Ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi siyasət xalqın
maddi rifahının yüksəldilməsinə xidmət edir
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunları və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında ölkəmizin son illərdə uğurlu
inkişafı, davamlı iqtisadi artım, makroiqtisadi sabitlik, əhalinin
sosial müdafiəsinə yönələn konkret proqramlar,
yoxsulluğun səviyyəsinin daha da aşağı
düşməsi, inteqrasiya əlaqələrinin genişlənməsi
təqdirəlayiq nailiyyətlər kimi qeyd edilmişdir.
Bütün bunlar onu göstərir ki, ölkəmizdə
düzgün və düşünülmüş iqtisadi
siyasət yeridilir. Son illərdə respublika əhalisinin rifah
halının daha da yaxşılaşdırılması,
dövlət tərəfindən sosial öhdəliklərin
tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin
sayının artması, infrastrukturun təkmilləşdirilməsi,
yeni iş yerlərinin yaradılması sayəsində
işsizliyin minimuma endirilməsi və digər amillər onu
deməyə əsas verir ki, dünyada baş verən maliyyə-iqtisadi
böhrana baxmayaraq ölkəmiz sürətli
inkişafını 2010-cu ildə də davam etdirmişdir. Bu
isə ölkədə dinamik inkişafa səbəb
olmuşdur.
Dünyanı
bürüyən qlobal böhran şəraitində Azərbaycanın
əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən təsdiqlənmiş və BMT-nin
İnsan İnkişafına dair növbəti hesabatında
169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması
və "orta insan inkişafı ölkələri"
qrupunu tərk edərək "yüksək insan
inkişafı ölkələri" qrupuna daxil olması buna
əyani sübutdur.
Azərbaycanda
həyata keçirilən siyasətin uğurlu nəticələri
nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında
öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən
2010-2011-ci illər üçün hazırlanmış
"Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan MDB
ölkələri arasında yenə də birinci, makroiqtisadi
sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərək
139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır.
2010-cu ildə beynəlxalq müstəvidə uğurlu siyasət
aparılmasını vurğulayan cənab İlham Əliyev
bildirmişdir ki, Azərbaycanın bölgədə gedən
proseslərə təsiri artmaqdadır: "Elə eləməliyik
ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və
inkişaf etsin".
Aparılmış uğurlu islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasında olduğunu göstərir. 2010-cu il ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5 faiz artaraq 41,6 milyard manata çatmışdır. ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manat, yaxud 5797,8 ABŞ dolları təşkil etmiş və 2009-cu ilə nisbətən 3,7 faiz artmışdır.
Bütün bunlar onu göstərir ki, aparılan uğurlu siyasətin nəticəsi olaraq respublikamızda davamlı və dayanıqlı inkişafın təmin edilməsində mühüm nəticələr əldə edilmişdir. Bu isə son nəticədə insanların maddi rifahının yüksəlməsində əsas rol oynamışdır. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi isə 44,4 faiz təşkil etmişdir.
Son dövrdə həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq ölkə sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu illə müqayisədə 2,6 faiz artaraq 27,4 milyard manat təşkil etmişdir. Belə ki, sənayenin mədənçıxarma və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. istehsalında artım müşahidə olunmuşdur.
Son illər ölkədə qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirilir. Artıq dövlətimiz
tərəfindən qeyri-neft sektorunda inkişafın prioritetləri
müəyyyən edilmişdir. Bunun nəticəsi olaraq
neft-kimya, kimya, metallurgiya,toxuculuq, turizm sahələrinin
inkişafında müəyyən uğurlar əldə
edilmişdir. 2010-cu ildə neft məhsullarının
istehsalında 8,8 faiz artım müşahidə olunmuşdur.
Avtomobil benzininin istehsalı 1,2 faiz artaraq 1,3 milyon ton, avtomobillər
üçün dizel yanacağının istehsalı 9,1 faiz
artaraq 2,4 milyon ton, sürtkü yağlarının
istehsalı 1,9 dəfə artaraq 86,7 min ton olmuşdur. İl ərzində 601,1 min
ton ağ neft, 241,4 min ton neft bitumu istehsal edilmişdir.
