Azərbaycanın
güclü turizm potensialı var
Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycanın coğrafi
mövqeyi, flora və faunasının zənginliyi, gözəl
təbiəti, dənizi, mədəni-tarixi irsi ölkəmizdə
kütləvi turizmin inkişafı üçün
böyük perspektivlər açır. Eyni zamanda,
"İpək yolu"nun ölkəmizin ərazisindən
keçməsi, qərbdən şərqə, şimaldan cənuba
uzanan turizm marşrutlarında respublikamızın da
iştirakı bu sahənin tərəqqisinə müsbət
təsir göstərir.
Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev cari ili
"Turizm ili" elan etmiş, fevral ayının 15-də isə
"Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili"
elan edilməsi haqqında" sərəncam
imzalamışdır.
Ötən
il turizm sektoru bir sıra mühüm hadisələrlə
yadda qalmışdır. "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı" qəbul olunmuşdur. Azərbaycanda
turizm infrastrukturunun genişləndirilməsi, turizm sahəsində
xidmət səviyyəsinin
yaxşılaşdırılması, ölkə turizminin
dünya turizm bazarına inteqrasiyası və bu yöndə təbliğat,
təşviqat işlərinin aparılması, turizm sahəsində
çalışan mütəxəssislərin peşə
hazırlığı səviyyəsinin artırılması
və s. aktual vəzifələrin əksini tapdığı
həmin Dövlət Proqramının
reallaşdırılması istiqamətində indiyədək
bir sıra tədbirlər həyata keçirilmişdir. Onların
bir neçəsini xatırlatmaq istərdik. Ötən il
aprelin 28-30-da Heydər Əliyev adına İdman-Konsert
Kompleksində təşkil edilən "AİTF" 9-cu Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
yaddaqalan olmuşdur. Bundan başqa, ilk dəfə keçirilən
1-ci Ümumrespublika Daxili Turizm Sərgisində Azərbaycanın
bölgələr üzrə 15 şəhəri xüsusi
stenddə təqdim edilmişdir. Həmçinin müvafiq
Dövlət Proqramına əsasən Mədəniyyət və
Turizm Nazirliyinin "Azərbaycanda yeni marşrutları kəşf
edək" layihəsi çərçivəsində turizm
şirkətlərinin köməyi ilə bir neçə
turizm marşrutu yaradılmış və təqdim
edilmişdir. Şəki Atçılıq Mərkəzi ilə
birlikdə Şəki və Şəki ətrafında bir
günlük atla turizm marşrutunun təqdimatı məqsədilə
infotur keçirilmişdir.
Azərbaycanın turizm potensialının dünyada təbliği yönündə də geniş tədbirlər reallaşdırılmışdır. Ölkəmiz il ərzində müxtəlif dövlətlərdə keçirilən 13 beynəlxalq sərgidə təmsil olunmuşdur. Lakin bu hələ bizi qane etməməlidir. Azərbaycana xarici turistlərin cəlb olunması üçün daha optimal yollar araşdırılmalıdır. Bu sahədə işlər davam etməkdədir.
Bu gün Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədi ilə dünyanın aparıcı televiziya kanallarında - "CNN", "Euronews", "Travel Channel", "BBC", "CNBC", "National Geographic" və s. verilişlər yayımlanır. "ABTA" jurnalında, "Upper Reach" və "Forbes" qəzetlərində respublikamızın turizm imkanları haqqında reklam səhifələri yerləşdirilir.
Ölkəmizdə turizmin inkişafına göstərilən diqqətin nəticəsidir ki, hazırda il ərzində respublikamıza gələn əcnəbilərin sayı 2 milyon nəfərə yaxınlaşır. 2005-ci illə müqayisədə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1,6 dəfə artmışdır. Lakin bu hələ bizi qane etməməlidir. Azərbaycana xarici turistlərin cəlb olunması üçün daha optimal yollar araşdırılmalıdır. Bu sahədə işlər davam etməkdədir.
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi davam edir. Burada süni qarlaşdırma sisteminin qurulması tamamlanmışdır. Yay müddətində isə artıq ilk mehmanxana istifadəyə veriləcək. Gələn il qış üçün artıq ilk turistlər orada öz vaxtlarını keçirə biləcəklər. Bu, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi ilə bağlı həyata keçirilən layihənin ilk mərhələsidir. Bütövlükdə bu, 10 il üçün nəzərdə tutulan bir layihədir.
Ümumiyyətlə, Azərbaycanın cəlbedici turizm mərkəzinə çevrilməsi üçün geniş imkanları var. Son bir neçə ildə Azərbaycan dünyanın bir neçə inkişaf etmiş ölkəsi ilə turizm sahəsində sazişlər imzalayıb. Azərbaycan Prezidentinin 2011-ci ili "Turizm ili" elan etməsi bu sahədə imkanların reallaşdırılmasında və bu sektorun inkişafında mühüm rol oynayacaqdır. Turizm sektorunu inkişaf etdirməklə ölkəmizə yeni investisiyaların cəlb edilməsinə, on minlərlə yeni iş yerinin açılmasına nail olmaq mümkündür. Bununla əlaqədar möhtərəm dövlət başçımız demişdir: "Elə etmək lazımdır ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin, böyük və gözəl nəticələr əldə edilsin. Bu il Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, bu, yəqin ki, dünyada analoqu olmayan hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq - mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik işləri ilə bağlı çox işlər görülür. Artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividend gətirəcək. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaq üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir..."
