Prezident İlham Əliyev:
Bakı şəhərinin qəsəbələrinin
inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə
yeni həyat gələcək
Paytaxt qəsəbələri yeni
inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafı getdikcə
sürətlənir, ölkədə geniş quruculuq işləri
vüsət alır. Son illər ölkə
iqtisadiyyatının yüksək templə davam etməsi hərtərəfli
yüksəliş üçün əlavə imkanlar
yaradır. Təsadüfi deyil ki, paytaxt Bakı ilə
yanaşı, ölkənin ayrı-ayrı regionlarının
da siması getdikcə dəyişir, gözəlləşir.
Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı, neft
strategiyasının uğurları ölkənin maliyyə
imkanlarını ilbəil artırır. Bu da bir çox sahələrdə
uğurlu islahatların həyata keçirilməsinə,
dövlətimizin iqtisadi müstəqilliyinin gücləndirilməsinə,
xalqın güzəranının
yaxşılaşdırılmasına xidmət edən
mühüm infrastruktur layihələrinin, uğurlu investisiya
proqramlarının reallaşdırılmasına geniş
imkanlar yaradır. Təkcə onu demək kifayətdir ki, son
yeddi il ərzində Azərbaycan iqtisadiyyatı təqribən
üç dəfə, büdcə xərcləri 12 dəfə,
yoxsulluğun səviyyəsi isə 4,5 dəfə
azalmış, ən böyük sosial problemlərdən
sayılan işsizliyin aradan qaldırılması istiqamətində
böyük uğurlar əldə olunmuşdur.
Dövlət
başçısı İlham Əliyevin müvafiq fərmanları
ilə təsdiq olunmuş regional inkişaf proqramları Azərbaycanın
hərtərəfli və davamlı tərəqqisi
üçün geniş baza rolunu oynayır. Təsadüfi
deyil ki, birinci regional inkişaf proqramının uğurla
başa çatdırılması, hazırda isə bu istiqamətdə
daha bir vacib sənədin reallaşdırılması bölgələrin
iqtisadi potensialından səmərəli istifadə
olunmasına, yerlərdə iqtisadi fəallığın
xeyli dərəcədə artmasına səbəb
olmuşdur. Bununla belə, paytaxt Bakı ölkənin yüksək
iqtisadi potensialına malik iri sənaye şəhəri olmaqla
yanaşı, məhsuldar qüvvələrin də ən
çox yerləşdiyi böyük bir məkandır. Məhz
bütün bu amillər, eləcə də
paytaxtımızın günbəgün inkişaf edib
böyüməsi, əhali məskunlaşmasının
getdikcə artması şəhərə daha çox diqqət
göstərilməsini tələb edir. Xatırladaq ki,
beş il əvvəl Prezident İlham Əliyevin müvafiq fərmanı
ilə "Bakı şəhəri qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı" təsdiq olunmuşdur. Proqram çərçivəsində
nəzərdə tutulmuş tədbirlərin uğurla
reallaşdırılması şəhərətrafı qəsəbələrdə
bir çox sosial problemlərin aradan qaldırılmasına, əhalinin
məşğulluq imkanlarının artmasına imkan
yaratmışdır.
Yaxın vaxtlarda isə paytaxtımız daha da inkişaf edəcək, əhalinin üzləşdiyi bir sıra sosial problemlər sürətlə aradan qaldırılacaqdır. Elə 2011-ci il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirənin keçirilməsi də məhz bunu sübut edir. Paytaxt qəsəbələrinin inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunmuş geniş iclasda Prezident İlham Əliyev son illər Bakının inkişafına çox böyük diqqət göstərildiyini bildirərək demişdir: "Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir... Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun". Dövlət başçısının da qeyd etdiyi kimi, son illər paytaxtın yol-nəqliyyat sektorunda son dərəcə mühüm işlər görülmüş, şəhərdə 23 müxtəlif yol ötürücüsü, körpü və tunellər tikilib istifadəyə verilmiş, mövcud avtomobil yolları xeyli genişləndirilmişdir. Bu istiqamətdə işlər hazırda da intensiv şəkildə davam etdirilir. Yaxın vaxtlarda Bakıda dünya standartları səviyyəsində qurulan Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcəkdir ki, bu da sürücüləri və şəhər sakinlərini ən çox narahat edən tıxac problemlərinin həlli üçün əlavə imkanlar yaradacaq.
Son illər Bakıda elektrik enerjisi və "mavi yanacaq"la təchizat sahələrində mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Paytaxtda tikilən yarımstansiyalar və yeni transformatorlar, eləcə də şəhərin qazlaşdırılması istiqamətində görülən mühüm işlər bu xidmət sahələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulmasını təmin etmişdir. Bununla yanaşı, paytaxtın su sektorunda da böyük işlər görülmüş, Oğuz-Qəbələ-Bakı su kəməri kimi son dərəcə mühüm infrastruktur layihəsi reallığa çevrilmişdir. Payız-qış aylarında mənzillərin normal səviyyədə qızdırılmasının təmin edilməsi üçün mühüm işlərin görülməsi də getdikcə sürətlənir. Müşavirədə bütün bunlar haqqında geniş söhbət açan Prezident İlham Əliyev son illər Bakının daha da abadlaşdırılması, paytaxtın mədəni həyatının zənginləşdirilməsinə xidmət edən bir sıra layihələrin reallaşdırılması istiqamətində görülən işlərin yaxın vaxtlarda şəhərimizin simasına əlavə yaraşıq gətirəcəyini vurğulamışdır. Bu baxımdan artıq dünya memarlıq xəzinəsinə daxil edilən Heydər Əliyev Mərkəzi diqqəti daha çox cəlb edir.