Möhtərəm
Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında
vurğulamışdır ki,
"İqtisadiyyatımızın çoxşaxəli
iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun
inkişafı həlledici rol oynayır. Əgər vaxtilə
biz bu siyasətə başlamasaydıq indi ölkə
iqtisadiyyatı birtərəfli ola bilərdi. Mən
yaxşı xatırlayıram, bir neçə il bundan əvvəl
bəzi beynəlxalq qurumlarda Azərbaycanda "Hollandiya
sindromu" haqqında fikirlər səslənmişdi. Bizim
apardığımız siyasət isə onu göstərir
ki, artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli
iqtisadiyyat kimi formalaşıb və "Hollandiya sindromu"
haqqındakı o fikirlər artıq səslənmir. Biz bu
müsbət dinamikanı davam etdirməliyik və 2011-ci ildə
sahibkarlığın, özəl sektorun inkişafı
üçün, qeyri-neft sektorunun inkişafı
üçün əlavə tədbirlər görülməlidir".
Qeyd etmək
lazımdır ki, son dövrdə respublikamızda kimya və əczaçılıq
məhsulları istehsal edən sahələrə dövlətin
qayğısı artmışdır. Ötən il kimya sənayesi,
əczaçılıq məhsullarının, rezin və
plastmas məmulatlarının istehsalı müəssisələri
tərəfindən 240,9 milyon manatlıq məhsul istehsal
edilmişdir. 2009-cu illə müqayisədə kimya sənayesində
xeyli canlanma müşahidə olunmuş və nəticədə
məhsul istehsalı 16,2 faiz artmışdır.
Respublikamızın
metallurgiya sənayesinin əvvəlki şöhrəti də
özünə qaytarılır. Belə ki, metallurgiya sənayesi
və hazır metal məmulatların istehsalı müəssisələrində
2010-cu ildə 171,4 milyon manatlıq məhsul istehsal olunmuş
və xidmətlər göstərilmiş, istehsalın həcmi
44,6 faiz artmışdır. İl ərzində bu sahədə
128,6 min ton və ya 1,6 dəfə çox poladtökmə məhsulları,
36,5 min ton və ya 5,3 dəfə çox polad borular, 1,1 min
ton və ya 3,4 dəfə çox məftil və kanatlar
istehsal edilmişdir. Bu işdə Gəncə və
Sumqayıt şəhərlərində yerləşən
müəssisələrin işini xüsusi olaraq qeyd etmək
lazımdır.
2010-cu ildə
ölkə iqtisadiyyatına 15,5 milyard dollar, iqtisadi və
sosial sahələrin inkişafına isə 9,7 milyard manat vəsait
yönəldilmiş, onun üçdə iki hissəsi və
ya 6,4 milyard manatı tikinti-quraşdırma işlərinə
sərf edilmişdir. Əvvəlki illə müqayisədə
əsas kapitala yönəldilmiş vəsaitin həcmi 21,2
faiz çox olmuşdur. Bu vəsaitin dörddə üç
hissəsindən çoxunu daxili, 24,8 faizini isə xarici mənbələrdən
yönəldilmiş vəsaitlər təşkil etmiş,
daxili mənbələrdən yönəldilən vəsaitlərin
73,9 faizi dövlət mülkiyyətinə məxsus müəssisə
və təşkilatların, 26,1 faizi qeyri-dövlət müəssisələrinin
payına düşmüşdür.
Hazırda
Azərbaycanın malik olduğu iqtisadi potensial bu sahədə
imkanları təkcə ölkə daxilində deyil, həm də
xaricdə uğurla reallaşdırmaq istiqamətində
müvafiq işlər görülməsinə şərait
yaradır. Bütün bunların nəticəsidir ki, Azərbaycan
dövləti və iş adamları xarici ölkələrdə
yatırdığı investisiyaların həcmini ilbəil
artırır. Bu gün Azərbaycan sərmayəsini gözləyən
müxtəlif xarici dövlətlərin sayı durmadan
artır, ölkəmizə investisiya ilə bağlı
ünvanlanan əməkdaşlıq təklifləri
çoxalır. Böyük maliyyə imkanlarına malik olan
Azərbaycan son bir neçə ildə ayrı-ayrı xarici
ölkələrə milyardlarla dollar həcmində
investisiyalar yatırıb.