Ötən illərdə bu sahənin inkişafına dair tədbirlərin həyata keçirilməsi nəticəsində turizm potensialı gücləndirilmiş, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir: 2002-ci ildə ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən il bu rəqəm 3700-ə çatmışdır. Bu obyektlərdəki ümumi yerlərin sayı 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Son illər görülən kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Bununla yanaşı, turizmin inkişafı və bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi ən mühüm vəzifələrdən biri kimi qarşıda durur. Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyişlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bu problemin imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.
Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınmasında, siyasi nüfuzunun yüksəlməsində turizmin böyük rol oynadığı daim nəzərə alınır, ölkəyə turist axınının güclənməsi üçün səmərəli yollar axtarılır.Respublikamızın aparıcı turizm şirkətlərinin və otel biznesi nümayəndələrinin ardıcıl olaraq London, Berlin, Moskva, Afina, Tokio, İstanbul, Vyana, Pekin və digər şəhərlərdə keçirilən sərgi və yarmarkalarda iştirakı Azərbaycana daha çox turist cəlb edilməsində mühüm rol oynayır. Belə tədbirlərdə dünyanın nüfuzlu turizm şirkətlərinin nümayəndələri ölkəmiz haqqında əsl həqiqəti dərindən öyrənir, respublikamızın zəngin mədəni və tarixi irsi, xalqımızın məişəti, mətbəxi, qonaqpərvərliyi ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Beynəlxalq miqyasda özünün turizm imkanları və potensialı ilə fərqlənən Azərbaycanın bir sıra regionlarında, xüsusən şimal və şimal-qərb bölgələrində yüksək xidmət mədəniyyəti, gözəlliyi, ab-havası ilə seçilən, hər cür rahatlığa, infrastruktura malik turizm obyektlərinin, dünya standartlarına cavab verən otellərin istifadəyə verilməsi xarici qonaqların diqqətinin ölkəmizə yönəlməsində böyük önəm daşıyır.
İndi turizm dünya iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmişdir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Hazırda dünya ölkələrinin milli gəlirinin əsas hissəsi turizm sənayesinin hesabına formalaşır. Məsələn, Türkiyədə ötən il turizmdən 23 milyard dollaradək gəlir götürülüb. Rəqəmin böyüklüyü göz qarşısındadır. Azərbaycanın özünün də turizm sahəsində çox böyük potensialı var ki, iqtisadiyyatın digər sahələrini önləyə bilsin. Bunun üçün Azərbaycanın tarixi, coğrafi və mədəni sahələrdəki üstünlüyü əlverişli imkan yaradır.
Hələ SSRİ dönəmində Azərbaycanda
turizm özünün bir sıra xarakterik cəhətləri
ilə öncül mövqelərdə idi. Müstəqillik
qazanandan sonra respublika hökuməti turizmin inkişafına
xüsusi önəm verir. Son illər biz bu tempi daha açıq-aydın hiss
edirik. Ölkədə yeni infrastruktur layihələrinin həyata
keçirilməsi, tarixi-memarlıq abidələrinin bərpası
və mühafizəsinin gücləndirilməsi,
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
turizmin inkişafına əlverişli zəmin yaradır.
Mən
bir az əvvəl son illərdə ölkəmizdə turizmin
inkişafına diqqət artırılmasını qeyd etdim.
İnanıram ki, yaxın gələcəkdə bu sahədə
daha müsbət nəticələr əldə olunacaq, Azərbaycanda
turizmin tərəqqisi inkişaf yolu keçən ölkələrdəki
səviyyəyə çatacaq. Ancaq bunun üçün hələ
çox iş görülməlidir, mövcud problemlər həllini
tapmalıdır. İlk növbədə turizm sektorunda fəaliyyət
göstərən sahibkarların maliyyə çətinliyi
aradan qaldırılmalı, Sahibkarlığa Kömək
Milli Fondu bu sahəyə kreditlərin ayrılmasına
xüsusi fikir verməlidir.
Başqa
təkliflərimi də diqqətə çatdırmaq istərdim.
Məsələn, digər regionlarda olduğu kimi, şimal
bölgəsində hava limanı tikilərsə, bu, turizm
sektorunun inkişafına müsbət təsir göstərər.
