələrinin inkişafı ilə bağlı xüsusi proqramın hazırlanacağı barədəki fikirləri və bununla bağlı müvafiq icra strukturlarına verdiyi tapşırıqlar üzərində daha geniş dayanmaq istərdim. Bu fikirlər əslində hər bir Bakı sakininin ürəyindən xəbər verir. Çünki xüsusən müstəqillik illərində xeyli böyümüş, genişlənmiş qəsəbələrimiz belə proqram və layihələrin yolunu gözləyir. Zənnimcə, bunlar bir tərəfdən qəsəbələrin abadlaşmasına, müasirləşməsinə, insanlarımızın həyat və məişət şəraitinin yaxşılaşmasına xidmət edəcəksə, digər tərəfdən yerli icra və bələdiyyə orqanlarının fəaliyyətinə təkan verəcək. Prezident İlham Əliyev qarşıda duran ciddi və heç də asan olmayacaq vəzifələrlə bağlı dedi: "Artıq mən tapşırıq vermişəm ki, həm yerlərdən gələn təkliflər, tövsiyələr əsasında, həm də indi müvafiq dövlət qurumları təkliflərini irəli sürəcəklər, bu proqram yaxın zamanlarda qəbul edilsin. Proqramın icrası üçün bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Qəsəbələrin inkişafı, sosial infrastrukturun yaradılması, məktəblər, tibb ocaqları, yollar, qəsəbədaxili, qəsəbələrarası yollar, kommunikasiyalar, qazlaşdırma, içməli su layihələri - bütün bu layihələr, eyni zamanda, yeni iş yerlərinin açılması məsələləri proqramımızda əsasən həllini tapmalıdır".

Güman etmək olar ki, tezliklə təsdiq edilməsi nəzərdə tutulan "Bakıətrafı ərazilərin sosial-iqtisadi inkişaf proqramı"nda bələdiyyələrin də üzərinə müəyyən məsuliyyət yükü qoyulacaq və onların gündəlik iş prosesində qarşılaşdıqları bir çox problemlər öz həllini tapacaqdır. Hesab edirik ki, qəbul ediləcək proqram əsasən Qaradağ, Xəzər, Sabunçu, Binəqədi, Suraxanı rayonlarını əhatə edə bilər və onun icrası həmin rayonlardakı 41 bələdiyyənin də inkişafına təsir göstərə bilər.

Müşavirədə diqqəti çəkən məqamlardan biri də Bakıətrafı qəsəbələrdə tikilmiş şəxsi evlərin qeydiyyata alınması ilə bağlıdır. Bu məsələ əslində bakılıların ən yaralı yeridir. Bəzi məlumatlara görə, hazırda Bakı şəhərində və şəhərətrafı ərazilərdə 500 minə yaxın belə şəxsi ev vardır. Təbii ki, onların arasında sənədləri qaydasında olanlarla yanaşı, sənədsizləri də az deyil. Prezidentin bütün belə evlərin qeydiyyata alınmasının mümkünlüyü barədə fikir söyləməsi də şəhər sakinlərinin narahatlıqlarının aradan qalxmasına kömək edir. Prezident, eyni zamanda, bu məsələnin elə həll edilməsini tələb etdi ki, bu zaman korrupsiya və rüşvətxorluq hallarına yol verilməsin, insanlar incidilməsin. Bu isə Azərbaycanın dövlət başçısının korrupsiyaya qarşı mübarizə məsələsində sonadək prinsipiallıq göstərəcəyinə dəlalət edir. "Evlərin qeydiyyata alınması problemi vardır. Biz bu problemi bilirik. Biz bu problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər", - deyə cənab Prezident məsələ ilə bağlı öz narahatlığını bildirdi.

Əlbəttə, bu məsələdə dövlət başçısı tamamilə haqlıdır. Əlinə fürsət düşən bəzi məmurların bu məsələdən öz xeyrinə faydalana biləcəyi mümkündür. Amma ictimaiyyət də fəal olmalı, Prezidentin çağırışına səs verərək bu cür halların qarşısını almağa çalışmalıdır. Ümid edirik ki, korrupsiyaya qarşı mübarizə məsələsi üzərində inadla dayanan dövlət başçısının nəzarəti və ictimaiyyətin səyi ilə bu problem də öz həllini tapacaq.

 

 

Vüqar TOFİQLİ,

Azərbaycanda Vətəndaş Cəmiyyətinin

İnkişafına Yardım Assosiasiyasının eksperti

 

Xalq qəzeti.- 2011.- 11 mart.- S. 4.