2010-cu ildə
Azərbaycan xalqının həyatında mühüm bir
hadisə baş verdi. Paytaxt əhalisini saf və ekoloji cəhətdən
təmiz su ilə təmin edən Bakı-Oğuz-Qəbələ
su kəməri istifadəyə verildi. Bundan başqa, ötən
il Bakı şəhərində qranit-mərmər zavodu, Səngəçalda
100 min tonluq taxıl elevatoru, Naxçıvan şəhərində
ildə 5 min ədəd minik avtomobili istehsal etmək
gücünə malik avtomobil və Ordubad rayonunda beton
zavodları, Ordubad Biləv Su Elektrik Stansiyası,
Naxçıvan "Gəmiqaya Daş Məhsulları Sənaye
Kompleksi", Lənkəran rayonunda konserv zavodu, çay və
dondurma fabrikləri, Zaqatala rayonunda süd və tütün
emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabad
rayonunda şərab istehsalı sexi və Göytəpə su
anbarı, Biləsuvar rayonunda konserv zavodu, Ağstafa rayonunda
mineral su istehsalı sexi, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ
rayonunda meyvə-tərəvəz saxlamaq üçün 5
min tonluq soyuducu anbar, ölkənin müxtəlif bölgələrində
262,2 min nömrəlik avtomat telefon stansiyaları, 252,5 kilometr
uzunluğunda fiber-optik magistral kabel xətti, bütün maliyyə
mənbələri hesabına ümumi sahəsi 1803,2 min
kvadratmetr olan yeni yaşayış evləri, 886
çarpayılıq xəstəxana, 17273 şagird yerlik
ümumtəhsil məktəbləri, növbədə 685 nəfəri
qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1270
yerlik məktəbəqədər uşaq müəssisələri,
Ağdaş, Balakən və Göyçay rayonlarında
Olimpiya İdman Kompleksləri, Mingəçevir şəhərində
"Kür" Olimpiya Tədris-İdman Mərkəzi və
şahmat məktəbi, Cəlilabad rayonunda Müalicə-Diaqnostika
Mərkəzi və Şahmat Məktəbi, Müşfiqabad
İdman Mərkəzi, "Dalğa Plaza" İş,
"Park Bulvar" ticarət və istirahət, mərkəzi,
Gəncə şəhərində "Ramada Plaza", Balakən
rayonunda "Qafqaz Resort" və "Qafqaz Riverside"
mehmanxanaları, "Fitnes" Sağlamlıq Mərkəzi
istifadəyə verilmişdir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyası Azərbaycanın qazandığı nailiyyətlərin
miqyasını durmadan artırır. Regionların
sosial-iqtisadi inkişafına və əhalinin ərzaq
malları ilə etibarlı təminatına dair dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlər
uğurla həyata keçirilir, "Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
23 yanvar tarixli sərəncamına uyğun olaraq kənd təsərrüfatı
məhsullarının istehsalçılarına hər hektar əkin
sahəsinin becərilməsində istifadə etdikləri
yanacağa və motor yağlarına görə dövlət
tərəfindən 40 manat yardım verilməsi, habelə
istehsalçılara satılan mineral gübrələrin dəyərinin
orta hesabla 50 faizinin ödənilməsi, eləcə də
buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən
hər hektar üçün 40 manat yardımın edilməsi
kənd təsərrüfatı məhsulları
istehsalında artıma şərait yaratmışdır.
Ölkə
iqtisadiyyatının prioritet sahələrdən birinə
çevrilmiş nəqliyyat sektoru əsas infrastrukturlardan biri
olaraq dayanıqlı inkişaf edir. Belə ki, son illərdə
olduğu kimi, ötən ildə də nəqliyyat sektoruna
investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət
heyətinin yeniləşməsi, körpülərin tikilməsi,
yeni avtomobil yollarının çəkilməsi, yenidən
qurulması işləri davam etdirilmişdir. Ölkənin nəqliyyat
sistemində boru nəqliyyatı mühüm rol oynayır.
Ötən il magistral neft kəmərləri ilə 50 milyon
ton neft nəql edilmişdir. Nəqletmənin 76,6 faizi ölkənin
əsas nəqliyyat infrastrukturlarından olan Heydər Əliyev
adına BTC neft ixrac kəməri ilə həyata
keçirilmiş və bu kəmər vasitəsilə 38,3
milyon ton neft ötürülmüşdür. 2010-cu ilin iyul
ayından başlayaraq gəmilər vasitəsilə ölkəyə
gətirilərək Səngəçal terminalından BTC kəməri
ilə 1,3 milyon ton Türkmənistan nefti nəql edilmişdir.