Belə ki, Qusarın dağətəyi zonasındakı
"Şahdağ" Qış-Yay Turizm Kompleksinə təyyarə
ilə uçan turistlərin sayı artmaqla yanaşı,
onların dənizdən də istifadə etmək imkanları
yaranar. Başqa sözlə, "Şahdağ" turizm
kompleksindən nəqliyyat vasitəsilə Nabran zonasına gəlib
burada da dincələ bilərlər. Onu da deyim ki, Nabran
sahilində liman salınması ideyasının gerçəkləşməsi
də turizmin inkişafını sürətləndirərdi.
Yəni, bu, Bakıdakı Dənizkənarı Milli Parkdan, habelə
Dağıstan, Qazaxıstan və Türkmənistandan
sözügedən istirahət zonalarına gələn turistlərin
axınını gücləndirərdi...
Digər
bir məqama da toxunmaq istərdim. Bu gün Azərbaycanda
şimal istiqamətində 135 kilometrlik beynəlxalq standartlara
uyğun beton yoldan istifadə edilir. Dünyanın çox az
ölkəsində belə yüksək səviyyəli
infrastruktur mövcuddur. Amma həmin yolda avtomobillərin hərəkət
sürəti məhdudlaşdırılıb - saatda 90
kilometrdən ən yuxarı idarəetmə qadağandır.
Belədə şənbə və bazar günləri bölgəyə
istirahətə gedən vətəndaşlar vaxt
qıtlığı problemi ilə üzləşirlər. Yəni,
Nabran istiqamətində sürücülər vaxtilə 3,5
saata getdikləri yolu indi 3 saata qət edirlər. Qayıdanda
da o qədər vaxt sərf olunur. Deməli, istirahət
günlərinin 6 saatı yollarda keçir. Halbuki, həmin
beton yolda hərəkət sürətinin saatda 120 kilometrə
qədər artırılmasına icazə verilərsə,
vaxt itkisi problemi də aradan qalxar.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin səyilə hazırda
respublikamızda qazlaşdırma siyasəti uğurla həyata
keçirilir. İndi ən ucqar yaşayış məntəqələrinə
də təbii qaz xətti çəkilir. Ümidvaram ki,
tezliklə Nabrandakı 51 istirahət mərkəzində də
qazlaşdırmaya başlanılacaq. Şübhəsiz ki, o
zaman indiki kimi elektrik enerjisindən istifadəyə ehtiyac
qalmayacaq və bu, turistlərin xərclərinin
aşağı düşməsinə öz müsbət təsirini
göstərəcək.
Ali məktəblərə
qəbul imtahanlarının vaxtında müəyyən dəyişikliyin
aparılması, təyyarə biletlərinin qiymətlərində
endirimlərin reallaşdırılması da turist
axınının güclənməsinə gətirib
çıxarar ki, bu da son nəticədə həm xidmət
xərclərinin aşağı düşməsinə, həm
də xidmətin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərərdi.
Bir qədər
də rəhbərlik etdiyim turizm mərkəzinin işi barədə
danışmaq istərdim. 2002-ci ildən fəaliyyət
göstəririk. O vaxt mərkəzdə cəmi 20 nömrə
mövcud idi. Bir il sonra isə otaqların sayı 100-ə
çatdırıldı. Amma genişləndirmə tədbirlərimizi
dayandırmadıq. Turistlərin səmərəli istirahəti
məqsədilə müvafiq layihələr
reallaşdırdıq. Beləliklə, gün ərzində
600-dən çox insanın dincəlməsi üçün
yüksək səviyyəli şərait yarada bildik.
Hazırda mərkəzdə bütün xidmət növləri beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir. Burada kottec tipli evlər, idman meydançaları, avtomobil dayanacaqları, bazar xidməti sahəsi, diskoteka, hovuzlar, akvaparklar, gəmi-bar, kompyuter salonu, bar və yay kafesi var.
Möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı ilin dekabrın 6-da Xaçmazda olarkən bizim mərkəzin fəaliyyəti ilə də maraqlanmış, turizmin inkişafı ilə bağlı dəyərli tövsiyələrini vermişdir.
Ötən müddətdə mərkəzin rəhbərliyi dövlətimizin başçısının həmin tövsiyələrini daim rəhbər tutmuş, bir sıra uğurlu göstəricilər əldə etmişdir.
Onu da deyim ki, görüləsi işlərimiz hələ çoxdur. Ən başlıca məqsədimiz mərkəzdə 2 ədəd 6 və 8 mərtəbəli bina tikmək, bunlardan birində sanatoriya-müalicə tipli müəssisənin fəaliyyətini təşkil etməkdir.
Xatırladım ki, müəssisə işə düşəndən sonra turistlərin mərkəzdə qış aylarında da müalicə-istirahəti reallaşacaq. Burada insanlar 1700 metr dərinlikdən 8-12 atmosfer gücündə çıxan sularla müalicə olunacaq, şəfa tapacaqlar...
Tahir ƏRZİMANOĞLU,
"Atlant"
Ailəvi İstirahət və
Əyləncə
Mərkəzinin direktoru
Xalq qəzeti.- 2011.- 12 mart.- S. 6.