Silahlı
Qüvvələrin tibb xidməti müasir tələblərə
cavab verir
Son
illər Silahlı Qüvvələrimizdə həyata
keçirilən tikinti, yenidənqurma, təmir və
abadlıq işləri şəxsi heyətin mənzil-məişət
və yaşayış şəraitini
yaxşılaşdırmış, vətənpərvərlik
ruhunu və döyüş hazırlığı səviyyəsini
ikiqat artırmışdır. Quruculuq işlərinin bir hissəsi
də hərbi tibb sahəsinin payına düşür. Bu
gün Silahlı Qüvvələrin Baş Klinik
Hospitalında həyata keçirilən və sürətlə
davam etdirilən kompleks tədbirlər müvafiq istiqamətdə
xidmətin keyfiyyətində əsaslı dönüş
yaratmışdır.
Hospitalın
ərazisində 6 mərtəbəli 300 çarpayılıq
cərrahiyyə korpusunun inşa olunaraq istismara təhvil verilməsi
və burada Avropa istehsallı yüksək keyfiyyətli tibb
avadanlıqlarının quraşdırılması dediklərimizə
əyani sübutdur. Ərazidəki 4 mərtəbəli
inzibati binanın əsaslı təmir olunması və
istismara təhvil verilməsi burada çalışan tibb
personalının xidməti imkanlarını ikiqat
artırmışdır.
Hazırda
ərazidə inşa olunan 8 mərtəbəli müalicə
korpusunda mühəndis-kommunikasiya xətlərinin
quraşdırılması işləri aparılır. Ərazidə
hamam-camaşırxana binasının inşası başa
çatmaq üzrədir. Şəhərciyin ərazisində
ikinci elektrik yarımstansiyası və iki ədəd hərəsi
500 ton olmaqla su hovuzu tikilir. Hərbçi həkimlərin
ixtiyarına verilən geniş idman zalı müasir tələblər
səviyyəsində inşa olunub. Əldə olunan
uğurlardan biri də hospitalda xüsusi təhlükəli
infeksiyalar üçün nəzərdə tutulan
laboratoriyanın inşasıdır.
Xarici
mütəxəssislərin nəzarəti altında inşa
olunan bu laboratoriya ən yaxın müddətdə müasir
tibbi avadanlıqlarla təmin olunaraq istismara veriləcəkdir.
Hal-hazırda hərbi tibb şəhərciyinin ərazisində
ikimərtəbəli yeməkxana binası tikilir. Bu binanın
2-ci mərtəbəsindəki 200 nəfərlik yemək
zalı xüsusi olaraq hərbi tibb fakültəsinin kursantları
üçün nəzərdə tutulub.
Ümumiyyətlə, tibb xidməti sahəsində ştat strukturu dəyişdirilmiş, şəxsi heyətin sağlamlığını tam təmin etmək məqsədilə böyük tədbirlər planı hazırlanaraq müdafiə naziri tərəfindən təsdiq edilmişdir. Hazırda Silahlı Qüvvələrimizin tibb xidməti sahəsində üç elmlər doktoru, 10-dan çox elmlər namizədi alimlik dərəcəsi almış ali ixtisaslı kadrlar xidmət edir. Şəxsi heyətin sağlamlığını qorumaq sahəsində aparılan işin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən əsas tədbirlərdən biri də qarnizon poliklinikasının hospitalın tabeliyinə verilərək bu ərazidə yerləşdirilməsidir.
Bundan əlavə, sanitar-epidemioloji nəzarət və məhkəmə tibbi ekspertiza və patoloji anatomiya kimi mərkəzlərin də ərazidə yerləşdirilməsi həyata keçirilən kompleks tədbirlərdəndir. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzində MDB-də və Azərbaycanda analoqu olmayan leyko mikroskopu, "Şimadzu" rentgenoflüoressent spektrofotometr kimi müasir tipli avadanlıqlar quraşdırılıb. Yeri gəlmişkən, ərazidə təmirdə olan 2 ədəd üçmərtəbəli binanın təmiri başa çatdıqdan sonra qarnizon hospitalının da hərbi tibb şəhərciyinə köçürülməsi nəzərdə tutulub.
Regionlardakı iki tibb məntəqəsinin tikilərək istifadəyə verilməsi, Gəncə hərbi şəhərciyində qarnizon hospitalının bəzi bölmələrinin yerləşdirilməsi üçün bir sıra binaların yenidən əsaslı təmir olunması tibb xidməti sahəsində təsdiq olunmuş planın tərkib hissəsidir. Bu plana əsasən, digər hərbi şəhərcik və hərbi hissələrdə yeni binaların tikilməsi, yaxud əsaslı təmir olunması nəzərdə tutulub.
Hazırda Gəncə qarnizonu hospitalının yeni ərazidə ən müasir tələblər səviyyəsində inşası planlaşdırılıb.
Hərbi tibbi kadrların hazırlanması məsələsi də Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Hərbi tibb fakültəsinin sərəncamında olan və xüsusi arxitekturaya malik binanın fasadları, otaq və dəhlizlərinin təmiri barədə Müdafiə Nazirinin verdiyi əmr kadr hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına xidmət edir. Yeri gəlmişkən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmət edən həkimlərin tam böyük əksəriyyəti cəbhə bölgəsində xidmət keçmiş təcrübəli zabitlərdir.
Onların peşəkarlığı hərbi qulluqçuların sağlamlığına kifayət qədər təminat verir. Hospitalda maddi-texniki təminat yüksək səviyyədədir. Xüsusi təyinatlı dərmanlar üçün əlavə vəsaitlər ayrılır. Ərzağın keyfiyyətinə və nəzərdə tutulmuş normada xəstələrə çatdırılmasına ciddi nəzarət olunur. Bütün bunlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən yaxın müddətdə dünyanın müasir tibb ocaqları ilə bir səviyyədə duracağına əsaslı zəmin yaradır.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 12 mart.- S. 5.