Magistral
qaz kəmərləri ilə 17,3 milyard kubmetr və ya 7,1 faiz
çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın
28,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
vasitəsilə həyata keçirilmiş və 4,9 milyard
kubmetr qaz ötürülmüşdür. Hazırda ölkəmizin
Avropanın enerji təhlükəsizliyində rolu getdikcə
artır. Respublikamızın zəngin enerji resursları həm
öz iqtisadi potensialımızı gücləndirir, həm
də regional əməkdaşlıqda çox mühüm
rol oynayır. İndi Azərbaycan dünya miqyasında qaz
ixrac edən ölkəyə çevrilib. Enerji
strategiyamızın uğurla həyata keçirilməsi
yeni-yeni layihələrin üzərində işlənilməsini
vacib edir.
Qeyd etmək
lazımdır ki, informasiya və rabitə bölməsi
respublikamızda iqtisadiyyatın ən sürətlə
inkişaf edən sahəsinə çevrilməkdədir.
Ötən ildə informasiya və rabitə müəssisələri
tərəfindən təsərrüfat subyektlərinə və
əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə
nisbətən müqayisəli qiymətlərlə 29,7 faiz
çox xidmət göstərilmişdir. Əhaliyə
göstərilmiş informasiya və rabitə xidmətlərinin
payı 74,3 faiz təşkil etmişdir.
Son
dövrdə Azərbaycan Respublikasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi
işlər diqqəti cəlb edir. Belə ki, Azərbaycan
Respublikasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
sahəsində mühüm dövlət tədbirləri
uğurla həyata keçirilir. BMT-nin İnkişaf
Proqramı ilə birlikdə "Azərbaycan
Respublikasının inkişafı naminə İnformasiya və
Kommunikasiya Texnologiyaları (İKT) üzrə milli strategiya
(2003-2012-ci illər)" hazırlanmaqla 17 fevral 2003-cü ildə
təsdiq edilmişdir. Bu strategiyada İKT sahəsində elmdən
daha geniş istifadə olunması, rəqabətə
davamlı məhsullar və xidmətlər göstərən
müəssisələrin təşkili, təhsil sistemi
üzrə informasiya infrastrukturunun, internet və informasiya xidmətlərinin
genişləndirilməsi, yerli və regional informasiya mərkəzlərinin
yaradılması nəzərdə tutulur. Bundan başqa,
elektron imza, elektron-biznes-kommersiya və elektron sənəd
hazırlanması, icra olunması əsas prioritet hesab edilir.
Artıq bu istiqamətdə respublikamızda uğurlu işlər
həyata keçirilir.
Əhalinin
həyat səviyyəsini yüksəltmək
üçün 2010-cu ildə istehlak bazarında əhaliyə
18,4 milyard manatlıq və ya 2009-cu ilə nisbətən 9,4
faiz çox istehlak malları satılmış və pullu
xidmətlər göstərilmişdir. Belə ki, istehlak
bazarında özəl sektorun dinamik inkişafı davam
etmiş, əhaliyə 17 milyard manatlıq istehlak malları
satılmış və pullu xidmətlər göstərilmiş,
ticarət və xidmət fəaliyyəti üzrə ümumi
artımın 95,6 faizi özəl müəssisələrdə
yaranmışdır.
Son illər
ölkədə işsizlik probleminin həlli istiqamətində
qazanılmış nailiyyətlərin miqyası nəzərəçarpacaq
dərəcədə genişlənmiş, ümumi iqtisadi
inkişaf bu məsələnin həllinə töhfələr
vermişdir.Təkcə bir faktı göstərmək
lazımdır ki, 2004-cü ilin fevralından 2010-cu ilin sonuna qədər
900 mindən çox yeni iş yerləri
açılmışdır. Bu iş yerlərinin çoxu
ölkənin regionlarının payına düşür.
2009-2013-cü
illəri əhatə edən regionların sosial-iqtisadi
inkişafının ikinci Dövlət Proqramının
icrası ilə əlaqədar 2009-2010-cu illər ərzində
ölkədə 146,6 min yeni, o cümlədən 107,2 min daimi
iş yeri açılmışdır. Təkcə 2010-cu ildə
73 min, o cümlədən 54,7 min daimi iş yerləri
yaradılmış, bu da işsizliyin aşağı
düşməsinə, ölkədə yoxsulluq səviyyəsinin
9,1 faizə enməsinə səbəb olmuşdur.