Ötən müddətdə Bakıda həyata keçirilən geniş infrastruktur layihələri və abadlıq-quruculuq işlərinin paytaxtımızın simasını xeyli dərəcədə yaxşılaşdırmasına baxmayaraq, həllini gözləyən məsələlər də çoxdur. Dövlət başçısı bütün bu məsələlərin kompleks şəkildə həllini nəzərdə tutan yeni proqramın qəbulunun vacibliyini önə çəkərək demişdir: "Artıq mən tapşırıq vermişəm ki, həm yerlərdən gələn təkliflər, tövsiyələr əsasında, həm də müvafiq dövlət qurumları təkliflərini irəli sürəcəklər, bu proqram yaxın zamanlarda qəbul edilsin... Qəsəbələrin inkişafı, sosial infrastrukturun yaradılması, məktəblər, tibb ocaqları, yollar, qəsəbədaxili, qəsəbələrarası yollar, kommunikasiyalar, qazlaşdırma, içməli su layihələri - bütün bu layihələr, eyni zamanda, iş yerlərinin açılması məsələləri proqramımızda əsasən həllini tapmalıdır... Qəsəbələrin inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik. Çünki Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir. Bunu etmək üçün, yenə də deyirəm, maliyyə vəsaiti lazımdır - o bizdə vardır. Siyasi iradə lazımdır - o da bizdə vardır".
Bakı şəhərinin ətraf qəsəbələrinin inkişafını nəzərdə tutan yeni proqram yaxın 2-3 ili əhatə edəcəkdir. Dövlət başçısı proqramda hər bir qəsəbə üzrə xüsusi bəndlərin əks olunacağını bildirərək vurğulamışdır ki, bütün yaşayış yerlərinə kompleks yanaşma təmin edilməlidir. Bununla da qarşıdakı bir neçə il ərzində şəhərətrafı qəsəbələrdə elektrik enerjisi, təbii qaz və içməli su ilə təminat günün tələbləri səviyyəsinə uyğunlaşdırılacaq, bütün yaşayış sahələrinə ən müasir yollar çəkiləcəkdir.
Müşavirədə Prezident İlham Əliyev son illər əhalini ən çox narahat edən evlərin qeydiyyata alınması probleminə də toxundu, bununla bağlı qəti və konkret göstərişlərini verdi. Heç şübhəsiz, bu məsələyə ölkə Prezidenti səviyyəsində kəskin münasibət bildirilməsi, evlərin qeydiyyata alınması sahəsində uzun illər ərzində müşahidə olunan süründürməçilik hallarının, bürokratik əngəllərin, eləcə də vətəndaşlara fərdi mənzillərin tikintisi üçün qeyri-qanuni torpaq sahələrinin ayrılması ilə bağlı xaos və anarxiyanın yaxın vaxtlarda aradan qaldırılmasını təmin edəcəkdir. Bu baxımdan dövlət başçısının fikirləri xüsusi əhəmiyyət kəsb edir: "Evlərin qeydiyyata alınması problemi vardır. Biz bu problemi bilirik. Bu problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər... Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problem gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir".
Prezident İlham Əliyev son illər Bakı şəhərində ekoloji məsələlərin həlli sahəsində görülən işləri təqdir edərək bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkmişdir. Dövlət başçısı müşavirədə yaxın illərdə paytaxtın müxtəlif yerlərində yeni parkların, meşə zolaqlarının və bağların salınması ilə bağlı şəhər rəhbərliyinə konkret göstərişlər vermişdir.
Müşavirədə, həmçinin paytaxtətrafı qəsəbələrdə iş yerlərinin açılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev bu məqsədlə yerlərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinə də kreditlərin verilməsini, yaxud da paytaxt qəsəbələrinin inkişafı üçün xüsusi bir kredit fondunun yaradılmasını tövsiyə etmişdir.
Son zamanlar paytaxt bazarlarında müşahidə olunan süni qiymət artımı əhalini son dərəcə narahat edir. Təsadüfi deyil ki, Bakı Şəhər İcra Hakimiyyətində martın 9-da keçirilmiş müşavirədə süni qiymət artımına, eləcə də ölkədə müşahidə olunan inhisarçılıq meyillərinə dövlət başçısı səviyyəsində də narahatlıq ifadə olunmuşdur. Prezidentimiz bu kimi neqativ hallara kəskin etirazını bildirərək demişdir: "...Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş vermişəm ki, araşdırsınlar... Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır". Dövlət başçısı vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallara qarşı sərt cəza tədbirlərinin görüləcəyini də birmənalı olaraq bəyan etmişdir.
Prezident İlham Əliyev yerli icra orqanlarını paytaxt qəsəbələrində sahibkarlığın inkişaf etdirilməsinə hər vasitə ilə kömək göstərməyə səsləmişdir. Dövlət başçısı yekunda Bakı qəsəbələrinin inkişafına tam nail olmaq məqsədilə infrastruktur, sənayeləşmə, iş yerləri, yollar, kommunal sahələrə xüsusi diqqət və qayğı ilə yanaşılacağını vurğulayaraq demişdir: "Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir".
Heç şübhəsiz, müşavirədə qaldırılan məsələlər, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət göstərəcək yeni proqramın qəbulu şəhərətrafı yaşayış sahələrinin daha da gözəlləşməsinə, sakinlərin üzləşdikləri sosial problemlərin aradan qaldırılmasına, eləcə də yerlərdə məşğulluq imkanlarının artmasına səbəb olacaqdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 11 mart.- S. 4.