Mərkəzi
Neftçilər Xəstəxanası beynəlxalq sertifikata
layiq görülüb
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin bir sıra müəssisələrində
bütün dünyada qəbul edilən "TS EN İSO
9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi
standartı tətbiq olunmaqdadır. ARDNŞ-in Sosial
İnkişaf İdarəsinin struktur bölməsi olan Mərkəzi
Neftçilər Xəstəxanası da bir sıra tenderlərdə
iştirak edərək, göstərilən xidmətlərin
keyfiyyətinin artırılması və daimi inkişaf
kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara
yiyələnmək istiqamətində fəaliyyətini
sütətləndirmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasında bu səhiyyə ocağına Türk Standartları İnstitutu tərəfindən "TS EN İSO 9001:2008" keyfiyyət idarəetmə sistemi beynəlxalq standartı üzrə sertifikatın təqdim olunması mərasimi keçirilmişdir. ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə son vaxtlar Mərkəzi Neftçilər Xəstəxanasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən ətraflı söz açılmışdır. Bildirilmişdir ki, malik olduğu avadanlıq və təcrübəli personalı ilə təkcə Azərbaycanda deyil, bütün regionda yaxşı tanınan bu səhiyyə ocağında tibbi xidmətin səviyyəsi dünya standartlarına tam uyğunlaşdırılmış, tibbi kadrların mütəmadi olaraq təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmışdır.
Tədbirdə keyfiyyət idarəetmə sisteminin tətbiqinin zəruriliyi, bu məsələyə ARDNŞ-də böyük önəm və dəstək verildiyi vurğulanmış, MNX-da standartın tətbiq olunması yüksək qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında "TS EN İSO 9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatının alınması məqəsdilə Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentində kurslar təşkil edilmiş, xəstəxananın sertifikatlaşdırılması üçün Türk Standartları İnstitutuna müraciət olunmuşdur. 2010-cu ilin noyabr ayında Türk Standartları İnstitutunun təcrübəli baş auditoru Elif Özkök, həkim Sema Zergeroğlu, auditor Volkan Çalğın və bioloq Xatirə Salahova tərəfindən xəstəxanada "TS EN İSO 9001:2008" beynəlxalq keyfiyyət idarəetmə sisteminin tətbiqi ilə bağlı sertifikatlaşdırma auditi keçirilmiş və uğurla başa çatmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 12 mart.- S. 7.