Dövlətimizin
başçısı cənab İlham Əliyev
görülmüş işləri ətraflı təhlil edərək,
uğurlarımızın səbəbini belə
açıqlayır: "Bizim seçdiyimiz yol düzgün
yoldur. Biz öz resurslarımıza arxalanırıq və
bütün işləri Azərbaycanın milli
maraqlarının qorunması istiqamətində
aparırıq. Bu bizim üçün başlıca amildir.
Ölkəni daha da gücləndirmək, müasirləşdirmək,
ölkə qarşısında duran bütün problemləri
həll etmək üçün bizim bütün
imkanlarımız vardır. Bir daha demək istəyirəm ki,
həm düşünülmüş siyasət, həm də
möhkəm iradə vardır".
2010-cu ildə
səhiyyə sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsi
və müasirləşdirilməsi istiqamətində də
böyük işlər həyata keçirilmişdir. Ölkənin
regionlarında yüksək standartlara cavab verən müasir
tibbi diaqnostika və müalicə mərkəzləri, rayon xəstəxanaları
və poliklinikalar tikilmiş və təmir edilmişdir.
2011-ci ilin əvvəlinə ölkədə 760 xəstəxana
və 1694 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət
göstərmiş və əhalinin hər 10 min nəfərinə
37 həkim və 71 orta tibb işçisi
düşmüşdür. Qeyd etmək lazımdır ki,
"Ekologiya ili" olan 2010-cu ildə ölkədə
böyük işlər görülmüş, ekoloji
tarazlığın təmin edilməsi və təbiəti
mühafizə obyektlərinin inşasına 176,1 milyon manat məbləğində
vəsait yönəldilmişdir.
Hazırda
Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi
və ümumbəşəri dəyərlərə əsaslanır
və dünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf
edir. Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində
əhalinin təhsil səviyyəsi ilbəil artır və bu
gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən
792-si ali və tam orta təhsilə malikdir.
Son
dövrdə respublikamızda təhsil alanlar arasında
qızların xüsusi çəkisinin sürətlə
artması insan inkişafının gender bərabərliyinin təmin
edilməsindən xəbər verir. Azərbaycanın dövlət
idarəetmə, hüquq mühafizə orqanlarında, təhsil
və səhiyyədə, mədəniyyət və incəsənət
sahəsində qadınların rəhbər vəzifələrdə,
eləcə də parlametdə təmsil olunmaları ölkəmizin
dünyanın ən tolerant dövlətlərdən biri
olmasını sübut edir. Qeyd etmək lazımdır ki, ali
məktəblərə qəbul Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq
olunmuş yeni - geniş profilli ixtisas siyahısına uyğun
olaraq həyata keçirilir. Bolonya Deklarasiyasının tələblərinə
tam cavab verən bu yeni siyahının tətbiq olunması Azərbaycan
ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası
yolunda atılan mühüm addımlardan biridir.
Ölkənin
ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları
ilə birgə 50 xarici ölkənin 4723 nəfər vətəndaşı
da təhsil alır. Xarici tələbələrin
sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq
Respublikası, Türkmənistan, Gürcüstan və
İraq vətəndaşları üstünlük təşkil
edir. Azərbaycandan isə hazırda xarici ölkələrdə
dövlət xətti ilə 2055 nəfər təhsil
alır. Xaricdə təhsil alan tələbələr yetkin
mütəxəssis kimi formalaşdıqdan sonra ölkəmizə
gəlir və iqtisadiyyatın müxtəlif sahələrində
çalışırlar.
Ölkə Prezidenti möhtərəm İlham Əliyev təhsilin inkişafı ilə yanaşı, elmin inkişafına da daim diqqət yetirir. Belə ki, ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir. Hazırda ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 148 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında 18 minə yaxın mütəxəssis məşğul olur və onların 63 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır. Bu da respublikamızda elmə göstərilən dövlət qayğısına əyani sübutdur.
Respublikamızda təhsilin, səhiyyənin, mədəniyyət və incəsənətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Belə ki, Mehriban xanım milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin hamisi kimi böyük layihələrin reallaşdırılmasında fəal iştirak edir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində həyata keçirilən bütün iri miqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur.
Sonda onu da qeyd edək ki, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. 2010-cu ilin uğurlu sosial-iqtisadi nəticələri də bu deyilənlərin həqiqət olduğunu bir daha sübut edir.
Arif ŞƏKƏRƏLİYEV,
əməkdar elm
xadimi,
Beynəlxalq
Menecment
Akademiyasının üzvü,
iqtisad
elmləri doktoru, professor
Xalq qəzeti.- 2011.- 12 mart.- S. 4.